Məhkəmə qərarları › İş №3(037)-328/2022

İsmayıllı Rayon Məhkəməsi Qərar — İş №3(037)-328/2022

26.07.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR İsmayıllı rayonu İş № 3(037)-328/2022 26.07.2022 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov İlqar Vidayət oğlunun sədrliyi Qasımov Sənani Nazir oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş İsmayıllı rayon X2 X4 yol patrul xidməti inspektoru X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakı ilə, xx xxxxxxxx 1977-ci il tarixdə İsmayıllı rayonu Lahıc qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, İsmayıllı rayonu Lahıc qəsəbəsində yaşayan öz deməsinə görə il ərzində eyni inzibati xətaya görə inzibati məsuliyyətə cəlb edilməmiş, fərdi identifikasiya nömrəsi xxxxxxx Şəxs barəsində İsmayıllı rayon Polis Şöbəsindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1.3-cü maddəsi ilə daxil olmuş inzibati xəta haqqında materiala 26 iyul 2022-ci il tarixdə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Şəxs 25 iyul 2022-ci il tarixdə saat 20:00 radələrində İsmayıllı rayonu Lahıc qəsəbəsində “Nissan X-Trail” markalı ** GF *** dövlət qeydiyyat nömrəli avtomobillə ziqzaqvari hərəkətlərlə qəza şəraiti yaratması, nəqliyyat vasitəsini qəflətən sürətləndirməklə davamlı olaraq təkərlərin yolun səthi ilə sürtünməsi səslərinin çıxararaq yol hərəkəti qaydalarının müxtəlif üsullarla davamlı olaraq pozulması ilə müşayiət olunan qərəzli hərəkətlər etməsi faktı üzrə barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1.3-cü maddələri ilə 26 iyul 2022-ci il tarixli İXP ******* saylı inzibati protokol tərtib edilərək baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilmişdir. Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib etmiş İsmayıllı rayon X2 X4 yol patrul xidməti inspektoru Şükür Sadullayev izahatında göstərdi ki, 25 iyul 2022-ci il tarixdə saat 20:54-də İsmayıllı rayon Lahıc qəsəbəsində yaşayan Şahid1 Azərbaycan Respublikası DİN-in “102” xidmətinə zəng edərək Lahıc qəsəbə sakini Şəxs “Nissan X-Trail” markalı ** GF *** dövlət qeydiyyat nömrəli avtomobili yüksək sürətlə idarə edib sakinlərin həyatına təhlükə yaratması barədə məlumat vermişdir. Həmin məlumat əsasında qəsəbəyə getmiş, lakin Şəxs qəsəbədə olmmışdır. Araşdırma zamanı məlum olmuşdur ki, Şəxs 25 iyul 2022-ci il tarixdə Lahıc qəsəbəsində dar küçələrdə avtomobili yüksək sürətlə idarə etmiş, sakinlərin və gələn qonaqların həyatı üçün təhlükə yaratmışdır. Həmin ərazidə sürət həddi 10-20 km/saatdan ibarət olmuşdur. Lakin əldə olunmuş video görüntüdən də, göründüyü kimi Şəxs dar küçələrlə avtomobili yüksək sürətlə idarə edərək avtoxuliqanlıq hərəkətləri törətmişdir. Qeyd etdikləri nəzərə alınmaqla iş üzrə qanuni qərar qəbul edilməsini xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahat verərək göstərdi ki, 25 iyul 2022-ci il tarixdə saat 20:00 radələrində anasının səhhətində narahatlıq olmuş və anasını idarə etdiyi “Nissan X-Trail” markalı ** GF *** dövlət qeydiyyat nömrəli avtomobilə əyləşdirərək həkimə aparmaq istəmişdir. Həmin vaxt Lahıc qəsəbəsi ərazisində avtomobili yüksək sürətlə idarə etmişdir, lakin o. həmin vaxt avtoxuliqanlıq hərəkətləri törətməmişdir. Yalnız anasını təcili həkimə çatdırmaq üçün avtomobili yüksək sürətlə idarə etmək məcburiyyətində qalmışdır. Qeyd etdikləri nəzərə alınmaqla iş üzrə qanuni qərar verilməsini xahiş edir. İş üzrə şahid qismində dindirilmiş Şahid1 izahat verərək göstərdi ki, 25 iyul 2022-ci il tarixdə saat 20:00 radələrində işdən çıxıb çayxanaya gedirmiş. Çayxanaya çatdıqda qəsəbə sakini tanıdığı Şəxs idarə etdiyi avtomobili yüksək sürətlə sürürdü. Dəyanət həmin vaxt yolda gedən qəsəbə sakinlərinin və gələn qonaqları həyatı üçün təhlükə yaratmışdır. Bu zaman gələn qonaqlar qəsəbədə belə halların baş verməsinə öz etirazlarını bildirmişlər. Lahıc qəsəbəsinin yolları olduqca dardır və daim sakinlər avtomobil yolu ilə hərəkət edir. Həmin vaxt o və digər sakinlər Dəyanətin idarə etdiyi avtomobili saxlamaq istəsələr də, Dəyanət avtomobili qəflətən sürətləndirərək hərəkətini davam etdirmişdir. Dəyanətin avtomobilində həmin vaxt başqa şəxs olmamışdır. Həmin vaxt avtomobilin təkərlərindən çıxan səslər əhalinin narahatlığına səbəb olmuşdur. İş üzrə şahid qismində dindirilmiş Şahid2 izahat verərək göstərdi ki, 25 iyul 2022-ci il tarixdə saat 20:00 qəflətən halı pisləşmiş və oğlu Dəyanət onu həkimə aparmışdır. Halı çox pis olduğundan həmin vaxt Dəyanət avtomobili yüksək sürətlə idarə etmişdir. İş materiallarına əlavə edilmiş video görüntüdən görünür ki, Şəxs 25 iyul 2022ci il tarixdə saat 20:00 radələrində “Nissan X-Trail” markalı ** GF *** dövlət qeydiyyat nömrəli avtomobili İsmayıllı rayonu Lahıc qəsəbəsində avtomobili dar küçələrdə yüksək sürətlə idarə edərək yol hərəkəti qaydalarını pozmuş, avtomobili yüksək sürətlə idarə edərək bir neçə sakinin həyatı üçün təhlükə yaratmışdır. İş materiallarına əlavə edilmiş 31 oktyabr 2019-cu il tarixli, AD 215205 seriyalı sürücülük vəsiqəsinin surətindən görünür ki, Şəxs minik avtomobilini idarə etmək hüququ vardır. Məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edildi ki, Şəxs 25 iyul 2022-ci il tarixdə saat 20:00 radələrində İsmayıllı rayonu Lahıc qəsəbəsində idarə etdiyi “Nissan X-Trail” markalı ** GF *** dövlət qeydiyyat nömrəli avtomobili dar küçələrdə yüksək sürətlə idarə edərək yol hərəkəti qaydalarını pozmuş, avtomobili yüksək sürətlə idarə edərək bir neçə sakinin həyatı üçün təhlükə yaratmışdır və nəqliyyat vasitəsini qəflətən sürətləndirməklə davamlı olaraq təkərlərin yolun səthi ilə sürtünməsi səslərinin çıxararaq yol hərəkəti qaydalarının müxtəlif üsullarla davamlı olaraq pozulması ilə müşayiət olunan qərəzli hərəkətlər etmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirib, tərəflərin və şahidlərin izahatlarını dinləyərək qərara gəlir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir və o, həmin maddə ilə inzibati məsuliyyətə cəlb edilərək inzibati tənbeh edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən bu məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 511.1.3-cü maddəsinə əsasən mexaniki nəqliyyat vasitəsini qəflətən sürətləndirməklə davamlı olaraq təkərlərin yolun səthi ilə sürtünməsi səslərinin çıxarılmasına və ya yolun səthində çoxsaylı təkər izlərinin buraxılmasına görə nəqliyyat vasitəsini idarə etmək hüququ bir il müddətinə məhdudlaşdırılmaqla beş yüz manatdan yeddi yüz əlli manatadək məbləğdə cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir il müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, on beş gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən onun tərəfindən törədilmiş inzibati xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, təqsirinin dərəcəsini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə hesab edir ki, Şəxs törətdiyi inzibati xətanı etiraf etməməsi onun inzibati məsuliyyətdən yayınması üçün etdiyi özünü müdafiə cəhdidir və işin faktiki halları ilə təkzib olunur. Məhkəmə Şəxs tərəfindən törədilmiş inzibati xətada onun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar aşkar edilməmişdir. Məhkəmə Şəxs tərəfindən törədilmiş inzibati xətanın xarakterini, onun şəxsiyyətini, təqsirinin dərəcəsini nəzərə alaraq barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulan nəqliyyat vasitəsini idarə etmək hüququ 1 (bir) il müddətinə məhdudlaşdırılmaqla 500 (beş yüz) manat məbləğində cərimə cəzası tətbiq etməyi qanuna müvafiq hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 25, 27, 43, 106-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1.3-cü maddəsi ilə təqsirli bilinərək nəqliyyat vasitəsini idarə etmək hüququ 1 (bir) il müddətinə məhdudlaşdırılmaqla 500 (beş yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şəki Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən İlqar Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar