Məhkəmə qərarları › İş №3(037)-353/2025

İsmayıllı Rayon Məhkəməsi Qərar — İş №3(037)-353/2025

18.11.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR İsmayıllı rayonu İş № 3(037)-353/2025 18.11.2025 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hakim Qoşqarova Nərmin Rabit qızının sədirliyi, Qasımov Sənani Nazir oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və X2 Xidmətinin 3 saylı X4 Bölməsinin nümayəndəsi X1 iştirakı ilə, xx.xx.1988-ci il tarixdə İsmayıllı rayonunda anadan olmuş, anadan olmuş, İsmayıllı rayonu Kürdmaşı kəndində yaşayan, Azərbaycan Respublikasının vətəndaşı, fərdi identifikasiya nömrəsi xxxxxxx Şəxs barəsində Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və X2 Xidmətinin 3 saylı X4 Bölməsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra Məcəllə) 262.1.2-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola məhkəmə iclasında baxaraq, müəyyənetdi: İsmayıllı Rayon Məhkəməsinə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və X2 Xidmətinin 3 saylı X4 Bölməsi tərəfindən Məcəllənin 262.1.2-ci maddəsi ilə tərtib edilmiş xx.xx.2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol daxil olmuşdur. İnzibati xəta haqqında protokol onunla əsaslandırılmışdır ki, İsmayıllı rayonu Cülyan kəndi ərazisində yerləşən, “Narnia” ailəvi istirahət mərkəzində Şəxs su obyektini özbaşına tutaraq və sudan özbaşına istifadə edərək, Məcəllənin 262.1.2-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və X2 Xidmətinin 3 saylı X4 Bölməsinin nümayəndəsi X3 izahat verərək göstərdi ki, 30 oktyabr 2025-ci il tarixdə İsmayıllı rayonu Cülyan kəndi ərazisində yerləşən, “Narnia” ailəvi istirahət mərkəzində Şəxs iştirakı ilə su obyektinin özbaşına tutularaq, sudan özbaşına istifadə edilməsi faktı aşkar edilmişdir. Şəxs vergi ödəyicisi olub-olmaması barədə və sudan istifadə edilməsinə dair hər-hansı sənədinin olması ondan tələb olunduqda, o, heç bir sənəd təqdim edə bilməmişdir. Bununla da, Azərbaycan Respublikası Su Məcəlləsinin 40 və 103-cü maddələrinin tələbləri pozulmuşdur. Bundan sonra Şəxs barəsində Məcəllənin 262.1.2-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün məhkəməyə göndərilmişdir. İş üzrə qanuni qərar qəbul edilməsini xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada rəsmi məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını qərara almışdır. Məhkəmə araşdırması zamanı iş materiallarına əlavə edilmiş 30 oktyabr 2025-ci il tarixli aktdan müəyyən edildi ki, Şəxs tərəfindən İsmayıllı rayonu Cülyan kəndi ərazisində yerləşən, “Narnia” ailəvi istirahət mərkəzində su obyektinin özbaşına tutaraq və sudan özbaşına istifadə etməsi faktı aşkar edilmiş və bununla bağlı akt tərtib edilmişdir. Bundan sonra Şəxs barəsində Məcəllənin 262.1.2-cü maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə hesab edir ki, Şəxs inzibati xəta törətməsi iş materialları tam sübuta yetirilmişdir. Həmçinin iş materiallarında olan Şəxs izahatından da göründüyü kimi, onun tərəfindən su obyektinin özbaşına tutulması və sudan özbaşına istifadə edilməsi faktını etiraf etmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 262.1.2-ci maddəsinə əsasən su obyektlərinin özbaşına tutulmasına görə fiziki şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə, inzibati xəta haqqında protokola inzibati xəta haqqında iş üzrə icraatda baxaraq mühüm əhəmiyyətə malik olan bütün halları araşdırıb, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, iş üzrə icraat materiallarını, fotoşəkilləri və digər sənədləri sübut növləri kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs tərəfindən su obyektinin özbaşına tutulması faktı müəyyən edilmiş və bununla da, o, Məcəllənin 262.1.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs tərəfindən törədilmiş inzibati xətada onun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar aşkar edilməmişdir. Məhkəmə Şəxs tərəfindən törədilmiş inzibati xətanın xarakterini, şəxsiyyətini, təqsirinin dərəcəsini nəzərə alaraq barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 262.1.2-ci maddəsində nəzərdə tutulan inzibati cərimə tətbiq etməyi, cərimənin 500 (beş yüz) manat miqdarında müəyyən edilməsini məqsədə müvafiq hesab edir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40,43, 48–50, 53, 106, 112, 114, 117 və 128–130–cu maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 262.1.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 500 (beş yüz) manat miqdarında inzibati cərimə edilsin. Qərar rəsmi qaydada veridliyi vaxtdan 10 (on) gün müddətində İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Nərmin Qoşqarova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar