Məhkəmə qərarları › İş №3(037)-450/2024

İsmayıllı Rayon Məhkəməsi Qərar — İş №3(037)-450/2024

08.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR İsmayıllı rayonu İş № 3(037)-450/2024 08.10.2024 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov İlqar Vidayət oğlunun sədrliyi Qasımov Sənani Nazir oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş İsmayıllı rayon X10 Təhlükəsizlik Bölməsinin polis sahə rəisi X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə xx xxxxx 1984-cü il tarixdə Laçın rayonu Leninkənd kəndində anadan olmuş, Laçın rayonu Qarakeçdi kəndində qeydiyyatda olmaqla, ismayıllı rayonu Pirdinar kəndində yaşayan, Azərbaycan Respublikası vətəndaşı, evli, himayəsində biri İ qrup əlil olmaqla, üç azyaşlı uşaqları olan, orta təhsilli, işləməyən, fərdi identifikasiya nömrəsi xxxxxxx Şəxs barəsində İsmayıllı rayon Polis Şöbəsindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə daxil olmuş inzibati xəta haqqında materiala 12 sentyabr 2024-cü il tarixdə İsmayıllı şəhərində, İsmayıllı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Şəxs 18 sentyabr 2024-cü il tarixdə İsmayıllı rayonu Kürdmaşı kəndi ərazisində ucadan nalayiq ifadələr işlədərək ictimai qaydanı pozması və onu nizam-intizama dəvət edən polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmaması faktı üzrə barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə 08 oktyabr 2024-cü il tarixli MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilmişdir. Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə inzibati xəta haqqında protokol tərtib etmiş İsmayıllı rayon X10 Təhlükəsizlik Bölməsinin polis sahə rəisi X4 izahat verərək iş üzrə qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs bildirdi ki, bacısı əməliyyat olmuş, lakin əməliyyat uğurlu olmadığı üçün bacısını təcili tibbi yardım avtomobili ilə Bakıya yola salmışlar. Qardaşı Cabirlə birlikdə Cabirin idarə etdiyi avtomobillə təcili tibbi yardım avtomobilinin arxası ilə yola düşmüşlər. Yolda qardaşı oğlu Cabirə zəng etmiş və onu yol patrul xidməti əməkdaşlarının saxladığını bildirmişdir. Həmin vaxt qardaşı oğlunun idarə etdiyi avtomobildə 5 yaşlı uşaq olmuş və onun ağladığını eşitmişlər. Cabir uşaqla birlikdə avtomobilin polis şöbəsinə aparılacağını bildikdə bir az əsəbləşmiş, həmin yerə çatdıqda yol patrul xidməti əməkdaşı Pünhana qardaşı yaxınlaşaraq avtomobili azyaşlı uşaqla birlikdə nə səbəbə polis şöbəsinə apardığını soruşduqda, bu zaman Pünhan “avtomobili aparıb basacam içəri” deyərək bildirmişdir. Bundan sonra aralarında mübahisə yaranmış və mübahisə zamanı qardaşı Pünhana yumruq atsa da, ona dəyməmişdir. Lakin Pünhan yumruqla və təpiklə qardaşı Cabiri vurmuş və Cabir yerə yıxılmışdır. O, Pünhanı sakitləşdirməyə çalışmışdır. Bundan sonra digər polis əməkdaşı İsmayıl həmin yerə gəlmiş və qardaşının üzərinə gəldikdə o, yenidən araya girərək mübahisənin uzanmamasına çalışmışdır. Həmin vaxt heç bir polis əməkdaşına hər hansı zorakı hərəkətlər etməmişdir, yalnız onları tutaraq ayırmaq istəmişdir. Pünhanın Cabiri vurması İsmayıl gələn vaxtadək olmuşdur. Bu səbəbdən həmin hadisələr video görüntüyə düşməmişdir. Qeyd etdikləri nəzərə alınmaqla iş üzrə qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş edir. İş üzrə şahid qismində izahat verən İsmayıllı rayon X12 X13 yol patrul xidməti inspektoru X6 bildirdi ki, həmin vaxt Cabir və Şəhriyar adlı şəxslər onun ünvanına nalayiq ifadələr işlədərk, onun üzərinə hücum çəkmişlər Həmin şəxsləri nizam-intizama dəvət etsə də, heç bir nəticəsi olmamışdır. Bir qədər sonra həmin yerə digər polis əməkdaşı İsmayıl Məmmədov gəlmiş və həmin şəxslər öz qanunsuz əməllərini davam etdirmişlər. İş üzrə şahid qismində izahat verən İsmayıllı rayon X12 X13 yol patrul xidməti inspektoru X2 bildirdi ki, hadisə yerinə çatdıqda iki nəfər şəxsin Pünhana yumruq və təpik atığını görmüş, onları sakitləşdirməyə çalışmış, lakin həmin şəxslər öz qanunsuz hərəkətlərini davam etdirmişdir. Həmin vaxt Şəhriyarın Pünhanı vurmasını görməmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: 18 sentyabr 2024-cü il tarixli raportlardan görünür ki, Şəxs və X9 18 sentyabr 2024-cü il tarixdə İsmayıllı rayonu Kürdmaşı kəndi ərazisində ucadan nalayiq ifadələr işlədərək ictimai qaydanı pozması və onu nizam-intizama dəvət edən polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmaması və polis əməkdaşına dəfələrlə yumruq və təpik vurmaları qeyd edilmişdir. DVD-R diskində olan görüntülərə baxılarkən müəyyən edilmişdir ki, Şəxs 18 sentyabr 2024-cü il tarixdə polis əməkdaşları ilə yüksək səslə mübahisə edərək, xidməti vəzifəsini yerinə yetirən polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmadığı müəyyən olunmuşdur. Tibbi –Sosial Ekspertiza Müayinəsindən çıxarışdan görünür ki, Şəxs oğlu X3 “serbral iflic” xəstəliyi ilə müddətsiz İ qrup əlildir. Məhkəmə araşdırması ilə müəyyən edildi ki, Şəxs 18 sentyabr 2024-cü il tarixdə İsmayıllı rayonu Kürdmaşı kəndi ərazisində ucadan nalayiq ifadələr işlədərək ictimai qaydanı pozmuş və onu nizam-intizama dəvət edən polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Lakin şahidlərin ifadələrində və raportda qeyd edildiyi kimi Şəxs polis əməkdaşlarını vurması və ya onlara hər-hansı zorakı hərəkətlər etməsi, iş materiallarında və təqdim edilmiş DVD-R video görüntüdən öz təsdiqini tapmamışdır. Belə ki, iş materiallarında olan DVD-R video görüntüdə yalnız Şəxs qardaşı ilə polis əməkdaşlarını ayırmağa çalışdığı, bir müddət sonra isə oradan aralaşaraq, kənarda dayanması, sonra isə Cabir Həsənov ** BC *** dövlət qeydiyyat nişanlı avtomobildən sellefon torba götürərək oradan uzaqlaşması qeydə alınmışdır. Bundan başqa polis əməkdaşı X5 Həsənov və onun qardaşı arasında həmin anadək olan hadisələr lentə alınmamışdır. Məhkəmə iş materiallarını nəzərdən keçirib tərəflərin izahatını və şahid ifadələrini dinləyərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətmişdir və o, həmin maddə ilə inzibati məsuliyyətə cəlb edilərək inzibati tənbeh edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; Həmin Məcəllənin 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə - əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə - fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanın Şəxs tərəfindən törədilməsi məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatı eləcə də inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34-cü maddəsinin şərh edilməsinə dair xx.xx.2020-ci il tarixli Qərarının 3-cü bəndinə əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsi şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aid olduqda, ona daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh tətbiq edilməsini nəzərdə tutur. Qeyd edilən maddənin dispozisiyasından göründüyü kimi, polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizəsi ilə bağlı vəzifələrini icra edərkən, ictimai qaydanı pozan şəxs tərəfindən onların qanuni tələblərinə qəsdən tabe olmama İXM-in 535.1-ci maddəsində nəzərdə tutulan məsuliyyətə səbəb olur. Hazırki halda Şəxs hərəkətlərində də həmin halların mövcud olması məhkəmə iclasında öz təsdiqini tapmışdır. Belə ki, tərtib edilmiş inzibati xəta haqqında protokol və məhkəmə iclasında araşdırılan sübutlarla müəyyən edildi ki, Şəxs 18 sentyabr 2024-cü il tarixdə ictimai qaydanı pozmuş və ictimai qaydanın mühafizə vəzifələrini icra edən polis əməkdaşlarının qanuni tələbinə tabe olmamışdır. Bütün bunlar məhkəməyə Şəxs hərəkətlərində ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən qanuni tələb irəli sürən polis əməkdaşlarının qanuni tələbinə tabe olmama kimi halların, yəni İXM-in 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibinin də olması barədə nəticəyə gəlməyə əsas verir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 32.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən bu Məcəllənin 32.1.1 - 32.1.7-ci maddələrində göstərilməmiş başqa hallar da hakim tərəfindən məsuliyyəti yüngülləşdirən hal qismində nəzərə alına bilər. Şəxs tərəfindən törədilmiş inzibati xətada ilk dəfə inzibati xəta törətməsini, himayəsində biri İ qrup əlil olmaqla, üç azyaşlı uşaqlarının olması onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Şəxs tərəfindən törədilmiş inzibati xətada onun məsuliyyətini ağırlaşdıran hallar aşkar edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 4-cü maddəsinə əsasən İXM insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Məhkəmə Şəxs tərəfindən törədilmiş inzibati xətanın xarakterini, onun şəxsiyyətini, təqsirinin dərəcəsini, habelə məsuliyyəti yüngülləşdirən halları nəzərə alaraq o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə təqsirli bilinməli və Azərbaycan Respublikası İXM-nin 34.3-cü maddəsinin tələbinə uyğun olaraq daha ciddi xətaya görə müəyyən edilmiş İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan 200 (iki yüz) manat miqdarında inzibati cərimə tətbiq etməyi məqsədə müvafiq hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 25, 32, 33, 43, 106-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinsin. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinin tələbinə uyğun olaraq İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 200 (iki yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: İlqar Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar