Məhkəmə qərarları › İş №3(037)-386/2020

İsmayıllı Rayon Məhkəməsi Qərar — İş №3(037)-386/2020

30.10.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR İsmayıllı rayonu İş № 3(037)-386/2020 30.10.2020 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Şirinov Rəfayel Səməd oğlunun sədrliyi Qasımov Sənani Nazir oğlunun katibliyi, Barəsində inzibati xəta haqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə xx xxxx 1974-cü il tarixdə İsmayıllı rayonu Mican kəndində anadan olmuş, həmin kənddə yaşayan, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, öz deməsinə görə il ərzində eyni inzibati xətaya görə inzibati məsuliyyətə cəlb edilməmiş, fərdi identifikasiya nömrəsi xxxxxxx Şəxs barəsində İsmayıllı rayon Polis Şöbəsindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə daxil olmuş inzibati xəta haqqında materiala xx xxxxxxx 2020-ci il tarixdə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Şəxs xx xxxxxxx 2020-ci il tarixdə saat 14:50 radələrində İsmayıllı rayon Polis Şöbəsinin qarşısında xidməti vəzifəsini yerinə yetirən polis əməkdaşlarının qanuni tələbinə qəsdən tabe olmaması faktı üzrə barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə inzibati protokol tərtib edilərək baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokolu tərtib etmiş İsmayıllı rayon Polis Şöbəsinin İctimai Təhlükəsizlik Bölməsinin polis sahə rəisi X1 izahatında göstərdi ki, Şəxs xx xxxxxxx 2020-ci il tarixdə saat 14:50 radələrində İsmayıllı rayon Polis şöbəsinin qarşısında xidməti vəzifəsini yerinə yetirən polis əməkdaşlarının qanuni tələbinə qəsdən tabe olmadığı üçün rayon polis şöbəsinə dəvət olunmuş və izahatı alınarkən o, törətdiyi xətanı etiraf etmişdir. Bundan sonra o, Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib etmişdir. Qeyd etdikləri nəzərə alınmaqla Şəxs barəsində qanuni tədbir görülməsini məhkəmədən xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək göstərdi ki, o, “VAZ-21099” markalı, ** GC *** dövlət qeydiyyat nişanlı avtomobili sürücülük hüququ olmadan idarə edir. xx xxxxxxx 2020-ci il tarixdə yol patrul xidməti əməkdaşları avtomobili sürücülük hüququ olmadan idarə etdiyinə görə onu avtomobili ilə birlikdə rayon polis şöbəsinə gətirmişlər. Polis şöbəsində inzibati qaydada cərimə olunmuş və həmin cəriməni ödəmək üçün yaşadığı evə getmişdir. Evdən pul götürərək polis şöbəsinə gəlmişdir. Polis şöbəsinin qarşısında yol patrul xidməti əməkdaşları ilə rastlaşmış və onlarla mübahisə etməyə başlamışdır. Mübahisə zamanı ucadan nalayiq ifadələr işlətdiyinə görə polis şöbəsinə aparılmış və barəsində inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Qeyd etdikləri nəzərə alınmaqla iş üzrə qanuni qərar qəbul edilməsini xahiş edir. İş üzrə şahid qismində izahat verən İsmayıllı rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin yol patrul xidməti inspektoru polis serjantı X3 izahat verərək göstərdi ki, xx xxxxxxx 2020-ci il tarixdə Şəxs “VAZ-21099” markalı, ** GC *** dövlət qeydiyyat nişanlı avtomobili sürücülük hüququ olmadan idarə etdiyinə görə rayon polis şöbəsinə gətirilmiş və inzibati qaydada tənbeh olunmuşdur. Bundan bir neçə saat sonra polis şöbəsinə gəlmiş və şöbənin qapı postunda onunla mübahisə edərək ucadan nalayiq ifadələr işlətmişdir. O, Sadiqi nizam-intizama dəvət etmiş, lakin Sadiq əsəbi halda tabesizlik göstərərək öz qanunsuz əməllərini davam etdirmişdir. Bundan sonra Şəxs polis şöbəsinə gətirilmiş və barəsində inzibati xəta haqqında protokol tərtib olunmuşdur. İş üzrə şahid qismində izahat verən İsmayıllı rayon Polis Şöbəsinin Post Patrul Xidməti taqımının polis nəfəri X4 da şahid X2 izahatının məzmununa uyğun izahat verərək onun göstərdiyi xüsusatları təsdiq etdiyini bildirdi. Dövlət X6 İsmayıllı rayon Şöbəsinin xx xxxxxxx 2020-ci il tarixli, ********** saylı arayışından görünür ki, Şəxs heç bir növ əmək pensiyası və sosial müavinət almadığı qeyd edilmişdir. Məhkəmə araşdırması ilə müəyyən edildi ki, Şəxs xx xxxxxxx 2020-ci il tarixdə saat 14:50 radələrində İsmayıllı rayonu Polis Şöbəsinin qarşısında ucadan səs-küy salaraq nalayiq ifadələr işlətmiş, onu intizama dəvət edən xidməti vəzifələrini yerinə yetirən polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Məhkəmə iş materiallarını nəzərdən keçirib barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və şahidlərin izahatlarını dinləyərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir və o, həmin maddə ilə inzibati məsuliyyətə cəlb edilərək inzibati tənbeh edilməlidir. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən onun tərəfindən törədilmiş inzibati xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, təqsirinin dərəcəsini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Şəxs tərəfindən törədilmiş inzibati xətada onun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar aşkar edilməmişdir. Məhkəmə Şəxs tərəfindən törədilmiş inzibati xətanın xarakterini, onun şəxsiyyətini, təqsirinin dərəcəsini, habelə ona inzibati cərimə tətbiq edilməsinin işin faktiki hallarına uyğun olmadığını nəzərə alaraq barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati həbs tətbiq edilməsini, inzibati həbsin 10 (on) gün müddətində müəyyən edilməsini məqsədə müvafiq hesab edir. İnzibati həbsin əvvəli qərarın elan edildiyi vaxtdan - xx xxxxxxx 2020-ci il tarixdə saat 16:25-dən hesablanmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 30, 43, 106-115, 117-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinib 10 (on) gün müddətində inzibati həbs edilsin. İnzibati həbsin əvvəli qərarın elan edildiyi vaxtdan - xx xxxxxxx 2020-ci il tarixdən saat 16:25-dən hesablansın. İnzibati həbs müddəti xx xxxxxx 2020-ci il tarixdə saat 16:25-də başa çatmış hesab edilsin. Qərarın icrası İsmayıllı rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şəki Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Rəfayel Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar