Məhkəmə qərarları › İş №3(037)-306/2023

İsmayıllı Rayon Məhkəməsi Qərar — İş №3(037)-306/2023

11.07.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR İsmayıllı rayonu İş № 3(037)-306/2023 11.07.2023 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hüseynov İlqar Vidayət oğlunun sədrliyi Qasımov Sənani Nazir oğlunun katibliyi, Barəsində inzibati xəta haqında iş üzrə icraat aparılan Şəxs və onun vəkili Vəkil iştirakı ilə, xx xxxxxxxx 1960-cı il tarixdə İsmayıllı rayonu Sumağallı kəndində anadan olmuş, həmin kənddə yaşayan, Azərbaycan Respublikası vətəndaşı, evli, ali təhsilli, işləməyən, il ərzində eyni inzibati xətaya görə inzibati məsuliyyətə cəlb edilməmiş fərdi identifikasiya nömrəsi xxxxxxx Şəxs barəsində İsmayıllı rayon Polis Şöbəsindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə daxil olmuş inzibati xəta haqqında materiala 11 iyul 2023-cü il tarixdə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Şəxs 23 may 2023-cü il tarixdə saat 09:30 radələrində İsmayıllı rayonu Sumağallı kəndində xidməti vəzifəsini yerinə yetirən polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmaması faktı üzrə barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilmişdir. İsmayıllı rayon Polis Şöbəsinə inzibati xəta haqqında işə baxılmasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilmiş, lakin İsmayıllı rayon Polis Şöbəsinin nümayəndəsi məhkəməyə gəlməmiş və işə baxılmasının təxirə salınması haqqında vəsatət verməmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahat verərək göstərdi ki, Sumağallı kəndində yaşayır. 23 may 2023-cü il tarixdə özünə məxsus “VAZ-2107” markalı ** BD *** dövlət qeydiyyat nişanlı avtomobili yolun kənarında saxlamış və təsərrüfatında olan malları axtarmağa getmək istəmişdir. Avtomobilin yanında olarkən yol patrul xidməti əməkdaşları ona yaxınlaşmış və onu tibbi müayinədən keçirmək istəmişdir. O, avtomobili idarə etmədiyini və spirtli içki qəbul etmədiyini bildirmişdir. Bu zaman polis əməkdaşları onunla kobud danışmışdır. Oradan uzaqlaşmaq istədikdə polis əməkdaşları onun qolundan tutmuş və ona zor tətbiq etmişlər. Bununla bağlı o, rayon prokurorluğuna müraciət etmişdir və hazırda prokurorluqda araşdırma aparılır. Bundan sonra o, polislərin əlindən çıxmış və oradan uzaqlaşmışdır. Bir qədər sonra geri qayıtdıqda avtomobilinin həmin ərazidə olmadığını görmüşdür. Sonradan kənd sakinləri tərəfindən avtomobilinin polis əməkdaşları tərəfindən aparıldığını bilmişdir. Onun barəsində tərtib olunmuş protokolla razı deyil. Həmin polis əməkdaşları bir neçə vaxt öncə də, onun barəsində qanunsuz protokol tərtib etmişlər. Bu səbəbdən hazırki protokolda qərəzli olaraq tərtib olunmuşdur. O, heç bir inzibati xəta törətməmişdir. Qeyd etdikləri nəzərə alınmaqla iş üzrə qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş edir. İş üzrə şahid qismində izahat verən İsmayıllı rayon X5 X6 yol patrul xidməti inspektoru X2 göstərdi ki, 23 may 2023-cü il tarixdə yol patrul xidməti inspektoru pünhan Mahmudov və Kənan Veyisovla birlikdə İsmayıllı rayonu Sumağallı kəndi yolunda xidmətdə olarkən, “VAZ-2107” markalı ** BD *** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq nömrə nişanı standartlara uyğun olmadığı üçün sürücüyə saxla işarəsi verilmişdir. Sürücü avtomobili yolun kənarında saxlamış və yerə düşmüşdür. Sürücü sonradan şəxsiyyəti məlum olan Şəxs yaxınlaşaraq özünü təqdim etmiş və ona qayda pozuntusunu izah edərək avtomobilin sənədlərini təqdim etməsini tələb etmişdir. Sürücü ilə ünsiyyət zamanı ondan kəskin spirtli içki qoxusu gəldiyi üçün onu alkotestr vasitəsi müayinəyə dəvət etdik. Sürücü müayinədən keçməyəcəyini bildirirək uca səslə kənardakı şəxsləri həmin əraziyə çağırmışdır. Bir qədər sonra sürücü oradan uzaqlaşmaq istəmişdir. Digər polis əməkdaşları ilə birlikdə onu saxlamağa çalışmış və onu nizam-intizama dəvət edərək polisin qanuni tələblərinə tabe olmasını tələb etmişlər. Buna baxmayaraq Şəxs onlara zor tətbiq edərək onları itələmiş və oradan uzaqlaşmışdır. Həmin vaxt tanımadıqları bir nəfər şəxs avtomobili onların yanında saxlamış və avtomobildən düşən şəxslər onların üzərinə gələrək /Çingizin oradan uzaqlaşmağına kömək etmişlər. Bundan sonra iki nəfər hal şahidinin iştirakı ilə avtomobilə baxış keçirilmiş və avtomobil rayon polis şöbəsinin duracağına aparılmışdır. İş üzrə şahid qismində izahat verən İsmayıllı rayon X5 X6 yol patrul xidməti inspektoru X4 da şahid X1 izahatının məzmununa uyğun izahat verərək onun göstərdiyi xüsusatları təsdiq etdiyini bildirdi. İş materiallarına əlavə edilmiş DVD-R diskində olan görüntülərə məhkəmə iclasında baxılarkən müəyyən edilmişdir ki, Şəxs 23 may 2023-cü il tarixdə xidməti vəzifəsini yerinə yetirən polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmadığı müəyyən olunmuşdur. Məhkəmə araşdırması ilə müəyyən edildi ki, Şəxs 23 may 2023-cü il tarixdə saat 09:30 radələrində İsmayıllı rayonu Sumağallı kəndində xidməti vəzifəsini yerinə yetirən polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Məhkəmə iş materiallarına əlavə edilmiş sənədləri nəzərdən keçirib tərəflərin və şahidlərin izahatını, vəkilin fikrini dinləyərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir və o, həmin maddə ilə inzibati məsuliyyətə cəlb edilərək inzibati tənbeh edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən bu məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 535.1-ci maddəsinə əsasən Polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən onun tərəfindən törədilmiş inzibati xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, təqsirinin dərəcəsini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə hesab edir ki, Şəxs törətdiyi inzibati xətanı etiraf etməməsi, onun məsuliyyətdən yayınması məqsədi daşıyır. Məhkəmə Şəxs tərəfindən törədilmiş inzibati xətada onun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar aşkar edilməmişdir. Məhkəmə Şəxs tərəfindən törədilmiş inzibati xətanın xarakterini, onun şəxsiyyətini, təqsirinin dərəcəsini nəzərə alaraq barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati cərimə tətbiq etməyi qanunamüvafiq hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 30, 43, 106-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinərək 200 (iki yüz) manat miqdarında inzibati cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: İlqar Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar