Azərbaycan Respublikası adından QƏRAR İsmayıllı rayonu İş № 3(037)-319/2024 20.08.2024 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov İlqar Vidayət oğlunun sədrliyi X1 katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan "xxxx" MMC-nin qanuni təmsilçisi X2 iştirakı ilə "xxxx" MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 215.1 və 215.4-cü maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: "xxxx" MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 215.1 və 215.4-cü maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən tərtib edilmiş 26 iyul 2024-cü il tarixli, MN seriyalı ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər İsmayıllı Rayon Məhkəməsinə daxil olmuşdur. İnzibati xəta haqqında protokoldan görünür ki, İsmayıllı şəhəri, M.F.Axundov küçəsində yerləşən "xxxx" MMC-yə məxsus klinikada 26 iyul 2024-cü il tarixdə saat 12:20də aparılan planlı yoxlama zamanı lisenziyadan kənar fəaliyyət (otorinoloji və uroloji) iş aşkarlanmışdır. Bundan əlavə bəzi əməkdaşların sertifikatı aşkarlanmamışdır. Nəticədə "xxxx" MMC tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 215.1 və 215.4-cü maddələrində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Bu fakt Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzinin 26 iyul 2024-cü il tarixli, 450 nömrəli planlı (növbəti) yoxlama aktı ilə təsdiq edilir. Protokolu tərtib etmiş Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaq məhkəmə iclasına nümayəndəsini göndərməmişdir. Ona görə də məhkəmə işə Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin nümayəndəsinin iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan "xxxx" MMC-nin qanuni təmsilçisi X3 izahat verərək göstərdi ki, protokolda qeyd olunan halların bir hissəsi ilə razıdır. Göstərilmiş pozuntulardan biri odur ki, radioloq texnik sertifikasiyadan keçməmişdir. Lakin onlar araşdırmışlar ki, respublikada bununla bağlı hər hansı kurs yoxdur ki, işçi orada təhsil alsın. Protokolda qeyd olunan nöqsanlar qısa müddət ərzində aradan qaldırılacaqdır. Bundan başqa onu qeyd etmək istəyir ki, həmin klinikadan heç bir məbləğdə gəlir əldə olunmur. Sadəcə rayon camaatının yararlanması üçün xidmət göstərilir. Qeyd olunanlara əsasən iş üzrə qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Belə ki iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 10 saylı Ərazi Vergilər İdarəsinin dövlət reyestri məlumatları haqqında çıxarışdan görünür ki, "xxxx" MMC-nin hüquqi ünvanı İsmayıllı şəhəri, Axundov küçəsi 19 olmaqla qanuni təmsilçisi X3dur. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi tərəfindən planlı (növbəti) yoxlamanın keçirilməsi haqqında 3-28-1/3-2-775/2024 nömrəli 11 iyul 2024-cü il tarixli qərardan görünür ki, "xxxx" MMC-yə məxsus İsmayıllı şəhəri, Axundov küçəsi 19 ünvanında yerləşən təşkilatın fəaliyyətinin yoxlanılması məqsədilə, xx.xx.2024-xx.xx.2024-cü il tarixlərdə mərkəzin nümayəndələri tərəfindən həmin müəssisədə planlı (növbəti) yoxlama aparılması qərara alınmışdır. İş materiallarında olan Planlı (Növbəti) Yoxlama haqqında 26 iyul 2024-cü il tarixli 450 nömrəli aktdan görünür ki, lisenziya şərtlərinə əməl olunmamış, tibb mütəxəssisləri sertifikasiyadan keçməmiş və tibb işçiləri lisenziyada göstərilən işlərdən və xidmətlərdən kənar tibb fəaliyyətini həyata keçirməsi aşkarlanmışdır. Lisenziyalar və icazələr haqqında Azərbaycan Respublikasının Qanununa əsasən lisenziya – müvafiq sahibkarlıq fəaliyyəti növünün həyata keçirilməsi üçün ərizəçiyə lisenziya verən orqan tərəfindən verilən rəsmi sənəddir. Qanunun 4.1-ci maddəsinə əsasən Lisenziya tələb olunan fəaliyyət növləri və icazələr (maliyyə bazarları sahəsində istisna olmaqla) yalnız bu Qanunla müəyyən edildikdən sonra müvafiq sahəni tənzimləyən Azərbaycan Respublikasının digər qanunlarında əks edilir. Lisenziya tələb olunan fəaliyyət növlərini və icazələri müəyyən edən bu Qanundan və müvafiq sahəni tənzimləyən Azərbaycan Respublikasının digər qanunlarından başqa hər hansı digər hüquqi aktda lisenziya tələb olunan fəaliyyət növlərinin və icazələrin, həmçinin müvafiq sahəni tənzimləyən Azərbaycan Respublikasının qanunlarından başqa hər hansı digər hüquqi aktda lisenziyaların və icazələrin alınmasından azadolma hallarının müəyyən olunmasına yol verilmir. Qanunun 1 nömrəli əlavəsinin Lisenziya tələb olunan fəaliyyət növlərinin (dövlət təhlükəsizliyindən irəli gələn hallar istisna olmaqla) siyahısına əsasən Özəl tibb fəaliyyəti lisenziya tələb olunan fəaliyyət növüdür. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Həmin Məcəllənin 215.1-ci maddəsinə əsasən, Tibb fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən dövlət tibb müəssisələrinin nizamnamələrində və ya özəl tibb fəaliyyəti sahəsində onlara verilmiş lisenziyada göstərilən işlərdən və xidmətlərdən kənar tibb fəaliyyətinin həyata keçirilməsinə görə - fiziki şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər səkkiz yüz manatdan min manatadək məbləğdə, hüquqi şəxslər altı min manatdan səkkiz min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 215.4-cü maddəsinə əsasən Qanunvericiliyə uyğun olaraq sertifikasiyadan keçməyən şəxslərin (işçilərin) praktik tibb və əczaçılıq fəaliyyətinə buraxılmasına görə - vəzifəli şəxslər səkkiz yüz manatdan min manatadək məbləğdə, hüquqi şəxslər altı min manatdan səkkiz min manatadək məbləğdə cərimə edilir. Məhkəmə inzibati tənbeh tədbiri tətbiq edilərkən "xxxx" MMC-nin əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32 və 33-cü maddələrində nəzərdə tutulmuş məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə prosesində Azərbaycan Respublikasının İXM-nin 32-ci və 33-cü maddələrinə əsasən "xxxx" MMC-nin məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə törədilmiş inzibati inzibati xətanın hallarını nəzərə alaraq hesab edir ki, "xxxx" MMC Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 215.1 və 215.4-cü maddələri ilə təqsirli bilinərək onun barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədəmüvafiqdir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-117, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə q ə r a r a a l d ı: "xxxx" MMC (VÖEN: **********) Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən həmin Məcəllənin 215.1 və 215.4-cü maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 6000.00 (altı min) manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində qərarı qəbul etmiş İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: İlqar Hüseynov
Məhkəmə qərarları › İş №3(037)-319/2024
İsmayıllı Rayon Məhkəməsi Qərar — İş №3(037)-319/2024
20.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver