Azərbaycan Respublikası adından QƏRAR İsmayıllı rayonu İş № 3(037)-441/2025 26.12.2025 İSMAYILLI RAYON MƏHKƏMƏSİ İsmayıllı Rayon Məhkəməsinin hakimi Hüseynov İlqar Vidayət oğlunun sədrliyi, Qasımov Sənani Nazir oğlunun katibliyi, İnzibati tənbeh vermə haqqında qərardan şikayət verən şəxs X1 nümayəndəsi və vəkili Vəkil, Qərarından şikayət verilən Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 6 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi Nümayəndə iştirakı ilə X1 Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 6 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2025-ci il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayətə İsmayıllı Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən e t d i: X4 məhkəməyə müraciət edərək Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 6 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2025-ci il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və işin icraatına xitam verilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İnzibati tənbeh vermə haqqında qərardan şikayət verən X4 şikayətində qeyd etmişdir ki, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 6 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsi tərəfindən qəbul edilmiş 09 dekabr 2025-ci il tarixli, MN ******* nömrəli qərarı ilə İnzibati Xətalar Məcəlləsinin 271-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 2000 manat məbləğində inzibati cərimə olunmuşdur. Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 6 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsi tərəfindən qəbul edilmiş 09 dekabr 2025-ci il tarixli, MN ******* nömrəli qərarı qanunsuz, əsassız və qərəzlidir. Belə ki, o, İsmayıllı rayonu Cülyan Bələdiyyəsinin xx.xx.2004-cü il tarixli, 02 saylı qərarı əsasında İsmayıllı rayonu Cülyan kəndi ərazisində 0,06 ha həyətyanı torpaq sahəsini satın almışdır. Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən A 358625 nömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədi verilmişdir. O, həmin torpaq sahəsində “Narniya” restoranı tikmiş və başqa şəxsin icarəsinə vermişdir. Həmin torpaq sahəsinin cənub-şərq hissəsində oğlu X5 hüquqları dövlət qeydiyyatına alınmış 0,06 ha, cənub hissəsində isə 0,06 ha həyətyanı torpaq sahəsi vardır. Həmin torpaq sahələrinin restorana heç bir aidiyyəti yoxdur. xx.xx.2025-ci il tarixdə o, Bakı şəhərində olarkən 6 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin əməkdaşları mobil telefonuna zəng edərək restoran ərazisində yoxlama apardıqlarını və tullantıların qalaqlanmasına görə cərimə yazdıqlarını bildirmişdir. Restoranın başqa şəxsin istifadəsində olsa da maraqlanmış və məlum olmuşdur ki, Əhmədli Anarın Bakı şəhərindən dostları qonaq gəlmiş, bir-neçə gün onun fərdi yaşayış evində qalmış, məişət tullantılarını aidiyyəti üzrə çatdırmaq üçün öz həyətyanı torpaq sahəsinin cənub hissəsinə yığmışdır. Əhmədli Anar da həyətində olan zibilləri təmizləyərək İsmayıllı şəhərində olan qutuya atmış, buna dair video yazını ona, o da 6 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin əməkdaşlarının mobil telefonuna göndərmişdir. Bundan xeyli müddət sonra, 09 dekabr 2025-ci il tarixdə 6 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinə dəvət olunmuşdur. Həmin ərazinin və tullantıların restorana aidiyyəti olmadığını bildirmiş və sübutları təqdim etmişdir. İnzibati Xətalar Məcəlləsinin 271-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 2000 manat məbləğində inzibati cərimə olunmasına dair 09 dekabr 2025-ci il tarixli, MN ******* nömrəli qərarı aldıqdan sonra məlum olmuşdur ki, inzibati xəta haqqında 25 noyabr 2025ci il tarixli, MN ******* nömrəli protokol tərtib edilmişdir. Həmin protokolda qeyd edilir ki, X2 “Narniya” restoranı ərazisində xx.xx.2025-ci il tarixində tullantıların qalaqlanması aşkar edilmiş, X4 tərəfindən İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsində( nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Bu fakt xx.xx.2025-ci il tarixli monitorinq aktı və fotoşəkillərlə təsdiq edilmiş, guya o izahat verməkdən və protokolu imzalamaqdan imtina etmişdir. Hansı ki, 25 noyabr 2025-ci il tarixində Bakı şəhərində olmaqla ümumiyyətlə İsmayıllı rayonu ərazisində olmamışdır. İnzibati Xətalar Məcəlləsinin 271-ci maddəsinin adı sənaye və məişət tullantılarının qalaqlanması və yandırılması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi” -dir. Həmin maddənin dispozisiyasında göstərilir ki, “Sənaye və məişət tullantılarının qalaqlanması qaydalarının pozulmasına, göstərilən tullantıları yandırarkən ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsinə görə” inzibati məsuliyyət yaranır. Həmin əməli o törətməsə də, ona aidiyyəti olmasa da sual olunur. Qalaqlanmış tullantıları yandırmadıqda, ətraf mühitin mühafizəsi tələblərinə əməl edildikdə təkcə “tullantılarının qalaqlanması” məsuliyyətmi yaradır? İstehsalat və məişət tullantıları haqqında AR qanunu zərərli qazlar, çirkab suları və radioaktiv tullantılar istisna olmaqla istehsalat və məişət tullantılarının (bundan sonra - tullantıların) insan sağlamlığına və ətraf mühitə zərərli təsirinin qarşısının alınması, onların təhlükəli təsirinin azaldılması, təbiətdə ekoloji tarazlığın təmin olunması, habelə belə tullantıların təkrar xammal mənbələri kimi təsərrüfat dövriyyəsinə cəlb olunması məqsədilə tullantıların idarə olunması sahəsində Azərbaycan Respublikasının dövlət siyasətini və hüquqi münasibətləri müəyyən edir. Həmin qanunun 1-ci maddəsinə əsasən məişət tullantıları (bərk məişət tullantıları) əhalinin həyat fəaliyyəti nəticəsində yaşayış yerlərində əmələ gələn əşyalar, maddələr və materiallardır. Barəmdə tərtib edilmiş 25 noyabr 2025-ci il tarixli, MN ******* nömrəli protokoldan görünür ki, tullantıların qalaqlanması faktını xx.xx.2025-ci il tarixdə aşkar etmişlər. 6 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin rəisi əvəzi X3 marağı nədir ki, inzibati xətanın törədilməsi faktı aşkar edildikdən dərhal deyil, 28 gündən sonra tərtib etdirmişdir? Göründüyü kimi inzibati xəta hadisəsi ümumiyyətlə mövcud olmamış, 6 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin rəisi əvəzi X6 qərəzli olaraq məni təqsirli bilmiş, inzibati məsuliyyət müəyyən edən qanun düzgün tətbiq edilməmişdir. Qeyd etdikləri nəzərə alınmaqla qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. X1 nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında şikayət ərizəsinin məzmununa uyğun izahat verərək göstərdi ki, qeyd olunan tullantıların qalaqlandığı torpaq sahəsi Rüstəm Əhmədovun mülkiyyətinə və “Narnia” istirahət mərkəzinin ərazisinə aid deyil. Həmin torpaq sahəsi Rüstəmin oğlu Anarın mülkiyyətindədir. Rüstəm Əhmədovun adına olan VÖEN “Sandal” ayaqqabı mağazası ilə bağlıdır. Həmin torpaq sahəsinin Anarın mülkiyyətində olması ilə bağlı sənədləri şikayət ərizəsinə əlavə olunmuşdur. Həmin torpaq sahəsi “Narnia” istirahət mərkəzi ilə qonşu olduğu üçün, arası hasarlanmamışdır. “Narnia” stirahət mərkəzi isə hazırda başqa bir şəxsə icarəyə verilmişdir. Bundan başqa maddənin tələbindən də, göründüyü kimi qeyd olunan inzibati xətanın törədilməsi üçün həm tullantıların qalaqlanması, həm də yandırılması halı olmalıdır. Lakin tərtib olunmuş protokolda və qəbul edilmiş qərarda yalnız tullantıların qalaqlanması qeyd edilmişdir. Bundan başqa inzibati xəta faktı aşkar edildikdən dərhal sonra inzibati xəta haqqında protokol tərtib edilir. Lakin inzibati xəta haqqında protokolda inzibati xəta faktının xx.xx.2025-ci il tarixdə aşkar olunduğu qeyd edilsə də, protokol 28 gün sonra tərtib edilmişdir. Bütün bunlar Rüstəm Əhmədovun qərəzli olaraq inzibati qaydada cərimə edilməsinə əsas verir. Ona görə də, qəbul edilmiş qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Qərarından şikayət verilən Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 6 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi Nümayəndə izahat verərək göstərdi ki, həmin ərazidə reyd keçirilmiş və bu barədə monitorinq aktı qəbul edilmişdir. Bundan sonra inzibati araşdırma açılmış və Rüstəm Əhmədov dəvət olunmuşdur. Rüstəm Əhmədov idarəyə gəlmiş və işin araşdırması ilə bağlı məlumatlı olmuşdur. Tullantıların qalaqlandığı ərazisinin başqa şəxsin mülkiyyətində olması ilə bağlı Rüstəm Əhmədov heç bir sənəd təqdim etməmişdir. Həmin ərazi həyətyanı sahə olmuş olsaydı, onların həmin əraziyə daxil olmaq səlahiyyətləri olmazdı. Həmin ərazi “Narnia” istirahət mərkəzinin ərazisidir və bu barədə foto şəkilləri məhkəməyə təqdim etmişdir. Foto şəkillərdən də göründüyü kimi tullantıların qalaqlanması və yandırılması halı baş vermişdir. Qeyd etdikləri nəzərə alınmaqla şikayətin təmin edilməməsini və qərarın dəyişdirilmədən saxlanılmasını məhkəmədən xahiş etmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 6 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin müfəttişi X2 tərəfindən tərtib olunmuş xx.xx.2025-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında protokolun surətindən görünür ki, X4 Azərbaycan Respublikası inzibati Xətalar Məcəlləsinin 271-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinmişdir. Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 6 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəis əvəzi X6 tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X4 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 271-ci maddəsinə əsasən 2000 (iki min) manat məbləğində cərimə edilmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, şikayət ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin olunmalıdır. Belə ki, iş materiallarından görünür ki, X4 tərəfindən 29 oktyabr 2025-ci il tarixdə “Narnia” istirahət mərkəzinin ərazisində tullantıların qalaqlanması faktı aşkar olunduğu üçün o, vəzifəli şəxs kimi Məcəllənin 271-ci maddəsi ilə təqsirli bilinərək, 2000 (iki min) manat məbləğində cərimə edilmişdir. Rüstəm Əhmədov məhkəməyə şikayət verərək Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 6 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 09 dekabr 2025-ci il tarixli, MN ******* nömrəli qərarının ləğv edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 271-ci maddəsinə əsasən sənaye və məişət tullantılarının qalaqlanması qaydalarının pozulmasına, göstərilən tullantıları yandırarkən ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan səkkiz yüz manatadək məbləğdə, vəzifəli şəxslər iki min manatdan üç min manatadək məbləğdə, hüquqi şəxslər altı min beş yüz manatdan səkkiz min manatadək məbləğdə cərimə edilir. Qanunun tələbindən göründüyü kimi tullantıların qalaqlanması qaydalarının pozulması və göstərilən tullantılar yandırılarkən ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi inzibati xətanın tərkib hissəsidir. Sözügedən tələblərin pozulması isə Məcəllənin 271-ci maddəsində nəzərdə tutulmuş məsuliyyətə səbəb olur. Lakin, məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edildi ki, tullantının qalaqlandığı ərazinin yəni, torpaq sahəsinin Rüstəm Əhmədova məxsus olması barədə 6 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən məhkəməyə hər-hansı sübut təqdim edilməmişdir. Şikayətçi şikayət ərizəsinə əlavə etdiyi çıxarışlardan isə həmin torpaq sahəsinin ona yox, başqa şəxsə aid olmasını qeyd etmişdir. Bu hal qərar qəbul etmiş 6 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən tam araşdırılmamış və eyni zamanda tullantıların qalaqlanması Rüstəm Əhmədov tərəfindən həyata keçirildiyi sübuta yetirilməmişdir. Həmçinin bu halı iş materialları ilə də müəyyən etmək mümkün olmamışdır. Məhkəmə, qeyd edir ki, hər hansı bir şəxs barəsində inzibati məsuliyyətin yaranması üçün həmin şəxs törədilmiş inzibati xətanın ilk əvvəl subyekti olmalıdır və təqsirli bilindiyi maddənin dispozisiyasında nəzərdə tutulmuş hərəkətlərin və yaxud hərəkətsizliyin onun tərəfindən törədilməsi sübutlarla müəyyən olunmalı və bu halların olması toplanmış sənədlərlə kifayət qədər öz təsdiqini tapmalıdır. Təqsirliliyi sübut etmək yükü məhkəmənin və ya barəsində protokol tərtib edilmiş şəxsin üzərinə düşmür. Bu yük protokol tərtib etmiş səlahiyyətli orqanın üzərinə düşür. Şəxs təqsirsizliyini sübut edə bilməməsi əsası ilə inzibati məsuliyyətə cəlb edilə bilməz. Həmçinin Azərbaycan Respublikası İXM-nin vəzifələri və prinsiplərinə əsasən məhkəmə mötəbər sübutlarla aradan qaldırıla bilinməyən şübhələri və ziddiyyətli məqamları həmin şəxsin xeyrinə həll etməli olması müəyyən edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 8.1-ci maddəsinə əsasən Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-cü maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 76.1-ci İnzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 129.1.3-cü maddəsinə əsasən, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət, şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. 130.1-ci maddəsinə əsasən, bu Məcəllənin 126.1-ci və 127-4.1-ci maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. 134.1.3-cü maddəsinə əsasən bu Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilməlidir. Beləliklə, barəsində inzibati xəta haqqında qərar çıxarılmış şəxsin şikayət ərizəsi və iş materiallarından və Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 6 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəis əvəzi X6 tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarından müəyyən olunur ki, X4 tərəfindən “Narnia” restoranı ərazisində tullantıların qalaqlanması faktı müəyyən edildiyi üçün o, Məcəllənin 271-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 2000 (iki min) manat məbləğində inzibati qaydada cərimə edilmişdir. Lakin iş materiallarından müəyyən olunur ki, Rüstəm Əhmədov tərəfindən qeyd olunan inzibati xətanı törətməsi və tullantıların qalaqlandığı ərazinin kimə məxsus olması barədə Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 6 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən məhkəməyə heç bir mötəbər sübut təqdim edilməmişdir. Ona görə də, barəsində inzibati xəta haqqında qərar çıxarılmış şəxs X1 şikayəti təmin olunmalı, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 6 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 09 dekabr 2025-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 114, 115 və 128-136-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: X1 şikayəti təmin olunsun. Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 6 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 09 dekabr 2025-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərar rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan İsmayıllı Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlqar Hüseynov
Məhkəmə qərarları › İş №3(037)-441/2025
İsmayıllı Rayon Məhkəməsi Qərar — İş №3(037)-441/2025
26.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver