Azərbaycan Respublikası adından QƏRAR İsmayıllı rayonu İş № 3(037)-302/2025 15.09.2025 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hüseynov İlqar Vidayət oğlunun sədrliyi, Qasımov Sənani Nazir oğlunun katibliyi, İsmayıllı rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs və zərərçəkmiş Zərərçəkmiş şəxs iştirakı ilə, xx xxxxx 1992-ci il tarixdə İsmayıllı rayonu Talıstan kəndində anadan olmuş, həmin kənddə yaşayan, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, fərdi identifikasiya nömrəsi xxxxxxx Şəxs barəsində İsmayıllı rayon İcra və Probasiya Şöbəsindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə daxil olmuş inzibati xəta haqqında materiala 15 sentyabr 2025-ci il tarixdə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı İsmayıllı rayon İcra və Probasiya Şöbəsində tərtib olunmuş 15 sentyabr 2025-ci il tarixli MN № ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün İsmayıllı Rayon Məhkəməsinə göndərilmişdir. İsmayıllı rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X3 izahat verərək göstərdi ki, Şəxs məhkəmə qətnaməsinin icrasından qərəzli olaraq boyun qaçırır. Qeyd etdikləri nəzərə alınmaqla iş üzrə qanuni qərar qəbul edilməsini xahiş eetmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahat verərək göstərdi ki, 8520 (səkkiz min beş yüz iyirmi) manat aliment borcu vardır. Rəsmi iş yeri olmadığı üçün borc məbləğindən ödəniş edə bilməmişdir. Hazırda yeni iş yeri tapmışdır. Bundan sonra hər ay 500 (beş yüz) manat məbləğində ödəniş edəcəyini öhdəsinə götürür. Qeyd etdikləri nəzərə alınmaqla iş üzrə qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Zərərçəkmiş Zərərçəkmiş şəxs izahat verərək göstərdi ki, ötən müddət ərzində Şəxs bir dəfə olsun uşaqları ilə maraqlanmamış və onların maddi təminatının ödənilməsi üçün hər hansı köməklik göstərməmişdir. Aliment borcunu tam şəkildə tələb edir və hissə-hissə ödənilməsinə razı deyil. Ona görə də, Şəxs inzibati qaydada həbs olunmasını məhkəmədən xahiş etmişdir. İş materiallarına əlavə edilmiş İsmayıllı rayon İcra və Probasiya Şöbəsinin 15 sentyabr 2025-ci il tarixli arayışından görünür ki, borclu Şəxs icra vərəqəsi üzrə 8520 (səkkiz min beş yüz iyirmi) manat məbləğində borcun ödənilməsi ilə əlaqədar icra məmuru tərəfindən verilmiş qanuni tələblərə əməl etməmiş və çağırışa gəlməmişdir. Məhkəmə, iş materiallarını nəzərdən keçirib, tərəflərin izahatını dinləyərək hesab edir ki, Şəxs icra sənədinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinə yerinə yetirmədiyinə görə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək, inzibati qaydada tənbeh edilməlidir. Belə ki, Səfərova X1 Rayon Məhkəməsinin 2(037)-59/2022 saylı 31 mart 2022-ci il tarixli qətnaməsi üzrə verilmiş 05 aprel 2022-ci il tarixli icra vərəqəsinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini qərəzli şəkildə yerinə yetirməmiş və qətnamənin icrasını təmin etməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 3-cü maddəsinin tələbinə görə məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikası MPM-nin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Həmin Məcəllənin 15.3-cü maddəsinə əsasən məhkəmə aktının icra olunmaması, habelə məhkəməyə digər hörmətsizlik halları qanunda nəzərdə tutulmuş məsuliyyətlə nəticələnir. Məhkəmə qətnamələrinin vaxtında icra olunmaması ədalətli məhkəmə baxışına olan hüququn pozulması hesab olunur. Məhkəmə qətnamələrinin icrasının zəruriliyi Azərbaycan Respublikası Konstitusiyasında, mülki-prosessual, eləcə də cinayət və inzibati qanunvericilikdə, bir sıra beynəlxalq normativ aktlarda öz ifadəsini tapmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 mart 2006-cı il tarixli qərarında da qanuni qüvvəyə minmiş məhkəmə qətnamələrinin icrası xüsusilə vurğulanmışdır. Həmin qərarda qeyd olunur ki, “məhkəmə qətnaməsinin icrası müddəti məhkəmə baxışının tərkib hissəsi kimi qiymətləndirilir. Məhkəmələr məhkəmə aktlarının icrasına möhlət verilməsi, icranın dayandırılması, icra üsulunun dəyişdirilməsi, həmçinin məhkəmə icraçılarının hərəkətlərindən verilən şikayətlərlə əlaqədar məsələlərə baxarkən Konvensiyanın məhkəmə qətnamələrinin ağlabatan müddətdə icra olunması tələbini nəzərə almalıdırlar.” Məhkəmədə müəyyən edilmişdir ki, Şəxs təqsiri üzündən icra sənədi icra edilməmiş və icra sənədinin icra edilməməsi üçün üzrlü səbəb olmamışdır. Şəxs tərəfindən icra sənədinin icra edilməməsi, Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin tələblərinin kobud şəkildə pozulmasına gətirib çıxarır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinin tələbinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsinin tələbinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinin tələbinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmədə Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halları müəyyən edilməmişdir. Məhkəmə Şəxs tərəfindən törədilmiş inzibati xətanın xarakterini, onun şəxsiyyətini və təqsirinin dərəcəsini nəzərə alaraq barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan cərimə tətbiq edilməsini, cərimənin 500 (beş yüz) manat miqdarında müəyyən edilməsini məqsədə müvafiq hesab edir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 25, 43, 106-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə q ə r a r a a l d ı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib 500 (beş yüz) manat məbləğində inzibati cərimə olunsun. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: İlqar Hüseynov
Məhkəmə qərarları › İş №3(037)-302/2025
İsmayıllı Rayon Məhkəməsi Qərar — İş №3(037)-302/2025
15.09.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver