Məhkəmə qərarları › İş №3(037)-317/2025

İsmayıllı Rayon Məhkəməsi Qərar — İş №3(037)-317/2025

30.09.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR İsmayıllı rayonu İş № 3(037)-317/2025 30.09.2025 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hüseynov İlqar Vidayət oğlunun sədrliyi X1 katibliyi, İsmayıllı rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X2, Zərərçəkmiş Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakı ilə, xx xxxxxxxx 1989-cu il tarixdə İsmayıllı rayonu Mücühəftəran kəndində anadan olmuş, həmin kənddə qeydiyyatda olmaqla, İsmayıllı rayonu Aşağıbaş kəndində yaşayan, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, fərdi identifikasiya nömrəsi xxxxxxx Şəxs barəsində İsmayıllı rayon İcra və Probasiya Şöbəsindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə daxil olmuş inzibati xəta haqqında materiala 30 sentyabr 2025-ci il tarixdə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İsmayıllı rayon İcra Şöbəsi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İXM-in 528.1-ci maddəsi ilə MN ******* saylı, 30 sentyabr 2025-ci il tarixli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, Hacıqabul Rayon Məhkəməsinin 2(071)-867/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsi üzrə verilmiş, 13 oktyabr 2023-cü il tarixli icra vərəqəsinə əsasən Şəxs iki uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər uşağa 150 (yüz əlli) manat olmaqla, cəmi 300 (üç yüz) manat məbləğində aliment tutularaq Piryeva (Səfərova) Səbinə Valeh qızına ödənilməlidir. Lakin Şəxs icra sənədi üzrə tələbi icra məmurunun müəyyən etdiyi vaxtda icra etməmiş və 2040 (iki min qırx) manat məbləğində aliment borcu yaranmışdır. Bununla da, borclu icra sənədinin icrasını təmin etməmiş, icra məmurunun qanuni tələblərinə riayət etməmiş və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. İsmayıllı rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Aqil Məmmədov izahat verərək göstərdi ki, Şəxs 2040 (iki min qırx) manat aliment borcu vardır. Şəxs şöbəyə dəvət olunsa da, çağırışlara gəlməmiş və bu səbəbdən barəsində axtarış qərarı qəbul edilmişdir. Bundan sonra o, polis əməkdaşları vasitəsi ilə şöbəyə gətirilmişdir. Qeyd etdikləri nəzərə alınmaqla iş üzrə qanuni qərar qəbul edilməsini xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahat verərək göstərdi ki, 2040 (iki min qırx) manat aliment borcu vardır. Hər ay müəyyən qədər ödənişlər etsə də, tam şəkildə ödəniş etmədiyi üçün borcu yaranmışdır. Borcunun yaranmasına səbəb bir həftə bundan öncə tələbkar ona alimentdən imtina etdiyini bildirməsi olmuşdur. Bundan başqa valideynləri yataq xəstəsidir, ona görə də maddi vəziyyəti ağırdır. Ona 10 (on) gün vaxt verilərsə borcundan 600 (altı yüz) manat məbləğində ödəniş edə bilər. Qeyd etdikləri nəzərə alınmaqla ona vaxt verilməsini xahiş etmişdir. Zərərçəkmiş Zərərçəkmiş şəxs izahat verərək göstərdi ki, Şəxs vaxt verilməsini istəmir. Səxavətə icra məmuru tərəfindən çox vaxt verilmiş, lakin borcunu ödəməmişdir. Aliment borcunu tələb edir və iş üzrə qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Hacıqabul Rayon Məhkəməsinin 2(071)-867/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsi üzrə verilmiş, 13 oktyabr 2023-cü il tarixli icra vərəqəsinə əsasən Şəxs iki uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər uşağa 150 (yüz əlli) manat olmaqla, cəmi 300 (üç yüz) manat məbləğində aliment tutularaq Piryeva (Səfərova) Səbinə Valeh qızına ödənilməlidir. İsmayıllı rayon İcra və Probasiya Şöbəsinin 30 sentyabr 2025-ci il tarixli arayışından görünür ki, Şəxs icra vərəqəsi üzrə ödənilməmiş 2040 (iki min qırx) manat məbləğində borcun ödənilməsini təmin etməməklə icra məmuru tərəfindən verilmiş qanuni tələblərə əməl etməmiş və çağırışlara gəlməmişdir. 06 mart 2025-ci il tarixli aktın surətindən görünür ki, icra məmurlu X3 Piryevin yaşadığı evdə olmuş və müəyyən etmişdir ki, qeyd olunan ünvanda borcluya məxsus əmlakın olmadığı müəyyən olmuşdur. Şəxs xx.xx.2025-ci il tarixli icra şöbəsində verdiyi izahatından görünür ki, o, barəsində olan icra sənədindən xəbərdar olduğunu, maddi imkanı yol vermədiyi üçün icra sənədləri üzrə tələbi bu günədək tam şəkildə icra edə bilmədiyini, 05 ay ərzində işi olacaq və bundan sonra tam ödəniş edə biləcəyini, adına rəsmiləşdirilmiş daşınar və ya daşınmaz əmlakı olmadığını, həmçinin aidiyyəti təşkilatlarda qiymətli kağızlar və ya əmanəti olmadığını qeyd etmişdir. Məhkəmə, iş materiallarını nəzərdən keçirib, tərəflərin izahatını dinləyərək hesab edir ki, Şəxs icra sənədinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinə yerinə yetirmədiyinə görə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək, inzibati qaydada tənbeh edilməlidir. Belə ki, Hacıqabul Rayon Məhkəməsinin 2(071)-867/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsi üzrə verilmiş, 13 oktyabr 2023-cü il tarixli icra vərəqəsinə əsasən Şəxs iki uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər uşağa 150 (yüz əlli) manat olmaqla, cəmi 300 (üç yüz) manat məbləğində aliment tutularaq Piryeva (Səfərova) Səbinə Valeh qızına ödənilməsi qət edilməsinə baxmayaraq, Şəxs qətnamənin icrasını təmin etməmişdir. Göründüyü kimi Şəxs qanuni qüvvəyə minmiş həmin məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini qərəzli şəkildə yerinə yetirməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzürsüz səbəbdən icra edilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 3-cü maddəsinin tələbinə görə məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikası MPM-nin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Həmin Məcəllənin 15.3-cü maddəsinə əsasən məhkəmə aktının icra olunmaması, habelə məhkəməyə digər hörmətsizlik halları qanunda nəzərdə tutulmuş məsuliyyətlə nəticələnir. Məhkəmə qətnamələrinin vaxtında icra olunmaması ədalətli məhkəmə baxışına olan hüququn pozulması hesab olunur. Məhkəmə qətnamələrinin icrasının zəruriliyi Azərbaycan Respublikası Konstitusiyasında, mülki-prosessual, eləcə də cinayət və inzibati qanunvericilikdə, bir sıra beynəlxalq normativ aktlarda öz ifadəsini tapmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 mart 2006-cı il tarixli qərarında da qanuni qüvvəyə minmiş məhkəmə qətnamələrinin icrası xüsusilə vurğulanmışdır. Həmin qərarda qeyd olunur ki, “məhkəmə qətnaməsinin icrası müddəti məhkəmə baxışının tərkib hissəsi kimi qiymətləndirilir. Məhkəmələr məhkəmə aktlarının icrasına möhlət verilməsi, icranın dayandırılması, icra üsulunun dəyişdirilməsi, həmçinin məhkəmə icraçılarının hərəkətlərindən verilən şikayətlərlə əlaqədar məsələlərə baxarkən Konvensiyanın məhkəmə qətnamələrinin ağlabatan müddətdə icra olunması tələbini nəzərə almalıdırlar.” “Hörnosbi Yunanıstana qarşı” 19 mart 1997-ci il tarixli işdə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsində ifadəsini tapan “ədalətli məhkəmə baxışına olan hüquq qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin dövlət tərəfindən icra edilməsi vəzifəsini özündə ehtiva edir.” Bu hüququn pozulması icranın tam yerinə yetirilməməsində, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin icrasının gecikdirilməsində də təzahür edə bilər. (“Burdov Rusiyaya qarşı”, şikayət №59498/000. ECHR.2002). Daha sonra həmin işdə Avropa Məhkəməsi qeyd etmişdir ki, ərizəçilərin xeyrinə çıxarılmış məhkəmə qətnaməsinin uzun müddət icra olunmaması, onların Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsində təminat verilən mülkiyyət hüququnu pozmuşdur. Konvensiyanın 1-ci maddəsinin 1-ci bəndi “məhkəmə çıxış hüququna” təminat verir. Lakin dövlətin hüquq sistemi qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin hərəkətsiz qalmasına imkan versə, məhkəməyə çatmaq hüququ xəyali xarakter alar. (“Hornsbi Yunanıstana qarşı”, 19 mart 1997-ci il). Məhkəmədə müəyyən edilmişdir ki, Şəxs təqsiri üzündən icra sənədi icra edilməmiş və icra sənədinin icra edilməməsi üçün üzrlü səbəb olmamışdır. Şəxs tərəfindən icra sənədinin icra edilməməsi, Konvensiyanın 6- cı maddəsinin, Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin tələblərinin kobud şəkildə pozulmasına gətirib çıxarır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinin tələbinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsinin tələbinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinin tələbinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmədə inzibati xəta törətmiş Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halları müəyyən edilməmişdir. Məhkəmə Şəxs tərəfindən törədilmiş inzibati xətanın xarakterini, onun şəxsiyyətini və təqsirinin dərəcəsini nəzərə alaraq ona inzibati cərimə tətbiq edilməsinin işin faktiki hallarına uyğun olmadığı qənaətinə gəlir və barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati həbs tətbiq edilməsini, inzibati həbsin 08 (səkkiz) gün müddətində müəyyən edilməsini məqsədə müvafiq hesab edir. İnzibati həbsin əvvəli qərarın elan edildiyi vaxtdan – 30 sentyabr 2025-ci il tarixdə saat 12:30-dan hesablanmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 30, 43, 106-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib 08 (səkkiz) gün müddətində inzibati həbs edilsin. İnzibati həbsin əvvəli qərarın elan edildiyi vaxtdan – 30 sentyabr 2025-ci il tarixdən saat 12:30-dan hesablansın. Qərarın icrası İsmayıllı rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlqar Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar