Azərbaycan Respublikası adından QƏRAR İsmayıllı rayonu İş № 3(037)-316/2024 19.08.2024 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hüseynov İlqar Vidayət oğlunun sədrliyi X3 katibliyi, İsmayıllı rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1, Zərərçəkmiş Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakı ilə, xx xxxxxx 1992-ci il tarixdə İsmayıllı rayonu Qubaxəlilli kəndində anadan olmuş, həmin kənddə yaşayan, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, fərdi identifikasiya nömrəsi xxxxxxx X5 barəsində İsmayıllı rayon İcra və Probasiya Şöbəsindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə daxil olmuş inzibati xəta haqqında materiala 19 avqust 2024-cü il tarixdə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: Şəxs Abşeron Rayon Məhkəməsinin xx.xx.2024 tarixli, 2(012)-192/2024 nömrəli qətnaməsi üzrə verilmiş həmin tarixli icra vərəqəsinin icrasından yayınması ilə əlaqədar Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair İsmayıllı rayon icra və probasiya şöbəsinin icra məmuru X2 tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında protokol məhkəməyə daxil olmuşdur. İsmayıllı rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Rahim Mustafayev izahat verərək göstərdi ki, Şəxs qeyd olunan icra vərəqəsinin icrasından qərəzli olaraq boyun qaçırmışdır. Qeyd etdikləri nəzərə alınmaqla iş üzrə qanuni qərar qəbul edilməsini xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahat verərək göstərdi ki, rəsmi iş yeri olmadığı üçün borcundan vaxtında ödəniş edə bilməmişdir. Hazırda borcundan 500 (beş yüz) manatını tələbkara ödəmişdir. Bundan sonra hər ay borcundan ödənişlər edəcəyinə söz verir. Bununla bağlı Zərərçəkmiş şəxs ilə şifahi razılığa gəlmiş və Rəqsanənin ona qarşı şikayəti yoxdur. Qeyd etdikləri nəzərə alınmaqla barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edir. Zərəçəkmiş Zərərçəkmiş şəxs izahat verərək göstərdi ki, Şəxs ona olan aliment borcundan 500 (beş yüz) manatını pna ödəmişdir. Elsevər qalan borcundan hər ay ödəniş edəcəyini söz vermişdir. Bununla bağlı onunla şifahi razılığa gəlmişdir. Ona görə də, ona qarşı şikayəti yoxdur və işin icraatına xitam verilməsini xahiş edir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: İsmayıllı rayon İcra və Probasiya Şöbəsinin 05 avqust 2024-cü il tarixli arayışdan görünür ki, Abşeron Rayon Məhkəməsinin 24 aprel 2024-cü il tarixli 2 (012) – 192/2024 saylı icra vərəqəsinə əsasən Şəxs tələbkar Zərərçəkmiş şəxs olan 2980 (iki min doqquz yüz səksən) manat məbləğində aliment borcunu ödəməkdən yayınmışdır. Zərərçəkmiş şəxs verdiyi xx.xx.2024-cü il tarixli ərizədən görünür ki, Şəxs ona olan 2980 (iki min doqquz yüz səksən) manat məbləğində aliment borcundan 500 (beş yüz) manatını ödəmiş və ona qarşı tələb və şikayəti yoxdur. Məhkəmə iş materiallarını nəzərdən keçirib tərəflərin izahatlarını dinləyərək qərara gəlir ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Abşeron Rayon Məhkəməsinin xx.xx.2024 tarixli, 2(012)-192/2024 nömrəli qətnaməsi üzrə verilmiş həmin tarixli icra sənədi İsmayıllı rayon İcra və Probasiya Şöbəsinin icraatındadır. İsmayıllı rayon İcra və Probasiya Şöbəsi tərəfindən borclu Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati qaydada protokol tərtib edilmiş, həmin protokolda borclunun qanuni qüvvəyə minmiş məhkəmə qətnamələrinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini qərəzli şəkildə yerinə yetirmədiyi qeyd edilmişdir. İşin məhkəmə tərəfindən müəyyən edilmiş faktiki hallarından müəyyən edilir ki, Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edildikdən sonra Zərərçəkmiş şəxs olan 2980 (iki min doqquz yüz səksən) manat məbləğində aliment borcundan 500 (beş yüz) manatını ödəmiş etmişdir. Bundan başqa Şəxs məhkəmə iclasında borcundan hər ay ödəniş edəcəyini vəd etmişdir. Bununla bağlı Zərərçəkmiş şəxs onunla şifahi razılığa gəldiyini və şikayətinin olmadığını bildirmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzürsüz səbəbdən icra edilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 44.1 və 44.1.3-cü maddəsinə əsasən, məcburi icra tədbirlərinin tətbiqi üçün əsaslardan biri də könüllü icra üçün icra məmuru tərəfindən borcluya verilmiş müddətin keçməsidir. Həmin Qanunun 44.2-ci maddəsinə əsasən, Bu Qanunun 44.1-ci maddəsində müəyyən edilmiş əsaslardan hər hansı biri olmadıqda məcburi icra tədbirlərinin tətbiqinə yol verilmir. Həmin Qanunun 82.1-ci maddəsinə əsasən, borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir. Məhkəmə qeyd edir ki, hazırkı halda icra məmuru tərəfindən Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edilməsi üçün qanunvericiliyin yuxarıda sadalanan əsasları mövcud deyildir. Belə ki, məhkəmə araşdırması zamanı Şəxs tərəfindən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi halı öz təsdiqini tapmamışdır. Digər tərəfdən məhkəmə iclasında müəyyən edilmişdir ki, borclu icra vərəqəsinin icrası ilə əlaqədar ödənişlər etməklə yanaşı, hər ay yaranmış borcundan ödəniş edərək borcun tam şəkildə ödənilməsinə dair söz vermişdir. Bununla bağlı Şəxs tələbkar Zərərçəkmiş şəxs ilə şifahi razılığa gəlmiş və ona qarşı şikayətinin olmadığını bildirmişdir. Borclunun hər hansı gəlir mənbəyi olmaması və maddi vəziyyətinin səviyyəsi onu icra vərəqəsinin icrası ilə əlaqədar öhdəliklərdən azad etməsə də, icra vərəqəsinin icra edilməsində müəyyən çətinliklər yaranmasına səbəb olur. İcra məmurunun qeyd etdiyi hallar isə məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin qərəzli şəkildə yerinə yetirilməməsi və ya icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi kimi qiymətləndirilə bilməz. Məhkəmə eyni zamanda Şəxs icra vərəqələrinin icra edilməməsi ilə əlaqədar bildirir ki, hazırda şəxsin işləməməsi, hər hansı bir digər gəlir mənbəyinin və mülkiyyətində daşınar və ya daşınmaz əşya olmaması faktları nəzərə alınmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 53.1 və 53.1.2-ci maddələrinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.2-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, Şəxs əməlində inzibati xəta tərkibi yaranmadığından onun barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə başlanmış icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.2, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində qərarı qəbul etmişİsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: İlqar Hüseynov
Məhkəmə qərarları › İş №3(037)-316/2024
İsmayıllı Rayon Məhkəməsi Qərar — İş №3(037)-316/2024
19.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver