Məhkəmə qərarları › İş №3(037)-397/2020

İsmayıllı Rayon Məhkəməsi Qərar — İş №3(037)-397/2020

16.11.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR İsmayıllı rayonu İş № 3(037)-397/2020 16.11.2020 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Şirinov Rəfayel Səməd oğlunun sədrliyi Qasımov Sənani Nazir oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs – İsmayıllı rayon Polis Şöbəsinin İctimai Təhlükəsizlik Bölməsinin polis sahə rəisi X2, Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə xx xxxxxxxx 1988-ci il tarixdə İsmayıllı rayonu Şəbiyan kəndində anadan olmuş, həmin kənddə yaşayan, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, öz deməsinə görə il ərzində eyni inzibati xətaya görə inzibati məsuliyyətə cəlb edilməmiş, fərdi identifikasiya nömrəsi xxxxxxx Şəxs barəsində İsmayıllı rayon Polis Şöbəsindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə daxil olan inzibati xəta haqqında materiala xx xxxxxx 2020-ci il tarixdə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Şəxs xx xxxxxxxx 2020-ci il tarixdə saat 12:00 radələrində İsmayıllı şəhəri, 30 A kvartalın həyətyanı sahəsində əmisi qızı Zərərçəkmiş şəxs ilə aralarında baş vermiş mübahisə zamanı sonuncunu vuraraq onu qəsdən döyməsi faktı üzrə İsmayıllı rayon Polis Şöbəsinin Təhqiqat Qrupunun təhqiqatçısı Rüstəm Atakişiyevin xx xxxxxxx 2020-ci il tarixli qərarı ilə cinayət işinin başlanması rədd edilmiş və qərarın surəti barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati tədbir görülməsindən ötrü şöbənin İctimai Təhlükəsizlik Bölməsinə verilmişdir. İsmayıllı rayon Polis Şöbəsinin sahə rəisi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə xx xxxxxx 2020-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək həmin tarixdə baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs - İsmayıllı rayon Polis Şöbəsinin İctimai Təhlükəsizlik Bölməsinin polis sahə rəisi Ağacan Qarayev izahatında göstərdi ki, Şəxs əmisi qızı Zərərçəkmiş şəxs döyməsi faktı üzrə araşdırma aparılmış və onun əməlində cinayət tərkibinin əlamətləri olmadığından barəsində toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Qeyd olunan hadisə nəticəsində zərərçəkmiş şəxsə dərəcəsi təyin edilməyən bədən xəsarəti yetirildiyi üçün barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün İsmayıllı Rayon Məhkəməsinə göndərilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahat verərək göstərdi ki, Vüsalə onun əmisi qızıdır. Vüsalə Bakı şəhərində yaşayır və hərdən valideynlərinin yaşadığı evə gəlib-gedir. xx xxxxxxxx 2020-ci il tarixdə əmisi oğlu Tural birlikdə Turalın atası evinə qonaq getmişdir. Həyətdə Vüsalə ilə rastlaşmış və Turalla Vüsalə mübahisə etmişdir. Həmin vaxt əmisi arvadı Rəşxəndə küçəyə çıxmış və onların mübahisə etdiyini görüb halı pisləşərək yerə yıxılmışdır. O Vüsalə aralamaq istəyərkən bilmədən əli Vüsaləyə dəymişdir. Buna baxmayaraq Vüsalə yüksək səslə nalayiq ifadələr işlətdiyindən o, bundan bərk əsəbləşmiş və onun sinəsindən vurmuşdur. Vüsalə müvazinətini saxlaya bilməyərək yerə yıxılmışdır. Bundan sonra Turalla birlikdə oradan uzaqlaşmışdır. Hazırda Vüsalə ilə barışmamışdır. İş üzrə qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Zərərçəkmiş şəxs izahat verərək göstərdi ki, o, Bakı şəhərində yaşayır. Ataanası İsmayıllı şəhəri, 30 A kvartalda qardaşı Tural və onun arvadı Gülbənizlə birlikdə yaşayır. Gülbəniz tez-tez onun valideynləri ilə mübahisə edib nalayiq ifadələr işlədir. Bu səbəbdən valideynləri Turalı və arvadını evdən çıxarmışdır. xx xxxxxxxx 2020-ci il tarixdə Gülbəniz anasının ünvanına nalayiq ifadələr işlətmişdir. Bu barədə anası ona məlumat vermiş və o, Gülbənizlə danışmaq üçün rayona atası evinə gəlmişdir. Həmin gün saat 23:00 radələrində əmisi oğlu Amilin evinə gedərək Gülbənizi çağırmış və aralarında mübahisə yaranmışdır. Bir qədər sonra qardaşı Tural gələrək onun sifətindən sillə ilə vurmuşdur. Bundan sonra oradan çıxaraq atası evinə getmişdir. Həmin günün səhəri saat 12 radələrində həyətə düşdükdə Turalla Amilin həyətdə olduğunu görmüş və Turala yaxınlaşaraq bir gün əvvəl onu vurduğuna görə cavab verəcəyini bildirmişdir. Bu zaman Tural Amillə birlikdə onun ünvanına nalayiq ifadələr işlətmişdir. Mübahisə zamanı Tural onun sinəsindən təpiklə vurmuşdur. X3 təkrar vurmasının qarşısını almışdır. Həmin vaxt Amil onun boynundan yapışaraq yerə yıxmış, sifət nahiyəsindən bir neçə dəfə yumruqla vurmuş , saçından yapışaraq yerdə sürümüş və bir neçə dəfə qarın nahiyəsindən yumruqla vurmuşdur. Rəşxəndə Amili aralamış və o, hər ikisi barəsində şikayət edəcəyini bildirmişdir. Bundan sonra Tural Amillə birlikdə oradan qaçıb getmişlər. Bundan sonra o, rayon polis şöbəsinə şikayət etmişdir. Hazırda o, Amili bağışlamamış və onunla barışmamışdır. Qeyd etdikləri nəzərə alınmaqla Şəxs inzibati qaydada həbs olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Məhkəmə-Tibbi Ekspertiza və X1 407 №-li xx.xx.2020-ci il tarixli ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində aşkar edilmiş xəsarətlərsol almacıq nahiyəsinin və üzün sol yarısının hiperemiyası və qançır, çənə nahiyəsinin qançırı, sol kürək nahiyəsinin, sol dirsək nahiyəsinin, sol bazunun orta 1/3-nin, sağ bazu nahiyəsinin qançırları küt əşya (alət) təsirindən törənmiş, törənmə müddəti xx.xx.2020-ci il tarixə uyğun gəlir, xəsarətlər ayrı-ayrılıqda və ümumilikdə sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir. İsmayıllı rayon Polis Şöbəsinin Təhqiqat Qrupunun təhqiqatçısı polis mayoru Rüstəm Atakişiyevin xx.xx.2020-ci il tarixli qərarından görünür ki, X4 və Şəxs əməlində cinayət tərkibi müəyyən edilmədiyi üçün cinayət işinin başlanması rədd edilmiş, qərarın surəti barələrində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi üzrə inzibati tədbir görülməsinin təmin edilməsi üçün İsmayıllı rayon Polis Şöbəsinin İctimai Təhlükəsizlik Bölməsinə göndərilmişdir. Dövlət Sosial Müdafiə Fondunun İsmayıllı rayon Şöbəsinin xx xxxxxx 2020-ci il tarixli, **********4 saylı arayışından görünür ki, Şəxs heç bir növ əmək pensiyası və sosial müavinət almadığı qeyd edilmişdir. Məhkəmə araşdırması ilə müəyyən edildi ki, Şəxs xx xxxxxxxx 2020-ci il tarixdə saat 12:00 radələrində İsmayıllı şəhəri, 30 A kvartalın həyətyanı sahəsində əmisi qızı Zərərçəkmiş şəxs ilə aralarında baş vermiş mübahisə zamanı sonuncunu vuraraq onu qəsdən döymüşdür. Məhkəmə iş materiallarını nəzərdən keçirib tərəflərin izahatlarını dinləyərək qərara gəlir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir və o, həmin maddə ilə inzibati məsuliyyətə cəlb edilərək inzibati tənbeh edilməlidir. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən onun tərəfindən törədilmiş inzibati xətanın xarakterini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şəxsiyyətini, təqsirinin dərəcəsini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Şəxs tərəfindən törədilmiş inzibati xətada onun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar aşkar edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsinə görə üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs nəzərdə tutulur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Məhkəmə Şəxs tərəfindən törədilmiş inzibati xətanın xarakterini, inzibati xəta hadisəsinin baş vermə şəraitini və xəsarətin yetirilmə üsulunu, onun şəxsiyyətini, təqsirinin dərəcəsini, öz əməlindən peşman olmadığını, zərərçəkmiş şəxslə barışmağa təşəbbüs göstərmədiyini, zərərçəkmiş şəxsin hazırda da ondan şikayətçi olmasını, nəzərə alaraq barəsində inzibati cərimə tətbiq edilməsinin işin faktiki hallarına uyğun olmadığı qənaətinə gəlir və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulan inzibati həbs tətbiq edilməsini, inzibati həbsin 20 (iyirmi) gün müddətində müəyyən edilməsini məqsədə müvafiq hesab edir. İnzibati həbsin əvvəli qərarın elan edildiyi vaxtdan xx xxxxxx 2020-ci il tarixdən saat 11:45-dən hesablanmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 30, 43, 106-115, 117-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirli bilinib 20 (iyirmi) gün müddətində inzibati həbs edilsin. İnzibati həbsin əvvəli xx xxxxxx 2020-ci il tarixdən saat 11:45-dən hesablansın. İnzibati həbs müddəti xx xxxxxx 2020-ci il tarixdə saat 11:45-də başa çatmış hesab edilsin. Qərarın icrası İsmayıllı rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Rəfayel Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar