Məhkəmə qərarları › İş №3(037)-355/2020

İsmayıllı Rayon Məhkəməsi Qərar — İş №3(037)-355/2020

21.09.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR İsmayıllı rayonu İş № 3(037)-355/2020 21.09.2020 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Şirinov Rəfayel Səməd oğlunun sədrliyi, Qasımov Sənani Nazir oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə xx xxxx 1981-ci il tarixdə İsmayıllı rayonu Talıstan kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, İİ qrup əlil olmaqla sosial müavinət alan, İsmayıllı rayonu Talıstan kəndində yaşayan, fərdi identifikasiya nömrəsi xxxxxxx Şəxs barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Dövlət X2 Yol-Patrul Xidməti Alayının 4-cü Taqımından Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334.3-cü maddəsi ilə daxil olmuş inzibati xəta haqqında materiala xx xxxxxxxx 2020-ci il tarixdə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Şəxs xx xxxxxxxx 2020-ci il tarixdə saat 22:00 radələrində “VAZ 2106” markalı ** BH *** dövlət qeydiyyat nömrəli minik avtomobilini nəqliyyat vasitəsini idarə etmə hüququ olmadan və sərxoş vəziyyətdə idarə etməsi, Qaraməryəm-İsmayıllı-Şəki yolunun 29-cu km-də idarə etdiyi avtomobillə Zərərçəkmiş şəxs idarə etdiyi “Hyundai Sonata” markalı ** SD *** dövlət qeydiyyat nömrəli minik avtomobili ilə toqquşması, nəticədə Zərərçəkmiş şəxs idarə etdiyi avtomobilə maddi zərər vurulması faktı üzrə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334.3-cü maddəsi ilə xx xxxxxxxx 2020-ci il tarixli İXP ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs məhkəmə iclasında izahat verərək göstərdi ki, İsmayıllı rayonu Talıstan kəndində yaşayır. xx xxxxxxxx 2020-ci il tarixdə, saat təxminən 22:00 radələrində idarə etdiyi “VAZ 2106” markalı ** BH *** dövlət qeydiyyat nömrəli minik avtomobili ilə Qəbələ rayonu istiqamətindən İsmayıllı rayonuna gələrkən qəflətən yola piyada çıxmış və o, avtomobili sağa istiqamətləndirmişdir. Bu zaman eyni istiqamətdə yolun kənarında dayanmış avtomobili görməmiş və idarə etdiyi avtomobil həmin avtomobilin arxa sol yan hissəsi ilə toqquşmuşdur. Hadisə nəticəsində xəsarət alan olmasa da, hər iki avtomobilə maddi ziyan dəymişdir. “xxxxxxxxxx” ASC-nin İsmayıllı filialı tərəfindən “Hyundai Sonata” markalı ** SD *** dövlət qeydiyyat nömrəli minik avtomobilinə dəymiş ziyan çox göstərilmişdir və o həmin məbləğlə razı deyil. O, İİ qrup əlil olmaqla sosial müavinət alır. Avtomobili nəqliyyat vasitəsini idarə etmə hüququ olmadan və sərxoş vəziyyətdə idarə etdiyinə görə səmimi peşmançılıq hissləri keçirir və gələcəkdə bir daha belə hərəkətlərə yol verməyəcəkdir. Qeyd etdikləri nəzərə alınmaqla ona qanun çərçivəsində güzəşt edilməsini məhkəmədən xahiş edir. İşin baxılması vaxtı və yeri barədə zərərçəkmiş Zərərçəkmiş şəxs lazımı qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəməyə gəlməmiş, məhkəməyə ərizə ilə ilə müraciət edərək, üzrlü səbəbdən məhkəmə iclasına gələ bilməyəcəyini, ona dəymiş maddi ziyanı tələb etdiyini və işə onun iştirakı olmadan baxılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə AR İXM-nin 62.4-cü maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. xx xxxxxxxx 2020-ci il tarixli, 396 saylı spirtli içki qəbul edən şəxslərin sərxoşluq dərəcəsinin tibbi müayinə aktından müəyyən edilir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs xx xxxxxxxx 2020-ci il tarixdə saat 22:45-də tibbi müayinədən keçirilərkən onun orta dərəcəli alkoqol sərxoşluğu vəziyyətində olduğu müəyyən edilmişdir. “xxxxxxxxxx” ASC-nin İsmayıllı filialının xx xxxxxxxx 2020-ci il tarixli arayışında “Hyundai Sonata” markalı ** SD *** dövlət qeydiyyat nişanlı avtomobilə ümumilikdə 1300-1400 manat miqdarında maddi zərər dəydiyi qeyd edilmişdir. Azərbaycan Respublikasının Əmək və X1 Nazirliyinin tabeliyində Dövlət X3 publik hüquqi şəxsin İsmayıllı rayon filialının arayışından görünür ki, Şəxs İİ qrup ümumi səbəbdən müddətsiz əlil olmaqla 233 (iki yüz otuz üç) manat 20 qəpik məbləğində sosial müavinət alır. Məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edildi ki, Şəxs xx xxxxxxxx 2020-ci il tarixdə saat 22:00 radələrində “VAZ 2106” markalı ** BH *** dövlət qeydiyyat nömrəli minik avtomobilini nəqliyyat vasitəsini idarə etmə hüququ olmadan və sərxoş vəziyyətdə idarə edərkən, yolun sağ çiynində dayanmış Zərərçəkmiş şəxs məxsus “Hyundai Sonata” markalı ** SD *** dövlət qeydiyyat nömrəli minik avtomobillə toqquşmuşdur. Hadisə nəticəsində Zərərçəkmiş şəxs məxsus “Hyundai Sonata” markalı ** SD *** dövlət qeydiyyat nömrəli avtomobilə maddi ziyan dəymişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirib barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatını dinləyərək qərara gəlir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir və o, həmin maddə ilə inzibati məsuliyyətə cəlb edilərək inzibati tənbeh edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən bu məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən onun tərəfindən törədilmiş inzibati xətanın xarakterini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şəxsiyyətini, təqsirinin dərəcəsini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Şəxs əməlindən səmimi peşmançılığını məsuliyyəti yüngülləşdirən hallar kimi nəzərə alır. Şəxs tərəfindən törədilmiş inzibati xətada onun məsuliyyətini ağırlaşdıran hallar aşkar edilməmişdir. Məhkəmə Şəxs tərəfindən törədilmiş inzibati xətanın xarakterini, onun şəxsiyyətini, təqsirinin dərəcəsini, İİ qrup əlil olmasını, habelə məsuliyyəti yüngülləşdirən halları nəzərə alaraq barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334.3cü maddəsində nəzərdə tutulan 800 (səkkiz yüz) manat miqdarında inzibati cərimə tətbiq etməyi məqsədə müvafiq hesab edir. Həmçinin, inzibati xəta nəticəsində vurulmuş əmlak zərərinin əvəzinin ödənilməsi barədə mübahisə olduğunu nəzərə alaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 36-cı maddəsinə əsasən məhkəmə Zərərçəkmiş şəxs vurulmuş əmlak zərərinin əvəzinin ödənilməsi ilə əlaqədar məsələnin baxılmamış saxlanılmasını məqsədə müvafiq hesab edir. Eyni zamanda zərərçəkmiş şəxsə izah edilir ki, zərərinin əvəzinin ödənilməsi haqda qanunvericiliyə uyğun olaraq məhkəməyə müraciət edə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 25, 43, 106-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334.3-cü maddəsi ilə təqsirli bilinib 800 (səkkiz yüz) manat miqdarında inzibati cərimə edilsin. Zərərçəkmiş şəxs vurulmuş əmlak zərərinin əvəzinin ödənilməsi ilə əlaqədar məsələ baxılmamış saxlanılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Rəfayel Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar