Məhkəmə qərarları › İş №3(037)-364/2021

İsmayıllı Rayon Məhkəməsi Qərar — İş №3(037)-364/2021

18.11.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR İsmayıllı rayonu İş № 3(037)-364/2021 18.11.2021 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Şirinov Rəfayel Səməd oğlunun sədrliyi, Qasımov Sənani Nazir oğlunun katibliyi, İnzibati tənbeh vermə haqqında qərardan şikayət verən şəxs X3, Qərarından şikayət verilən İsmayıllı rayon X6 X7 inspektoru polis serjantı X1 iştirakı ilə X3 İsmayıllı rayon X6 X7 27.10.2021-ci il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayətə İsmayıllı Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən e t d i: X5 məhkəməyə müraciət edərək İsmayıllı rayon X6 X7 inspektoru polis serjantı X2 tərəfindən qəbul olunmuş 27.10.2021-ci il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və işin icraatına xitam verilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İnzibati tənbeh vermə haqqında qərardan şikayət verən Turab Nağıyev məhkəmə iclasında şikayətin məzmununa uyğun izahat verərək göstərdi ki, 27 oktyabr 2021-ci il tarixdə saat 19:25 radələrində İsmayıllı rayonu İvanovka kəndində idarə etdiyi “VAZ-2107” markalı ** BD *** dövlət qeydiyyat nişanlı avtomobili yolun kənarında saxlayaraq ərzaq mağazasına düşmüşdür. Mağazadan çıxdıqdan sonra avtomobilə əyləşərək xəbərdaredici işığı yandıraraq yolun boş olduğunu görüb hərəkətini davam etdirmək istəmişdir. Bu zaman hərəkət zolağına daxil olmamış yolun qaranlıq hissəsində heç bir sayrışan işıq yandırmadan xidmət aparan yol patrul xidməti əməkdaşı ona saxla işarəsi vermişdir. Avtomobili yolun kənarında saxlamış və özünü İsmayıl Məmmədov kimi təqdim edən polis əməkdaşı ona manevr qaydalarını pozduğunu bildirmişdir. O, bununla razı olmasa da, polis əməkdaşı İsmayıl Məmmədov onunla kobud şəkildə danışaraq barəsində inzibati xəta haqqında protokol tərtib etmişdir. Protokolla razı olmasa da, həmin gün bir neçə dəqiqə sonra onun mobil telefonuna sms bildiriş gəlmiş və 40 (qırx) manat məbləğində cərimə olunması barədə qərar qəbul olunduğu qeyd olunmuşdur. O, barəsində tərtib olunmuş protokolu və həmin protokol əsasında qəbul edilmiş qərarı qanunsuz və əsassız hesab edir. Yol patrul xidməti inspektoru həmin vaxt özü qanunazidd xidmət aparmışdır. Belə ki, yol patrul xidməti əməkdaşı sutkanın qaranlıq vaxtı sürücünün görə biləcəyi yerdə xidmət aparmaq əvəzinə, sayrışan işıqları yandırmadan və gecə vaxtı ekipaj üzvlərinin ən azı iki nəfər oldğu halda yalnız özü xidmət aparmışdır. Həmçinin nəqliyyat vasitəsinin dayandırılmasını minimal müddətdə apardığı halda ərazidə internetin olmamasını bəhanə gətirərək onu və avtomobildə olan azyaşlı övladını xeyli vaxt əsassız olaraq gözlətmişdir. Ən əsas qanun pozuntusu isə barəsində tərtib olunmuş inzibati xəta haqqında protokoldan narazı olmuş və protokola imza etməkdən imtina etmişdir. Buna baxmayaraq yol patrul xidməti inspektoru qərar vermək səlahiyyəti olmadığı halda protokol tərtib olunduqdan bir neçə dəqiqə sonra barəsində qərar qəbul edilərək 40 (qırx) manat məbləğində cərimə etmişdir. Ona görə də İsmayıllı rayon X6 X7 27.10.2021-ci il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Qərarından şikayət verilən İsmayıllı rayon X6 X7 inspektoru polis serjantı X2 izahat verərək göstərdi ki, 27 oktyabr 2021-ci il tarixdə İsmayıllı rayonu İvanovka kəndi yolunda xidmətdə olarkən “VAZ-2107” markalı ** BD *** qeydiyyat nişanlı avtomobilin sürücüsü yolun kənarından baş yola çıxarkən arxadan eyni istiqamətdə gələn onun idarə etdiyi xidməti avtomobili gözləmədən yola çıxmışdır. Həmin avtomobilə saxla işarəsi vermiş, sürücü avtomobili saxladıqdan sonra ona yaxınlaşaraq özünü təqdim etmiş və törətdiyi xətanı ona izah etmişdir. Həmin ərazidə internet zəif olduğu üçün sürücü sonradan şəxsiyyəti məlum olan Turab Nağıyevdən sürücülük vəsiqəsini tələb etsə də. Turab Nağıyev sürücülük vəsiqəsinin üzərində olmadığını bildirmişdir. İnternet zəif olduğundan sürücünün məlumatlarını çıxarmaq bir qədər vaxt aparmışdır. Bir qədər sonra sürücü barədə məlumatlar əldə edildikdən sonra onun barəsində barəsində AR İXM-nin 327.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib etmişdir. Turab Nağıyev protokola imza etməmiş və protokoldan narazı olduğunu bildirmişdir. Bundan sonra o, şöbəyə gələrək video görüntüyə baxmış və tərtib etmiş protokol əsasında qərar qəbul edərək Turab Nağıyevi 40 (qırx) manat məbləğində cərimə etmişdir. Qeyd etdikləri nəzərə alınmaqla iş üzrə qanuni qərar qəbul edilməsini xahiş edir. Məhkəmə proses iştirakçılarını dinləyib, şikayət ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin olunmalıdır. İş materiallarında olan İsmayıllı rayon X6 X7 inspektoru polis serjantı X2 tərəfindən tərtib olunmuş 27.10.2021-ci il tarixli İXP ******* saylı inzibati xta haqqında protokolun surətindən görünür ki, X5 Azərbaycan Respublikası inzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərədə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinmişdir. İş materiallarında olan İsmayıllı rayon X6 X7 inspektoru polis serjantı X2 tərəfindən qəbul edilmiş 27.10.2021-ci il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, X5 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinə əsasən 40 manat məbləğində cərimə edilmişdir. İş materiallarında olan video görüntüyə baxış keçirilərkən müəyyən olunmuşdur ki, X5 27 oktyabr 2021-ci il tarixdə saat 19:25 radələrində İsmayıllı rayonu İvanovka kəndində idarə etdiyi “VAZ-2107” markalı ** BD *** dövlət qeydiyyat nişanlı avtomobili əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etmə qaydalarını pozmuşdur. Bundan başqa Turab Nağıyevin yazdığı ərizəsində və məhkəmə iclasında verdiyi izahatında yol patrul xidməti inspektoru İsmayıl Məmmədovun qanunsuz əməllərinin olması və onunla kobud şəkildə rəftar etməsi hallarının olması da video görüntüyə baxış zamanı öz təsdiqini tapmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, X5 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Turab Nağıyev qeyd olunan inzibati xətanı törətsə də, qərar qanunvericiliyin tələblərinə uyğun qəbul edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 124.2-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxmaq hüququ səlahiyyətli orqana (vəzifəli şəxsə) aid edilmiş yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətalar səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə aşkar edildikdə və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşdıqda, inzibati tənbeh tətbiq etmə haqqında qərar çıxarılır. Həmin Məcəllənin 124.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşmadıqda, səlahiyyətli vəzifəli şəxs inzibati xəta haqqında protokol tərtib edir. Həmin Məcəllənin 124.4-cü maddəsinə əsasən inzibati tənbeh tətbiq etmə haqqında qərar və ya inzibati xəta haqqında protokol operativ nəqliyyat vasitəsində quraşdırılmış bort-kompüter vasitəsilə tərtib olunaraq dərhal, yaxud belə kompüter olmadıqda həmin günün sonunadək müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində yerləşdirilir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə bu Məcəllənin 125.2.1-ci maddəsində nəzərdə tutulmuş qaydada bu barədə məlumat verilir. İnzibati tənbeh tətbiq etmə haqqında qərarın və ya inzibati xəta haqqında protokolun kağız daşıyıcıda surəti səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən yerindəcə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə, həmçinin belə müraciəti olduqda inzibati xəta haqqında iş üzrə zərər çəkmiş şəxsə verilir. Bu Məcəllənin 124.3-cü maddəsində nəzərdə tutulmuş hallarda inzibati xəta haqqında protokol baxılması üçün yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilir. Yuxarı səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən həmin iş üzrə qəbul edilən qərar qəbul edildiyi gün müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində yerləşdirilir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə həmin qərar barədə bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumat verilir. İş materiallarından da göründüyü kimi barəsində inzibati iş üzrə icraat aparılan şəxs Turab Nağıyev ona istinad edilən inzibati xəta hadisəsi ilə yerində razılaşmamışdır. Belə olan halda yol patrul xidməti inspektoru polis serjantı X2 protokolu səlahiyyətli şəxsə göndərməli olduğu təqdirdə, həmin protokola baxaraq qərar qəbul etmək səlahiyyəti olmadan 27 oktyabr 2021-ci il tarixli, TP ******* saylı inzibati xəta haqqında iş üzrə qərar qəbul etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinin tələbinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Həmin Məcəllənin 134.1.5-ci maddəsinə əsasən şikayətə və ya protestə baxılarkən inzibati xəta haqqında iş üzrə qərarı buna səlahiyyəti çatmayan hakimin, orqanın (vəzifəli şəxsin) qəbul etdiyi müəyyən olunduqda, qərarın ləğv edilməsi və işin aidiyyəti üzrə baxılmaq üçün göndərilməsi haqqında qərar qəbul edir. Məhkəmə hesab edir ki, şikayət qismən təmin edilməli, İsmayıllı rayon X6 X7 inspektoru polis serjantı X2 tərəfindən qəbul edilmiş 27.10.2021-ci il tarixli TP ******* saylı inzibati xəta haqqında iş üzrə qərar ləğv edilməli. X5 barəsində olan inzibati xəta haqqında iş yenidən baxılması üçün İsmayıllı rayon X6 X9 göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 133-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: X3 şikayəti qismən təmin olunsun. İsmayıllı rayon X6 X7 inspektoru polis serjantı X2 tərəfindən qəbul edilmiş 27.10.2021-ci il tarixli TP ******* saylı inzibati xəta haqqında iş üzrə qərar ləğv edilsin. X5 barəsində olan inzibati xəta haqqında iş yenidən baxılması üçün İsmayıllı rayon X6 X9 göndərilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi andan 10 (on) gün müddətində İsmayıllı Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Rəfayel Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar