Məhkəmə qərarları › İş №3(037)-404/2020

İsmayıllı Rayon Məhkəməsi Qərar — İş №3(037)-404/2020

23.11.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR İsmayıllı rayonu İş № 3(037)-404/2020 23.11.2020 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Şirinov Rəfayel Səməd oğlunun sədrliyi Qasımov Sənani Nazir oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs – İsmayıllı rayon Polis Şöbəsinin İctimai Təhlükəsizlik Bölməsinin polis sahə rəisi X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Zərərçəkmiş şəxs iştirakı ilə xx xxxxxx 1959-cu il tarixdə Göyçay rayonu Potu kəndində anadan olmuş, İsmayıllı rayonu Balik kəndində yaşayan, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, fərdi identifikasiya nömrəsi xxxxxxx Şəxs barəsində İsmayıllı rayon Polis Şöbəsindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə daxil olan inzibati xəta haqqında materiala xx xxxxxx 2020-ci il tarixdə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Şəxs xx xxxxxx 2020-ci il tarixdə saat 11:00 radələrində İsmayıllı şəhəri, “bazar” adlanan ərazidə Zərərçəkmiş şəxs ilə aralarında baş vermiş mübahisə zamanı sonuncunun baş barmağını tutaraq əzməsi və itələyərək yerə yıxması faktıüzrə İsmayıllı rayon Polis Şöbəsinin Təhqiqat Qrupunun təhqiqatçısı Qoşqar Aslanlının xx xxxxxxx 2020-ci il tarixli qərarı ilə cinayət işinin başlanması rədd edilmiş və qərarın surəti Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati tədbir görülməsindən ötrü şöbənin İctimai Təhlükəsizlik Bölməsinə verilmişdir. İsmayıllı rayon Polis Şöbəsinin sahə rəisi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə xx xxxxxx 2020-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək həmin tarixdə baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs - İsmayıllı rayon Polis Şöbəsinin İctimai Təhlükəsizlik Bölməsinin polis sahə rəisi Ağacan Qarayev izahatında göstərdi ki, Şəxs Göyçay rayon sakini Zərərçəkmiş şəxs döyməsi faktı üzrə araşdırma aparılmış və onun əməlində cinayət tərkibinin əlamətləri olmadığından barəsində toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Qeyd olunan hadisə nəticəsində zərərçəkmiş şəxsə dərəcəsi təyin edilməyən bədən xəsarəti yetirildiyi üçün barəsində Azərbaycan Respublikası İXMnin 157-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün İsmayıllı Rayon Məhkəməsinə göndərilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahat verərək göstərdi ki, xx xxxxxx 2020-ci il tarixdə bazarda müdiriyyətin tapşırığı ilə yer pulu yığarkən sonradan adını bildiyi Zərifə adlı qadının turşu məhsulu satdığını görmüşdür. O, Zərifədən yer pulunu istəmiş və Zərifə ona “sən kimsən ki məndən yer pulu istəyirsən” deyə cavab vermişdir. bildirmişdir. O, bazarın işçisi olduğunu və yer pulu yığdığını bildirsə də, Zərifə pul verməyəcəyini bildirirək onu təhqir etmişdir. Bu zaman Zərifə ilə aralarında mübahisə yaranmışdır. Zərifə onun üstünə hücum çəkmiş və o, Zərifənin barmağından tutub sıxmış və sinəsindən itələyərək özündən uzaqlaşdırmaq istəmişdir. Zərifə müvazinətini itirərək yerə yıxılmışdır. O, bir neçə dəfə Zərifə ilə barışmaq istəsə də, Zərifə onunla barışmamışdır. Hazırda Zərifə onunla barışmaq istəyərsə o da barışmağa razıdır. Qeyd etdikləri nəzərə alınmaqla ona qanunda nəzərdə tutulan daha yüngül cəza verilməsini xahiş edir. Zərərçəkmiş Zərərçəkmiş şəxs izahat verərək göstərdi ki, o, Göyçay rayonu Qaraməryəm kəndində yaşayır və İİ qrup əlildir. Ara-sıra İsmayıllı şəhər bazarına kənd təsərrüfatı məhsulları gətirərək satır. Hadisə olmamışdan bir neçə həftə öncə bazara turşu məhsulları gətirmiş və turşunu sata bilmədiyi üçün həmin ərazidə olan çayxanada saxlamışdır. xx xxxxxx 2020-ci il tarixdə turşuların xarab olmamışı üçün bazara gəlmiş və bazar ərazisində kənar bir yerdə turşuları yerə sərərək havalandırmaq istəmişdir. Bu zaman sonradan adını bildiyi Fəridə adlı bir şəxs ona yaxınlaşaraq yer pulu istəmişdir. O, həmin qadının kim olduğunu və nə üçün pul istədiyini soruşmuşdur. Fəridə bazarın işçisi olduğunu bildirdikdə o, alver etmədiyini turşuların xarab olmaması üçün yerə sərdiyini və bir neçə dəqiqə sonra gedəcəyini bildirmişdir. Bu zaman Fəridə turşuları yerə dağıdaraq ondan bazar ərazisindən çıxmasını tələb etmişdir. O, turşuları əyilib yığmaq istəyərkən Fəridə onun saçından tutaraq arxası üstə yerə yıxmış və barmağından tutaraq burmuşdur. Bundan sonra oradan uzaqlaşmış və polis şöbəsinə gedərək şikayət etmişdir. O, aldığı xəsarətlərdən sonra müalicə almış və müalicə xərclərinə 500 (beş yüz) manat pul xərcləmişdir. Həmin pulu Şəxs tələb edir. Hazırda Fəridə ilə barışmamış və onu bağışlamamışdır. Odur ki, iş üzrə qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Məhkəmə-Tibbi Ekspertiza və X1 370 №-li, xx xxxxxxxx 2020-ci il tarixli ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində aşkar edilmiş xəsarət –sağ gicgah nahiyəsinin sıyrığı, sağ əlin İ barmağın qançırı küt əşya (alət) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən xx xxxxxx 2020-ci il tarixdə və şəraitdə törənməsi istisna edilmir, sağlamlığa zərər vurmayan xəsarətlərə aid olduğundan dərəcəsi təyin edilmir. İsmayıllı rayon Polis Şöbəsinin Təhqiqat Qrupunun təhqiqatçısı Qoşqar Aslanlının xx.xx.2020-ci il tarixli qərarından görünür ki, Şəxs əməlində cinayət tərkibi müəyyən edilmədiyi üçün barəsində cinayət işinin başlanması rədd edilmiş, qərarın surəti barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi üzrə inzibati tədbir görülməsindən ötrü şöbənin İctimai Təhlükəsizlik Bölməsinə göndərilmişdir. Məhkəmə araşdırması ilə müəyyən edildi ki, Şəxs xx xxxxxx 2020-ci il tarixdə saat 11:00 radələrində İsmayıllı şəhəri, “bazar” adlanan ərazidə Zərərçəkmiş şəxs ilə aralarında baş vermiş mübahisə zamanı sonuncunun baş barmağını tutaraq əzmiş və itələyərək yerə yıxıb onu qəsdən döymüşdür. Məhkəmə iş materiallarını nəzərdən keçirib tərəflərin izahatlarını dinləyərək qərara gəlir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir və o, həmin maddə ilə inzibati məsuliyyətə cəlb edilərək inzibati tənbeh edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən bu məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 30.2-ci maddəsinə əsasən hamilə qadınlar və ya himayəsində on dörd yaşınadək uşağı olan qadınlar, on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər, on səkkiz yaşına çatmayan şəxslər, birinci və ya ikinci dərəcə əlilliyi olan şəxslər, sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar, altmış yaşına çatmış qadınlar və altmış beş yaşına çatmış kişilər, habelə bu Məcəllənin 41-ci fəslində nəzərdə tutulmuş inzibati xətalar istisna olmaqla digər inzibati xətalara görə hərbi qulluqçular barəsində inzibati həbs tətbiq edilə bilməz. Həmin Məcəllənin 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən onun tərəfindən törədilmiş inzibati xətanın xarakterini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şəxsiyyətini, təqsirinin dərəcəsini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Şəxs tərəfindən törədilmiş inzibati xətada onun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar aşkar edilməmişdir. Məhkəmə Şəxs tərəfindən törədilmiş inzibati xətanın xarakterini, onun şəxsiyyətini, təqsirinin dərəcəsini, ahıl yaşda olmasını nəzərə alaraq barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin sanksiyasında nəzərdə tutulan cərimə tətbiq edilməsini, cərimənin 300 (üç yüz) manat miqdarında müəyyən edilməsini məqsədə müvafiq hesab edir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 25, 43, 106-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib 300 (üç yüz) manat məbləğində inzibati cərimə olunsun. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Rəfayel Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar