Məhkəmə qərarları › İş №3(037)-456/2022

İsmayıllı Rayon Məhkəməsi Qərar — İş №3(037)-456/2022

21.10.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR İsmayıllı rayonu İş № 3(037)-456/2022 21.10.2022 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hüseynov İlqar Vidayət oğlunun sədrliyi Qasımov Sənani Nazir oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş İsmayıllı rayon X8 Təhlükəsizlik Bölməsinin polis sahə rəisi X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs, Zərərçəkmiş Zərərçəkmiş şəxs iştirakı ilə xx xxxx 1992-ci il tarixdə İsmayıllı rayonunda anadan olmuş, İsmayıllı rayonu İsmayıllı kəndində yaşayan, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, himayəsində 14 yaşına çatmamış uşağı olan, öz deməsinə görə il ərzində eyni inzibati xətaya görə inzibati məsuliyyətə cəlb edilməmiş, fərdi identifikasiya nömrəsi xxxxxxx Şəxs barəsində İsmayıllı rayon Polis Şöbəsindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə daxil olan inzibati xəta haqqında materiala 21 oktyabr 2022-ci il tarixdə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Şəxs 24 may 2022-ci il tarixdə saat 18:00 radələrində İsmayıllı rayonu İsmayıllı kəndində yaşadığı evin həyətində qaynanası Zərərçəkmiş şəxs ilə aralarında baş vermiş mübahisə zamanı sonuncuya sağlamlığa zərər vurmayan və dərəcəsi təyin edilməyən bədən xəsarətləri yetirməklə onu qəsdən döyməsi faktı üzrə İsmayıllı rayon X6 Bölməsinin müstəntiqi İmran Lətifovun 28 iyul 2022-ci il tarixli qərarı ilə cinayət işinin başlanması rədd edilmiş və qərarın surəti Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati tədbir görülməsindən ötrü şöbənin X1 verilmişdir. İsmayıllı rayon Polis Şöbəsinin sahə rəisi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə 30 avqust 2022-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək həmin tarixdə baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokol tərtib etmiş İsmayıllı rayon X8 Təhlükəsizlik Bölməsinin polis sahə rəisi Mirdamət Nəzərli izahatında göstərdi ki, Şəxs 24 may 2022-ci il tarixdə saat 18:00 radələrində yaşadığı evin həyətində Zərərçəkmiş şəxs döyməsi faktı üzrə araşdırma aparılmış və onun əməlində cinayət tərkibinin əlamətləri olmadığından barəsində toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Qeyd olunan hadisə nəticəsində zərərçəkmiş şəxsə dərəcəsi təyin edilməyən bədən xəsarətləri yetirildiyi üçün barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün İsmayıllı Rayon Məhkəməsinə göndərilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahat verərək göstərdi ki, 24 may 2022-ci il tarixdə saat 18 radələrində yaşadığı evin qapısının qarşısına çıxdıqda qayınatası Azadxanı və onun qeyri rəsmi nikahla yaşadığı arvadı Minayəni görmüşdür. Minayəyə onu uşaqlarına qarğış etdiyi və arxasınca danışması əsas gətirərək mübahisəyə başlamışdır. Minayə onun üzərinə hücum çəkərək saçından tutub dartmağa başlamışdır. Bu zaman Azadxan yaxınlaşıb onu sağ qolu ilə boğmağa başlamış və Minayə yerdən bir ədəd çay daşını götürərək onun başının ortasından və sol qaşının üstündən vurmuşdur. Sifətindən qan açılmış və hadisə yerinə gələn qonşusu onları aralamışdır. O, dərhal “102 xidməti”nə müraciət edərək baş vermiş hadisə barədə məlumat vermiş, bundan sonra huşunu itirərək yerə yıxılmışdır. Münaqişə ümumilikdə 10-15 dəqiqə müddətində davam etmiş, o özünü qorumaq üçün Minayənin saçını dartsa da ona heç bir xəsarət yetirməmişdir. Barəsində tərtib olunmuş protokolla razı deyil. O, Minayəni vurmamış və ona hər hansı xəsarət yetirməmişdir. Hazırda Minayə ilə barışmamışdır. Qeyd etdikləri nəzərə alınmaqla barəsində olan inzibati xəta haqqında işin icraatına xitam verilməsini xahiş edir. Zərərçəkmiş Zərərçəkmiş şəxs izahat verərək göstərdi ki, rəsmi olmasa da 42 ildir X3 ilə birlikdə yaşayır. Ögey oğlu Amid ilə Turanə təxminən 10 ildir evlənmişdir. Birgə nikahlarından 2 azyaşlı uşaqları olmuşdur. Amidlə Turanə dolanmadıqları üçün boşanmaq məqsədi ilə İsmayıllı rayon məhkəməsinə müraciət etmişlər. Buna görə Amid evi tərk edib və Turanədən kənarda ayrı yaşayır. Özü də Azadxanla birlikdə Turanənin yaşadığı həyətin qonşuluğunda yaşayır. xx.xx.2022-ci il tarixdə, saat 18 radələrində o, yaşadığı evdən küçəyə çıxıb həyətin qarşısında olan oturacaqda əyləşmiş və Azadxanın idarə etdiyi avtomobili ilə gəldiyini görmüşdür. Azadxan çatıb avtomaşından yerə düşmüşdür. Bu an qonşu həyətdə yaşayan Turanə yaşadığı həyətdən çıxıb üstünə gələrək guya onun uşaqlarına qarğış etdiyini iddia edərək onu nalayiq sözlərlə təhqir etməyə başlamışdır. Turanənin heç nə etməyəcəyini fikirləşmiş, lakin gözləmədiyi halda Turanə üzərinə hücum çəkərək hər iki əli ilə onun saçından tutub möhkəm dartmaqla onu arxası üstə yerə yıxmışdır. Yerə yıxdıqdan sonra isə üzərinə oturub dırnaqları ilə onu üzünü cırmağa və saçını yolmağa başlamışdır. O, özünü müdafiə etmək məqsədi ilə Turanənin saçından tutub dartmışdır. Bu zaman Azadxan gələrək Turanənin əlindən yapışıb ondan aralamaq istəsə də ayıra bilməmişdir. Həmin vaxtı hadisə yerinə gələn qonşusu X4 ayırmışdır. Lakin Turanə əl çəkmədiyindən yerdən bir ədəd çay daşını götürüb sonuncuya tərəf atmış, daş Turanənin sol qaşından dəymiş və sifətindən qan axmağa başlamışdır. Az sonra hadisə yerinə polis əməkdaşları gəlmişlər. Bu zaman Turanənin onu döyməsi ilə bağlı İsmayıllı RPŞ-yə ərizə ilə müraciət etmişdir. Özü Turanə ilə əlbəyaxa olsa da Azadxan Turanəyə əl toxundurmamış, sonuncunu döyməmişdir. Hazırda Turanə ilə barışmamışdır. Qeyd etdikləri nəzərə alınmaqla iş üzrə qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Məhkəmə-tibbi ekspertizasının 264 nömrəli rəyindən görünür ki, Şəxs məhkəmə-tibbi ekspertizası zamanı aşkar olunan xəsarətlər – qapalı kəllə beyin travması və beyin silkələnməsi ilə müşayiət olunan təpə nahiyyəsinin hematoması, sol qaş qövsünün səthi yarası, sol qaş qövsünün, sol qulağın sıyrıqları və sol gözaltı nahiyyənin qançırı küt əşya (alət) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən xx.xx.2022-ci il tarixdə törənməsi istisna edilmir, sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül dərəcəli zərər vurmaya aiddir. İsmayıllı rayon X6 bölməsinin müstəntiqi İmran Lətifov tərəfindən qəbul edilmiş 28 iyul 2022-ci il tarixli «Sübutların qiymətləndirilməsi haqqında» qərarından müəyyən edilir ki, Zərərçəkmiş şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmiş, Zərərçəkmiş şəxs və Şəxs barəsində xuliqanlıq cinayət əməlinin tərkib əlamətləri olmadığından, Azadxan Tayirzadənin təqsirliliyi sübuta yetirilmədiyindən, Azadxan Tayirzadənin və Şəxs əməllərində cinayət tərkibi olmadığından həmin xüsusatlar üzrə cinayət təqibinin başlanması rədd edilmiş və müvafiq materiallar ayrılaraq saxlanması üçün İsmayıllı rayon prokurorluğuna göndərilmiş, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə inzibati icraat açılaraq araşdırma aparılmasından ötrü qəbul edilmiş qərarın surəti raportla İsmayıllı RPŞ-nin İTB-nə verilmişdir. Məhkəmə araşdırması ilə müəyyən edildi ki, Şəxs 24 may 2022-ci il tarixdə saat 18:00 radələrində İsmayıllı rayonu İsmayıllı kəndində yaşadığı evin həyətində qaynanası Zərərçəkmiş şəxs ilə aralarında baş vermiş mübahisə zamanı sonuncuya sağlamlığa zərər vurmayan və dərəcəsi təyin edilməyən bədən xəsarətləri yetirməklə onu qəsdən döymüşdür. Məhkəmə iş materiallarını nəzərdən keçirib tərəflərin izahatlarını dinləyərək qərara gəlir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir və o, həmin maddə ilə inzibati məsuliyyətə cəlb edilərək inzibati tənbeh edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən bu məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 30.2-ci maddəsinə əsasən hamilə qadınlar və ya himayəsində on dörd yaşınadək uşağı olan qadınlar, on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər, on səkkiz yaşına çatmayan şəxslər, birinci və ya ikinci dərəcə əlilliyi olan şəxslər, sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar, altmış yaşına çatmış qadınlar və altmış beş yaşına çatmış kişilər, habelə bu Məcəllənin 41-ci fəslində nəzərdə tutulmuş inzibati xətalar istisna olmaqla digər inzibati xətalara görə hərbi qulluqçular barəsində inzibati həbs tətbiq edilə bilməz. Həmin Məcəllənin 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən onun tərəfindən törədilmiş inzibati xətanın xarakterini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şəxsiyyətini, təqsirinin dərəcəsini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə hesab edir ki, Şəxs törətdiyi inzibati xətanı etiraf etməməsi, onun məsuliyyətdən yayınması məqsədi daşıyır. Məhkəmə Şəxs himayəsində azyaşlı uşaq olmasını onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Şəxs tərəfindən törədilmiş inzibati xətada onun məsuliyyətini ağırlaşdıran hallar aşkar edilməmişdir. Məhkəmə X5 tərəfindən törədilmiş inzibati xətanın xarakterini, onun şəxsiyyətini, təqsirinin dərəcəsini, habelə məsuliyyəti yüngülləşdirən halı nəzərə alaraq barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin sanksiyasında nəzərdə tutulan cərimə tətbiq edilməsini, cərimənin 300 (üç yüz) manat miqdarında müəyyən edilməsini məqsədə müvafiq hesab edir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 25, 32, 43, 106-115, 117 və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə q ə r a r a a l d ı: X5 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib 300 (üç yüz) manat məbləğində inzibati cərimə olunsun. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən İlqar Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar