Məhkəmə qərarları › İş №3(037)-447/2025

İsmayıllı Rayon Məhkəməsi Qərar — İş №3(037)-447/2025

27.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR İsmayıllı rayonu İş № 3(037)-447/2025 27.12.2025 İSMAYILLI RAYON MƏHKƏMƏSİ İsmayıllı Rayon Məhkəməsinin hakimi Hüseynov İlqar Vidayət oğlunun sədrliyi, Qasımov Sənani Nazir oğlunun katibliyi, inzibati xəta haqqında protokol tərtib etmiş İsmayıllı rayon X7 Təhlükəsizlik Bölməsinin polis sahə rəisi X3, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Mahmudlu Elvin Ramazan oğlu və onun vəkili Vəkil iştirakı ilə, xx xxxxxx 1991-ci il tarixdə İsmayıllı rayonu Mican kəndində anadan olmuş, İsmayıllı rayonu İsmayıllı kəndində, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, fərdi identifikasiya nömrəsi xxxxxxx Mahmudlu Elvin Ramazan oğlu barəsində İsmayıllı rayon Polis Şöbəsindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə daxil olmuş inzibati xəta haqqında materiala 27 dekabr 2025-ci il tarixdə İsmayıllı şəhərində, İsmayıllı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Mahmudlu Elvin Ramazan oğlunun sosial şəbəkədə etdiyi paylaşımla əlaqədar İsmayıllı rayon Polis Şöbəsinə dəvət etdikdə polis əməkdaşlarına müqavimət göstərərk, polisin qanuni tələblərinə tabe olmaması faktı üzrə barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə 27 dekabr 2025-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilmişdir. Elvin Mahmudlu barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə inzibati xəta haqqında protokol tərtib etmiş İsmayıllı rayon X7 Təhlükəsizlik Bölməsinin polis sahə rəisi X6 izahat verərək bildirdi ki, icraatına daxil olmuş material araşdırılarkən müəyyən olunmuşdur ki, Elvin Mahmudlu sosial şəbəkədə etdiyi paylaşımla bağlı polis şöbəsinə dəvət olunmuş, o, əvvəlcə polis şöbəsinə gəlməkdən imtina etmişdir. Sonradan həmin polis şöbəsinə gətirilmiş və polis şöbəsində özünü əsəbi apararaq polisin tələblərinə tabe olmamışdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Elvin Mahmudlu bildirdi ki, sosial şəbəkədə etdiyi paylaşımla bağlı polis əməkdaşları ona zəng etmiş və polis şöbəsinə dəvət olunmuşdur. O, Polis şöbəsinə gələcəyini bildirsə də, polis əməkdaşları onun arxasınca gəlmiş və onu polis şöbəsinə gətirmişlər. Polis şöbəsində olarkən etdiyi paylaşımın heç bir qanun pozuntusu olmadığını bildirmişdir. Etdiyi paylaşım sadəcə yanlış anlaşılmışdır. Buna baxmayaraq həmin paylaşımı etdiyi üçün peşimandır. Anası xəstədi və mütəmadi müalicəyə ehtiyacı vardır. Əməlindən peşmandır və ona güzəşt olunmasını məhkəmədən xahiş edir. İş üzrə şahid qismində izahat verən İsmayıllı rayon X11-patrul xidməti bölüyünün taqım komandiri polis leytenantı X5 bildirdi ki, Elvin Mahmudlunun sosial şəbəkədə polisin ünvanına xoşagəlməz ifadələr işlətdiyi müəyyən olunmuş və ona zəng olunaraq polis şöbəsinə dəvət edilmişdir. Elvin Mahmudlu polis şöbəsinə gələcəyini bildirmişdir. Buna baxmayaraq Elvin Mahmudlu polis şöbəsinə gəlməmiş və onlar Elvin Mahmudlunun yaşadığı ünvanın yaxınlığına gedərək onu xidməti avtomobillə rayon polis şöbəsinə gətirmişlər. Polis şöbəsində Elvin Mahmudlu əsəbi halda öz etirazını bildirmiş, polisin iş fəaliyyətini pozmuş və polisin qanuni tələblərinə tabe olmamışdır. İş üzrə şahid izahat verən İsmayıllı rayon X11-patrul xidməti bölüyünün bölük komandiri polis kapitanı X2 da şahid X1 izahatının məzmununa uyğun izahat verərək onun göstərdiyi xüsusatları təsdiq etdiyini bildirdilər. Məhkəmə araşdırması ilə müəyyən edildi ki, Mahmudlu Elvin Ramazan oğlu sosial şəbəkədə polis əməkdaşlarının normal fəaliyyətinə xələl gətirən paylaşım etmiş və bununla bağlı polis şöbəsinə dəvət edən polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Məhkəmə iş materiallarını nəzərdən keçirib tərəflərin izahatını, vəkilin fikrini və şahid ifadələrini dinləyərək hesab edir ki, Mahmudlu Elvin Ramazan oğlu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətmişdir və o, həmin maddə ilə inzibati məsuliyyətə cəlb edilərək inzibati tənbeh edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; Həmin Məcəllənin 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə - əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə - fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanın X4 tərəfindən törədilməsi məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatı eləcə də inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34-cü maddəsinin şərh edilməsinə dair xx.xx.2020-ci il tarixli Qərarının 3-cü bəndinə əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsi şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aid olduqda, ona daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh tətbiq edilməsini nəzərdə tutur. Qeyd edilən maddənin dispozisiyasından göründüyü kimi, polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizəsi ilə bağlı vəzifələrini icra edərkən, ictimai qaydanı pozan şəxs tərəfindən onların qanuni tələblərinə qəsdən tabe olmama İXM-in 535.1-ci maddəsində nəzərdə tutulan məsuliyyətə səbəb olur. Hazırki halda Mahmudlu Elvin Ramazan oğlunun hərəkətlərində də həmin halların mövcud olması məhkəmə iclasında öz təsdiqini tapmışdır. Belə ki, tərtib edilmiş inzibati xəta haqqında protokol və məhkəmə iclasında araşdırılan sübutlarla müəyyən edildi ki, Mahmudlu Elvin Ramazan oğlu sosial şəbəkədə polis əməkdaşlarının normal fəaliyyətinə xələl gətirən paylaşım etmiş və bununla bağlı polis şöbəsinə dəvət edən polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Bütün bunlar məhkəməyə Mahmudlu Elvin Ramazan oğlunun hərəkətlərində ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən qanuni tələb irəli sürən polis əməkdaşlarının qanuni tələbinə tabe olmama kimi halların, yəni İXM-in 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibinin də olması barədə nəticəyə gəlməyə əsas verir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 32.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən bu Məcəllənin 32.1.1 - 32.1.7-ci maddələrində göstərilməmiş başqa hallar da hakim tərəfindən məsuliyyəti yüngülləşdirən hal qismində nəzərə alına bilər. Mahmudlu Elvin Ramazan oğlu tərəfindən törədilmiş inzibati xətada əməlindən peşman olması onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Mahmudlu Elvin Ramazan oğlu tərəfindən törədilmiş inzibati xətada onun məsuliyyətini ağırlaşdıran hallar aşkar edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 4-cü maddəsinə əsasən İXM insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Məhkəmə Mahmudlu Elvin Ramazan oğlu tərəfindən törədilmiş inzibati xətanın xarakterini, onun şəxsiyyətini, təqsirinin dərəcəsini, habelə məsuliyyəti yüngülləşdirən halı nəzərə alaraq o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə təqsirli bilinməli və Azərbaycan Respublikası İXM-nin 34.3-cü maddəsinin tələbinə uyğun olaraq daha ciddi xətaya görə müəyyən edilmiş İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan 200 (iki yüz) manat miqdarında inzibati cərimə tətbiq etməyi məqsədə müvafiq hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 25, 32, 33, 43, 106-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə qəraraaldı: Mahmudlu Elvin Ramazan oğlu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinsin. Mahmudlu Elvin Ramazan oğlu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinin tələbinə uyğun olaraq İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 200 (iki yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: İlqar Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar