Məhkəmə qərarları › İş №3(037)-374/2024

İsmayıllı Rayon Məhkəməsi Qərar — İş №3(037)-374/2024

06.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR İsmayıllı rayonu İş № 3(037)-374/2024 06.11.2024 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hüseynov İlqar Vidayət oğlunun sədrliyi X5 katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakı ilə, xx xxxx 1989-cu il tarixdə İsmayıllı rayonunda anadan olmuş, İsmayıllı şəhəri, M.İbrahimov küçəsi, ev 23-də yaşayan, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, fərdi identifikasiya nömrəsi xxxxxxx Şəxs barəsində İsmayıllı rayon İcra və Probasiya Şöbəsindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə daxil olmuş inzibati xəta haqqında materiala 06 noyabr 2024-cü il tarixdə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: Şəxs Abşeron Rayon Məhkəməsinin 2(012)- 3974/2023 saylı xx.xx.2023-cü il tarixli və İsmayıllı Rayon Məhkəməsinin e-2(037)-101/2024 saylı, 30 aprel 2024-cü il tarixli icra vərələrinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Belə ki, Abşeron Rayon Məhkəməsinin 13 sentyabr 2023-cü il tarixli 2(012)- 3974/2023 saylı qətnaməsi üzrə verilmiş 02 oktyabr 2023-cü il tarixli icra vərəqəsinə əsasən 20 iyul 2023-cü il tarixdən başlayaraq 07 fevral 2019-cu il təvəllüdlü X6 və 08 dekabr 202-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər uşağa 220 (iki yüz iyirmi) manat olmaqla cəmi 440 (dörd yüz qırx) manat məbləğində aliment tutularaq Zərərçəkmiş şəxs ödənilməsi və İsmayıllı Rayon Məhkəməsinin e- 2(037)-101/2024 saylı,29 aprel 2024-cü il tarixli icra vərəqəsi üzrə verilmiş 30 aprel 2024-cü il tarixli icra vərəqəsinə əsasən 09 aprel 2024-cü il tarixdən başlayaraq 30 aprel 2015-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 180 (yüz səksən) manat məbləğində aliment tutularaq Zərərçəkmiş şəxs ödənilməsi qət edilmişdir. Lakin Şəxs icra sənədinin icrasından və icra məmurunun qanuni tələblərindən yayındığına görə barəsində İsmayıllı rayon İcra və Probasiya Şöbəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə 10 sentyabr 2024-cü il tarixli ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək həmin tarixdə baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilmişdirmışdır. İsmayıllı Rayon Məhkəməsinin 10 sentyabr 2024-cü il tarixli, 3(037)-374/2024 saylı qərarı ilə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. Həmin qərardan zərərçəkmiş Zərərçəkmiş şəxs tərəfindən apelyasiya şikayəti verilmiş, Şəki Apellyasiya Məhkəməsinin 17 oktyabr 2024-cü il tarixli, 3(107)-321/2024 saylı qərarı ilə apellyasiya şikayəti qismən təmin olunaraq, İsmayıllı Rayon Məhkəməsinin 10 sentyabr 2024-cü il tarixli, 3(037)-374/2024 saylı qərarı ləğv edilmiş və inzibati xəta haqqında iş yenidən baxılması üçün İsmayıllı Rayon Məhkəməsinə göndərilmişdir. Şəki Apellyasiya Məhkəməsinin qərarında göstərilmişdir ki, işə baxan birinci instansiya məhkəməsi işin hallarını, tam və obyektiv araşdırmamışdır. İsmayıllı rayon İcra və Probasiya şöbəsinə və zərərçəkmiş Zərərçəkmiş şəxs inzibati xəta haqqında işə baxılması vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq protokolu tərtib etmiş orqanın nümayəndəsi və Zərərçəkmiş şəxs məhkəmə iclasına gəlməmiş və işə baxılmasının təxirə salınması barədə məhkəməyə vəsatət verməmişdir. Zərərçəkmiş şəxs məhkəməyə teleqram ünvanlayaraq Şəxs ona hazırki günədək 4530 (dörd min beş yüz otuz) manat aliment borcunun olduğunu və onun barəsində ciddi tədbir görülməsini xahiş etmişdir. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahat verərək göstərdi ki, aliment məbləğindən hər ay ödənişlər etsə də, tam şəkildə ödəmədiyi üçün borcu yaranmışdır. Hazırda xəstədir və müalicə alır. Buna baxmayaraq hər ay olduğu kimi aliment məbləğindən 300 (üç yüz) manat məbləğində ödəniş etmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: İsmayıllı rayon İcra və Probasiya Şöbəsinin 10 sentyabr 2024-cü il tarixli arayışından görünür ki, Şəxs icra vərəqəsi üzrə 3800 (üç min səkkiz yüz) manat məbləğində alimentin ödənilməsini təmin etmiş, 2820 (iki min səkkiz yüz iyirmi) manat məbləğində aliment borcunun ödənilməsi ilə əlaqədar icra məmuru tərəfindən verilmiş qanuni tələblərə əməl etməmişdir. X1 07 sentyabr 2024-cü il tarixli “ambulator kitabça”dan çıxarışın surətindən görünür ki, Şəxs 3 ay ərzində başlanmış xroniki “qarışıq həyəcan və depressiv pozuntu” diaqnozu ilə xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək X2 müalicə almışdır. X1 10 oktyabr 2024-cü il tarixli arayışından görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdən Şəki Rayon Psixiatriya xəstəxanasının dispanser müşahidəsində, xx.xx.2024cü il tarixdən hal-hazıradək X2 stasionar müalicədədir. xx.xx.2024-cü il tarixli ödəniş qəbzindən görünür ki, Şəxs 300 (üç yüz) manat məbləğində pulu Zərərçəkmiş şəxs hesabına ödəmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirib tərəflərin izahatlarını dinləyərək qərara gəlir ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Abşeron Rayon Məhkəməsinin 13 sentyabr 2023-cü il tarixli 2(012)-3974/2023 saylı qətnaməsi üzrə verilmiş 02 oktyabr 2023-cü il tarixli icra vərəqəsinə əsasən 20 iyul 2023-cü il tarixdən başlayaraq 07 fevral 2019-cu il təvəllüdlü X6 və 08 dekabr 202-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər uşağa 220 (iki yüz iyirmi) manat olmaqla cəmi 440 (dörd yüz qırx) manat məbləğində aliment tutularaq Zərərçəkmiş şəxs ödənilməsi və İsmayıllı Rayon Məhkəməsinin e-2(037)-101/2024 saylı,29 aprel 2024-cü il tarixli icra vərəqəsi üzrə verilmiş 30 aprel 2024-cü il tarixli icra vərəqəsinə əsasən 09 aprel 2024-cü il tarixdən başlayaraq 30 aprel 2015-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 180 (yüz səksən) manat məbləğində aliment tutularaq Zərərçəkmiş şəxs ödənilməsi qət edilmişdir. İş üzrə icra sənədi İsmayıllı rayon İcra və Probasiya Şöbəsinin icraatındadır. İsmayıllı rayon İcra və Probasiya Şöbəsi tərəfindən borclu Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati qaydada protokol tərtib edilmiş, həmin protokolda borclunun qanuni qüvvəyə minmiş məhkəmə qətnamələrinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini qərəzli şəkildə yerinə yetirmədiyi qeyd edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir; 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; 105.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir; 114.2.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatlarını, eləcə də inzibati materialda olan sənədləri nəzərə alıb, icra işini nəzərdən keçirərək, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi mövcud deyil. Belə ki, məhkəmə iclasında barəsində inzibati qaydada icraat aparılan şəxsin izahatı əsasında, o cümlədən, məhkəməyə təqdim edilmiş icra işində olan sənədlərlə Şəxs aliment borcunu tam şəkildə olmasa da, hər ay maddi imkanı daxilində ödəniş etdiyini, daimi iş yerinin olmadığı, hazırki vəziyyətdə səhhəti ilə bağlı müalicə aldığı və bu səbəbdən hər hansı işlə məşğul olmadığı təsdiq edilmişdir. Göründüyü kimi, Şəxs əməlində üzrsüz səbəbdən icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi halı olmamış, işsiz və maddi vəziyyətinin zəif olması səbəbindən borcu yaranmışdır, göstərilən bu hallar Şəxs üzrsüz səbəbdən və ya qərəzli olaraq borcunu ödəməkdən yayınmasını istisna edir. Çünki Şəxs hər ay təyin olunmuş aliment məbləğindən 300-400 manat arası ödənişlər etmişdir. Bundan başqa Şəxs iş məhkəmənin icraatında olduğu müddətdə aliment məbləğindən 300 (üç yüz) manat məbləğində ödəniş etmişdir. Həmçinin iş materiallarında olan X1 07 sentyabr 2024-cü il tarixli “ambulator kitabça”dan çıxarışın surətindən və 10 oktyabr 2024-cü il tarixli arayışdan göründüyü kimi, Şəxs 3 ay ərzində başlanmış xroniki “qarışıq həyəcan və depressiv pozuntu” diaqnozu ilə xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək X2 müalicə almış, xx.xx.2024-cü il tarixdən Şəki Rayon Psixiatriya xəstəxanasının dispanser müşahidəsində, xx.xx.2024-cü il tarixdən hal-hazıradək X2 stasionar müalicədə olmuşdur. Bununla yanaşı, “İcra haqqında” Qanunun 82.1-ci maddəsinə əsasən borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir. Məhkəmə qeyd edir ki, şəxsin icra sənədini icra etməməsi o halda üzrsüz hal kimi qiymətləndirilə bilər ki, məhkəməyə təqdim edilmiş sənədlərlə şəxsin icra sənədini icra etməyə maddi imkanın olması və ya adına qətnaməni icra etməyə imkan verən əmlakının olduğu halda şəxsin həmin əmlak hesabına qəsdən icra sənədi üzrə ödənişi həyata keçirməməsi öz təsdiqini tapmış olsun. Hazırki halda nə məhkəməyə təqdim edilmiş sənədlərlə, nə də məhkəmə iclasında iştirak edən icra məmurunun və barəsində inzibati qaydada icraat aparılan şəxsin izahatlarında göstərdikləri xüsusatlarla Şəxs məhkəmə qətnaməsini məhz üzrsüz səbəbdən icra etməmə halı öz təsdiqini tapmamışdır. Məhkəmə onu da qeyd edir ki, iş materiallarından görünür ki, məhkəmə qətnaməsinin icraya yönəlməsindən xeyli müddət keçməsinə baxmayaraq icra məmuru məhkəmə qətnaməsinin icrası üçün Azərbaycan Respublikası “İcra haqqında” Qanununda nəzərdə tutulmuş lazımi tədbirləri görmədən (işlə təmin olunmasının təmin edilməsi Dövlət Məşğulluq Xidmətində qeydiyyata durması hüququnun izah edilməsi, adına məhkəmə qətnaməsinin icrasının yönəldilə biləcəyi hər hansı əmlakın olub-olmamasının müəyyən edilməsi və.s.), yəni qətnamənin icrası üçün qanunvericiliklə nəzərdə tutulmuş bütün imkanlar tükənmədən inzibati xəta haqqında protokol tərtib etmişdir. Halbuki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin həmin Məcəllənin 9.2 və 35- ci maddələri baxımından şərh edilməsinə dair” 04 sentyabr 2018-ci il tarixli qərarında göstərilmişdir ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi mütləq inzibati həbslə nəticələnməməli, icra məmurları müxtəlif qanuni vasitələrlə məhkəmə aktlarının icrasının təmin edilməsi üçün şərait yaratmalı və yalnız bütün imkanlar tükəndikdən sonra sərt inzibati və cinayət təsiri tədbirlərindən istifadə etməlidirlər. Yuxarıda sadalanan qanunun tələbləri və işin həqiqi halları baxımından məhkəmə belə qənaətə gəlir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin dispozisiyasına əsasən icra sənədinin borclu tərəfindən üzrsüz səbəbdən icra edilməməsi inzibati məsuliyyətə səbəb olduğundan, hazırkı halda isə borclu Şəxs bir müddətdir işsiz olması, səhhəti ilə bağlı müalicə alması öz təsdiqini tapdığından və bununla da icra sənədinin üzrsüz səbəblərdən icra edilməməsi halının mövcudluğu istisna olunduğundan Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata onun əməlində inzibati xəta tərkibi olmadığından xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 48-51, 53, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata onun əməlində inzibati xəta tərkibi olmadığından xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: İlqar Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar