Məhkəmə qərarları › İş №3(037)-378/2024

İsmayıllı Rayon Məhkəməsi Qərar — İş №3(037)-378/2024

04.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR İsmayıllı rayonu İş № 3(037)-378/2024 04.11.2024 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hüseynov İlqar Vidayət oğlunun sədrliyi X2 katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakı ilə, xx xxxxxxx 1985-ci il tarixdə İsmayıllı rayonu İsmayıllı kəndində anadan olmuş, həmin kənddə yaşayan, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, fərdi identifikasiya nömrəsi 623GZMJ Şəxs barəsində İsmayıllı rayon İcra və Probasiya Şöbəsindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə daxil olmuş inzibati xəta haqqında materiala 04 noyabr 2024-cü il tarixdə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: Şəki Apellyasiya Məhkəməsinin 15 oktyabr 2020-ci il tarixli 2 (107) – 1916/2020 saylı qətnaməsi üzrə verilmiş icra vərəqəsinə əsasən Şəxs iki uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər uşağa 130 (yüz otuz) manat olmaqla cəmi 260 (iki yüz altmış) manat məbləğində aliment tutularaq X1 ödənilməsi qət edilmişdir. İş üzrə icra sənədləri İsmayıllı rayon İcra və Probasiya Şöbəsinin icraatındadır. Borclu həmin məhkəmə qətnaməsinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini qərəzli şəkildə yerinə yetirmədiyinə və hazırda tələbkara ödənilməli olan 2757 (iki min yeddi yüz əlli yeddi) manat aliment borcu ödənilməmiş qaldığına görə barəsində İsmayıllı rayon İcra və Probasiya Şöbəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə 16 sentyabr 2024-cü il tarixli ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək həmin tarixdə baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilmişdir. İsmayıllı rayon İcra və Probasiya Şöbəsinin nümayəndəsi və zərərçəkmiş Yusubova (Məmmədova) Şəlalə Rafiq qızı hazırki məhkəmə iclasında iştirak etmir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahat verərək göstərdi ki, hazırda aliment borcumdan 700 (yeddi yüz) manatını ödəmişdir. Qalan borcundan 300 (üç yüz) manatını 5 gün ərzində ödəyəcəkdir. Maddi imkanı olmadığı üçün bir neçə ayın aliment məbləği ödənilməmiş qalmışdır. Qeyd etdikləri nəzərə alınmaqla barəsində olan inzibati xəta haqqında işin icraatına xitam verilməsini xahiş edir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: 06 sentyabr 2024-cü il tarixli arayışdan görünür ki, hazırki vaxtadək Şəxs icra vərəqəsi üzrə 10243 (on min iki yüz qırx üç) manat ödəniş etmiş və 2757 (iki min yeddi yüz əlli yeddi) manat məbləğində borcun ödənilməsini təmin etməkdən yayınmış və icra məmurunun çağırışından yayınmışdır. 04 noyabr 2024-cü il tarixli ödəniş qəbzindən görünür ki, Şəxs 700 (yeddi yüz) manat məbləğində pulu Zərərçəkmiş şəxs ödəmişdir. Şəxs 04 noyabr 2024-cü il tarixli ərizəsindən görünür ki, aliment borcundan 700 (yeddi yüz) manat ödəniş etmiş, 5 gün müddətindən borcundan daha 300 (üç yüz) manat ödəniş edəcəyini və bundan sonra hər ay təyin olunmuş aylıq aliment məbləği ilə birlikdə 400 (dörd yüz) manat ödəniş edəcəyini öhdəsinə götürmüş və bu barədə zərərçəkmiş Zərərçəkmiş şəxs ilə qarşılıqlı razılığa gəlmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirib barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatını dinləyərək qərara gəlir ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Şəki Apellyasiya Məhkəməsinin 15 oktyabr 2020-ci il tarixli 2 (107) – 1916/2020 saylı qətnaməsi üzrə verilmiş icra vərəqəsinə əsasən Şəxs iki uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər uşağa 130 (yüz otuz) manat olmaqla cəmi 260 (iki yüz altmış) manat məbləğində aliment tutularaq X1 ödənilməsi qət edilmişdir. İş üzrə icra sənədləri İsmayıllı rayon İcra və Probasiya Şöbəsinin icraatındadır. İsmayıllı rayon İcra və Probasiya Şöbəsi tərəfindən borclu Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati qaydada protokol tərtib edilmiş, həmin protokolda borclunun qanuni qüvvəyə minmiş məhkəmə qətnamələrinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini qərəzli şəkildə yerinə yetirmədiyi qeyd edilmişdir. İşin məhkəmə tərəfindən müəyyən edilmiş faktiki hallarından müəyyən edilir ki, Şəxs iş məhkəmənin icraatında olan müddətdə borcundan 700 (yeddi yüz) manat ödəniş etmişdir. Şəxs məhkəmə iclasında borcundan 5 gün müddətində 300 (üç yüz) manat ödəniş edəcəyini vəd etmişdir. İş materiallarında olan arayışdan görünür ki, Şəxs aliment məbləği təyin olunduqdan sonra 10243 (on min iki yüz qırx üç) manat ödəniş etmişdir. Bundan başqa borclunun hər hansı gəlir mənbəyi olmaması və maddi vəziyyətinin səviyyəsi onu icra vərəqəsinin icrası ilə əlaqədar öhdəliklərdən azad etməsə də, icra vərəqəsinin icra edilməsində müəyyən çətinliklər yaranmasına səbəb olur. Bundan əlavə inzibati xəta haqqında protokola əlavə edilmiş sənədlərdən də görünür ki, borcluya məxsus, tələbin ödənilə biləcəyi pul vəsaiti və digər qiymətli əşyalar aşkar edilməmişdir. İcra məmurunun qeyd etdiyi hallar isə məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin qərəzli şəkildə yerinə yetirilməməsi və ya icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi kimi qiymətləndirilə bilməz. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi nəzərdə tutulur. Şərh olunan əsaslara görə məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta hadisəsinin törədilməsi istisna edilir və hazırki vəziyyətdə onun əməlində həmin maddədə nəzərdə tutulan inzibati xəta tərkibinin əlamətləri yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan hər hansı biri mövcud olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar çıxarır. Qeyd olunan əsaslara görə məhkəmə qərara gəlir ki, hazırki vəziyyətdə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta tərkibinin əlamətləri olmadığından onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53, 105, 114-cü maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində qərarı qəbul etmiş İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: İlqar Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar