Məhkəmə qərarları › İş №3(037)-451/2024

İsmayıllı Rayon Məhkəməsi Qərar — İş №3(037)-451/2024

08.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR İsmayıllı rayonu İş № 3(037)-451/2024 08.10.2024 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov İlqar Vidayət oğlunun sədrliyi Qasımov Sənani Nazir oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş İsmayıllı rayon X8 Təhlükəsizlik Bölməsinin polis sahə rəisi X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə xx xxxxxx 1974-cü il tarixdə Laçın rayonu Leninkənd kəndində anadan olmuş, İsmayıllı rayonu Qaraqaya kəndində qeydiyyatda olmaqla, Bakı şəhəri, Bakıxanov qəsəbəsi, M.Fətəliyev küçəsi 72, mənzil 42-də yaşayan, Azərbaycan Respublikası vətəndaşı, evli, orta-ixtisas təhsilli, İİ qrup əlil olmaqla sosial müavinət alan, fərdi identifikasiya nömrəsi xxxxxxx Şəxs barəsində İsmayıllı rayon Polis Şöbəsindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə daxil olmuş inzibati xəta haqqında materiala 12 sentyabr 2024-cü il tarixdə İsmayıllı şəhərində, İsmayıllı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Şəxs 18 sentyabr 2024-cü il tarixdə İsmayıllı rayonu Kürdmaşı kəndi ərazisində ucadan nalayiq ifadələr işlədərək ictimai qaydanı pozması və onu nizam-intizama dəvət edən polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmaması faktı üzrə barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə 08 oktyabr 2024-cü il tarixli MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilmişdir. Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1ci maddələri ilə inzibati xəta haqqında protokol tərtib etmiş İsmayıllı rayon X8 Təhlükəsizlik Bölməsinin polis sahə rəisi X3 izahat verərək iş üzrə qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs bildirdi ki, 17 sentyabr 2024-cü il tarixdə bacısı İsmayıllı rayon xəstəxanasında əməliyyat olmuşdur. Lakin əməliyyat uğursuz olduğu üçün həkimlər bacısını təcili Bakı şəhərinə aparmalı olduqlarını bildirdilər. 18 sentyabr 2024-cü il tarixdə təcili tibbi yardım avtomobili ilə bacısını Bakı şəhərinə aparmaq istəmişlər. Qardaşı Şəhriyarla birlikdə idarə etdiyi avtomobillə təcili yardım avtomobilinin arxası ilə yol düşmüşlər. İvanovka kəndi ərazisində bacısının yanında olan qardaşının yoldaşı ona zəng edərək həkim tərəfindən bəzi sənədlərin götürülməli olduğunu ona bildirmişdir. Həmin sənədlər Pirdinar kəndində qalmışdır. Təcili tibbi yardım avtomobilindən uzaqlaşmamaq üçün 16 yaşlı qardaşı oğluna zəng etmiş və ona məxsus olan avtomobili ilə həmin sənədləri əsas yola çıxmayaraq kəndin yoluna çıxarmasını bildirmişdir. 5 dəqiqə sonra qardaşı oğlu ona zəng etmiş və telefonu Şəhriyar açmışdır. Qardaşı oğlu polis əməkdaşları tərəfindən saxlanıldığını bildirmiş və Şəhriyar polis əməkdaşı İsmayıl ilə danışaraq bacısının əməliyyat olduğunu və beş dəqiqəyə oraya çatacağını bildirmişdir. Həmin yerə çatdıqda ona məxsus avtomobilin Pünhan tərəfindən idarə olunduğunu görmüş və Pünhan avtomobili saxlamışdır. Onlara yaxınlaşdıqda ilk öncə elə başa düşmüşdür ki, polis əməkdaşları onlara kömək etmək niyyətindədilər ki, onların xəstəsi var. Pünhan həmin vaxt “avtomobili aparıb soxacam içəri” deyə bildirmişdir. O, polis əməkdaşına “utanmırsan avtomobildə 5 yaşlı uşaqla birlikdə polis şöbəsinə gedirsən” deyə bildirdikdə, Pünhan “özün utan, qudurmusuz, hamınızı basacam içəri” deyə bildirmişdir. O. İİ qrup Qarabağ müharibəsi əlilidir və həmin avtomobili Cənab Prezident ona vermişdir. Onun həmin vaxt əsəbləşməyinə səbəb 5 yaşlı uşağın polis şöbəsinə aparılmağı olmuşdur. Avtomobil saxlanılarkən tanışlara polis əməkdaşlarına yaxınlaşmış və azyaşlı uşağı tanıdıqlarını, uşağa onlara verməsini bildirsə də, polis əməkdaşları uşağı buraxmamışdır. Həmin vaxt mübahisə yaranmış və polis əməkdaşı Pünhan onu dirsəyi ilə ağzından vurmuş və protezi sınmış, daha sonra təpiklə vurduqda, yerə yıxılmışdır. Aldığı xəsarətlərə görə 8 gün Sabunçu xəstəxanasında yataraq müalicə almışdır. Bununla bağlı müvafiq orqanlara müraciətlər etmiş və hazırda araşdırma aparılır. Bütün bunlara görə həmin şəxslər tərəfindən ona hər gün hədələr gəlir. Həmin vaxt heç bir polis əməkdaşına xəsarət və ya hər hansı zorakı hərəkət etməmişdir. Sadəcə əsəbi halda avtomobilin duracağa getməsinə etiraz etmişdir. Bunun da səbəsi avtomobildə azyaşlı uşağın olması olmuşdur. Qeyd etdikləri nəzərə alınmaqla iş üzrə qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş edir. İş üzrə şahid qismində izahat verən İsmayıllı rayon X11 X14 yol patrul xidməti inspektoru X6 bildirdi ki, yol patrul xidməti əməkdaşı İsmayıl Məmmədovla birlikdə Kürdmaşı kəndində xidmətdə olarkən, “NAZ Lifan” markalı avtomobilin qabaq ön oturacağında azyaşlı uşaq olduğu üçün tərəfindən saxlanılmışdır. Yoxlama zamanı 16 yaşlı avtomobili idarə edən şəxsin sürücülük hququnun olmadığı müəyyən edilmişdir. Həmin avtomobil duracağa yerləşdirmək üçün avtomobilin sükan arxasına əyləşmiş, azyaşlı uşaq arxa, avtomobili idarə edən şəxs isə ön qabaq hissədə əyləşmişdir. Yolda hərəkətdə olarkən həmin şəxs atasının gəldiyini görüb avtomobili saxlamasını xahiş etmişdir. O, avtomobili yolun kənarında saxlamış və avtomobildən düşən kimi iki nəfər şəxs sonradan adları məlum olan Şəhriyar və Şəxs onun ünvanına nalayiq ifadələr işlətmişdir. Bu zaman mübahisə yaranmış və hər iki şəxs onunla əl-qol hərəkətləri ilə onu vurmağa çalışmışdır. Bir qədər sonra həmin yerə digər polis əməkdaşı İsmayıl Məmmədov gəlmiş və həmin şəxslər öz qanunsuz əməllərini davam etdirmişlər. İş üzrə şahid qismində izahat verən İsmayıllı rayon X11 X14 yol patrul xidməti inspektoru X2 da şahid X4 izahatının məzmununa uyğun izahat verərək onun göstərdiyi xüsusatları təsdiq etdiyini bildirdilər. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: 18 sentyabr 2024-cü il tarixli raportlardan görünür ki, X5 və Şəxs 18 sentyabr 2024cü il tarixdə İsmayıllı rayonu Kürdmaşı kəndi ərazisində ucadan nalayiq ifadələr işlədərək ictimai qaydanı pozması və onu nizam-intizama dəvət edən polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmaması və polis əməkdaşına dəfələrlə yumruq və təpik vurmaları qeyd edilmişdir. DVD-R diskində olan görüntülərə baxılarkən müəyyən edilmişdir ki, Şəxs 18 sentyabr 2024-cü il tarixdə polis əməkdaşları ilə yüksək səslə mübahisə edərək, xidməti vəzifəsini yerinə yetirən polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmadığı müəyyən olunmuşdur. Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, veteranları və X13 Birliyinin 017116 nömrəli, xx.xx.2019-cu il tarixli vəsiqəsindən görünür ki, Şəxs İİ qrup müharibə əlilidir. Məhkəmə araşdırması ilə müəyyən edildi ki, Şəxs 18 sentyabr 2024-cü il tarixdə İsmayıllı rayonu Kürdmaşı kəndi ərazisində ucadan nalayiq ifadələr işlədərək ictimai qaydanı pozmuş və onu nizam-intizama dəvət edən polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Lakin şahidlərin ifadələrində və raportda qeyd edildiyi kimi Şəxs polis əməkdaşlarını vurması və ya onlara hər-hansı zorakı hərəkətlər etməsi, iş materiallarında və təqdim edilmiş DVD-R video görüntüdən öz təsdiqini tapmamışdır. Belə ki, iş materiallarında olan DVD-R video görüntüdə yalnız Şəxs polis əməkdaşlarının üzərinə gəlməsi, bundan sonra qaardaşı Şəhriyarın onları ayırmağa çalışdığı, bir müddət sonra isə ** BC *** dövlət qeydiyyat nişanlı avtomobildən sellefon torba götürərək oradan uzaqlaşması qeydə alınmışdır. Bundan başqa polis əməkdaşı X10 Həsənov və onun qardaşı arasında həmin anadək olan hadisələr lentə alınmamışdır. Məhkəmə iş materiallarını nəzərdən keçirib tərəflərin izahatını və şahid ifadələrini dinləyərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətmişdir və o, həmin maddə ilə inzibati məsuliyyətə cəlb edilərək inzibati tənbeh edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; Həmin Məcəllənin 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən“şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı“pozan, lakin“fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə - əlli manatdan yüz manatadək“məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə - fiziki şəxslər“iki yüz manat məbləğində“cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə“bir ayadək“müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanın Şəxs tərəfindən törədilməsi məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatı eləcə də inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34-cü maddəsinin şərh edilməsinə dair xx.xx.2020-ci il tarixli Qərarının 3-cü bəndinə əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsi şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aid olduqda, ona daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh tətbiq edilməsini nəzərdə tutur. Qeyd edilən maddənin dispozisiyasından göründüyü kimi, polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizəsi ilə bağlı vəzifələrini icra edərkən, ictimai qaydanı pozan şəxs tərəfindən onların qanuni tələblərinə qəsdən tabe olmama İXM-in 535.1-ci maddəsində nəzərdə tutulan məsuliyyətə səbəb olur. Hazırki halda X5 oğlunun hərəkətlərində də həmin halların mövcud olması məhkəmə iclasında öz təsdiqini tapmışdır. Belə ki, tərtib edilmiş inzibati xəta haqqında protokol və məhkəmə iclasında araşdırılan sübutlarla müəyyən edildi ki, Şəxs 18 sentyabr 2024-cü il tarixdə ictimai qaydanı pozmuş və ictimai qaydanın mühafizə vəzifələrini icra edən polis əməkdaşlarının qanuni tələbinə tabe olmamışdır. Bütün bunlar məhkəməyə Şəxs hərəkətlərində ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən qanuni tələb irəli sürən polis əməkdaşlarının qanuni tələbinə tabe olmama kimi halların, yəni İXM-in 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibinin də olması barədə nəticəyə gəlməyə əsas verir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 32.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən bu Məcəllənin 32.1.1 - 32.1.7-ci maddələrində göstərilməmiş başqa hallar da hakim tərəfindən“məsuliyyəti“yüngülləşdirən hal qismində nəzərə alına bilər. Şəxs tərəfindən törədilmiş inzibati xətada İİ qrup müharibə əlili olması onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Şəxs tərəfindən törədilmiş inzibati xətada onun məsuliyyətini ağırlaşdıran hallar aşkar edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 4-cü maddəsinə əsasən İXM insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 30.2-ci hamilə qadınlar və ya himayəsində on dörd“yaşınadək uşağı olan qadınlar, on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər, on səkkiz yaşına çatmayan şəxslər,“orqanizmin funksiyalarının 61-80 faiz və ya 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslər, 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər,“altmış yaşına çatmış qadınlar və altmış beş yaşına çatmış kişilər,“habelə bu Məcəllənin 41-ci fəslində nəzərdə tutulmuş inzibati xətalar istisna olmaqla digər inzibati xətalara görə hərbi qulluqçular“barəsində inzibati həbs tətbiq edilə bilməz. Məhkəmə Şəxs tərəfindən törədilmiş inzibati xətanın xarakterini, onun şəxsiyyətini, təqsirinin dərəcəsini, ilk dəfə inzibati xəta törətməsini, İİ qrup müharibə əlili olmasını, habelə məsuliyyəti yüngülləşdirən halları nəzərə alaraq o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə təqsirli bilinməli və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 30.2-ci maddəsinə əsasən ona inzibati həbslə bağlı olmayan tənbeh verilməsini və Azərbaycan Respublikası İXM-nin 34.3-cü maddələrinin tələbinə uyğun olaraq daha ciddi xətaya görə müəyyən edilmiş İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan 200 (iki yüz) manat miqdarında inzibati cərimə tətbiq etməyi məqsədə müvafiq hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 25, 32, 33, 43, 106-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinsin. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinin tələbinə uyğun olaraq İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 200 (iki yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: İlqar Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar