Məhkəmə qərarları › İş №3(037)-404/2021

İsmayıllı Rayon Məhkəməsi Qərar — İş №3(037)-404/2021

02.12.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR İsmayıllı rayonu İş № 3(037)-404/2021 02.12.2021 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov İlqar Vidayət oğlunun sədrliyi Qasımov Sənani Nazir oğlunun katibliyi, İsmayıllı rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs və vəkili Vəkil iştirakı ilə xx xxxxx 1984-cü il tarixdə İsmayıllı rayonu Qubaxəlilli kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşqul olan, İsmayıllı rayonu Qubaxəlilli kəndində qeydiyyatda olmaqla, Bakı şəhərində yaşayan fərdi identifikasiya nömrəsi xxxxxxx Şəxs barəsində İsmayıllı rayon İcra və Probasiya Şöbəsindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə daxil olmuş inzibati xəta haqqında materiala 02 dekabr 2021-ci il tarixdə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Qaradağ Rayon Məhkəməsinin 12 noyabr 2020-ci il tarixli 2(002)-4278/2017 saylı qətnaməsinə əsasən Şəxs 12 iyul 2017-ci il tarixdən başlayaraq 26 aprel 2007-ci il təvəllüdlü X3 və 20 oktyabr 2011-ci ildə doğulmuş X2 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər uşağa 137 (yüz otuz yeddi) manat olmaqla cəmi 274 (iki yüz yetmiş dörd) manat məbləğində aliment tutularaq Miriyeva (Abdullayeva) Sevinv Mirzəqulu qızına ödənilməsi qət edilmişdir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra iş üzrə icra sənədi icra edilməsi üçün İsmayıllı rayon İcra və Probasiya Şöbəsinə göndərilmişdir. Borclu həmin məhkəmə qətnaməsinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini qərəzli şəkildə yerinə yetirmədiyinə və tələbkara ödənilməli olan 2433 (iki min dörd yüz otuz üç) manat borcu ödənilməmiş qaldığına görə barəsində İsmayıllı rayon İcra və Probasiya Şöbəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə 02 dekabr 2021-ci il tarixli ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək həmin tarixdə baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilmişdir. İsmayıllı rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Emin Bağırov izahat verərək göstərdi ki, Şövqi Soltanov icra sənədi üzrə tələbin könüllü olaraq ödənilməsi barədə bildiriş göndərilmiş, lakin borclu icra sənədini vaxtında və tam icra etməmişdir. Məhkəmə qətnaməsinin icrasını təmin etmək məqsədi ilə icra məmuru tərəfindən “Elektron icra” informasiya sistemi vasitəsi ilə borclunun əmlak vəziyyəti yoxlanılmış, borclunun adına daşınmaz əmlaklar, avtomobil, banklarda əmanəti, qızıl-zinət əşyaları və ya tələbin yönəldilə biləcəyi pul vəsaiti və hər hansı başqa əmlakın olması müəyyən edilməmişdir. Borclu İsmayıllı rayon İcra və Probasiya Şöbəsinə dəvət edilsə də icra məmurunun çağırışlarına da gəlməmişdir. Bununla da borclu qanuni qüvvəyə minmiş məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməmiş və tələbkar Sevinc Miriyevaya (Abdullayeva) ödənilməli olan 2433 (iki min dörd yüz otuz üç) manat aliment borcu ödöməkdən qərəzli olaraq yayınmışdır. Qeyd etdikləri nəzərə alınmaqla iş üzrə qanuni qərar qəbul edilməsini xahiş edir. Zərərçəkmiş Abdullayeva (Miriyeva) Sevinc Mirzəqulu oğlu hazırki işə baxılmasına dair məhkəmə iclasına gəlməmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahat verərək göstərdi ki, bir neçə müddətdir ki heç yerdə işləyə bilməmişdir. Bu səbəbdən tələbkara aliment borcu yaranmışdır. 2021-ci il tarixdə məhkəmədə barəsində tərtib olunmuş inzibati xəta haqqında protokola baxılarkən borcunun 200 (iki yüz) manatdan ibarət hissəsini tələbkara ödəmiş və iş üzrə icraata xitam verilmişdir. Həmin vaxtdan sonra ümumilikdə rəsmi olaraq 130 (yüz otuz) manat tələbkara pul ödəmişdir. Lakin, qeyri rəsmi olaraq Zərərçəkmiş şəxs və uşaqlarına bir neçə dəfə müəyyən məbləğdə pul vermiş, yaşadıqları evin kommunal xərclərini ödəmişdir. Hazırda borcundan 300 (üç yüz) manatını tələbkara ödəmək istəyir. Ona dekabr ayının sonunadək vaxt verilərsə borcunu tam şəkildə ödəyəcəkdir. Qeyd etdikləri nəzərə alınmaqla iş üzrə qanuni qərar qəbul edilməsini xahiş edir. İsmayıllı Rayon Məhkəməsinin 06 aprel 2021-ci il tarixli 3(037)-62/2021 saylı qərarında görünür ki, Şəxs 722 (yeddi yüz iyirmi iki) manat aliment borcundan 200 (iki yüz) manatını Zərərçəkmiş şəxs (Miriyeva) ödədiyi üçün iş üzrə icraata xitam verilmişdir. İsmayıllı rayon İcra və Probasiya Şöbəsinin 02 dekabr 2021-ci il tarixli arayışında Şəxs icra vərəqəsi üzrə 2433 (iki min dörd yüz otuz üç) manat məbləğində aliment borcunu Abdullayeva (Miriyeva) Sevinc Mirzəqulu qızına ödəməkdən yayınması qeyd olunmuşdur. Məhkəmə araşdırma zamanı müəyyən edildi ki, 06 aprel 2021-ci il tarixdə məhkəmədə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə olan inzibati xəta haqqında materiala baxılarkən onun həmin tarixə 722 (yeddi yüz iyirmi iki) manat aliment borcu olması müəyyən edilmişdir. Şəxs iş məhkəmənin icraatında olarkən borcundan 200 (iki yüz) manatını Zərərçəkmiş şəxs ödəmiş və onun 522 (beş yüz iyirmi iki) manat aliment borcu qalmışdır. 2021-ci ilin dekabr ayınadək ötən 8 (səkkiz) ay ərzində hər ay 274 (iki yüz yetmiş dörd) manat olmaqla ümumilikdə 2192 (iki min yüz doxsan iki) manat aliment hesablanmışdır. Şəxs izahatında ötən müddət ərzində ümumilikdə Zərərçəkmiş şəxs 130 (yüz otuz) manat məbləğində ödəniş etdiyini bildirmişdir. Göründüyü kimi Şəxs 2021-ci il aprel ayında barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verildikdən sonra Zərərçəkmiş şəxs olan borcundan heç bir məbləğdə ödəniş etməmiş və ötən səkkiz ay müddətində təyin olunmuş aliment məbləğindən cəmi 130 (yüz otuz) manat ödəmişdir. Məhkəmə iclasında tədqiq edilmiş sənədlərlə və digər sübutlarla müəyyən edildi ki, Qaradağ Rayon Məhkəməsinin 12 noyabr 2020-ci il tarixli 2(002)- 4278/2017 saylı qətnaməsinə əsasən Şəxs 12 iyul 2017-ci il tarixdən başlayaraq 26 aprel 2007-ci il təvəllüdlü X3 və 20 oktyabr 2011-ci ildə doğulmuş X2 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər uşağa 137 (yüz otuz yeddi) manat olmaqla cəmi 274 (iki yüz yetmiş dörd) manat məbləğində aliment tutularaq Miriyeva (Abdullayeva) Sevinv Mirzəqulu qızına ödənilməsi qət edilmişdir. İcra vərəqəsi icra olunması üçün İsmayıllı rayon İcra və Probasiya Şöbəsinə göndərilmiş və icra məmuru tərəfindən icraata başlamaq haqında qərar qəbul edilərək tərəflərə göndərilmişdir. Məhkəmə qətnaməsinin icrasını təmin etmək məqsədi ilə icra məmuru tərəfindən “Elektron icra” informasiya sistemi vasitəsi ilə borclunun əmlak vəziyyəti yoxlanılmış, borclunun adına daşınmaz əmlaklar, avtomobil, banklarda əmanəti, qızıl-zinət əşyaları və ya tələbin yönəldilə biləcəyi pul vəsaiti və hər hansı başqa əmlakın olması müəyyən edilməmişdir. Zəruri icra tədbirləri həyata keçirilməsinə baxmayaraq hazırda Zərərçəkmiş şəxs ödənilməli olan 2433 (iki min dörd yüz otuz üç) manat aliment borcu ödənilməmiş qalmışdır. Bununla da, Şəxs qanuni qüvvəyə minmiş həmin məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini qərəzli şəkildə yerinə yetirməmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirib tərəflərin izahatlarını və vəkilin fikrini dinləyərək qərara gəlir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir və o həmin maddə ilə inzibati məsuliyyətə cəlb edilərək inzibati tənbeh edilməlidir. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən onun tərəfindən törədilmiş inzibati xətanın xarakterini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şəxsiyyətini, təqsirinin dərəcəsini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Şəxs tərəfindən törədilmiş inzibati xətada onun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar aşkar edilməmişdir. Məhkəmə Şəxs Neymət oğlu tərəfindən törədilmiş inzibati xətanın xarakterini, onun şəxsiyyətini və təqsirinin dərəcəsini nəzərə alaraq ona inzibati cərimə tətbiq edilməsinin işin faktiki hallarına uyğun olmadığı qənaətinə gəlir və barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati həbs tətbiq edilməsini, inzibati həbsin 08 (səkkiz) gün müddətində müəyyən edilməsini məqsədə müvafiq hesab edir. İnzibati həbsin əvvəli qərarın elan edildiyi vaxtdan – 02 dekabr 2021-ci il tarixdə saat 12:30-dan hesablanmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 30, 43, 106-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib 08 (səkkiz) gün müddətində inzibati həbs edilsin. İnzibati həbsin əvvəli qərarın elan edildiyi vaxtdan - 02 dekabr 2021-ci il tarixdən saat 12:30-dan hesablansın. Qərarın icrası İsmayıllı rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şəki Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim İlqar Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar