Məhkəmə qərarları › İş №3(037)-311/2020

İsmayıllı Rayon Məhkəməsi Qərar — İş №3(037)-311/2020

31.08.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR İsmayıllı rayonu İş № 3(037)-311/2020 31.08.2020 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Şirinov Rəfayel Səməd oğlunun sədrliyi Qasımov Sənani Nazir oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs-İsmayıllı rayon Polis Şöbəsinin İctimai Təhlükəsizlik Bölməsinin polis sahə rəisi X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə xx xxxx 1991-ci il tarixdə İsmayıllı rayonu Kürdmaşı kəndində anadan olmuş, həmin kənddə yaşayan, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, öz deməsinə görə il ərzində eyni inzibati xətaya görə inzibati məsuliyyətə cəlb edilməmiş, fərdi identifikasiya nömrəsi xxxxxxx Şəxs barəsində İsmayıllı rayon Polis Şöbəsindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1 və 535.1-ci maddələri ilə daxil olmuş inzibati xəta haqqında materiala xx xxxxxxxx 2020-ci il tarixdə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Şəxs xx xxxxxx 2020-ci il tarixdə saat 11:00 radələrində İsmayıllı rayonu Kürdmaşı kəndində “aşura günü” ilə əlaqədar karantin rejimi qaydalarını pozması, həmin ərazidə xidməti vəzifələrini yerinə yetirən polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmaması faktı üzrə barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1 və 535.1-ci maddələri ilə inzibati protokol tərtib edilərək baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilmişdir. Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib etmiş şəxs - İsmayıllı rayon Polis Şöbəsinin İctimai Təhlükəsizlik Bölməsinin polis sahə rəisi X2 izahatında göstərdi ki, xx xxxxxx 2020-ci il tarixdə saat 11:00-da “aşura günü” ilə əlaqədar İsmayıllı rayonu Kürdmaşı kəndində yerləşən məscidin qarşısında polis əməkdaşları xidmətdə olarkən, həmin kənd sakini Şəxs karantin rejimi qaydalarını pozaraq məscidə daxil olmaq istəyərkən, onu nizam-intizsama dəvət edən polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamışdır. Şəxs rayon polis şöbəsinə dəvət olunmuş və izahatı alınarkən o, törətdiyi xətanı etiraf etmişdir. Bundan sonra o, Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib etmişdir. Qeyd etdikləri nəzərə alınmaqla Şəxs barəsində qanuni tədbir görülməsini məhkəmədən xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında izahat verərək göstərdi ki, ailə üzvləri ilə birlikdə Kürdmaşı kəndində yaşayır. xx xxxxxx 2020-ci il tarixdə saat 11:00 radələrində atası, anası və qardaşının iki azyaşlı uşağı ilə birlikdə kənd məscidinə seyidləri ziyarət etməyə getmişlər. Məscidin qarşısına çatdıqda mülki avtomobillərin orada olduğunu görüb məscidə girişə icazə olduğunu düşünmüşdür. Onlar təxminən 200 metr yol getdikdən sonra məscidin həyətində üç polis işçisinin və kənd icra nümayəndəsinin orada olduğunu görmüşdür. Həmin vaxt polis əməkdaşı ona yaxınlaşaraq məscidə girişin qadağan olduğunu bildirmişdir. O, seyidləri yad edib, nəzirlərini qoyub çıxacaqlarını, atası xəstə olduğu üçün hər dəfə gəlib-gedə bilməməsini bilsə də, polis əməkdaşı sərt şəkildə onların məscidin həyətini tərk etmələrini tələb etmişdir. Məscidin həyətindən çıxdıqdan sonra atası da polis əməkdaşına nəzir qoyub çıxacaqlarını bildirmişdir. Bundan sonra polis əməkdaşı sonradan adını bildiyi Şaiq Əşrəfli atasının üzərinə gedərək uca səslə yenidən icazə olmadığını bildirmişdir. Atası xəstə olduğu üçün halının pisləşəcəyindən qorxub polis əməkdaşına “atama bir şey olsa səni öldürərəm” demişdir. Bundan sonra o, rayon polis şöbəsinə gətirilmiş və izahatı alınmışdır. O, törətdiyi əmələ görə cəzasını çəkməyə razıdır. Lakin həmin vaxt polis əməkdaşlarının da günahı vardır. Polis əməkdaşları məscidin yaxınlığında yox, məscidin giriş qapısında olmalı idilər. Onun həmin vaxt əsəbi olmasına səbəb xəstə atasının 200 metr yol getdikdən sonra geri qaytarılması olmuşdur. Qeyd etdikləri nəzərə alınmaqla iş üzrə qanuni qərar qəbul edilməsini xahiş edir. İş üzrə şahid qismində izahat verən İsmayıllı rayon Polis Şöbəsinin İctimai Təhlükəsizlik Bölməsinin polis sahə rəisi polis baş leytenantı X6 göstərdi ki, xx xxxxxx 2020-ci il tarixdə “aşura günü” ilə əlaqədar İsmayıllı rayonu Kürdmaşı kəndi ərazisində yerləşən məscidin qarşısında kənd icra nümayəndəsi Saleh Ağayev, polis nəfəri Rəşad Əhmədov və Səlim Əliyevlə birlikdə xidmətdə olarkən, həmin kəndin sakinləri Şəxs, Ağakərim Usubov və onun arvadı iki azyaşlı uşaqla birlikdə məscidin həyətinə daxil olmuşlar. O, həmin şəxslərə yaxınlaşaraq karantin qaydalarına görə məscidə girişin qadağan olduğunu bildirmişdir. Şəxs ona məhəl qoymayaraq yenidən seyidləri ziyarət edəcəyini bildirərək məscidə daxil olmaq istəmişdir. Yenidən icazə olmadığını bildirmiş və onlar məscidin həyətindən çıxmışlar. Məscidin qapının qarşısında Şəxs onun üzərinə hücum çəkərək nalayiq ifadələr işlətmiş və onu öldürəcəyi ilə hədələmişdir. O, Şəxs nizam-intizama dəvət edərək həmin ərazidən uzaqlaşmalarını tələb etmişdir. Şəxs onun qanuni tələblərinə tabe olmadığı üçün onu rayon polis şöbəsinə dəvət etmişlər. İş üzrə şahid qismində izahat verən X8 göstərdi ki, o, Kürdmaşı kənd icra nümayəndəsi vəzifəsində işləyir. xx xxxxxx 2020-ci il tarixdə əhalinin məscidə kütləvi toplanmasının qarşısını almaq məqsədilə polis əməkdaşları ilə birlikdə məscidin həyətində olarkən həmin kəndin sakinləri Şəxs, Ağakərim Usubov və onun arvadı iki azyaşlı uşaqla birlikdə məscidin həyətinə daxil olmuşlar. Polis əməkdaşı Şaiq Əşrəfli həmin şəxslərə yaxınlaşaraq karantin qaydalarına görə məscidə girişin qadağan olduğunu bildirmişdir. Bundan sonra həmin şəxslər polis əməkdaşları ilə birlikdə məscidin həyətindən çıxmışlar. O, məscidin həyətində qaldığından çöldə olanlardan xəbəri olmamışdır. İş üzrə şahid qismində izahat verən İsmayıllı rayon Polis Şöbəsinin Post Patrul Xidməti Taqımının polis nəfəri X7 da şahid X3 izahatının məzmununa uyğun izahat verərək onun göstərdiyi xüsusatları təsdiq etdiyini bildirdi. xx xxxxxx 2020-ci il tarixli 11 nömrəli inzibati qaydada tutma protokolundan müəyyən edilir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs xx xxxxxx 2020-ci il tarixdə saat 12:20-də inzibati qaydada tutulmuşdur. Dövlət X5 İsmayıllı rayon Şöbəsinin xx xxxxxx 2020-ci il tarixli, **********0 saylı arayışından görünür ki, Şəxs heç bir növ əmək pensiyası və sosial müavinət almadığı qeyd edilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edildi ki, Şəxs xx xxxxxx 2020-ci il tarixdə saat 11:00 radələrində İsmayıllı rayonu Kürdmaşı kəndində “aşura günü” ilə əlaqədar karantin rejimi qaydalarını pozmuş və həmin ərazidə xidməti vəzifələrini yerinə yetirən polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Məhkəmə iş materiallarını nəzərdən keçirib tərəflərin izahatlarını, şahidlərin ifadələrini dinləyərək qərara gəlir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaları törətmişdir və o, həmin maddələrlə inzibati məsuliyyətə cəlb edilərək inzibati tənbeh edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsinə əsasən epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə fiziki şəxslər iki yüz manatdan dörd yüz manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan dörd min manatadək məbləğdə cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, hüquqi şəxslər dörd min manatdan on min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən onun tərəfindən törədilmiş inzibati xətanın xarakterini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şəxsiyyətini, təqsirinin dərəcəsini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Şəxs tərəfindən törədilmiş inzibati xətada onun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar aşkar edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 30.3-cü maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Məhkəmə Şəxs tərəfindən törədilmiş inzibati xətanın xarakterini, onun şəxsiyyətini, təqsirinin dərəcəsini, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan inzibati cərimə tətbiq edilməsinin işin faktiki hallarına uyğun olmadığı qənaətinə gələrək Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34-cü maddəsinə əsasən daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilərək 20 (iyirmi) gün müddətində inzibati həbs edilməsini məqsədə müvafiq hesab edir. İnzibati həbsin əvvəli xx xxxxxx 2020-ci il tarixdən saat 12:20-dən hesablanmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 30, 34, 43, 106-115, 117-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34-cü maddəsinə əsasən daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilərək 20 (iyirmi) gün müddətində inzibati həbs edilsin. İnzibati həbsin əvvəli xx xxxxxx 2020-ci il tarixdən saat 12:20-dən hesablansın. İnzibati həbs müddəti xx xxxxxxxx 2020-ci il tarixdə saat 12:20-də başa çatmış hesab edilsin. Qərarın icrası İsmayıllı rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Rəfayel Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar