Azərbaycan Respublikası adından QƏRAR İsmayıllı rayonu İş № 3(037)-324/2022 25.07.2022 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov İlqar Vidayət oğlunun sədrliyi Qasımov Sənani Nazir oğlunun katibliyi, İsmayıllı rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X3, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakı ilə xx xxxx 1949-cu il tarixdə İsmayıllı rayonu Lahıc qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, təqaüdçü, İsmayıllı rayonu Lahıc qəsəbəsində yaşayan öz deməsinə görə il ərzində eyni inzibati xətaya görə inzibati məsuliyyətə cəlb edilməmiş, fərdi identifikasiya nömrəsi xxxxxxx Şəxs barəsində İsmayıllı rayon İcra və Probasiya Şöbəsindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə daxil olmuş inzibati xəta haqqında materiala 25 iyul 2022-ci il tarixdə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İsmayıllı Rayon Məhkəməsinin 28 fevral 2022-ci il tarixli 2(037)-92/2022 saylı icra vərəqəsinə əsasən cavabdehlər X4, Şəxs, X2 və X5 tərəfindən iddiaçı Zərərçəkmiş şəxs Dəyanət qızının mülkiyyətində olan İsmayıllı rayonu Lahıc qəsəbəsi Ə.Bayramov küçəsi ev 14A ünvanında yerləşən 0.03 hektar torpaq sahəsi və həmin torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evindən istifadəsinə törədilən maneələrə son qoyulması və fərdi yaşayış evinin qarşısında quraşdırılmış kamera sökülərək götürülməsi qət edilmişdir. İş üzrə icra vərəqəsi İsmayıllı rayon İcra və Probasiya Şöbəsinin icraatındadır. Borclu Şəxs həmin icra vərəqəsinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini qərəzli şəkildə yerinə yetirmədiyinə və icra vərəqəsini icra etmədiyinə görə barəsində İsmayıllı rayon İcra və Probasiya Şöbəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə 25 iyul 2022-ci il tarixli ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək həmin tarixdə baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilmişdir. İsmayıllı rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Emin Bağırov izahat verərək göstərdi ki, Şəxs qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinə dair icra sənədi üzrə tələbin könüllü olaraq icra edilməsi barədə bildiriş göndərilmiş, lakin borclu icra sənədini icra etməmişdir. İcra sənədi İcra Şöbəsinin icraatında olduğu müddət ərzində borclu bir neçə dəfə şöbəyə dəvət olunmuş və ondan qətnamənin icrası tələb olunmuşdur. Sonuncu dəfə 21 iyun 2022-ci il tarixdə qətnamənin icra olunması üçün qeyd olunan yaşayış evinə gedilmiş və borclulardan icra vərəqəsinin icrası tələb olunmuşdur. Lakin Şəxs icra vərəqəsinin icra etməyəcəyini bildirmişdir. Bu səbəbdən onun barəsində inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün məhkəməyə göndərilmişdir. Qeyd etdikləri nəzərə alınmaqla iş üzrə qanuni qərar qəbul edilməsini xahiş edir. Zərərçəkmiş Zərərçəkmiş şəxs hazırki işə baxılmasına dair məhkəmə iclasına gəlməmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahat verərək göstərdi ki, qətnamədə göstərilən fərdi yaşayış evi ilə onun yaşadığı ev fərqlidir. Yaşadığı ev ona məxsusdur və mülkiyyətindədir. Zərərçəkmiş şəxs bir neçə dəfə onun yaşadığı evə gələrək qapının qıfılını sındırmışdır. Bu səbəbdən qapısının yanında kamera quraşdırmışdır. Evini heç kimə vermək niyyətində deyil. Ona görə də, icra vərəqəsində qeyd olunanları icra etməyəcəkdir. Qeyd etdikləri nəzərə alınmaqla iş üzrə qanuni qərar qəbul edilməsini xahiş edir. İş materiallarına əlavə edilmiş 21 iyun 2022-ci il tarixli aktdan görünür ki, icra məmuru Emin Bağırov 21 iyun 2022-ci il tarixdə icra vərəqəsinin icrası ilə əlaqədar qeyd olunan ünvanda olmuş və qətnamənin icrası X4, Şəxs və X1 tələb olunsa da onlar qətnamənin icrasında boyun qaçırmışlar. Məhkəmə iclasında tədqiq edilmiş sənədlərlə və digər sübutlarla müəyyən edildi ki, İsmayıllı Rayon Məhkəməsinin 28 fevral 2022-ci il tarixli 2(037)-92/2022 saylı icra vərəqəsinə əsasən cavabdehlər X4, Şəxs, X2 və X5 tərəfindən iddiaçı Zərərçəkmiş şəxs Dəyanət qızının mülkiyyətində olan İsmayıllı rayonu Lahıc qəsəbəsi Ə.Bayramov küçəsi ev 14A ünvanında yerləşən 0.03 hektar torpaq sahəsi və həmin torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evindən istifadəsinə törədilən maneələrə son qoyulması və fərdi yaşayış evinin qarşısında quraşdırılmış kamera sökülərək götürülməsi qət edilmişdir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra iş üzrə icra sənədi icra edilməsi üçün İsmayıllı rayon İcra və Probasiya Şöbəsinə göndərilmiş və icra məmuru tərəfindən icraata başlamaq haqında qərar qəbul edilərək tərəflərə göndərilmişdir. İcra sənədi İcra Şöbəsinin icraatında olduğu müddət ərzində borcludan icra vərəqəsinin icrasının təmin edilməsi tələb edilmiş, lakin borclu icra vərəqəsini icra etməkdən imtina etmişdir. Qətnamənin icrası ilə əlaqədar 21 iyun 2022-ci il tarixdə icra məmuru qeyd olunan fərdi yaşayış evində olmuş və Şəxs qətnamənin icrasından qərəzli olaraq boyun qaçırmışdır. Hazırki məhkəmə iclasında da, Şəxs icra vərəqəsinin icrasını təmin etməyəcəyini bildirmişdir. Bununla da Şəxs qanuni qüvvəyə minmiş həmin məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini qərəzli şəkildə yerinə yetirməmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirib tərəflərin izahatlarını dinləyərək qərara gəlir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir və o həmin maddə ilə inzibati məsuliyyətə cəlb edilərək inzibati tənbeh edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən bu məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən onun tərəfindən törədilmiş inzibati xətanın xarakterini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şəxsiyyətini, təqsirinin dərəcəsini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Şəxs tərəfindən törədilmiş inzibati xətada onun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar aşkar edilməmişdir. Məhkəmə Şəxs tərəfindən törədilmiş inzibati xətanın xarakterini, onun şəxsiyyətini, təqsirinin dərəcəsini nəzərə alaraq barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan cərimə tətbiq edilməsini, cərimənin 500 (beş yüz) manat miqdarında müəyyən edilməsini məqsədə müvafiq hesab edir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 25, 43, 106-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib 500 (beş yüz) manat məbləğində inzibati cərimə olunsun. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şəki Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim İlqar Hüseynov
Məhkəmə qərarları › İş №3(037)-324/2022
İsmayıllı Rayon Məhkəməsi Qərar — İş №3(037)-324/2022
25.07.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver