Azərbaycan Respublikası adından QƏRAR İsmayıllı rayonu İş № 3(037)-444/2023 28.09.2023 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hüseynov İlqar Vidayət oğlunun sədrliyi, Qasımov Sənani Nazir oğlunun katibliyi ilə, Qərardan şikayət verən vəzifəli şəxs X2, Qərarından şikayət verilən orqanın nümayəndəsi X3 iştirakı ilə, X2 Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 6 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 01 sentyabr 2023-cü il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından şikayətinə İsmayıllı Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, m ü ə y y ə n e t d i: X4 Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 6 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 01 sentyabr 2023-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət verən X4 şikayət ərizəsində göstərmişdir ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 6 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin inzibati tənbeh vermə haqqında 01 sentyabr 2023cü il tarixli, MN ******* nömrəli qərarı ilə İsmayıllı Qubaxəlilli bələdiyyəsinin sədri X4 vəzifəli şəxs qismində 2000 (iki min) manat miqdarında cərimə edilmişdir. Həmin qərar belə əsaslandırılmışdır ki, guya ki İsmayıllı rayonu Qubaxəlilli bələdiyyəsinin sədri X4 tərəfindən sənaye və məişət tullantılarının qalaqlanması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməmişdir. Həmin qərarı aşağıda qeyd olunan səbəblərdən qanunsuz və əsassız hesab edir. Belə ki, qərəzli olaraq inzibati xəta haqqında protokol tərtib edilmiş, hansı ki, həmin protokol iştirakı olmadan yazılmış, nə yazıldığı, hansı xətaya yol verdiyi məlum deyil. İnzibati xəta haqqında işin icraatı barədə X4 məlumatlandırılmamışdır. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 6 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 01 sentyabr 2023-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında oxunması mümkün olmayan qərarı verilsə də inzibati xəta haqqında protokolun surəti hələ də verilməmiş, bu səbəbdən şikayətini əsaslandıra bilməmişdir. X4 inzibati xəta haqqında işə baxılması zamanı da xəbərdar olunmamışdır. Şikayət verən vəzifəli şəxs X4 şikayət ərizəsini müdafiə edərək ona uyğun izahat verərək şikayətinin təmin edilməsini məhkəmədən xahiş etdi. İnzibati tənbeh vermə haqqında qərar qəbul edən orqan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 6 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X5 izahatında göstərdi ki, 18 iyul 2023-cü il tarixdə İsmayıllı rayonu Qubaxəlilli kəndində müəyyən olunmamış yerdə sənaye və məişət tullantılarının qalaqlanması İsmayıllı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən aşkar edilmiş və bu barədə İsmayıllı RPŞ tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 271ci maddəsi ilə xx.xx.2023-cü il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 6 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə göndərilmişdir. İnzibati xəta haqqında işə 01 sentyabr 2023cü il tarixdə baxılmış və eyni tarixdə vəzifəli şəxs X4 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 271-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 6 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi X9 tərəfindən qəbul edilmiş MN seriyalı ******* nömrəli İnzibati tənbeh vermə haqqında qərarla barəsində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilmişdir. Hazırki işdə protokol polis şöbəsi tərəfindən tərtib edilmiş, protokol tərtib edilib onların İdarəsinə göndərildiyindən onlar da qərar qəbul etmişlər. Qanuna müvafiq qaydada qərar qəbul edilərək qəbul edilmiş qərarın qüvvədə saxlanılmasını, şikayətin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. İş materiallarına əlavə edilmiş İsmayıllı rayon Polis Şöbəsinin 18 iyul 2023cü il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, X1 və məişət tullantılarının qalaqlanması qaydalarının pozulmasına, göstərilən tullantıları yandırarkən ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməklə AR İXM-nin 271-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. İş materiallarına əlavə edilmiş İsmayıllı rayon Polis Şöbəsinin 18 iyul 2023cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında işin aidiyyəti üzrə göndərilməsi barədə qərardaddan görünür ki, X4 barəsində AR İXM-nin 271-ci maddəsinin sanksiyasının tətbiqi Ekologiya və Təbii Sərvətlər Nazirliyinin səlahiyyətinə aid olduğundan protokol və digər materiallar baxılması üçün Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 6 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə göndərilmişdir. İş materiallarına əlavə 01 sentyabr 2023-cü il tarixli, MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X4 AR İXM-nin 271-ci maddəsi inzibati məsuliyyətə cəlb edilərək 2000 (iki min) manat miqdarında inzibati cərimə edilmişdir. Məhkəmə şikayət verən vəzifəli şəxs X2 şikayətini, iş materiallarını araşdıraraq, iş üzə toplanmış sənədlərə hüquqi qiymət verərək, tədqiq edilmiş mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra hesab edir ki, X2 şikayəti qismən təmin edilməli, yəni 01 sentyabr 2023cü il tarixli, MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və hazırkı qərar inzibati xəta haqqında həmin işə yenidən baxılması üçün səlahiyyətli orqana göndərilməlidir. Təqdim olunmuş materiallarda X2 Azərbaycan Respublikası İXM-nin 271-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi öz təsdiqini tapmamış və araşdırma aparılarkən heç bir mötəbər sübutla və ya sübutlarla möhkəmləndirilməmişdir. Məhkəmə hesab edir ki, işin hallarını tam, obyektiv və hərtərəfli araşdırmadan, inzibati xətanın X4 tərəfindən törədilib-törətməməsi hər hansı bir əsasın olub-olmamasını müəyyən etmədən, onun barəsində formal olaraq inzibati xəta haqqında protokol tərtib edilmiş, həmin protokol əsasında qərar qəbul edilmişdir. Bundan başqa, məhkəmə iclasında müəyyən edildi ki, inzibati orqanın vəzifəli şəxsi işə baxarkən barəsində inzibati qaydada icraat aparılan şəxsin iştirakı olmadan işə baxaraq qərar qəbul etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin aşağıdakı hüquqları vardır: 61.1.1. inzibati xəta haqqında iş üzrə bütün materiallarla tanış olmaq; 61.1.2. maddəsinə əsasən izahat vermək; 61.1.3. sübutlar təqdim etmək; 61.1.4. vəsatət və etirazlar vermək; 61.1.5. işə baxılarkən müdafiəçinin hüquqi yardımından istifadə etmək; 61.1.6. inzibati xəta haqqında iş üzrə icraatın təmin edilməsi tədbirlərinin tətbiqindən və iş üzrə qərardan şikayət vermək; 61.1.7. ana dilində çıxış etmək və icraatın aparıldığı dildə danışa bilmirsə, tərcüməçinin xidmətlərindən pulsuz istifadə etmək; 61.1.8. inzibati xəta hadisəsinin baş verdiyi yer videomüşahidə vasitələrinin (videokameraların) nəzarəti altındadırsa, hadisənin görüntülərinin elektron daşıyıcıda surətini almaq; Həmin Məcəllənin 61.2-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs bu Məcəllə ilə müəyyən edilmiş digər hüquqlardan da istifadə edə bilər. Həmin Məcəllənin 61.3-cü maddəsinə əsasən inzibati xəta haqqında işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı ilə baxılır. Həmin işə şəxsin iştirakı olmadan, yalnız o hallarda baxılır ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun. Həmin Məcəllənin 100.1-ci maddəsinə əsasən bu Məcəllənin 54-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, inzibati xətanın törədilməsi haqqında protokol tərtib edilir. İnzibati xəta haqqında protokolda aşağıdakılar göstərilir: 100.1.1. protokolun tərtib edildiyi tarix və yer; 100.1.2. protokolu tərtib etmiş şəxsin vəzifəsi, soyadı, adı, atasının adı; 100.1.3. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs haqqında məlumat, o cümlədən vətəndaşın fərdi identifikasiya nömrəsi; 100.1.4. inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti; 100.1.5. inzibati xətaya görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin müvafiq maddəsi; 100.1.6. olduğu halda, şahidlərin və zərər çəkmiş şəxslərin adı, atasının adı, soyadı və onların yaşadığı yerin ünvanı; 100.1.7. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatları; 100.1.8. inzibati xətanın aşkar edilməsində xüsusi texniki vasitələrdən istifadə olunmuşdursa, onların göstəriciləri, habelə istifadə olunmuş xüsusi texniki vasitənin tipi, markası, modeli, yerləşdiyi yer, ölçmə vasitəsinin son dəfə müqayisəli dövlət yoxlamasından keçdiyi vaxt (bunu təsdiq edən sənədin nömrəsi, tarixi) və növbəti yoxlamanın keçirilməli olduğu vaxt barədə məlumatlar; 100.1.9. inzibati xətanın törədilməsi nəticəsində şəxsin sağlamlığına yüngül zərər vurulmuşdursa və ya maddi zərər yetirilmişdirsə, bu hallar barədə qeydlər; 100.1.10. inzibati xəta haqqında iş üzrə icraat üçün zəruri olan digər məlumatlar. 100.2. Protokol tərtib edilərkən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə, habelə inzibati xəta haqqında iş üzrə icraatın digər iştirakçılarına bu Məcəllədə nəzərdə tutulmuş hüquqları və vəzifələri izah edilir və bu barədə protokolda müvafiq qeyd aparılır. 100.3. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə inzibati xəta haqqında protokolun surəti verilir. İnzibati xəta haqqında iş üzrə zərər çəkmiş şəxsin də inzibati xəta haqqında protokolun surətini almaq hüququ vardır. 100.4. Protokol onu tərtib etmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi tərəfindən imzalanır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi protokolu imzalamaqdan imtina etdikdə, bu barədə protokolda müvafiq qeyd aparılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatlar və protokolun məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə protokolu imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüquqları vardır. Onların bu izahatları və mülahizələri protokola əlavə olunur. İş materiallarından göründüyü kimi 6 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən X2 qeyd olunan inzibati xətanı törətməsinə dair işin araşdırılması ilə əlaqədar olaraq ona bildirişin göndərilməsini təsdiq edən hər hansı sübut məhkəməyə təqdim etməmiş, həmin protokol Mirzəğa Mirzəxanovun məlumatı və iştirakı olmadan tərtib olunmuşdur. Tərtib olunmuş protokolun surətinin göndərilməsini və Mirzəğa Mirzəxanov tərəfindən qəbul edilməsi barədə hər hansı sübut məhkəməyə təqdim olunmamışdır. Onun barəsində tərtib olunmuş protokola baxılması vaxtı və yeri barədə məlumatı olmamış, protokola onun iştirakı olmadan baxılaraq qərar qəbul edilmişdir. X7 qeyd olunan hüquqlardan istifadə etməsinə maneçilik törətmişdir. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə 15 fevral 2016-cı il tarixli Azərbaycan Respublikası Prezidentinin Fərmanının 5.11-ci bəndinə əsasən həmin Məcəllənin 228,230, 234, 236 - 242, 243.0.2, 243.0.3, 243.0.5, 243.0.6, 243.0.8, 243.0.9, 244 (meşə fondu torpaqlarına aid hissəsində), 253, 253-1.2 - 253-1.4, 254 - 261, 264.0.1, 264.0.4, 264.0.6, 264.0.7, 266.1, 266.2, 266.5– 266.13, 269, 271, 273, 274, 275.1 – 275.3, 291, 292 və 541-ci maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi baxır; Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 100.1-ci maddəsində qeyd edilir ki, bu Məcəllənin 54-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, inzibati xətanın törədilməsi haqqında protokol tərtib edilir. Həmin Məcəllənin 102.2-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraatın başlanması və inzibati araşdırma aparılması haqqında qərardad bu Məcəllənin 42.2 və 43.2-ci maddələrinə müvafiq olaraq inzibati xəta haqqında protokol tərtib etmək və inzibati xətalar haqqında işlərə baxmaq səlahiyyəti olan vəzifəli şəxs tərəfindən qəbul edilir. Prokuror isə inzibati xəta haqqında iş üzrə icraatın başlanması və inzibati araşdırma aparılması haqqında qərar qəbul edir. Həmin Məcəllənin 114.3-cü maddəsinə əsasən inzibati xəta haqqında işə baxılma hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) səlahiyyətinə aid olmadıqda, inzibati xəta haqqında işin aidiyyəti üzrə hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi barədə qərardad çıxarılır. Qanunvericiliyin qeyd edilən normalarının məzmunundan aydın olur ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 271-ci maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən baxılır. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş xx.xx.2023-cü il tarixli İnzibati xəta haqqında protokoldan görünür ki, X2 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 271-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair MN ******* nömrəli protokol İsmayıllı rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi tərəfindən tərtib edilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 03 may 2019cu il tarixli Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsi baxımından həmin Məcəllənin 109-cu maddəsinin şərh edilməsinə dair qərarından görünür ki, inzibati protokolu tərtib etmək səlahiyyəti olan orqan (vəzifəli şəxs) həmin protokolu tərtib edərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin tələblərinə ciddi riayət etməlidir. Məhkəmələr protokol və ya digər sənədlərin düzgün tərtib olunmadığını və ya təqdim edilmiş materialların natamam olduğunu müəyyən etdikdə “prosessual qənaət” və “işlərə ağlabatan müddətdə baxılması” prinsiplərini rəhbər tutaraq sənədləri onu tərtib etmiş orqana, vəzifəli şəxsə qərardadla qaytarmazdan əvvəl, həmin qüsur və natamamlıqların aradan qaldırılması üçün bütün imkan və vasitələrdən istifadə etməlidir. Məhkəmə araşdırması zamanı da müəyyən edildi ki, X2 barəsində İXM-nin 271-ci maddəsi ilə inzibati xəta haqqında icraat başlanması İsmayıllı RPŞ-də toplanmış materiallar olmuşdur, İsmayıllı rayon polis şöbəsi də X4 barəsində qeyd edilən inzibati xəta pozuntusu ilə bağlı toplanmış müvafiq materialları aidiyyəti üzrə müvafiq orqana göndərməli olduğu halda 18 iyul 2023-cü il tarixli inzibati xəta haqqında protokol tərtib edilmiş, baxılması üçün Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 6 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə göndərilmişdir. Göründüyü kimi, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 6 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi də qanunvericiliyin tələbini nəzərə almadan X2 əməlində Azərbaycan Respublikası İXMnin 271-ci maddəsi ilə təqsirli bilərək onu 2000 (iki min) manat inzibati qaydada cərimə etmişdir. İşin faktik hallarından görünür ki, inzibati xəta haqqında iş üzrə icraat aparılarkən Azərbaycan Respublikası İXM-nin tələbləri pozulmuş, X2 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 271-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair MN ******* nömrəli, 18 iyul 2023-cü il tarixli protokol səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edilmiş və X4 barəsində səlahiyyətli orqan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 6 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən protokol tərtib edilmədən inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Bu isə öz növbəsində İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması, iş üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması ilə nəticələnmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 135.1.1 və 135.1.6-cı maddələrinə əsasən «hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması», «bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması» inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Həmin Məcəllənin 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq «bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında» qərar qəbul edilir. Beləliklə, məhkəmə hesab edir ki, X4 tərəfindən verilmiş şikаyət qismən təmin edilməli, X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 271-ci maddəsi ilə təqsirli bilinib 2000 (iki min) manat miqdarında inzibati qaydada cərimə edilməsinə dair Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 6 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi 01 sentyabr 2023-cü il tarixli, MN ******* saylı qərarı ləğv edilməli və iş yenidən araşdırılaraq baxılması üçün Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 6 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə göndərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129-131 və 135-ci maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: X2 şikayəti qismən təmin edilsin. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 6 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi X9 tərəfindən qəbul edilmiş vəzifəli şəxs X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 271-ci maddəsi ilə təqsirli bilinib 2000 (iki min) manat miqdarında inzibati qaydada cərimə edilməsinə dair 01 sentyabr 2023-cü il tarixli, MN ******* saylı qərar ləğv edilsin və iş yenidən araşdırılaraq baxılması üçün Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 6 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə göndərilsin. Şikayət qalan hissədə təmin edilməsin. Qərarın surəti rəsmi qaydada təqdim edildiyi gündən 10 (on) gün müddətində İsmayıllı rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protesti verilə bilər. Sədrlik edən: İlqar Hüseynov
Məhkəmə qərarları › İş №3(037)-444/2023
İsmayıllı Rayon Məhkəməsi Qərar — İş №3(037)-444/2023
28.09.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver