Məhkəmə qərarları › İş №3(037)-421/2022

İsmayıllı Rayon Məhkəməsi Qərar — İş №3(037)-421/2022

20.10.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR İsmayıllı rayonu İş № 3(037)-421/2022 20.10.2022 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Şirinov Rəfayel Səməd oğlunun sədrliyi, Qasımov Sənani Nazir oğlunun katibliyi, İnzibati tənbeh vermə haqqında qərardan şikayət verən şəxs X1 iştirakı ilə X1 Bakı şəhəri Baş Polis İdarəsinin X7 İdarəsinin xx.xx.2022-ci il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayətə İsmayıllı Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən e t d i: X2 məhkəməyə müraciət edərək Bakı şəhəri Baş Polis İdarəsinin X7 İdarəsinin xx.xx.2022-ci il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İnzibati tənbeh vermə haqqında qərardan şikayət verən Toğrul İbrahimli məhkəmə iclasında şikayətin məzmununa uyğun izahat verərək göstərdi ki, o, “Opel Astra” markalı ** SM *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edir. 02 sentyabr 2022-ci il tarixdə idarə etdiyi avtomobillə Bakı şəhəri, Babək prospektində hərəkətdə olarkən yol patrul xidməti əməkdaşları tərəfindən saxlanılmış və barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.2.4-cü maddəsi ilə protokol tərtib olunmuşdur. 15 sentyabr 2022-ci il tarixdə həmin protokol əsasında barəsində inzibati tənbeh tətbiq edilməsi haqqında qərar qəbul edilmişdir. Həmin qərarda onun nəqliyyat vasitəsinin ban şüşələrinə qanunla tətbiqinə icazə verilməyən örtüklərin çəkilməsi qeyd edilmişdir. O, tərtib olunmuş protokolu və həmin protokol əsasında qəbul edilmiş qərarı qanunsuz və əsassız hesab edir. “X4” Azərbaycan Respublikası Qanununun 1 saylı Əlavəsində sürücünün görünüş dairəsini məhdudlaşdıran, şüşənin şəfaflığını korlayan hər hansı formada və ölçüdə örtüklər çəkilməsi nəqliyyat vasitəsinin istismarının qadağan edilməsinə əsas olan nasazlıqlar kimi müəyyən edilmişdir. Bu qanunun tələblərinə əsasən işıq buraxma qabiliyyəti dövlət standartının tələblərinə uyğun olan, yalnız sənaye üsulu ilə hazırlanan rəngli şüşələrin tətbiqinə icazə verilir. Həmçinin Azərbaycan Respublikası Sandartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Agentliyinin AZS ***-**** saylı standartına əsasən minik avtomobillərində sürücü üçün görünüşü təmin edən şüşəsinin işıqburaxma qabiliyyəti küləyə qarşı şüşələr üçün - 75 %, küləyə qarşı olmayan digər şüşələr üçün - 70 % olmalıdır. Avtomobillərin arxa şüşəsinin işıqburaxma qabiliyyəti isə sürücünün salondan arxa görüşünü təmin etmək şərti ilə normallaşdırılmır. Çünki, “X4 Azərbaycan Respublikası Qanununa 1 saylı Əlavənin tələblərinə müvafiq hər iki tərəfdə arxanı göstərən xarici güzgülər olduqda minik avtomobillərinin yalnız arxa şüşələririnə örtük (pərdə və plyonka) çəkməyə və ya sənaye üsulu ilə hazırlanan jalüz asmağa yol verilir. Avtonəqliyyat vasitələrinin işıqburaxma həddi müəyyən edilmiş şüşələrinə örtüklərin (pərdə və plyonkaların) çəkilməsi qadağandır. X5 Nazirliyinin rəsmi saytında yerləşdirilən müraciətində qeyd edilir ki, Azərbaycan Respublikasının iqlim şəraitini nəzərə alaraq hər il 1 may tarixindən 15 noyabr tarixinədək həmin şüşələrdə sənaye üsulu ilə hazırlanan jalyüzlərin istifadəsinə icazə verilir. Belə çıxır ki, əslində mən bu inzibati xətanı törətməmiş və bu halda qeyd edilən inzibati xətanı törətmək ümumiyyətlə mümkün deyil. Həmçinin Azərbaycan Respublikasının qəbul etdiyi Avropa İqtisadi Komissiyasının 42 saylı qaydasında da qeyd olunub ki, sürücünün kürəyindən arxada qalan şüşələrin şəffaflığı onun öz öhdəliyinə buraxılır. İXM-nin tələblərinə əsasən inzibati cərimə İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş hallarda hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən təyin edilən və təqsirkar şəxsdən dövlətin xeyrinə məcburi tutulan pul məbləğidir. Lakin bunun üçün ilk öncə təqsirim sübut olunmalıdır. Çünki AR İXM-nin tələblərinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu İXM-i ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. Həmçinin AR İXM-nin tələblərinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Ona görə də Bakı şəhəri Baş Polis İdarəsinin X7 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Bakı şəhəri Baş Polis İdarəsinin X7 İdarəsinə məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada dəfələrlə xəbərdar edilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclaslarına gəlməmiş və tələb olunan sənədləri məhkəməyə təqdim etməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 112.1.4-cü maddəsinə əsasən işə Bakı şəhəri Baş Polis İdarəsinin X7 İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını qərara almışdır. Bakı şəhəri Baş Polis İdarəsinin X7 İdarəsinin polis mayoru X2 tərəfindən qəbul olunmuş xx.xx.2022-ci il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarında X1 “Opel Astra” markalı ** SM *** dövlət qeydiyyat nişanlı avtomobildə xx.xx.2022-ci il tarixdə Bakı şəhəri, Babək prospektində nəqliyyat vasitəsinin ban şüşələrinə qanunla tətbiqinə icazə verilməyən örtüklərin çəkilməsi, bununla da Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.2.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətdiyi və həmin maddə ilə inzibati məsuliyyətə cəlb edilərək 150 (yüz əlli) manat miqdarında inzibati cərimə edildiyi qeyd edilmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirərək və X1 izahatını dinləyərək hesab edir ki, şikayət qismən təmin edilməli Bakı Şəhər Baş Polis İdarəsinin X6 İdarəsinin xx.xx.2022-ci il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və iş baxılması üçün yenidən Bakı şəhər Baş Polis İdarəsinin X6 İdarəsinə göndərilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.2.4-cü maddəsinə əsasən nəqliyyat vasitəsinin ban şüşələrinə qanunla tətbiqinə icazə verilməyən örtüklərin çəkilməsinə görə yüz əlli manat məbləğində cərimə edilir. X2 hazırki şikayətində və məhkəmə iclasında verdiyi izahatında Bakı şəhəri Baş Polis İdarəsinin X7 İdarəsinin xx.xx.2022-ci il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından narazı olduğunu qeyd etmiş, öz narazılığının səbəbini nəqliyyat vasitəsinin ban şüşələrində qanunla tətbiqinə icazə verilməyən örtüklərin olmadığını və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.2.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətmədiyi ilə əsaslandırmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 81.2-ci maddəsinə əsasən yol hərəkəti qaydaları və yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi qaydaları əleyhinə olan inzibati xətaların aşkarlanmasında istifadə olunan, foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələr müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminə inteqrasiya olunmalıdır. Həmin Məcəllənin 81.3-cü maddəsinə əsasən xüsusi texniki vasitələrin göstəriciləri inzibati xəta haqqında iş üzrə protokolda (inzibati xəta haqqında iş üzrə qərarda) qeyd edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Qeyd olunan hüquq normalarının məzmunundan da göründüyü kimi inzibati məsuliyyətə cəlb olunmuş şəxs qanunvericiliyin tələblərinə əsasən öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Şəxsin yol hərəkəti qaydalarının pozulması ilə bağlı hər hansı inzibati xətanı törətdiyini sübut etmək vəzifəsi Yol Patrul Xidməti əməkdaşının üzərinə düşür. Bundan başqa, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Eyni zamanda, şəxsin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulan inzibati xətanı törətməsi hər hansı bir formada sübut edilməlidir. Bakı şəhəri Baş Polis İdarəsinin X7 İdarəsi tərəfindən isə xx.xx.2022-ci il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının qanuni və əsaslı olması ilə bağlı məhkəməyə hər hansı sübut təqdim edilməmişdir. İşin baxılması vaxtı və yeri barədə Bakı şəhəri Baş Polis İdarəsinin X7 İdarəsinə rəsmi məlumat verilsə də idarə nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş, yol hərəkəti qaydasını pozmasını təsdiq edən patrul avtomobilində quraşdırılmış xüsusi texniki vasitələrlə qeydə alınmış sübutlar məhkəməyə göndərilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, X2 barəsində qəbul edilmiş xx.xx.2022-ci il tarixli TP ******* inzibati tənbeh vermə haqqında qərar bütün sübutlara istinad edilmədən və qiymət verilmədən qəbul edilmiş, həmçinin X1 həmin qərarla İnzibati Xətalar Məcəlləsinin 342.2.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi tam araşdırılmamış və qərar qəbul edilərkən səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamış və inzibati xəta haqqında qanunvericiliyin tələbləri inzibati xəta haqqında işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1.6-cı maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Məhkəmə qeyd olunan hüquq normasının tələblərini rəhbər tutaraq və tədqiq olunmuş mümkün və mötəbər sübutlara tam, hərtərəfli və məcmu halında qiymət verərək qərara gəlir ki, Bakı şəhəri Baş Polis İdarəsinin X7 İdarəsi X1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.2.4-cü maddəsində nəzərdə tutulan inzibati xəta hadisəsini törətməsini təsdiq edəcək sübutları təqdim etmədiyindən və onun inzibati xəta hadisəsini törətməsi iş materialları ilə sübuta yetirilmədiyindən X1 şikayəti qismən təmin edilməli, Bakı şəhər X6 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli TP ******* inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və iş yenidən baxılması üçün həmin səlahiyyətli orqana (vəzifəli şəxsə) qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133-135-ci maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: X1 şikayəti qismən təmin edilsin. X1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.2.4-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Bakı şəhəri Baş Polis İdarəsinin X7 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli TP 5259301nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və iş yenidən baxılması üçün həmin səlahiyyətli orqana (vəzifəli şəxsə) qaytarılsın.. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində İsmayıllı rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayət verilə bilər. Sədrlik edən Rəfayel Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar