Məhkəmə qərarları › İş №3(037)-396/2021

İsmayıllı Rayon Məhkəməsi Qərar — İş №3(037)-396/2021

26.11.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR İsmayıllı rayonu İş № 3(037)-396/2021 26.11.2021 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov İlqar Vidayət oğlunun sədrliyi Qasımov Sənani Nazir oğlunun katibliyi ilə xx xxxx 1984-cü il tarixdə Şamaxı şəhərində anadan olmuş, Şamaxı rayonu Şəhriyar qəsəbəsində yaşayan, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işsiz, öz deməsinə görə il ərzində eyni inzibati xətaya cəlb edilməmiş, fərdi identifikasiya nömrəsi xxxxxxx Şəxs haqqında İsmayıllı rayon Polis Şöbəsindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsi ilə daxil olmuş inzibati xəta haqqında materiala 26 noyabr 2021-ci il tarixdə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Şəxs özünə məxsus olan, Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanından xüsusi icazə almaqla əldə edib özündə saxladığı 1 (bir) ədəd “BUM” markalı, 12 kalibrli, qoşa lüləli, 24966 nömrəli yivsiz lüləli ov tüfəngi ilə 23.11.2021-ci il tarixdə İsmayıllı rayonu Lahıc qəsəbə ərazisində qanunsuz olaraq ov etməsi faktı üzrə barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsi ilə 24.11.2021-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilmişdir. Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 272.3cü maddəsi ilə inzibati xəta haqqında protokol tərtib etmiş şəxs - İsmayıllı rayon X2 Təhlükəsizlik Bölməsinin polis sahə rəisi Mirdaməd Nəzərli məhkəmə iclasında verdiyi izahatında göstərdi ki, Şəxs özünə məxsus olan 1 (bir) ədəd “BUM” markalı, 12 kalibrli, qoşa lüləli, 24966 nömrəli yivsiz lüləli ov tüfəngi ilə 23.11.2021-ci il tarixdə İsmayıllı rayonu Lahıc qəsəbə ərazisində qanunsuz olaraq ov etməsi faktı aşkar edildiyinə görə onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X1 izahat verərək göstərdi ki, ov tüfəngi onun özünə məxsusdur. Həmin silahın saxlanılması üçün müvafiq icra hakimiyyəti orqanından xüsusi icazə almışdır və qeyd olunan silah Polis Şöbəsində onun adına qeydiyyata alınmışdır. O, ailə üzvləri ilə birlikdə Şamaxı rayonunda yaşayır. 23.11.2021-ci il tarixdə ov etmək üçün İsmayıllı rayonu Lahıc qəsəbəsinə gəlmiş və tüfənglə iki ədəd dovşanı vurmuşdur. Geri qayıdarkən polis əməkdaşları tərəfindən saxlanılmışdır. Polis əməkdaşları ondan ov silahına aid sənədlərini tələb etmiş, eyni zamanda, ov etmək üçün icazəsinin olubolmadığını soruşmuşlar. O, ov silahının özünə məxsus olmaqla müvafiq sənədlərinin olduğunu, ancaq ov etmək üçün icazəsinin olmadığını bildirmişdir. Onun üzərində olan ov tüfəngi polis əməkdaşları tərəfindən götürülmüşdür. O, müvafiq icazə olmadan, qanunsuz olaraq ov etdiyinə görə əməlindən səmimi peşman olmuşdur. Qeyd etdikləri nəzərə alınmaqla ona qanun çərçivəsində güzəşt edilməsini məhkəmədən xahiş edir. İş materiallarına əlavə edilmiş 17 nömrəli, 16 noyabr 2010-cu il tarixli şəhadətnamənin surətindən görünür ki, “BUM” markalı, 12 kalibrli, qoşa lüləli, 24966 nömrəli yivsiz lüləli ov tüfənginin Şəxs tərəfindən saxlanması və təyinatı üzrə istifadə edilməsinə icazə verilmişdir. Məhkəmə araşdırması ilə müəyyən edildi ki, Şəxs özünə məxsus olan, Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanından xüsusi icazə almaqla əldə edib özündə saxladığı 1 (bir) ədəd “BUM” markalı, 12 kalibrli, qoşa lüləli, 24966 nömrəli yivsiz lüləli ov tüfəngi ilə 23.11.2021-ci il tarixdə İsmayıllı rayonu Lahıc qəsəbə ərazisində qanunsuz olaraq ov etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsinə əsasən ov qaydalarının kobud şəkildə pozulmasına (lazımi icazə olmadan və ya qadağan edilmiş yerlərdə, yaxud qadağan olunmuş müddətlərdə, qadağan edilmiş alətlərlə və ya üsullarla ov edilməsinə), habelə digər ov qaydalarının müntəzəm pozulmasına görə inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetlər müsadirə edilməklə və ya müsadirə edilməməklə, min manatdan iki min manatadək məbləğdə cərimə, yaxud altı aydan iki ilədək müddətə ov hüququnun məhdudlaşdırılması nəzərdə tutulmuşdur. Məhkəmə iş materiallarını nəzərdən keçirib barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatını dinləyərək belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir və o, həmin maddə ilə inzibati məsuliyyətə cəlb edilərək inzibati tənbeh edilməlidir. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən onun tərəfindən törədilmiş inzibati xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, təqsirinin dərəcəsini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Şəxs səmimi peşmançılığını onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Şəxs tərəfindən törədilmiş inzibati xətada məsuliyyəti ağırlaşdıran hallar aşkar edilməmişdir. Məhkəmə Şəxs tərəfindən törədilmiş inzibati xətanın xarakterini, onun şəxsiyyətini, təqsirinin dərəcəsini nəzərə alaraq barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsində nəzərdə tutulan ov hüququnun məhdudlaşdırılması inzibati tənbehinin tətbiq edilməsini, habelə, məsuliyyəti yüngülləşdirən halı və törədilmiş inzibati xəta nəticəsində dəymiş maddi zərərin az əhəmiyyətli olmasını nəzərə alaraq ov hüququnun məhdudlaşdırılması inzibati tənbehinin həmin maddədə müəyyən edilmiş orta həddə - 1 (bir) il müddətində müəyyən edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsində əlavə tənbeh növü kimi müəyyən edilmiş, “inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetlər müsadirə edilməklə və ya müsadirə edilməməklə” ifadəsi inzibati tənbeh növü kimi cərimə tətbiq edildiyi hallara şamil edildiyindən, hazırki iş üzrə isə Şəxs barəsində ov hüququnun məhdudlaşdırılması inzibati tənbehi tətbiq edildiyindən məhkəmə hesab edir ki, ona məxsus olan ov silahının müsadirə edilib-edilməməsi məsələsi müzakirə olunmamalı, 1 (bir) ədəd 07064 nömrəli, 16 kalibrli, təklüləli ov tüfəngi onun özünə qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 27, 43, 106-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsi ilə təqsirli bilinərək ov hüququ 1 (bir) il müddətinə məhdudlaşdırılsın. İsmayıllı rayon Polis Şöbəsində saxlanılan 1 (bir) ədəd 07064 nömrəli, 16 kalibrli, təklüləli ov tüfəngi Şəxs özünə qaytarılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində İsmayıllı Rayon məhkəməsi vasitəsi ilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim İlqar Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar