Məhkəmə qərarları › İş №3(037)-366/2025

İsmayıllı Rayon Məhkəməsi Qərar — İş №3(037)-366/2025

05.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR İsmayıllı rayonu İş № 3(037)-366/2025 05.12.2025 İSMAYILLI RAYON MƏHKƏMƏSİ İsmayıllı Rayon Məhkəməsinin hakimi Qoşqarova Nərmin Rabit qızının sədrliyi, Qasımov Sənani Nazir oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, xx xxx 2000-ci il tarixdə İsmayıllı rayonu Köhnədaxar kəndində anadan olmuş, İsmayıllı rayonu Gəndov kəndində yaşayan, evli, orta təhsilli, İİ Qarabağ müharibəsi veteranı, Azərbaycan Respublikası vətəndaşı, fərdi identifikasiya nömrəsi xxxxxxx Şəxs barəsində İsmayıllı rayon Polis Şöbəsindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra Məcəllə) 590.2-ci maddəsi ilə daxil olmuş inzibati xəta haqqında materiala 05 dekabr 2025-ci il tarixdə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyənetdi: Şəxs Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanından xüsusi icazə almadan əldə edib özündə saxladığı 1 (bir) ədəd “Toz-63” markalı, qoşa lüləli, 16 kalibrli, lülə nömrəsi 80730, qundan nömrəsi 66840 olan, yivsiz lüləli ov tüfəngini 21 oktyabr 2025-ci il tarixdə İsmayıllı rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən ondan aşkar olunması faktı üzrə barəsində inzibati qaydada protokol tərtib edilərək baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokolu tərtib etmiş İsmayıllı rayon Polis Şöbəsinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada rəsmi məlumat verilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Məcəllənin 112.1.4-cü maddəsinə əsasən işə nümayəndənin iştirakı olmadan baxılmasını qərara almışdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs məhkəmə iclasında izahat verərək bildirdi ki, həmin ov tüfəngi babasından qalmışdır. Brovdal kəndi ərazisində ov etmək istəyərkən polis əməkdaşları onlara yaxınlaşmış və tüfəngin sənədləri olmadığı üçün ondan təhvil alınmışdır. Bundan sonra polis şöbəsinə dəvət olunmuş və sonradan barəsində inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Həmin gün ov etməmiş və tüfəngdən istifadə etməmişdir. İİ Qarabağ müharibəsi iştirakçısıdır və əməlindən peşmandır. Ona qanunda nəzərdə tutulmuş daha yüngül tənbeh verilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: İsmayıllı rayon X1 Təhlükəsizlik Bölməsinin polis sahə rəisi tərəfindən tərtib olunmuş 21 oktyabr 2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs müvafiq icra hakimiyyəti orqanından xüsusi icazə almadan 1 (bir) ədəd “Toz-63” markalı, qoşa lüləli, 16 kalibrli, lülə nömrəsi 80730, qundan nömrəsi 66840 olan, yivsiz lüləli ov tüfəngini özündə saxlamışdır. 21 oktyabr 2025-ci il tarixli raportdan görünür ki, İsmayıllı rayonu Gəndov kəndində yaşayan Şəxs götürülmüş 1 (bir) ədəd “Toz-63” markalı, qoşa lüləli, 16 kalibrli, lülə nömrəsi 80730, qundan nömrəsi 66840 olan, yivsiz lüləli ov tüfəngi İsmayıllı rayon Polis Şöbəsinin saxlanc anbarına təhvil verilmişdir. Məhkəmə araşdırması ilə müəyyən edildi ki, Şəxs 1 (bir) ədəd “Toz-63” markalı, qoşa lüləli, 16 kalibrli, lülə nömrəsi 80730, qundan nömrəsi 66840 olan, yivsiz lüləli ov tüfəngini qanunsuz olaraq Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanından xüsusi icazə almadan əldə etmiş və saxlamışdır. Məhkəmə iş materiallarını nəzərdən keçirərək belə nəticəyə gəlir ki, Şəxs Məcəllənin 590.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir və o, həmin maddə ilə inzibati məsuliyyətə cəlb edilərək inzibati tənbeh edilməlidir. Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Məcəllənin 12-ci maddəsinə əsasən bu məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məcəllənin 590.2-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanından xüsusi icazə almamış şəxslər tərəfindən mülki silahın və ya onun üçün döyüş sursatının əldə edilməsi, saxlanılması, daşınması, başqa şəxslərə verilməsi və ya satılmasına görə silah və döyüş sursatı müsadirə edilməklə səksən manatdan yüz manatadək məbləğdə cərimə edilir. Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Şəxs əməlindən səmimi peşmançılığını məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır. Şəxs tərəfindən törədilmiş inzibati xətada onun məsuliyyətini ağırlaşdıran hal aşkar edilməmişdir. Məhkəmə Şəxs tərəfindən törədilmiş inzibati xətanın xarakterini, şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən halı, təqsirinin dərəcəsini nəzərə alaraq barəsində Məcəllənin 590.2-ci maddəsində nəzərdə tutulan inzibati cərimə tətbiq etməyi, cərimənin 80 (səksən) manat miqdarında müəyyən edilməsini məqsədə müvafiq hesab edir. İsmayıllı Rayon Polis şöbəsinin saxlanc anbarında saxlanılan 1 (bir) ədəd “Toz-63” markalı, qoşa lüləli, 16 kalibrli, lülə nömrəsi 80730, qundan nömrəsi 66840 olan, yivsiz lüləli ov tüfəngi müsadirə edilməli və qərar qanuni qüvvəsini aldıqdan sonra Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin silah-sursat anbarına təhvil verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 25, 43, 106-115, 117-ci maddələrini rəhbər tutaraq məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsi ilə təqsirli bilinərək 80 (səksən) manat miqdarında inzibati cərimə edilsin. İsmayıllı Rayon Polis şöbəsinin saxlanc anbarında saxlanılan 1 (bir) ədəd “Toz-63” markalı, qoşa lüləli, 16 kalibrli, lülə nömrəsi 80730, qundan nömrəsi 66840 olan, yivsiz lüləli ov tüfəngi müsadirə edilsin və qərar qanuni qüvvəsini aldıqdan sonra Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin silah-sursat anbarına təhvil verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində qərarı qəbul etmiş İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Nərmin Qoşqarova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar