Məhkəmə qərarları › İş №3(037)-346/2023

İsmayıllı Rayon Məhkəməsi Qərardad — İş №3(037)-346/2023

08.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD İsmayıllı rayonu İş № 3(037)-346/2023 08.08.2023 İSMAYILLI RAYON MƏHKƏMƏSİ İsmayıllı Rayon Məhkəməsinin sədri Hüseynov İlqar Vidayət oğlu, Şəxs barəsində İsmayıllı rayon Polis Şöbəsindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə daxil olmuş inzibati xəta haqqında materiala baxaraq m ü ə y y ə n e t d i m: Şəxs 20 iyul 2023-cü il tarixdə 02:00 radələrində İsmayıllı rayonu İstisu kəndi ərazisində yerləşən X1 məxsus "Safari" adlı istirahət mərkəzində 3 kq mal və 2 kq qoyun əti oğurlaması faktı üzrə İsmayıllı rayon X4 Qrupunun təhqiqatçısı Qoşqar Aslanlının 30 iyul 2023-cü il tarixli qərarı ilə cinayət işinin başlanması rədd edilmiş və Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilmişdir. Məhkəməyə təqdim edilmiş materialları araşdıraraq hesab edirəm ki, protokol düzgün tərtib edilməmiş, təqdim edilmiş materiallar natamam olmuşdur, işə baxılarkən tamamlanması mümkün deyil. Ona görə də protokol və ona əlavə edilmiş materiallar geri qaytarılmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 95.2-ci maddəsinə əsasən götürülmüş əşyaların qiymətləri dövlət tərəfindən tənzimlənirsə, dövlət tənzimləmə qiymətləri tətbiq edilir. Digər hallarda götürülmüş əşyaların qiyməti bazar qiymətinə əsasən qiymətləndirilir. Göstərilən qaydada qiymətləndirmə mümkün olmadıqda, götürülmüş əşyaların qiyməti ekspertin rəyi əsasında müəyyən edilir. İş materiallarına əlavə edilmiş 30 iyul 2023-cü il tarixli cinayət işi başlanması rədd edilməsi barədə qərar və 08 avqust 2023-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, X3 20 iyul 2023-cü il tarixdə İsmayıllı rayon Polis Şöbəsinə müraciət edərək İsmayıllı rayonu İstisu kəndi ərazisində yerləşən "Safari" adlı istirahət mərkəzindən 3 kq mal və 2 kq qoyun əti oğurlanaraq ümumilikdə ona 82 (səksən iki) manat maddi ziyan vurulmasını bildirmişdir. Araşdırma aparan İsmayıllı rayon X4çısı Qoşqar Aslanlı tərəfindən 3 kq mal və 2 kq qoyun ətinin orta bazar qiyməti müəyyən edilməmiş və Adil Zülfüqarova hansı miqdarda maddi ziyan vurulması araşdırılmamışdır. Adil zülfüqarov polis şöbəsində izahat verərkən oğurlanmış ətin 82 (səksən iki) manat məbləğində olmasını bildirmiş və təhqiqatçı onun verdiyi izahatı əsas götürərək cinayət işi başlanmasının rədd edilməsi barədə qərar qəbul etmişdir. Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə tərtib edilmiş 08 avqust 2023-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokolda qeyd edilmişdir ki, 20 iyul 2023-cü il tarixdə Mikayılov X2 rayon İstisu kəndində X1 məxsus "Safari" adlı istirahət mərkəzindən oğurluq etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 100.1.6 və 100.1.9- cü maddələrinə əsasən inzibati xəta haqqında protokolda olduğu halda, şahidlərin və zərər çəkmiş şəxslərin adı, atasının adı, soyadı və onların yaşadığı yerin ünvanı, inzibati xətanın törədilməsi nəticəsində şəxsin sağlamlığına yüngül zərər vurulmuşdursa və ya maddi zərər yetirilmişdirsə, bu hallar barədə qeydlər göstərilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə inzibati məsuliyyət nəzərdə tutulur. Həmin maddənin tələbindən göründüyü kimi inzibati xəta üzrə zərərçəkmiş şəxs olmalıdır. Lakin tərtib edilmiş inzibati xəta haqqında protokolda inzibati xətanın törədilməsi nəticəsində zərərçəkmiş şəxsə dəymiş maddi zərər barədə qeydlər göstərilməmişdir. Göründüyü kimi təhqiqatçı vurulmuş ziyanın dəyərinin müəyyən edilməsinə dair ekspert rəyi almadan və dəymiş ziyanın məbləğini müəyyən etmədən cinayət işi başlanmasının rədd edilməsi barədə qərar qəbul etmişdir. Həmçinin polis sahə rəisi də inzibati xəta haqında protokol tərtib edərkən vurulmuş ziyanın məbləğini araşdırmamış və ziyanın məbləği barədə müvafiq sənədi iş materiallarına əlavə etməmişdir. Dəymiş zərər barədə mütəxəssis rəyi təqdim edilmədən isə törədilmiş əməlin inzibati xəta tərkibi və ya cinayət tərkibi yaratmasını müəyyən etmək mümkün deyil. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177-ci maddəsinin qeyd hissəsinə əsasən bu Məcəllənin 177.1, 178.1 və 179.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə beş yüz manatdan yuxarı, lakin beş min manatdan artıq olmayan məbləğdə ziyan vurulduğu hallarda yaranır. Bu Məcəllənin 177.2.1-177.2.3-2, 177.2.5 və 177.3.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə yüz manatdan yuxarı məbləğdə ziyan vurulduğu hallarda yaranır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinin qeyd hissəsinə əsasən bu Məcəllənin 227-ci maddəsi həmin maddədə göstərilən əməllər Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müvafiq maddələrinə əsasən cinayət məsuliyyətinə səbəb olmadıqda tətbiq edilir. Həmin Məcəllənin 109.1.6-cı maddəsinə əsasən protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib olunduqda, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barəsində qərardad qəbul edilir. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsi baxımından həmin məcəllənin 109-cu maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 03 may 2019-cu il tarixli Qərarına əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsinin tələbləri baxımından həmin məcəllənin 109-cu maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işin baxılmasına hazırlanması zamanı qəbul edilən qərardadlardan apellyasiya şikayəti vermək hüququ istisna edilir. Qeyd olunan əsaslara görə məhkəmə hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə tərtib edilərək məhkəməyə göndərilmiş inzibati xəta haqqında material vurulmuş ziyanın məbləği müəyyən edilmədən tərtib olunduğundan, məhkəməyə təqdim edilmiş materiallar natamam olmaqla işə baxılarkən tamamlamaq mümkün olmadığından inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlərin onu tərtib etmiş orqana qaytarılması barədə qərardad qəbul edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109, 118-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara a l d ı m: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə tərtib edilmiş və məhkəməyə göndərilmiş inzibati xəta haqqında material İsmayıllı rayon Polis Şöbəsinə qaytarılsın. Qərdaddan şikayət verilə bilməz Sədrlik edən: İlqar Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar