Azərbaycan Respublikası adından QƏRAR İsmayıllı rayonu İş № 3(037)-346/2020 14.09.2020 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Şirinov Rəfayel Səməd oğlunun sədrliyi Qasımov Sənani Nazir oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs – İsmayıllı rayon Polis Şöbəsinin İctimai Təhlükəsizlik Bölməsinin polis sahə rəisi X1, Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə xx xxxxxx 1975-ci il tarixdə İsmayıllı rayonu 2-ci Cülyan kəndində anadan olmuş, İsmayıllı rayonu Cülyan kəndində yaşayan, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, İİ qrup əlil olmaqla sosial müavinət alan, fərdi identifikasiya nömrəsi xxxxxxx Şəxs barəsində İsmayıllı rayon Polis Şöbəsindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə daxil olan inzibati xəta haqqında materiala xx xxxxxxxx 2020-ci il tarixdə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Şəxs xx xxxx 2020-ci il tarixdə saat 16:00 radələrində İsmayıllı şəhəri mərkəzi bazarında Zərərçəkmiş şəxs ilə aralarında baş vermiş mübahisə zamanı sonuncunun sifət nahiyəsindən yumruqla vuraraq onu qəsdən döyməsi faktı üzrə İsmayıllı rayon Polis Şöbəsinin Təhqiqat Qrupunun təhqiqatçısı Rüstəm Atakişiyevin xx xxxxxx 2020-ci il tarixli qərarı ilə cinayət işinin başlanması rədd edilmiş və qərarın surəti barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati tədbir görülməsindən ötrü şöbənin İctimai Təhlükəsizlik Bölməsinə verilmişdir. İsmayıllı rayon Polis Şöbəsinin sahə rəisi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə xx xxxxxxxx 2020-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək həmin tarixdə baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilmişdir. Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib etmiş İsmayıllı rayon Polis Şöbəsinin İctimai Təhlükəsizlik Bölməsinin polis sahə rəisi X3 izahatında göstərdi ki, Şəxs xx xxxx 2020-ci il tarixdə Zərərçəkmiş şəxs döyməsi faktı üzrə araşdırma aparılmış və onun əməlində cinayət tərkibinin əlamətləri olmadığından barəsində toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Qeyd olunan hadisə nəticəsində zərərçəkmiş şəxsə dərəcəsi təyin edilməyən bədən xəsarəti yetirildiyi üçün Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edərək baxılması üçün İsmayıllı Rayon Məhkəməsinə göndərilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək göstərdi ki, bir neçə ildir ki İsmayıllı şəhəri mərkəzi bazarında meyvətərəvəz satmaqla məşğul olur. xx xxxx 2020-ci il tarixdə bazara gələrək həmişə durduğu yerə yaxınlaşdıqda orada bir nəfər tanımadığı şəxsin meyvə-tərəvəz satdığını görmüşdür. Həmin şəxsə yaxınlaşaraq həmin yerin ona aid olduğunu bildirmişdir. Bir qədər sonra bazar ərazisində olan digər yerinə meyvə-tərəvəzlərini yığmağa başlamışdır. Həmin vaxt bazarın işçisi Rəhim adlı şəxs ona yaxınlaşaraq nə baş verdiyini soruşmuşdur. O, olanları Rəhimə danışdıqda bazarda gözətçi işləyən Asəf onun ünvanına nalayiq ifadələr işlətmiş və aralarında mübahisə yaranmışdır. Mübahisə zamanı Asəflə qarşılıqlı olaraq bir-birilərinin sifət nahiyəsindən yumruqla vurmuşlar. Həmin vaxt orada olan Rəhim və Tərxan adlı şəxslər onları ayırmışlar. Mübahisə zamanı o, xəsarət almamışdır. Ümumiyyətlə bazarın müdriyyəti onu bazar ərazisindən sıxışdırıb çıxarmaq istəyir. Buna səbəb onun yer pulunu deyilən məbləğdə ödəməməsidir. Hazırda Asəf onunla barışmamışdır. Qeyd etdikləri nəzərə alınmaqla ona güzəşt olunmasını məhkəmədən xahiş edir. Zərərçəkmiş şəxs izahat verərək göstərdi ki, 2010-cu ildən İsmayıllı şəhəri mərkəzi bazarında gözətçi işləyir. Həmçinin bazarda alış-veriş edən alverçilərin nizamla mallarının düzülməsinə, yerlərin verilməsinə nəzarət edir. xx xxxx 2020-ci il tarixdə Kürdəmir rayon sakini sonradan adını bildiyi Şahməmməd adlı şəxs ona yaxınlaşaraq bazarda alış-veriş etmək üçün yer istəmişdir. Şahməmmədə yer göstərərək malını həmin yerə qoyub satmasını bildirmişdir. Bir neçə dəqiqə sonra Şahməmməd yanına gələrək bir nəfər şəxsin onun bazardan çıxmasını tələb etdiyini bildirmişdir. Həmin yerə getdikdə Yanvarın orada olduğunu görmüş və Yanvara öz iradını bildirmişdir. Bu zaman Yanvar onun ünvanına nalayiq ifadələr işlətmiş və aralarında mübahisə yaranmışdır. Mübahisə zamanı Yanvar onun sifət nahiyəsindən yumruqla vurmuşdur. Həmin vaxt orada olan Rəhim və Tərxan adlı şəxslər Yanvarı sakitləşdirərək oradan uzaqlaşdırmışlar. Hazırda o, Yanvarı bağışlamamış və onunla barışmamışdır. Qeyd etdikləri nəzərə alınmaqla iş üzrə qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Məhkəmə-Tibbi Ekspertiza və X2 272 №-li xx.xx.2020-ci il tarixli ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində aşkar edilmiş xəsarət, sol qulaq seyvanının sıyrığı küt əşya (alət) təsirindən törənmiş, törənmə müddəti məhkəmə-tibbi müayinəsindən 2-3 gün əvvələ uyğun gəlir, sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir. İsmayıllı rayon Polis Şöbəsinin Təhqiqat Qrupunun təhqiqatçısı polis mayoru Rüstəm Atakişiyevin xx.xx.2020-ci il tarixli qərarından görünür ki, Şəxs əməlində cinayət tərkibi müəyyən edilmədiyi üçün barəsində cinayət işinin başlanması rədd edilmiş, qərarın surəti barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi üzrə inzibati tədbir görülməsinin təmin edilməsi üçün İsmayıllı rayon Polis Şöbəsinin İctimai Təhlükəsizlik Bölməsinə göndərilmişdir. Məhkəmə araşdırması ilə müəyyən edildi ki, Şəxs xx xxxx 2020-ci il tarixdə saat 16:00 radələrində İsmayıllı şəhəri mərkəzi bazarında Zərərçəkmiş şəxs ilə aralarında baş vermiş mübahisə zamanı sonuncunun sifət nahiyəsindən yumruqla vuraraq onu qəsdən döymüşdür. Məhkəmə iş materiallarını nəzərdən keçirib tərəflərin izahatlarını dinləyərək qərara gəlir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir və o, həmin maddə ilə inzibati məsuliyyətə cəlb edilərək inzibati tənbeh edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən bu məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 30.2-ci maddəsinə əsasən hamilə qadınlar və ya himayəsində on dörd yaşınadək uşağı olan qadınlar, on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər, on səkkiz yaşına çatmayan şəxslər, birinci və ya ikinci dərəcə əlilliyi olan şəxslər, sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar, altmış yaşına çatmış qadınlar və altmış beş yaşına çatmış kişilər, habelə bu Məcəllənin 41-ci fəslində nəzərdə tutulmuş inzibati xətalar istisna olmaqla digər inzibati xətalara görə hərbi qulluqçular barəsində inzibati həbs tətbiq edilə bilməz. Həmin Məcəllənin 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən onun tərəfindən törədilmiş inzibati xətanın xarakterini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şəxsiyyətini, təqsirinin dərəcəsini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Şəxs tərəfindən törədilmiş inzibati xətada onun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar aşkar edilməmişdir. Məhkəmə Şəxs tərəfindən törədilmiş inzibati xətanın xarakterini, onun şəxsiyyətini, təqsirinin dərəcəsini, İİ qrup əlil olmasını nəzərə alaraq barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin sanksiyasında nəzərdə tutulan cərimə tətbiq edilməsini, cərimənin 300 (üç yüz) manat miqdarında müəyyən edilməsini məqsədə müvafiq hesab edir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 25, 30, 43, 106-115, 117-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib 300 (üç yüz) manat məbləğində inzibati cərimə olunsun. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Rəfayel Şirinov
Məhkəmə qərarları › İş №3(037)-346/2020
İsmayıllı Rayon Məhkəməsi Qərar — İş №3(037)-346/2020
14.09.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver