Məhkəmə qərarları › İş №3(037)-416/2020

İsmayıllı Rayon Məhkəməsi Qərar — İş №3(037)-416/2020

17.12.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR İsmayıllı rayonu İş № 3(037)-416/2020 17.12.2020 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Şirinov Rəfayel Səməd oğlunun sədrliyi Qasımov Sənani Nazir oğlunun katibliyi, İsmayıllı rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx xxxxxx 1996-cı il tarixdə İsmayıllı rayonu Vaşa kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, İsmayıllı şəhəri, R.Hacıyev küçəsi, ev 13-də yaşayan, fərdi identifikasiya nömrəsi xxxxxxx Şəxs barəsində İsmayıllı rayon İcra və Probasiya Şöbəsindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə daxil olmuş inzibati xəta haqqında materiala xx xxxxxx 2020-ci il tarixdə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli 2(002)- 1513/2019 saylı qətnaməsinə əsasən cavabdehlər Məmmədov pərviz Tələt oğlu və Şəxs müştərək qaydada 5944 (beş min doqquz yüz qırx dörd) manat 0.60 qəpik məbləğində borc və 30 manat məbləğində dövlət rüsumu və 0,40 qəpik məbləğində bank xidməti haqqı tutularaq iddiaçı iddiaçı “xxxx” ASC-yə ödənilməsi qət edilmişdir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra iş üzrə icra sənədi icra edilməsi üçün İsmayıllı rayon İcra və Probasiya Şöbəsinə göndərilmişdir. Borclu həmin məhkəmə qətnaməsinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini qərəzli şəkildə yerinə yetirmədiyinə və tələbkar xxxx” ASC-yə ödənilməli olan cəmi 5975 (beş min doqquz yüz yetmiş beş) manat borcu ödənilməmiş qaldığına görə barəsində İsmayıllı rayon İcra və Probasiya Şöbəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə xx xxxxxx 2020-ci il tarixli ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək həmin tarixdə baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilmişdir. İcra məmuru Emin Bağırov izahat verərək göstərdi ki, Şəxs qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinə dair icra sənədi üzrə tələbin könüllü olaraq ödənilməsi barədə bildiriş göndərilmiş, lakin borclu icra sənədini vaxtında və tam icra etməmişdir. İcra sənədi İcra Şöbəsinin icraatında olduğu müddət ərzində müvafiq orqanlara sorğular göndərilmiş, lakin borcluya məxsus tələbin ödənilə biləcəyi pul vəsaiti və digər qiymətli əşyalar aşkar edilməmişdir. Borclu İsmayıllı rayon İcra və Probasiya Şöbəsinə dəvət edilsə də icra məmurunun çağırışlarına da gəlməmişdir. Borclunun yerini müəyyən etmək mümkün olmamış, bu səbəbdən də onun barəsində axtarış elan edilmişdir. Həmin qərar əsasında borclu polis əməkdaşları vasitəsilə xx xxxxxx 2020-ci il tarixdə İcra və Probasiya Şöbəsinə gətirilmişdir. Borclu qanuni qüvvəyə minmiş məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir və onun hazırda tələbkar “xxxx” ASC-yə ödənilməli olan cəmi 5975 (beş min doqquz yüz yetmiş beş) manat borcu vardır. Borclu izahatında tələbkara olan borcundan 100 (yüz) manatını ödəməsini bildirsə də ödəniş barədə qəbzi təqdim edə bilməmişdir. Borclu qanuni qüvvəyə minmiş məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə onun inzibati qaydada tənbeh edilməsini xahiş edir. Zərərçəkmiş “xxxx” ASC-nin nümayəndəsi hazırki işə baxılmasına dair məhkəmə iclasına gəlməmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahat verərək göstərdi ki, İsmayıllı rayonunda qeydiyyatda olsa da hazırda Bakı şəhərində yaşayır. Bir ilə yaxındır ki heç yerdə işləmir. Buna görə də, borcundan mütəmadi olaraq ödəniş edə bilməmişdir. Yalnız 100 (yüz) manat məbləğində tələbkara olan borcundan ödəniş etmişdir. xx xxxxxx 2020-ci il tarixdə Bakı şəhərində yerləşən “Araz” market adlı satış mağazasında işə qəbul olmuş və bu gündən etibarən işə başlamalı idi. Qeyd etdikləri nəzərə alınmaqla iş üzrə qanuni qərar qəbul edilməsini xahiş edir. İsmayıllı rayon İcra və Probasiya Şöbəsinin icra məmuru tərəfindən tərtib olunmuş xx xxxxxx 2020-ci il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs tələbkar “xxxx” ASC-yə ödənilməli olan 5975 (beş min doqquz yüz yetmiş beş) manat borcu ödəməkdən yayınmışdır. Məhkəmə iclasında tədqiq edilmiş sənədlərlə və digər sübutlarla müəyyən edildi ki, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli 2(002)- 1513/2019 saylı qətnaməsinə əsasən cavabdehlər Məmmədov pərviz Tələt oğlu və Şəxs müştərək qaydada 5944 (beş min doqquz yüz qırx dörd) manat 0.60 qəpik məbləğində borc və 30 manat məbləğində dövlət rüsumu və 0,40 qəpik məbləğində bank xidməti haqqı tutularaq iddiaçı “xxxx” ASC-yə ödənilməsi qət edilmişdir. İcra vərəqəsi icra olunması üçün İsmayıllı rayon İcra və Probasiya Şöbəsinə göndərilmiş və icra məmuru tərəfindən icraata başlamaq haqında qərar qəbul edilərək tərəflərə göndərilmişdir. Qətnamənin icrasını təmin etmək məqsədi ilə icra məmuru tərəfindən “Elektron icra” informasiya sistemi vasitəsi ilə borclunun əmlak vəziyyəti yoxlanılmışdır. İcra sənədi İcra Şöbəsinin icraatında olduğu müddət ərzində borclunun əmlak vəziyyətini yoxlamaq üçün müvafiq orqanlara sorğular göndərilmiş, borclunun adına daşınmaz əmlaklar, avtomobil, banklarda əmanəti, qızıl-zinət əşyaları və ya tələbin yönəldilə biləcəyi pul vəsaiti və hər hansı başqa əmlakın olması müəyyən edilməmişdir. Borclu icra məmurunun çağırışlarına gəlmədiyi üçün barəsində axtarış qərarı elan edilmiş və xx xxxxxx 2020-ci il tarixdə polis əməkdaşı vasitəsi ilə İsmayıllı rayon İcra və Probasiya şöbəsinə gətirilmişdir. Zəruri icra tədbirləri həyata keçirilməsinə baxmayaraq hazırda “xxxx” ASC-yə ödənilməli olan cəmi 5975 (beş min doqquz yüz yetmiş beş) manat borc ödənilməmiş qalmışdır. Bununla da Şəxs qanuni qüvvəyə minmiş həmin məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini qərəzli şəkildə yerinə yetirməmişdir. Məhkəmə şərh olunanlara əsasən qərara gəlir ki, borclu Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir və o həmin maddə ilə inzibati məsuliyyətə cəlb edilərək inzibati tənbeh edilməlidir. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən onun tərəfindən törədilmiş inzibati xətanın xarakterini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şəxsiyyətini, təqsirinin dərəcəsini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Şəxs tərəfindən törədilmiş inzibati xətada onun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar aşkar edilməmişdir. Məhkəmə Şəxs tərəfindən törədilmiş inzibati xətanın xarakterini, onun şəxsiyyətini və təqsirinin dərəcəsini, habelə ona inzibati cərimə tətbiq edilməsinin işin faktiki hallarına uyğun olmadığı qənaətinə gəlir və barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati həbs tətbiq edilməsini, inzibati həbsin 08 (səkkiz) gün müddətində müəyyən edilməsini məqsədə müvafiq hesab edir. İnzibati həbsin əvvəli qərarın elan edildiyi vaxtdan – xx xxxxxx 2020-ci il tarixdə saat 12:35-dən hesablanmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 30, 43, 106-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib 08 (səkkiz) gün müddətində inzibati həbs edilsin. İnzibati həbsin əvvəli qərarın elan edildiyi vaxtdan - xx xxxxxx 2020-ci il tarixdən saat 12:35-dən hesablansın. İnzibati həbs müddəti xx xxxxxx 2020-ci il tarixdə saat 12:35-də başa çatmış hesab edilsin. Qərarın icrası İsmayıllı rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şəki Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Rəfayel Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar