Məhkəmə qərarları › İş №3(037)-42/2022

İsmayıllı Rayon Məhkəməsi Qərar — İş №3(037)-42/2022

13.01.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR İsmayıllı rayonu İş № 3(037)-42/2022 13.01.2022 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Şirinov Rəfayel Səməd oğlunun sədrliyi Qasımov Sənani Nazir oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş İsmayıllı rayon X7 Təhlükəsizlik Bölməsinin polis sahə rəisi X2, Barəsində inzibati xəta haqında iş üzrə icraat aparılan Şəxs iştirakı ilə xx xxxxxx 1984-cü il tarixdə İsmayıllı şəhərində anadan olmuş, İsmayıllı şəhəri, M.İbrahimov küçəsi, ev 14-də yaşayan, evli, orta təhsili, işləməyən, fərdi identifikasiya nömrəsi xxxxxxx Şəxs barəsində İsmayıllı rayon Polis Şöbəsindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə daxil olmuş inzibati xəta haqqında materiala 13 yanvar 2022-ci il tarixdə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Şəxs 12 yanvar 2022-ci il tarixdə saat 21:30 radələrində İsmayıllı şəhəri “kəpənək” dairəsi adlanan ərazidə xidməti vəzifəsini yerinə yetirən polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmaması faktı üzrə barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokol tərtib etmiş İsmayıllı rayon X7 Təhlükəsizlik Bölməsinin polis sahə rəisi X4 izahatında göstərdi ki, İsmayıllı şəhər sakinləri Şəxs və Pərviz Kərəmovun 12 yanvar 2022-ci il tarixdə saat 21:30 radələrində İsmayıllı şəhəri “kəpənək” dairəsi adlanan ərazidə bir-biri ilə mübahisə edərək ucadan nalayiq ifadələr işlətməsi barədə məlumat daxil olmuşdur. Həmin əraziyə polis əməkdaşları getmiş və hər iki şəxsin mübahisə edərək uca səslə nalayiq ifadələr işlətdiyinə şahid olmuşlar. Polis əməkdaşları həmin şəxsləri nizam-intizama dəvət etsələr də, onlar polisin qanuni tələblərinə tabe olmamış və polis əməkdaşlarına qarşı da nalayiq ifadələr işlətmişdir. Həmin şəxslər rayon polis şöbəsinə dəvət olunmuş və polis şöbəsində olarkən yenə öz qanunsuz əməllərinə davam etmişlər. Araşdırma zamanı həmin şəxslərin sərxoş vəziyyətdə olmaları müəyyən olunmuşdur. Qeyd etdikləri nəzərə alınmaqla iş üzrə qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahat verərək göstərdi ki, 12 yanvar 2022-ci il tarixdə əmisi oğlu Pərviz və digər dostları ilə birlikdə İsmayıllı şəhəri “kəpənək” dairəsi adlanan ərazidə yerləşən yeməkxanaların birində yemək yeyərkən spirtli içki qəbul etmişlər. Sonra Pərvizlə birlikdə yeməkxanadan çıxaraq yaşadığı evə getmək istəmişlər. Yolda aralarında mübahisə yaranmış və mübahisə zamanı yüksək səslə danışmışlar. Bu zaman polis əməkdaşları onlara yaxınlaşmış və onları sakit tərzdə yaşadıqları evə getmələrini tələb etmişlər. O, həmin vaxt sərxoş vəziyyətdə olduğundan öz hərəkətlərini idarə edə bilməmiş və polis əməkdaşlarına qarşı nalayiq ifadələr işlətmişdir. Sonra əraziyə digər polis əməkdaşları da gəlmişdir. Polis əməkdaşları onları rayon polis şöbəsinə dəvət etdikdə o, şöbəyə getməkdən imtina etmiş və tabesizlik göstərmişdir. Sonradan polis şöbəsinə gəlmiş və barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Polis əməkdaşları ona qarşı heç bir zor tətbiq etməmişdir. Qeyd etdikləri nəzərə alınmaqla iş üzrə qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş edir. İş üzrə şahid qismində izahat verən İsmayıllı rayon X10-patrul xidməti bölüyünün bölük komandiri polis mayoru X3 izahatında göstərdi ki, 12 yanvar 2022-ci il tarixdə saat 21:30 radələrində İsmayıllı şəhəri “kəpənək” dairəsi adlanan ərazidə xidmətdə olarkən, iki nəfər şəxsin mübahisə etdiyini görmüşdür. Həmin şəxslərə yaxınlaşaraq özünü təqdim etmiş və onları nizam-intizama dəvət edərək sərxoş vəziyyətdə olduqları üçün yaşadıqları evə getmələrini təklif etmişdir. Həmin şəxslər sonradan şəxsiyyətləri məlum olan Şəxs və Pərviz Kərəmov heç yerə getməyəcəklərini bildirirək uca səslə ona qarşı nalayiq ifadələr işlətmişdir. O, əraziyə digər polis əməkdaşlarını dəvət etmiş və yenidən həmin şəxsləri nizam-intizama dəvət etmişdir. Yenidən həmin şəxslər öz qanunsuz hərəkətlərini davam etdirmişlər. Həmin şəxslərin islah oluna bilməyəcəyini görüb onları rayon polis şöbəsinə dəvət etsələr də, polis şöbəsinə də getməkdən imtina edərək polisin qanuni tələblərinə tabe olmamışlar. Bir qədər sonra həmin şəxslərin polis şöbəsinə gətirilməsi mümkün olmuşdur. İş üzrə şahid qismində izahat verən İsmayıllı rayon X10-patrul xidmətinin polis nəfəri X5 və X6 da şahid X1 izahatının məzmununa uyğun izahat verərək onun göstərdiyi xüsusatları təsdiq etdiyini bildirdi. 12 yanvar 2022-ci il tarixli 20 nömrəli tibbi müayinə aktından müəyyən edilir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs 12 yanvar 2022-ci il tarixdə saat 23:20-də tibbi müayinədən keçirilərkən onun orta dərəcəli alkoqol sərxoşluğu vəziyyətində olması müəyyən edilmişdir. 12 yanvar 2022-ci il tarixli inzibati qaydada tutma protokolundan müəyyən edilir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs 12 yanvar 2022ci il tarixdə saat 22:10-da inzibati qaydada tutulmuşdur. Məhkəmə araşdırması ilə müəyyən edildi ki, Şəxs 12 yanvar 2022-ci il tarixdə saat 21:30 radələrində İsmayıllı şəhəri “kəpənək” dairəsi adlanan ərazidə xidməti vəzifəsini yerinə yetirən polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə iş materiallarına əlavə edilmiş sənədləri nəzərdən keçirib tərəflərin və şahidlərin izahatlarını dinləyərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir və o, həmin maddə ilə inzibati məsuliyyətə cəlb edilərək inzibati tənbeh edilməlidir. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən onun tərəfindən törədilmiş inzibati xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, təqsirinin dərəcəsini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Şəxs tərəfindən törədilmiş inzibati xətada onun məsuliyyətini yüngülləşdirən hal aşkar edilməmişdir. Məhkəmə Şəxs inzibati xətanı sərxoş vəziyyətdə törətməsini məsuliyyəti ağırlaşdıran hallar kimi nəzərə alır. Məhkəmə Şəxs tərəfindən törədilmiş inzibati xətanın xarakterini, onun şəxsiyyətini, təqsirinin dərəcəsini, məsuliyyəti ağırlaşdıran halı nəzərə alaraq ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan inzibati cərimə tətbiq edilməsinin işin faktiki hallarına uyğun olmadığı qənaətinə gələrək barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati həbs tətbiq edilməsini, inzibati həbsin 20 (iyirmi) gün müddətində müəyyən edilməsini məqsədə müvafiq hesab edir. İnzibati həbsin əvvəli inzibati qaydada tutulduğu andan 12 yanvar 2022-ci il tarixdən saat 22:10-dan hesablanmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 30, 43, 106-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinib 20 (iyirmi) gün müddətində inzibati həbs edilsin. İnzibati həbsin əvvəli inzibati qaydada tutulduğu andan 12 yanvar 2022-ci il tarixdən saat 22:10-dan hesablansın. Qərarın icrası İsmayıllı rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şəki Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Rəfayel Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar