Məhkəmə qərarları › İş №3(037)-435/2021

İsmayıllı Rayon Məhkəməsi Qərar — İş №3(037)-435/2021

16.12.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR İsmayıllı rayonu İş № 3(037)-435/2021 16.12.2021 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Şirinov Rəfayel Səməd oğlunun sədrliyi Qasımov Xalid Məhərrəm oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş İsmayıllı rayon X4 X5 inspektoru X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakı ilə xx xxxxxx 1968-ci il tarixdə İsmayıllı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, İsmayıllı şəhəri, Cavanşir küçəsi, ev 1-də yaşayan, fərdi identifikasiya nömrəsi xxxxxxx Şəxs barəsində İsmayıllı rayon Polis Şöbəsindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334.3-cü maddəsi ilə daxil olmuş inzibati xəta haqqında materiala 16 dekabr 2021-ci il tarixdə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Şəxs 15 dekabr 2021-ci il tarixdə “QAZ-2410” markalı ** FP *** dövlət qeydiyyat nömrəli minik avtomobilini nəqliyyat vasitəsini idarə etmə hüququ olmadan və sərxoş vəziyyətdə idarə etməsi, həmin avtomobili İsmayıllı şəhəri Cavanşir küçəsində idarə edərkən İsmayıllı rayon Polis Şöbəsinin xidməti avtomobili olan “Chevrolet Niva” markalı ** PK *** dövlət qeydiyyat nömrəli minik avtomobilinə vurması, nəticədə “Chevrolet Niva” markalı ** PK *** dövlət qeydiyyat nömrəli minik avtomobilə maddi zərər dəyməsi faktı üzrə Şəxs barəsində İsmayıllı rayon Polis Şöbəsinin Dövlət X5 əməkdaşı tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334.3-cü maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokol baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilmişdir. Nurlan Binyətov barəsində inzibati xəta haqqında protokol tərtib etmiş İsmayıllı rayon X4 X5 inspektoru İsmayıl Məmmədov izahatında göstərdi ki, 15 dekabr 2021-ci il tarixdə saat 22:30 radələrində İsmayıllı şəhəri, Cavanşir küçəsində xidmətdə olarkən “QAZ-2410” markalı ** FP *** dövlət qeydiyyat nömrəli minik avtomobilin sürücüsü hərəkətini svetoforun qırmızı işığında davam etdirdiyi üçün ona saxla işarəsi vermişdir. Sürücü avtomobili saxlamamış və hərəkətini davam etdirmişdir. Bir qədər sonra sürücü avtomobili saxlamış və ona yaxınlaşaraq özünü təqdim etmək istəmişdir. Bu zaman sürücü sonradan şəxsiyyəti məlum olan Şəxs avtomobili arxaya hərəkət etmək istəyərkən İsmayıllı rayon X6 Patrul Xidmətinin avtomobilinə vurmuşdur. Araşdırma zamanı məlum olmuşdur ki, Şəxs avtomobili sürücülük hüququ olmadan və sərxoş vəziyyətdə idarə etmişdir. Ona görə də, Şəxs barəsində protokol tərtib edərək baxılması üçün məhkəməyə göndərilmişdir. Şəxs avtomobilə dəymiş maddi ziyanı ödəmişdir. İş üzrə qanuni qərar qəbul edilməsini xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında izahat verərək göstərdi ki, 15 dekabr 2021-ci il tarixdə idarə etdiyi “QAZ-2410” markalı ** FP *** dövlət qeydiyyat nömrəli minik avtomobili ilə Cavanşir küçəsində hərəkətdə olarkən yol patrul xidməti əməkdaşı ona saxla işarəsi vermişdir. O, həmin gün spirtli içki qəbul etdiyindən avtomobili saxlamamış və bir qədər hərəkətini davam etdirmişdir. Lakin sonradan avtomobili saxlamış və polis əməkdaşı oraya gəlmişdir. O, həmin vaxt avtomobilini arxaya vermək istəyərkən, arxada olan post patrul xidmətinin avtomobilinə vurmuşdur. Hadisə nəticəsində xəsarət alan olmasa da, hər iki vtomobilə maddi ziyan dəymişdir. İsmayıllı rayon Polis Şöbəsinin xidməti avtomobilinə dəymiş maddi ziyanı tam şəkildə ödəmişdir. Avtomobili nəqliyyat vasitəsini idarə etmə hüququ olmadan və sərxoş vəziyyətdə idarə etdiyinə görə səmimi peşmançılıq hissləri keçirir və gələcəkdə bir daha belə hərəkətlərə yol verməyəcəkdir. Qeyd etdikləri nəzərə alınmaqla ona qanun çərçivəsində güzəşt edilməsini məhkəmədən xahiş edir. Zərərçəkmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Maddi-Texniki Təminat Baş İdarəsinin nümayəndəsi hazırki işə baxılmasına dair məhkəmə iclasına gəlməmişdir. 05 dekabr 2021-ci il tarixli 555 saylı spirtli içki qəbul edən şəxslərin sərxoşluq dərəcəsinin tibbi müayinə aktından müəyyən edilir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs 16 dekabr 2021-ci il tarixdə saat 00:20-də tibbi müayinədən keçirilərkən onun orta dərəcəli sərxoşluğu vəziyyətində olduğu müəyyən edilmişdir. “X3 Servis Mərkəzi”-nin 063 saylı, 16 dekabr 2021-ci il tarixli arayışında “Chevrolet Niva” markalı ** PK *** dövlət qeydiyyat nişanlı avtomobilə 967 (doqquz yüz altmış yeddi) manat miqdarında maddi zərər dəydiyi qeyd edilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edildi ki, Şəxs 15 dekabr 2021-ci il tarixdə saat 23:00 radələrində “QAZ-2410” markalı ** FP *** dövlət qeydiyyat nömrəli minik avtomobilini nəqliyyat vasitəsini idarə etmə hüququ olmadan və sərxoş vəziyyətdə idarə etmiş, idarə etdiyi avtomobili İsmayıllı şəhəri, Cavanşir küçəsində İsmayıllı rayon Polis Şöbəsinin xidməti avtomobili olan “Chevrolet Niva” markalı ** PK *** dövlət qeydiyyat nömrəli minik avtomobilinə vurmuş və həmin avtomobilə maddi ziyan dəymişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirib tərəflərin izahatlarını dinləyərək qərara gəlir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir və o, həmin maddə ilə inzibati məsuliyyətə cəlb edilərək inzibati tənbeh edilməlidir. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən onun tərəfindən törədilmiş inzibati xətanın xarakterini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şəxsiyyətini, təqsirinin dərəcəsini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Şəxs əməlindən səmimi peşmançılığını məsuliyyəti yüngülləşdirən hallar kimi nəzərə alır. Şəxs tərəfindən törədilmiş inzibati xətada onun məsuliyyətini ağırlaşdıran hallar aşkar edilməmişdir. Məhkəmə Şəxs tərəfindən törədilmiş inzibati xətanın xarakterini, onun şəxsiyyətini, təqsirinin dərəcəsini, habelə məsuliyyəti yüngülləşdirən halları nəzərə alaraq barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334.3-cü maddəsində nəzərdə tutulan 800 (səkkiz yüz) manat miqdarında inzibati cərimə tətbiq etməyi məqsədə müvafiq hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 25, 32, 40, 43, 106-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334.3-cü maddəsi ilə təqsirli bilinib 800 (səkkiz yüz) manat miqdarında inzibati cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Rəfayel Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar