Məhkəmə qərarları › İş №3(037)-311/2025

İsmayıllı Rayon Məhkəməsi Qərar — İş №3(037)-311/2025

22.09.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR İsmayıllı rayonu İş № 3(037)-311/2025 22.09.2025 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hüseynov İlqar Vidayət oğlunun sədrliyi X1 katibliyi, İsmayıllı rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X2, Zərərçəkmiş Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs və onun vəkili Vəkil iştirakı ilə, xx xxxxxx 1983-cü il tarixdə İsmayıllı rayonu İsmayıllı kəndində anadan olmuş, həmin kənddə yaşayan, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, fərdi identifikasiya nömrəsi xxxxxxx Şəxs barəsində İsmayıllı rayon İcra və Probasiya Şöbəsindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə daxil olmuş inzibati xəta haqqında materiala 22 sentyabr 2025-ci il tarixdə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İsmayıllı rayon İcra Şöbəsi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İXM-in 528.1-ci maddəsi ilə MN ******* saylı, 22 sentyabr 2025-ci il tarixli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, İsmayıllı Rayon Məhkəməsinin 2(037)-266/2014 saylı xx.xx.2014-cü il tarixli qətnaməsi üzrə verilmiş, 12 sentyabr 2014-cü il tarixli icra vərəqəsinə əsasən Şəxs iki uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər uşağa 60 (altmış) manat olmaqla, cəmi 120 (yüz iyirmi) manat məbləğində aliment tutularaq İsmiyeva (Ziyadova) Leyla Taha qızına ödənilməlidir. Lakin Şəxs icra sənədi üzrə tələbi icra məmurunun müəyyən etdiyi vaxtda icra etməmiş və 12000 (on iki min) manat məbləğində aliment borcu yaranmışdır. Bununla da borclu icra sənədinin icrasını təmin etməmiş, icra məmurunun qanuni tələblərinə riayət etməmiş və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. İsmayıllı rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Aqil Məmmədov izahat verərək göstərdi ki, 2025-ci ilin avqust ayında tərəflər icra şöbəsinə dəvət olunmuş və həmin vaxt aliment borcu 15000 (on beş min) manat təşkil etmişdir. Həmin vaxt Zərərçəkmiş şəxs aliment borcunun 3000 (üç min) manatından imtina etmiş və Şəxs 12000 (on iki min) manat aliment borcundan 6000 (altı min) manatını avqust ayının sonuna kimi ödəyəcəyini öhdəsinə götürmüşdür. Avqust ayının sonunda Şəxs yenidən şöbəyə dəvət olunmuş və o, yenidən ərizə ilə müraciət edərək xx.xx.2025-ci il tarixədək 12000 (on iki min) manat məbləğində aliment borcunu tam şəkildə ödəyəcəyini bildirmişdir. Lakin ötən müddət ərzində Şəxs aliment borcunu bağlamamış və verilən tələbləri əməl etməmişdir. Qeyd etdikləri nəzərə alınmaqla iş üzrə qanuni qərar qəbul edilməsini xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahat verərək göstərdi ki, icra məmuru tərəfindən qeyd olunan aliment borcu ilə razı deyil. Uşaqları özü saxlamış və onların maddi təminatını özü ödəmişdir. Bununla bağlı aliment borcunun silinməsi ilə bağlı məhkəmədə iddia qaldırmışdır. Onun cəmi 1000 (min) mnat məbləğində aliment borcu vardır. Həmin borcundan bir neçə gün bundan öncə 250 (iki yüz əlli) manat ödəniş etmişdir. Bir ay müddətində qalan 750 (yeddi yüz əlli) manat məbləğini tam şəkildə ödəyə bilər. Həmçinin müəyyən vaxtlarda Zərərçəkmiş şəxs pul göndərmişdir, lakin həmin ödəniş qəbzlərini təqdim edə bilmir. Böyük oğlu hərbi xidmətdədir. Anasının adına torpaq sahəsi vardır və həmin torpaq sahəsində oğluna verəcəkdir. İş üzrə qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Zərərçəkmiş Zərərçəkmiş şəxs izahat verərək göstərdi ki, Şəxs dedikləri doğru deyil. Uşaqları özü saxlamış və onların maddi təminatını da, özü ödəmişdir. Bir müddət uşaqlar atası ilə qalmış və buna görə də, aliment borcunun bir hissəsindən imtina etmişdir. Ötən müddət ərzində Şəxs aliment borcundan ödəniş etməmişdir. Yalnız bir neçə gün öncə 250 (iki yüz əlli) manat məbləğində ödəniş etmiş və həmin puluda Ceyhun ona Bakı şəhərindən bir neçə dəfə İsmayıllı rayonuna gəlib-getdiyi üçün vermişdir. Şəxs ona təklif etdiyi torpaq sahəsini istəmir və borcu tələb edir. Aliment borcu ödənilməyəcəyi təqdirdə, Şəxs inzibati qaydada həbs edilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: İsmayıllı Rayon Məhkəməsinin 2(037)-266/2014 saylı xx.xx.2014-cü il tarixli qətnaməsi üzrə verilmiş, 12 sentyabr 2014-cü il tarixli icra vərəqəsinə əsasən Şəxs iki uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər uşağa 60 (altmış) manat olmaqla, cəmi 120 (yüz iyirmi) manat məbləğində aliment tutularaq İsmiyeva (Ziyadova) Leyla Taha qızına ödənilməlidir. İsmayıllı rayon İcra və Probasiya Şöbəsinin 22 sentyabr 2025-ci il tarixli arayışından görünür ki, Şəxs icra vərəqəsi üzrə ödənilməmiş 12000 (on iki min) manat məbləğində borcun ödənilməsini təmin etməməklə icra məmuru tərəfindən verilmiş qanuni tələblərə əməl etməmiş və çağırışlara gəlməmişdir. Şəxs İsmayıllı rayon İcra və Probasiya Şöbəsində verdiyi xx.xx.2025-ci il tarixli ərizəsindən görünür ki, Zərərçəkmiş şəxs olan 12000 (on iki min) manat aliment borcundan 6000 (altı min) manatını xx.xx.2025-ci il tarixədək ödəyəcəyinə söz vermiş, əks təqdirdə barəsində məcburi icra tədbirləri görülməsinə heç bir etirazının olmadığını bildirmişdir. Şəxs İsmayıllı rayon İcra və Probasiya Şöbəsində verdiyi xx.xx.2025-ci il tarixli ərizəsindən görünür ki, Zərərçəkmiş şəxs olan 12000 (on iki min) manat aliment borcunu xx.xx.2025-ci il tarixədək tam şəkildə ödəyəcəyinə söz vermiş, əks təqdirdə barəsində məcburi icra tədbirləri görülməsinə heç bir etirazının olmadığını bildirmişdir. Şəxs məhkəməyə müraciət etdiyi iddia ərizəsindən görünür ki, İsmayıllı Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 2(037)-266/2014 saylı qətnaməsinə əsasən hesablanmış 12000 (on iki) manat aliment borcunun 10000 (on min) manat hissəsinin silinməsini xahiş etmişdir. (hazırda iş məhkəmənin icraatındadır) Məhkəmə, iş materiallarını nəzərdən keçirib, tərəflərin izahatını və vəkilin fikrini dinləyərək hesab edir ki, Şəxs icra sənədinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinə yerinə yetirmədiyinə görə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək, inzibati qaydada tənbeh edilməlidir. Belə ki, təqdim edilmiş icra işinin materiallarından görünür ki, İsmayıllı Rayon Məhkəməsinin 2(037)-266/2014 saylı xx.xx.2014-cü il tarixli qətnaməsi üzrə verilmiş, 12 sentyabr 2014-cü il tarixli icra vərəqəsinə əsasən Şəxs iki uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər uşağa 60 (altmış) manat olmaqla, cəmi 120 (yüz iyirmi) manat məbləğində aliment tutularaq İsmiyeva (Ziyadova) Leyla Taha qızına ödənilməsi müəyyən edilmiş, qətnamə qanuni qüvvəsini aldığı tarixdən başlayaraq hər ay 120 (yüz iyirmi) manat sabit pul məbləğində aliment Şəxs tutularaq İsmiyeva (Ziyadova) Leyla Taha qızına verilməsi qət edilmişdir. İş materiallarında olan xx.xx.2014cü il tarixli “icraata başlamaq haqqında” qərardan görünür ki, yuxarıda qeyd edilən icra sənədləri əsasında iş üzrə icraat başlanılmış və borclu Şəxs tələbin könüllü icrası üçün bildiriş təqdim olunmuşdur. Şəxs məhkəmə iclasında aliment borcu ilə razılaşmadığını bildirsə də, xx.xx.2025 və xx.xx.2025-ci il tarixlərdə İsmayıllı rayon İcra və Probasiya Şöbəsində verdiyi izahatlarında 12000 (on iki min) manat məbləğində aliment borcunun olduğunu qəbul etmişdir. Bundan başqa Şəxs məhkəməyə müraciət etdiyi iddia ərizəsində hesablanmış 12000 (on iki) manat aliment borcunun 10000 (on min) manat hissəsinin silinməsini xahiş etmiş və 2000 (iki min) manat məbləğində borcunun olduğunu qəbul etmişdir. Buna baxmayaraq o, ötən müddət ərzində həmin məbləği də ödəməmişdir. Göründüyü kimi, Şəxs İsmayıllı rayon İcra və Probasiya Şöbəsində verdiyi izahatlarında 12000 (on iki min) manat məbləğində aliment borcunu qəbul etməsi, sonradan məhkəməyə borcun silinməsi ilə bağlı müraciət etməsi, onun qətnamənin icrasından boyun qaçırmaq niyyətinin olmasına əsas verir. Qeyd olunan icra sənədinin icrası ilə bağlı icra məmuru tərəfindən qanunvericiliyin bütün tələblərinə əməl edilməklə Şəxs Azərbaycan Respublikası dövlətinin adından çıxarılmış məhkəmə qərarlarının məcburi xarakter daşıması, hökmən icra olunmalı olması barədə dəfələrlə həm rəsmi, həm də şifahi formada xəbərdar edilməsinə baxmayaraq sonuncun icra məmurunun qanuni tələblərinə etinasız yanaşmaqla əməl etməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 3-cü maddəsinin tələbinə görə məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikası MPM-nin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Həmin Məcəllənin 15.3-cü maddəsinə əsasən məhkəmə aktının icra olunmaması, habelə məhkəməyə digər hörmətsizlik halları qanunda nəzərdə tutulmuş məsuliyyətlə nəticələnir. Məhkəmə qətnamələrinin vaxtında icra olunmaması ədalətli məhkəmə baxışına olan hüququn pozulması hesab olunur. Məhkəmə qətnamələrinin icrasının zəruriliyi Azərbaycan Respublikası Konstitusiyasında, mülki-prosessual, eləcə də cinayət və inzibati qanunvericilikdə, bir sıra beynəlxalq normativ aktlarda öz ifadəsini tapmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 mart 2006-cı il tarixli qərarında da qanuni qüvvəyə minmiş məhkəmə qətnamələrinin icrası xüsusilə vurğulanmışdır. Həmin qərarda qeyd olunur ki, “məhkəmə qətnaməsinin icrası müddəti məhkəmə baxışının tərkib hissəsi kimi qiymətləndirilir. Məhkəmələr məhkəmə aktlarının icrasına möhlət verilməsi, icranın dayandırılması, icra üsulunun dəyişdirilməsi, həmçinin məhkəmə icraçılarının hərəkətlərindən verilən şikayətlərlə əlaqədar məsələlərə baxarkən Konvensiyanın məhkəmə qətnamələrinin ağlabatan müddətdə icra olunması tələbini nəzərə almalıdırlar.” Məhkəmədə müəyyən edilmişdir ki, Şəxs təqsiri üzündən icra sənədi icra edilməmiş və icra sənədinin icra edilməməsi üçün üzrlü səbəb olmamışdır. Şəxs tərəfindən icra sənədinin icra edilməməsi, Konvensiyanın 6-cı maddəsinin, Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin tələblərinin kobud şəkildə pozulmasına gətirib çıxarır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinin tələbinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsinin tələbinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinin tələbinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmədə inzibati xəta törətmiş Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halları müəyyən edilməmişdir. Məhkəmə Şəxs tərəfindən törədilmiş inzibati xətanın xarakterini, onun şəxsiyyətini və təqsirinin dərəcəsini nəzərə alaraq ona inzibati cərimə tətbiq edilməsinin işin faktiki hallarına uyğun olmadığı qənaətinə gəlir və barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati həbs tətbiq edilməsini, inzibati həbsin 08 (səkkiz) gün müddətində müəyyən edilməsini məqsədə müvafiq hesab edir. İnzibati həbsin əvvəli qərarın elan edildiyi vaxtdan –22 sentyabr 2025-ci il tarixdə saat 17:50-dən hesablanmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 30, 43, 106-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib 08 (səkkiz) gün müddətində inzibati həbs edilsin. İnzibati həbsin əvvəli 22 sentyabr 2025-ci il tarixdən saat 17:50-dən hesablansın. Qərarın icrası İsmayıllı rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərarı qəbul etmiş İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: İlqar Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar