Azərbaycan Respublikası adından QƏRARDAD İsmayıllı rayonu İş № 3(037)-310/2023 11.07.2023 İSMAYILLI RAYON MƏHKƏMƏSİ İsmayıllı Rayon Məhkəməsinin hakimi Hüseynov İlqar Vidayət oğlu, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 398-ci maddəsi ilə inzibati xəta törətməsi barədə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 10 saylı Ərazi Vergilər İdarəsindən daxil olmuş inzibati xəta haqqında protokolun icraata qəbulu məsələsinə baxaraq m ü ə y y ə n e t d i m: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 398-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 10 saylı Ərazi Vergilər İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər baxılması üçün İsmayıllı Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə inzibati materialı və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir Həmin Məcəllənin 106.0, 106.0.3 və 106.0.5-ci maddələrinə əsasən hakim inzibati xətalar haqqında işlərə baxarkən digər məsələlərlə yanaşı inzibati xəta haqqında protokolun və işin digər materiallarının bu Məcəllənin tələblərinə müvafiq olaraq tərtib edilib-edilməməsi, mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutların toplanılıb toplanılmaması məsələsini həll edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 398-ci maddəsinə əsasən dövlət qeydiyyatına (vergi uçotuna) alınmadan və ya sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün lisenziya tələb olunduğu hallarda belə lisenziya almadan sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa, yaxud lisenziyada nəzərdə tutulmuş şərtlərin pozulması ilə və ya xüsusi icazə olmadan mülki dövriyyəsi məhdudlaşdırılmış əşyalardan istifadə etməklə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsinə görə - inzibati xəta nəticəsində vurulmuş ziyanın (əldə edilmiş gəlirin) iki mislindən dörd mislinədək miqdarda cərimə edilir. Göründüyü kimi İXM-in 398-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın zəruri tərkib əlaməti kimi qanunsuz sahibkarlıq fəaliyyəti nəticəsində ziyanın vurulması və ya gəlirin əldə edilməsi nəzərdə tutulmuşdur. Bu zaman vurulmuş ziyanın (əldə edilmiş gəlirin) miqdarı əməlin inzibati və ya cinayət məsuliyyətinə səbəb olmasının müəyyən edilməsi üçün zəruri şərtdir. Digər tərəfdən maddənin sanksiyasında tətbiq ediləcək cərimə də vurulmuş ziyanın (əldə edilmiş gəlirin) misli ilə müəyyən edilmişdir. Belə olan halda vurulmuş ziyanın (əldə edilmiş gəlirin) miqdarı müəyyən edilmədən ümumiyyətlə inzibati xəta haqqında işə baxılması mümkün deyildir. Hazırkı protokol və ona əlavə edilmiş sənədlərdə barəsində icraat aparılan şəxsin qanunsuz sahibkarlıq fəaliyyəti nəticəsində gəlir əldə edibetməməsi, həmin gəlirin miqdarı, qanunsuz sahibkarlıq fəaliyyətinin hansı dövrü əhatə etməsi kimi iş üçün zəruri olan məlumatlar öz əksini tapmamışdır. Başqa sözlə hazırki işdə məhkəməyə dəymiş ziyanın (əldə edilmiş gəlirin) bağlı heç bir sübut təqdim edilməmişdir. Araşdırma aparılarkən yalnız Şəxs izahatında 200 manat məbləğində gəlir əldə etməsinə istinad edilmiş, ziyanın (əldə edilmiş gəlirin) məbləği ilə bağlı heç bir rəsmi sübut təqdim edilməmişdir. Belə ki, vurulmuş ziyanın miqdarı müəyyən edilmədən inzibati xəta haqqında işə baxılması mümkün deyildir. Məhkəməyə təqdim edilmiş materiallar natamam olmaqla həmin çatışmamazlıqları işə baxılarkən qısa müddət ərzində aradan qaldırmaq mümkün deyildir. Bundan başqa inzibati xəta haqqında protokolda Şəxs İsmayıllı rayonu Qubaxəlilli kəndində yerləşən stomatolji kabinetdə xüsusi razılıq (lisenziya) olmadan stomatoloji xidmətlərin göstərilməsi fəaliyyəti ilə məşğul olduğu göstərilmişdir. Qeyd edilən əməldə İXM-nin 398-ci maddəsinin deyil, 210-cu maddəsinin tərkib əlamətləri var. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 210-cu maddəsinə əsasən lisenziya olmadan özəl tibbi fəaliyyətlə və ya əczaçılıqla məşğul olmağa görə- fiziki şəxslər iki min manatdan üç min manatadək məbləğdə, vəzifəli şəxslər beş min manatdan on min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan otuz min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib olunduqda, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barəsində qərardad qəbul edilir. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsi baxımından həmin məcəllənin 109-cu maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 03 may 2019-cu il tarixli Qərarına əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsinin tələbləri baxımından həmin məcəllənin 109-cu maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işin baxılmasına hazırlanması zamanı qəbul edilən qərardadlardan apellyasiya şikayəti vermək hüququ istisna edilir. Qeyd olunan əsaslara görə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 398-ci maddəsi ilə inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 10 saylı Ərazi Vergilər İdarəsinə geri qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109, 118-ci maddələrini rəhbər tutaraq q ə r a r a a l d ı m: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 398-ci maddəsi ilə təqsirləndirilməsinə dair Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 10 saylı Ərazi Vergilər İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Hakim: İlqar Hüseynov
Məhkəmə qərarları › İş №3(037)-310/2023
İsmayıllı Rayon Məhkəməsi Qərardad — İş №3(037)-310/2023
11.07.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver