Azərbaycan Respublikası adından QƏRARDAD İsmayıllı rayonu İş № 3(037)-343/2025 24.10.2025 İSMAYILLI RAYON MƏHKƏMƏSİ İsmayıllı Rayon Məhkəməsinin hakimi Qoşqarova Nərmin Rabit qızı, Şəxs barəsində İsmayıllı rayon İcra və Probasiya Şöbəsindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra Məcəllə) 528.1-ci maddəsi ilə daxil olmuş inzibati xəta haqqında materiala İsmayıllı Rayon Məhkəməsinin inzibati binasında baxaraq məhkəmə, müəyyən etdi: İsmayıllı rayon İcra və Probasiya Şöbəsinin icra məmuru tərəfindən Şəxs barəsində Məcəllənin (bundan sonra Məcəllə) 528.1-ci maddəsi ilə 24 oktyabr 2025-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, hazırki protokol və ona əlavə edilmiş sənədlər onu tərtib etmiş orqana geri qaytarılmalıdır. Belə ki, Məcəllənin 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Şəxs haqqında Məcəllənin 528.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokolda onun borcunu ödəmədiyi qeyd edilsə də, icra məmurunun məhz hansı qanuni tələbini yerinə yetirmədiyi inzibati xəta haqqında protokoldan müəyyən edilmir. Borclu Şəxs icra sənədinin icrası ilə əlaqədar icra məmurunun tələblərini yerinə yetirməməsi (icra məmurunun çağırışlarına gəlməməsi, icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi və sair) ilə bağlı heç bir sənəd iş materialına əlavə edilməmişdir. Bundan əlavə, icraata başlama barədə qərarın surəti Şəxs şəxsən imza olunmaqla verilsə də, həmin qərarın hans tarixdə alması qeyd edilməmişdir. Şəxs icraata başlamaq haqqında qərarın hansı tarixdə alması müəyyən edilmədiyi üçün, onun icra sənədinin icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsi kimi qiymətləndirilə bilməz. Həmçinin, icra məmuru borclunun qeydiyyatda olduğu ünvanda onun əmlak vəziyyətinə 24 oktyabr 2025-ci il tarixdə baxış keçirmiş və bu barədə tələbkara məlumat verilməmiş və onun iştirakı təmin olunmamışdır. Göründüyü kimi icra məmuru icra vərəqəsinin icrası ilə əlaqədar heç bir icra tədbirləri görmədən Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib etmişdir. Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Məcəllənin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Məcəllənin 111.3-cü maddəsinə əsasən inzibati həbs tənbeh növü nəzərdə tutan inzibati xətalar haqqında işlərə inzibati xəta haqqında protokol daxil olduğu gün, inzibati qaydada tutulan şəxslər barəsində isə onların tutulduğu vaxtdan ən geci 48 saat keçənədək baxılır. Qeyd olunan hüquq normalarının məzmunundan göründüyü kimi, hazırki inzibati xəta haqqında materiala təxirə salınmadan, yəni dərhal baxılmalıdır. Lakin məhkəməyə təqdim edilmiş materiallar natamam olmaqla həmin çatışmazlıqları işə baxılarkən qısa müddət ərzində aradan qaldırmaq mümkün deyildir. Belə ki, Məcəlləsinin 109.1.6-cı maddəsinə əsasən protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barəsində qərardad qəbul edilir. Eyni zamanda “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsi baxımından həmin məcəllənin 109-cu maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 03 may 2019-cu il tarixli Qərarına əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsinin tələbləri baxımından həmin məcəllənin 109-cu maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işin baxılmasına hazırlanması zamanı qəbul edilən qərardadlardan apellyasiya şikayəti vermək hüququ istisna edilir. Qeyd olunan normaların təhlilinə əsasən Şəxs barəsində Məcəllənin 528.1-ci maddəsi ilə tərtib edilərək məhkəməyə göndərilmiş inzibati xəta haqqında materiallar natamam olmaqla, işə baxılarkən tamamlamaq mümkün olmadığından inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlərin onu tərtib etmiş orqana qaytarılması barədə qərardad qəbul edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109, 118-ci maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Şəxs barəsində İsmayıllı rayon İcra və Probasiya Şöbəsinin icra məmuru tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib edilmiş və məhkəməyə göndərilmiş 24 oktyabr 2025-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər həmin şöbəyə qaytarılsın. Bu Qərardaddan şikayət verilməsi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmamışdır. Hakim: Nərmin Qoşqarova
Məhkəmə qərarları › İş №3(037)-343/2025
İsmayıllı Rayon Məhkəməsi Qərardad — İş №3(037)-343/2025
24.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver