Azərbaycan Respublikası adından QƏRAR İsmayıllı rayonu İş № 3(037)-449/2023 06.10.2023 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov İlqar Vidayət oğlunun, Qasımov Sənani Nazir oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan İsmayıllı rayonu, Qubaxəlilli bələdiyyəsinin sədri X1 iştirakı ilə, İsmayıllı rayonu, Qubaxəlilli bələdiyyəsi barəsində Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 6 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 264.0.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İsmayıllı Rayon Məhkəməsinə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 6 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 264.0.1-ci maddəsi ilə tərtib edilmiş MN № ******* saylı, xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında protokol tərtib olunmuşdur. İnzibati xəta haqqında protokol onunla əsaslandırılmışdır ki, İsmayıllı rayonu Qubaxəlilli kəndi ərazisində “Köhnə qarajın yanı” adlanan əraziyə kənd sakinlərinin fəaliyyəti zamanı əmələ gələn çirkab suların axıdılmasına yol verilmişdir. İnzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 6 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi inzibati xəta haqqında işə baxılmasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilmiş, lakin nümayəndəsi məhkəməyə gəlməmiş və işə baxılmasının təxirə salınması haqqında vəsatət verməmişdir. Məhkəmə iclasında İsmayıllı rayonu, Qubaxəlilli bələdiyyəsinin sədri X2 izahat verərək göstərdi ki, 6 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin tərtib etdiyi xx.xx.2023-cü il tarixli protokol qanunsuz və əsassızdır. Belə ki, idarə tərəfindən göstərilən məsələlər müvafiq icra qurumlarının fəaliyyətinə aid edildiyindən Qubaxəlilli bələdiyyəsi bu sahədə fəaliyyəti qanunsuzdur. Çünki ərazi üzrə göstərilən çirkab və qurunt sularının axıdılmasının qarşısının alınması, məişət tullantılarının yığılmasının təşkili üçün pul vəsaiti ayrılmalıdır. Qanunla isə bu məsələlərlə bağlı pul vəsaitinin ayrılması göstərilməmişdir və bu bələdiyyənin büdcə xərclərində də nəzərdə tutulmamışdır. Ona görə də, 6 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin hüquqi şəxs Qubaxəlilli bələdiyyəsi barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 264.0.1-cü maddəsi ilə olan inzibati işin icraatına xitam verilməsini xahiş edir. Məhkəmə iş materiallarını nəzərdən keçirib hesab edir ki, inzibati xəta üzrə işin icraatına xitam verilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş MN № ******* saylı, xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, İsmayıllı rayonu, Qubaxəlilli bələdiyyəsi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 264.0.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Həmin protokolda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs İsmayıllı rayonu, Qubaxəlilli bələdiyyəsinin nümayəndəsinə hüquq və vəzifələrinin izah edilməsi və ya onun inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşmasını təsdiq edən heç bir qeyd olmamışdır. Bundan əlavə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 6 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi İsmayıllı rayonu, Qubaxəlilli bələdiyyəsi barəsində tərtib edilmiş inzibati xəta haqqında protokola baxılmasının vaxtı və yeri barədə sonuncuya vaxtında məlumat verməmiş, onu ayrı-ayrı prosessual hərəkətlər barədə xəbərdar etməmiş, onu işə baxılmasında və ya digər prosessual hərəkətlərin həyata keçirilməsində iştirak etmək üçün çağırmamış, öz müdafiəsini hazırlamağa və vaxtında gəlməsinə imkan yaratmaq üçün bildirişi ona müvafiq prosessual hərəkətin tarixinə ən azı 5 gün qalmış verməmişdir. Həmçinin qeyd olunan protokolun surəti də Qubaxəliili bələdiyyəsinə verilməmişdir. İsmayıllı rayonu, Qubaxəlilli bələdiyyəsinin inzibati xəta törətməsi barədə işdə heç bir sübuta istinad olunmamışdır. Məhkəmədə İsmayıllı rayonu, Qubaxəlilli bələdiyyəsinin inzibati xəta törətməkdə təqsirli olması sübut olunmamışdır. İnzibati xətanın mahiyyətinin inzibati xəta haqqında protokolda göstərilməməsi barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə ona istinad edilən inzibati xəta hadisəsi haqqında ətraflı məlumat verilməməsi anlamına gəlir. Bu halda isə şəxs nəyə qarşı öz müdafiəsini qurmalı olduğunu bilməmiş və onun hüququ pozulmuşdur. Göstərilən səbəblərdən də, protokol qanunvericiliyin tələblərinə cavab verməyən sübut növü olmaqla ondan, inzibati icraat üzrə sübut edilməli olan halların sübuta yetirilməsində istifadə edilə bilməz. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Sadalanan qanun normalarının tələbinə görə inzibati xətanın törədilməsi faktı aşkar edildiyi vaxt dərhal barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı ilə inzibati xəta haqqında protokol tərtib edilməli, şəxsə İXM-in 61-ci maddəsində nəzərdə tutulan hüquqları izah edilməli, tərtib edilmiş inzibati xəta haqqında protokolun surəti barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılmış şəxsə verilməlidir. Qanunverici yalnız barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin şəxsiyyətinin əlavə aydınlaşdırılması tələb olunduğu hallarda, inzibati xəta haqqında protokolun inzibati xətanın aşkar edildiyi vaxtdan iki günədək müddətdə tərtib edilə bilməsinə hüquqi imkan verir. Hazırkı işdə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin şəxsiyyətinin əlavə aydınlaşdırılmasına hər hansı zərurət olmamışdır. Azərbaycan Respublikası İXM-nin 60.1-ci maddəsinin tələbinə görə hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) bildiriş vasitəsilə inzibati xətalar haqqında işlər üzrə icraatın iştirakçılarını işə baxılmasının vaxtı və yeri, habelə ayrı-ayrı prosessual hərəkətlər haqqında xəbərdar edir, onları işə baxılmasında və ya digər prosessual hərəkətlərin həyata keçirilməsində iştirak etmək üçün çağırırlar. Həmin Məcəllənin 60.3-cü maddəsinə görə isə işdə iştirak edən şəxslərin öz müdafiəsini hazırlamağa və vaxtında gəlmələrinə imkan yaratmaq üçün bildiriş onlara müvafiq prosessual hərəkətin tarixinə ən azı 5 gün qalmış verilir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 264.0.1-ci maddəsinə əsasən su obyektlərinin çirklənməsinin, zibillənməsinin və suların zərərli təsirinin qarşısını alan qurğuları və avadanlıqları olmayan müəssisələrin, kommunal və digər obyektlərin istismar edilməsinə görə fiziki şəxslər altı yüz manatdan min manatadək məbləğdə, vəzifəli şəxslər iki min beş yüz manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər yeddi min beş yüz manatdan on min manatadək məbləğdə cərimə edilir. Lakin Məhkəməyə təqdim edilmiş Azərbaycan Respublikasının Ekologiya və Təbbi Sərvətlər Nazirliyi 6 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən tərtib edilmiş, 31 avqust 2023-cü il tarixli 81221 saylı aktın surətindən görünür ki, aktda Qubaxəlilli kəndində “köhnə qarajın yanı” adlanan əraziyə çirkab suların İsmayıllı rayonu Bələdiyyəsinin sədri Mirzəğa Mirzəxanov tərəfindən deyil, ayrı-ayrı vətəndaşlar tərəfindən axıdılması aşkar edilmişdir. Göründüyü kimi istər Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 6 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən tərtib edilmiş aktdan, istərsə də, MN № ******* saylı, xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında protokoldan kənd ərazisinə suyun kim tərəfindən axıdılması müəyyənləşdirilməmiş, ayrı-ayrı vətəndaşların konkret kimlər olması, hətta ayrı-ayrı vətəndaşların İsmayıllı rayonu, Qubaxəlilli kənd mərkəzində yerləşən su axarına çirkab suların axıdılmasında İsmayıllı rayonu Qubaxəlilli bələdiyyəsinin təqsirinin (hərəkət və hərəkətsizliyi) olması varsa bu təqsirin nədə ifadə olunması göstərilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 99.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsinin mövcudluğunu göstərən kifayət qədər halların səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə və ya xüsusi texniki vasitələrin köməyi, eləcə də müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemi, habelə digər dövlət informasiya sistemləri (ehtiyatları) vasitəsi ilə aşkar edilməsi inzibati xətalar haqqında işlər üzrə icraata başlamağa səbəb ola bilər. Həmin Məcəllənin 100.2-ci maddəsinə əsasən, protokol tərtib edilərkən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə, habelə inzibati xəta haqqında iş üzrə icraatın digər iştirakçılarına bu Məcəllədə nəzərdə tutulmuş hüquqları və vəzifələri izah edilir və bu barədə protokolda müvafiq qeyd aparılır. Həmin Məcəllənin 124.2-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxmaq hüququ səlahiyyətli orqana (vəzifəli şəxsə) aid edilmiş yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə aşkar edildikdə və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşdıqda, inzibati tənbeh tətbiq etmə haqqında qərar çıxarılır. Həmin Məcəllənin 124.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşmadıqda, səlahiyyətli vəzifəli şəxs inzibati xəta haqqında protokol tərtib edir. Həmin Məcəllənin 124.4-cü maddəsinə əsasən inzibati tənbeh tətbiq etmə haqqında qərar və ya inzibati xəta haqqında protokol operativ nəqliyyat vasitəsində quraşdırılmış bort-kompüter vasitəsilə tərtib olunaraq dərhal, yaxud belə kompüter olmadıqda həmin günün sonunadək müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində yerləşdirilir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə bu Məcəllənin 125.2.1-ci maddəsində nəzərdə tutulmuş qaydada bu barədə məlumat verilir. İnzibati tənbeh tətbiq etmə haqqında qərarın və ya inzibati xəta haqqında protokolun kağız daşıyıcıda surəti səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən yerindəcə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə, həmçinin belə müraciəti olduqda inzibati xəta haqqında iş üzrə zərər çəkmiş şəxsə verilir. Bu Məcəllənin 124.3-cü maddəsində nəzərdə tutulmuş hallarda inzibati xəta haqqında protokol baxılması üçün yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilir. Yuxarı səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən həmin iş üzrə qəbul edilən qərar qəbul edildiyi gün müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində yerləşdirilir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə həmin qərar barədə bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumat verilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 106-cı maddəsinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən bir sıra məsələləri o cümlədən inzibati xəta haqqında protokol və işin digər materialları bu Məcəllənin tələbinə müvafiq olaraq tərtib edildiyini (106.0.3), mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutlar toplandığını (106.0.5) həll edir. Həmçinin məhkəmə zamanı müəyyən edildi ki, bələdiyyələrin fəaliyyəti qanun və ya normativ aktlarla tənzimlənir. Azərbaycan Respublikasına bələdiyyələrin fəaliyyəti də Azərbaycan Respublikası Konstitusiyasıyası, Qanunlar və digər normativ aktlarla tənzimlənir. Qeyd olunan Azərbaycan Respublikası Konstitusiyasıyasının İX fəslində Yerli özünüidarələrin səlahiyyətində məişət tullantılarının, çirkab suların qarşısının alınması, məişət tullantılarının yığılması və sair bu kimi iş ilə bağlı hər hansı bir səlahiyyət verilməmişdir. "Şəhərlər və digər şəhərlər və digər yaşayış məntəqələri ərazisinin sanitariya qaydalarına, gigiyena və ekoloji normativlərə uyğun olaraq təmizlənməsi, məişət tullantılarının müvəqqəti saxlanılması, müntəzəm daşınması və zərərsizləşdirilməsi Qaydaları"nm təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 74 saylı Qərarının 10.5-ci bəndində göstərilir ki, bələdiyyələr tərəfindən: - bələdiyyə torpaqlarının tullantılarla çirklənmədən qorunması; - əhali arasında yaşayış yerlərinin təmiz saxlanılması qaydalarına riayət edilməsi barədə izahat işlərinin aparılması və onların bu cür tədbirlərə cəlb edilməsi kimi işlər həyata keçirilir. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 6 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən göstərilən məsələlər müvafiq icra qurumlarının fəaliyyətinə aid edildiyindən Qubaxəlilli bələdiyyəsinin fəaliyyətinə bu sahənin şamil edilməsi qanunsuz sayılmalıdır. Çünki ərazi üzrə göstərilən çirkab və qurunt sularının axıdılmasının qarşısının alınması üçün pul vəsaiti ayrılmalıdır. Bələdiyyələrin fəaliyyətini tənzimləyən Qanunda isə bu məsələlərlə bağlı pul vəsaitinin ayrılması göstərilməmiş və bu bələdiyyənin büdcə xərclərində də nəzərdə tutulmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilir. Məhkəmə iş üzrə tədqiq edilmiş sübutlara hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, İsmayıllı rayonu, Qubaxəlilli bələdiyyəsi barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 264.0.1-ci maddəsi ilə olan inzibati xəta haqqında işin icraatına xitam verilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-50, 53, 106, 112, 114, 117 və 128-131-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: İsmayıllı rayonu, Qubaxəlilli bələdiyyəsi barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 264.0.1-ci maddəsi ilə olan inzibati xəta haqqında işin icraatına xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: İlqar Hüseynov
Məhkəmə qərarları › İş №3(037)-449/2023
İsmayıllı Rayon Məhkəməsi Qərar — İş №3(037)-449/2023
06.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver