Məhkəmə qərarları › İş №3(037)-408/2020

İsmayıllı Rayon Məhkəməsi Qərardad — İş №3(037)-408/2020

01.12.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD İsmayıllı rayonu İş № 3(037)-408/2020 01.12.2020 İSMAYILLI RAYON MƏHKƏMƏSİ İsmayıllı Rayon Məhkəməsinin sədri Şirinov Rəfayel Səməd oğlu “xxxx” ASC barəsində Azərbaycan Respublikasının Maliyyə Nazirliyindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 462-ci maddəsi ilə daxil olmuş inzibati xəta haqqında materiala xx xxxxxx 2020-ci il tarixdə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında baxaraq müəyyən etdim: “xxxx” ASC barəsində Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin uçot siyasəti şöbəsinin müdiri X1 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 462-ci maddəsi ilə xx xxxxxx 2020-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilmişdir. Həmin protokolda qeyd edilmişdir ki, “xxxx” ASC-nin 2019-cu il üzrə maliyyə hesabatlarının auditor rəyi ilə birlikdə internet səhifəsində və ya mətbu orqanda dərc etməmişdir. İnzibati xəta haqqında protokol nəzərdən keçirilərkən müəyyən edildi ki, “xxxx” ASC barəsində məhkəməyə göndərilmiş inzibati xəta haqqında material qanunvericiliyin tələbinə uyğun tərtib olunmamışdır və məhkəməyə təqdim edilmiş materiallar natamam olmaqla işə baxılarkən tamamlamaq mümkün deyildir. Protokola heç bir sənəd əlavə edilməmiş və digər hər hansı araşdırma aparılmamışdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs “xxxx” ASC-nin nümayəndəsi inzibati protokolu imzalamamış, onun imza etməkdən imtina etməsi barədə hər hansı qeyd göstərilməmiş, həmçinin inzibati protokol onun iştirakı olmadan tərtib edilərək hüquq və vəzifələri izah edilməmiş və izahatı göstərilməmişdir. Həmçinin “xxxx” ASC-yə bildiriş göndərilsə də, həmin bildirişin çatması barədə iş materiallarına sənəd əlavə edilməmişdir. İş materiallarını nəzərdən keçirərək hesab edirəm ki, “xxxx” ASC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 4262-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokol Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə qaytarılmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 100.1-ci maddəsinə əsasən bu Məcəllənin 54-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, inzibati xətanın törədilməsi haqqında protokol tərtib edilir. İnzibati xəta haqqında protokolda aşağıdakılar göstərilir: 100.1.1. protokolun tərtib edildiyi tarix və yer; 100.1.2. protokolu tərtib etmiş şəxsin vəzifəsi, soyadı, adı, atasının adı; 100.1.3. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs haqqında məlumat; 100.1.4. inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti; 100.1.5. inzibati xətaya görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin müvafiq maddəsi; 100.1.6. olduğu halda, şahidlərin və zərər çəkmiş şəxslərin adı, atasının adı, soyadı və onların yaşadığı yerin ünvanı; 100.1.7. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatları; 100.1.8. inzibati xətanın aşkar edilməsində xüsusi texniki vasitələrdən istifadə olunmuşdursa, onların göstəriciləri, habelə istifadə olunmuş xüsusi texniki vasitənin tipi, markası, modeli, yerləşdiyi yer, ölçmə vasitəsinin son dəfə müqayisəli dövlət yoxlamasından keçdiyi vaxt (bunu təsdiq edən sənədin nömrəsi, tarixi) və növbəti yoxlamanın keçirilməli olduğu vaxt barədə məlumatlar; 100.1.9. inzibati xətanın törədilməsi nəticəsində şəxsin sağlamlığına yüngül zərər vurulmuşdursa və ya maddi zərər yetirilmişdirsə, bu hallar barədə qeydlər; 100.1.10. inzibati xəta haqqında iş üzrə icraat üçün zəruri olan digər məlumatlar. Həmin Məcəllənin 100.2-ci maddəsinə əsasən protokol tərtib edilərkən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə, habelə inzibati xəta haqqında iş üzrə icraatın digər iştirakçılarına bu Məcəllədə nəzərdə tutulmuş hüquqları və vəzifələri izah edilir və bu barədə protokolda müvafiq qeyd aparılır. Həmin Məcəllənin 100.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə inzibati xəta haqqında protokolun surəti verilir. İnzibati xəta haqqında iş üzrə zərər çəkmiş şəxsin də inzibati xəta haqqında protokolun surətini almaq hüququ vardır. Həmin Məcəllənin 109.1.6-cı maddəsinə əsasən protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edilir. Qeyd olunan əsaslara görə məhkəmə hesab edir ki, “xxxx” ASC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 462-ci maddəsi ilə tərtib edilərək məhkəməyə göndərilmiş inzibati xəta haqqında material qanunvericiliyin tələbinə uyğun tərtib olunmadığından, məhkəməyə təqdim edilmiş materiallar natamam olmaqla işə baxılarkən tamamlamaq mümkün olmadığından inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlərin onu tərtib etmiş orqana qaytarılması barədə qərardad qəbul edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109, 118-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara a l d ı m: “xxxx” ASC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 462-ci maddəsi ilə tərtib edilmiş və məhkəməyə göndərilmiş inzibati xəta haqqında material Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə qaytarılsın. Sədrlik edən Rəfayel Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar