Məhkəmə qərarları › İş №3(037)-332/2025

İsmayıllı Rayon Məhkəməsi Qərar — İş №3(037)-332/2025

22.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR İsmayıllı rayonu İş № 3(037)-332/2025 22.10.2025 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hakim Qoşqarova Nərmin Rabit qızının sədrliyi, Qasımov Sənani Nazir oğlunun katibliyi, İnzibati tənbeh vermə haqqında qərardan şikayət verən X2 vəkili Vəkil, Qərarından şikayət verilən Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 6 X8 və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X1 iştirakı ilə, X2 vəkili Vəkil Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 6 X8 və Təbii Sərvətlər İdarəsinin 12 sentyabr 2025-ci il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından şikayətinə İsmayıllı Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, m ü ə y y ə n e t d i: X2 Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 6 X8 və Təbii Sərvətlər İdarəsinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra Məcəllə) 272-1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilərək 1000 (bir min) manat miqdarında inzibati cərimə edilməsinə dair 12 sentyabr 2025-ci il tarixli MN ******* nömrəli qərardan X2 vəkili Vəkil şikayət verərək həmin qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, 6 X8 və Təbii Sərvətlər İdarəsi tərəfindən aparılan araşdırma zamanı X2 guya Məcəllənin 272-1 -ci maddəsində göstərilən inzibati xətanı törətdiyi müəyyən edilmiş və MN № ******* saylı 12 sentyabr 2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarla 1000 manat məbləğində inzibati cərimə tətbiq edilmişdir. Bildirmək istəyir ki, 6 Saylı RETSİ tərəfindən qəbul edilmiş MN № ******* saylı 12 sentyabr 2025-ci il tarixli İnzibati tənbeh vermə haqqında qərarı əsassız və qanunsuzdur. Belə ki, Vüsal Xələfov tərəfindən Məcəllənin 272-1-ci maddəsində göstərilən inzibati xəta hadisəsi ümumiyyətlə törədilməmişdir. Məcəllənin 272-1-ci maddəsinin dispozisiyasından da görünür ki, həmin maddənin tərkibinin yaranması üçün ov etmək qaydaları kobud şəkildə pozulmalıdır. Yəni şəxs aşağıda göstərilən qadağalardan birini pozmaqla ov etməlidir: lazımi icazə olmadan (lisenziya və s.), qadağan olunmuş yerlərdə (qoruq və yasaqlıq), qadağan olunmuş müddətlərdə (ov mövsümündən kənar), qadağan olunmuş alətlərlə və ya üsullarla (avtomobil, işıqlandırma, elektron cihazlar və s.). 6 X8 və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən isə “şəxsin ov edəcəyi ilə bağlı əsaslı şübhələrimiz var idi” deyə absurd bir iddia üzərinə qanunvericiliyin tələblərini kobud şəkildə pozaraq protokol tərtib edilmiş, daha sonra isə qərar qəbul edilmişdir. X11 ümumiyyətlə ov etməsi ilə bağlı heç bir sübut (video, şəkil, maddi sübut, atəş səsi və s.) yoxdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 27 yanvar tarixli 10 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində ovçuluğun aparılması Qaydaları”nın 2.1-ci bəndinə əsasən, quruda və suda təbii sərbəstlik və yarımsərbəst şəraitində daimi, müvəqqəti və köçəri yaşayan, habelə təsərrüfat subyektləri tərəfindən yetişdirilib ov yerlərinə buraxılan suda-quruda yaşayanların, xəzdərililərin, sürünənlərin, quşların və məməlilərin izlənilməsi, təqib edilməsi, tutulması və vurulması üzrə fəaliyyət növü ov sayılır. Göründüyü kimi hərəkətin ov hesab edilməsi üçün heyvanla (quş və s.) bağlı aşağıdakı hərəkətlərdən birinin olması ov sayılır: izlənilmə, təqib edilmə, tutulma və vurulma. Qeyd edilənlərə əsasən 6 X8 və Təbii Sərvətlər İdarəsi tərəfindən qəbul edilmiş 12 sentyabr 2025-ci il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilərək, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında X2 vəkili Vəkil şikayət ərizəsinə uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, Vüsal Xələfov ov qaydalarını pozmamış və hər hansı ov etməmişdir. Qanunvericiliklə şəxsin ov qaydalarını pozması üçün, lazımi icazə olmadan, qadağan olunmuş yerlərdə, qadağan olunmuş müddətlərdə və qadağan olunmuş alətlərlə və ya üsullarla ov etməsi nəzərdə tutulmuşdur. Lakin qərar qəbul etmiş orqan Vüsal Xələfov tərəfindən qeyd olunan hallardan hər hansı birinin yerinə yetirməsi ilə bağlı sübut təqdim edə bilməmişdir. X14 Milli Parkının əməkdaşı olmuş və xidməti ərazisində vəhşi heyvanlardan qorunmaq üçün özü ilə ov tüfəngi götürmüşdür. Vüsal Xələfovun üzərində ov tüfənginin olması onun həmin vaxt ov etməsi anlamına gəlmir. Göründüyü kimi Vüsal Xələfov ov etmədiyi halda və heç bir sübut olmadan onun ov etməsi əsas gətirilərək cərimə olunmuşdur. Qeyd etdikləri nəzərə alınmaqla qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 6 X8 və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X3 izahat verərək bildirdi ki, İsmayıllı rayonu Burovdal kəndi ərazisində, dağlıq ərazidə reyddə olarkən iki nəfər Vüsal Xələfov və Ağa Ağayev ov etmək məqsədi ilə orada olduqlarını görüb onlara yaxınlaşmışdır. Həmin şəxslər ov etmək üçün orada olduqlarını etiraf etməsələr də, təqdim etdiyi video görüntüdən qeyd olunan fakt öz əksini tapmışdır. Həmçinin video görüntüdən də göründüyü kimi həmin şəxslər cərimə tətbiq olunmasın deyə onlara hörmət etmək istəmişlər. Bundan başqa Şahdal Milli Parkının əməkdaşı Vüsal Xələfovun yanında başqa bir şəxsin olması onların ov etmək məqsədlərinin olmasına əsas verir. Göründüyü kimi Vüsal Xələfov ov qaydalarını pozduğu üçün barəsində protokol tərtib edilmiş və həmin protokol əsasında qərar qəbul edilərək tənbeh olunmuşdur. Qeyd etdikləri nəzərə alınmaqla qəbul edilmiş qərarın qüvvədə saxlanmasını məhkəmədən xahiş etmişdir. X4 izahat verərək bildirdi ki, 3 gün öncə Şahdağ Milli Parkında yeger vəzifəsinə təyin olunmuşdur. Burovdal kəndi və “Babadağ” ziyarətgahı ətrafı ərazi olaraq ona həvalə edilmişdir. Həmin ərazi çox uzaq olduğundan xidmətdə olduğu gün geri qayıtmaqda çətinliklər olur. Bu səbəbdən vəhşi heyvanlardan qorunmaq üçün özü ilə ov tüfəngini götürmüşdür. Həmin ərazidə ziyarətgah olduğundan avtomobilin gəldiyini görmüş və avtomobili idarə edən sonradan adını bildiyi Ağa adlı şəxsdən hara getməsini soruşmuşdur. Ağa ziyarətə gəldiyini bildirmiş və onlar bir yerdə gecələməyi qərara almışlar. Bir qədər sonra ekologiyanın əməkdaşları onlara yaxınlaşmış və heç bir əsas olmadan tüfəngi ondan almışlar. O, heç bir o etməmiş və ov qaydalarını pozmamışdır. Gecənin qaranlıq vaxtı vəhşi heyvanlardan qorunmaq üçün ov tüfəngini özü ilə götürmüşdür. Qeyd etdikləri nəzərə alınmaqla qərarın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: 29 avqust 2025-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, X4 29 avqust 2025-ci il tarixdə İsmayıllı rayonu Burovdal kəndi yaxınlığında “Qazi dərəsi” adlanan ərazidə ov etmək qaydalarını kobud şəkildə pozduğu üçün barəsində Məcəllənin 272-1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 6 X8 və Təbii Sərvətlər İdarəsinin rəis əvəzi X6 tərəfindən qəbul olunmuş 12 sentyabr 2025-ci il tarixli MN ******* nömrəli qərardan görünür ki, X4 ov qaydalarını pozduğu üçün Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 272-1-ci maddəsi ilə təqsirli bilinərək 1000 (bir min) manat məbləğində inzibati cərimə olunmuşdur. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, şikayət təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, 6 X8 və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən araşdırma aparılarkən X5 rayonu Burovdal kəndi yaxınlığında “Qazi dərəsi” adlanan ərazidə ətrafında ov qaydalarını pozması aşkar edilmişdir. Bununla bağlı 29 avqust 2025-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir. Həmin inzibati xəta haqqında protokol əsasında Vüsal Xələfov Məcəllənin 272-1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilmiş və Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 6 X8 və Təbii Sərvətlər İdarəsini tərəfindən qəbul olunmuş 12 sentyabr 2025-ci il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərara əsasən Məcəllənin 272-1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilərək 1000 (bir min) manat miqdarında inzibati cərimə edilmişdir. Məcəllənin 272-1-ci maddəsinə əsasən Bu Məcəllənin 272.3-cü maddəsində nəzərdə tutulan hallar istisna olmaqla, ov etmək qaydalarının kobud şəkildə pozulmasına (lazımi icazə olmadan və ya qadağan olunmuş yerlərdə, yaxud qadağan olunmuş müddətlərdə, qadağan olunmuş alətlərlə və ya üsullarla ov edilməsinə), habelə digər ov etmək qaydalarının müntəzəm pozulmasına görə inzibati xətanın bilavasitə obyekti olmuş predmetlər müsadirə edilməklə və ya edilməməklə min manatdan iki min manatadək məbləğdə cərimə edilir, yaxud altı aydan iki ilədək müddətə ov hüququ məhdudlaşdırılır. “Ovçuluq haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinə əsasən ovçuluq fəaliyyəti bu Qanunda nəzərdə tutulmuş qaydada Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən ovçuluq üçün ayrılmış ov yerlərində həyata keçirilir. Ovçuluq fəaliyyəti ödənişlidir. Bu fəaliyyət ovçuluq bileti və ov etmək üçün verilən icazə əsasında həyata keçirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 27 yanvar tarixli 10 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində ovçuluğun aparılması Qaydaları”nın 2.1-ci bəndinə əsasən, quruda və suda təbii sərbəstlik və yarımsərbəst şəraitində daimi, müvəqqəti və köçəri yaşayan, habelə təsərrüfat subyektləri tərəfindən yetişdirilib ov yerlərinə buraxılan suda-quruda yaşayanların, xəzdərililərin, sürünənlərin, quşların və məməlilərin izlənilməsi, təqib edilməsi, tutulması və vurulması üzrə fəaliyyət növü ov sayılır. X13 vəkili Vəkil hazırki şikayətində və məhkəmə iclasında verdiyi izahatında Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 6 X8 və Təbii Sərvətlər İdarəsinin 12 sentyabr 2025-ci il tarixli MN ******* nömrəli qərardan narazı olduğunu qeyd etmiş, öz narazılığının səbəbini Vüsal Xələfovun həmin vaxt ov qaydalarını pozmamasını, heç bir ov etməməsini, ov ərazisində olmamasını və həmin vaxt onlarda ov heyvanı cəsədinin olmaması ilə əsaslandırmışdır. Göründüyü kimi, Vüsal Xələfov Məcəllənin 272-1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 6 X8 və Təbii Sərvətlər İdarəsi tərəfindən tam, hərtərəfli və obyektiv araşdırma aparılmamışdır. Belə ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 6 X8 və Təbii Sərvətlər İdarəsi ov etmə faktının olub-olmamasını, yəni ov silahından istifadə edilib-edilməməsini, ovlanmış ov obyektinin olub-olmamasını, ərazinin ov üçün qadağan olunmuş ərazi olub-olmamasını və ya araşdırılması zəruri olan digər məsələləri aydınlaşdırmadan əsaslandırılmamış nəticəyə gələrək Vüsal Xələfovun inzibati məsuliyyətə cəlb etmişdir. X9 kəndi ətrafında ov tüfəngi ilə saxlanılması onun ov qaydalarını pozması kimi qiymətləndirilə bilməz. Qərarı qəbul etmiş Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 6 X8 və Təbii Sərvətlər İdarəsi məhkəməyə Vüsal Xələfovun ov qaydalarını pozmasını təsdiq edə biləcək hər hansı mötəbər sübut təqdim etməmişdir. X10 məhkəmədə təqdim etdiyi mobil telefonunda olan video görüntüdən və foto şəkillərdən isə Vüsal Xələfovun hər hansı ov qaydalarını pozması, ümumiyyətlə ov etməsi faktı müəyyən olunmur. Məhkəmə humanizm prinsipindən çıxış edərək qərarı qəbul etmiş orqanın nümayəndəsinə iş üzrə sübutlarının təqdim edilməsi üçün vaxt vermiş və məhkəmə iclası fasilə olunmuşdur. Lakin buna baxmayaraq X10 məhkəməyə heç bir sübut təqdim edə bilməmişdir. Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Məcəllənin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Məcəllənin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Məcəllənin 76.1-ci maddəsinə inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 6 X8 və Təbii Sərvətlər İdarəsi tərəfindən isə 29 avqust 2025-ci il tarixli MN ******* inzibati xəta haqqında protokol və həmin protokol əsasında inzibati tənbeh edilməsi barədə 12 sentyabr 2025-ci il tarixli MN ******* nömrəli qərarın qanuni və əsaslı olması ilə bağlı məhkəməyə hər hansı sübut təqdim edilməmişdir. Məhkəmə tədqiq edilmiş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, X2 əməlində Məcəllənin 272-1-ci maddəsində nəzərdə tutulan inzibati xəta tərkibi yoxdur. Ona görə də, X4 barəsində qəbul edilmiş 12 sentyabr 2025-ci il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərara görə hər hansı inzibati məsuliyyət daşımır. Məcəllənin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Məcəllənin 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Məcəllənin 135.1.5-1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması halında qərarın ləğv edilməsi və ya dəyişdirilməsi haqqında qərar qəbul edilir. Məhkəmə qeyd olunan hüquq normalarının tələblərini rəhbər tutaraq qərara gəlir ki, X2 əməlində inzibati xəta hadisəsi və inzibati xəta tərkibi olması sübuta yetirilmədiyindən onun barəsində qəbul edilmiş Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 6 X8 və Təbii Sərvətlər İdarəsinin 12 sentyabr 2025-ci il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53, 128- 137-ci maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: X2 vəkili Vəkil şikayəti təmin edilsin. X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 272-1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilərək 1000 (min) manat miqdarında inzibati cərimə edilməsinə dair Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 6 X8 və Təbii Sərvətlər İdarəsinin 12 sentyabr 2025-ci il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Nərmin Qoşqarova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar