Məhkəmə qərarları › İş №3(037)-302/2022

İsmayıllı Rayon Məhkəməsi Qərar — İş №3(037)-302/2022

01.07.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR İsmayıllı rayonu İş № 3(037)-302/2022 01.07.2022 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Şirinov Rəfayel Səməd oğlunun sədrliyi Qasımov Sənani Nazir oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş İsmayıllı rayon X4 Təhlükəsizlik Bölməsinin polis sahə rəisi X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə xx xxx 1976-cı il tarixdə İsmayıllı rayonu Qalınçaq kəndində anadan olmuş, həmin kənddə yaşayan, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, fərdi identifikasiya nömrəsi xxxxxxx Şəxs barəsində İsmayıllı rayon Polis Şöbəsindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə daxil olmuş inzibati xəta haqqında materiala 01 iyul 2022-ci il tarixdə İsmayıllı şəhərində, İsmayıllı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Şəxs 14 iyun 2022-ci il tarixdə saat 19:00 radələrində İsmayıllı rayonu Qalınçaq kəndində X1 yaşadığı evin qarşısındakı küçədə sonuncu ilə mübahisə edərək ucadan nalayiq ifadələr işlətməsi faktı üzrə barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə 01 iyul 2022-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilmişdir. Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510cu maddəsi ilə inzibati xəta haqqında protokol tərtib etmiş İsmayıllı rayon X4 Təhlükəsizlik Bölməsinin polis sahə rəisi Elsevər Mazanov izahatında göstərdi ki, 14 iyun 2022-ci il tarixdə saat 19:00 radələrində İsmayıllı rayonu Qalınçaq kəndi ərazisində X1 yaşadığı evin qarşısındakı küçədə ucadan nalayiq işlətməsi barədə məlumat daxil olmuşdur. Bununla bağlı araşdırma aparılmış və Şəxs barəsində protokol tərtib edilmişdir. Şəxs əvvəllərdə bir neçə dəfə inzibati məsuliyyətə cəlb olunmuşdur. Hətta Mais cinayət məsuliyyətinə cəlb olunaraq həbs olunmuşdur. Ümumiyyətlə Şəxs spirtli içki aludəçisidir və kənd sakinləri tərəfindən mənfi xarakterizə olunur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs bildirdi ki, İsmayıllı rayonu Qalınçaq kəndində yaşayır. 14 iyun 2022-ci il tarixdə saat 19:00 radələrində həmkəndlisi Züleyxa Kərimovanın yaşadığı evin qarşısında olarkən Züleyxa ilə aralarında mübahisələri yaranmışdır. Mübahisə zamanı o ucadan nalayiq ifadələr işlətmişdir. Qeyd etdikləri nəzərə alınmaqla iş üzrə qanuni qərar qəbul edilməsini xahiş edir. İş üzrə şahid qismində dindirilmiş X3 izahat verərək göstərdi ki, İsmayıllı rayon Qalınçaq kəndində yaşayır. 14 iyun 2022-ci il tarixdə yaşadığı evdə olarkən həmkəndlisi Mais küçə qapısına gəlmiş və içəri girmək istəmişdir. Maisin içəri girməsinə icazə verməmişdir. Mais onun gəlininə tez-tez boşanıb onunla evlənməsini istəmişdir. O, Maisin çıxıb getmək istədiyini bildirdikdə Mais ucadan nalayiq ifadələr işlətmişdir. Maisin səsinə yaxınlıqda yaşayan kənd sakinləri də yaşadıqları evdən küçəyə çıxmışlar. Maisin əlindən kənd sakinləri artıq bezib. Bütün kənd camaatı Maisin kənddən çıxıb getməsini istəyir. Yersiz yerə hamı ilə mübahisə edir. İsmayıllı Rayon Məhkəməsinin 3(037)-131/2022 saylı 15 mart 2022-ci il tarixli qərarından görünür ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirli bilinərək 15 (on beş) gün müddətində inzibati qaydada həbs edilmişdir. Məhkəmə araşdırması ilə müəyyən edildi ki, Şəxs 14 iyun 2022-ci il tarixdə saat 19:00 radələrində İsmayıllı rayonu Qalınçaq kəndində X1 yaşadığı evin qarşısındakı küçədə sonuncu ilə mübahisə edərək ucadan nalayiq ifadələr işlətmiş və bununla da ictimai qaydanı pozan xırda xuliqanlıq hərəkətləri törətmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirib tərəfləri dinləyərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir və o, həmin maddə ilə inzibati məsuliyyətə cəlb edilərək inzibati tənbeh edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən bu məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən onun tərəfindən törədilmiş inzibati xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, təqsirinin dərəcəsini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Şəxs tərəfindən törədilmiş inzibati xətada onun məsuliyyətini yüngülləşdirən hal aşkar edilməmişdir. Məhkəmə Şəxs eyni inzibati xətanı il ərzində təkrar törətməsini məsuliyyəti ağırlaşdıran hallar kimi nəzərə alır. Məhkəmə Şəxs tərəfindən törədilmiş inzibati xətanın xarakterini, onun şəxsiyyətini, təqsirinin dərəcəsini, məsuliyyəti ağırlaşdıran halları nəzərə alaraq ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan inzibati cərimə tətbiq edilməsinin işin faktiki hallarına uyğun olmadığı qənaətinə gələrək barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati həbs tətbiq edilməsini, inzibati həbsin 15 (on beş) gün müddətində müəyyən edilməsini məqsədə müvafiq hesab edir. İnzibati həbsin əvvəli qərarın elan edildiyi vaxtdan – 01 iyul 2022-ci il tarixdə saat 13:30dan hesablanmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 30, 43, 106-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirli bilinib 15 (on beş) gün müddətində inzibati həbs edilsin. İnzibati həbsin əvvəli qərarın elan edildiyi vaxtdan – 01 iyul 2022-ci il tarixdə saat 13:30-dan hesablansın. Qərarın icrası İsmayıllı rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şəki Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Rəfayel Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar