Məhkəmə qərarları › İş №3(037)-46/2023

İsmayıllı Rayon Məhkəməsi Qərar — İş №3(037)-46/2023

01.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR İsmayıllı rayonu İş № 3(037)-46/2023 01.02.2023 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov İlqar Vidayət oğlunun sədrliyi Qasımov Sənani Nazir oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş İsmayıllı rayon X3 Təhlükəsizlik Bölməsinin polis sahə rəisi X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə xx xxxxx 1980-cı il tarixdə İsmayıllı rayonu İstisu kəndində anadan olmuş, həmin kənddə yaşayan, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, fərdi identifikasiya nömrəsi xxxxxxx Şəxs barəsində İsmayıllı rayon Polis Şöbəsindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə daxil olmuş inzibati xəta haqqında materiala 01 fevral 2023-cü il tarixdə İsmayıllı şəhərində, İsmayıllı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Şəxs 01 fevral 2023-cü il tarixdə İsmayıllı rayonu İstisu kəndi ərazisində ucadan nalayiq ifadələr işlədərək ictimai qaydanı pozması faktı ilə bağlı barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə 01 fevral 2022-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilmişdir. Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə inzibati xəta haqqında protokol tərtib etmiş İsmayıllı rayon X3 Təhlükəsizlik Bölməsinin polis sahə rəisi Ruslan Şirvanov izahatında göstərdi ki, 01 fevral 2023-cü il tarixdə saat 15:01-də İsmayıllı rayonu İstisu kəndində yaşayan Şəxs DİN-in “102” xidmətinə zəng edərək İsmayıllı rayon Polis Şöbəsindən onu narahat edəcəkləri təqdirdə oranı avtomatla dağıdıb çıxacağını bildirmişdir. Bununla bağlı dərhal əməkdaşlar İstisu kəndinə getmişlər. Polis əməkdaşları kəndə çatdıqda Şəxs kənd ərazisində ucadan nalayiq ifadələr işlətdiyinin şahidi olmuşlar. Bu hal kənd sakinlərinin narazılığına səbəb olduğundan, Şəxs rayon polis şöbəsinə gətirilmişdir. Şəxs ucadan nalayiq ifadələr işlətməsi faktı ilə bağlı araşdırma aparılmış və əməlində İXM-nin 510-cu maddəsində nəzərdə tutulan inzibati xəta hadisəsi olduğundan həmin maddə ilə inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün İsmayıllı Rayon Məhkəməsinə göndərilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs bildirirdi ki, ailəsi ilə birlikdə İsmayıllı rayonu İstisu kəndində yaşayır. 01 fevral 2023-cü il tarixdə yaşadığı evdə ailəsi ilə mübahisəsi olmuşdur. Bununla bağlı “102” xidmətinə məlumat daxil olmuşdur. Bundan sonra özü “102” xidmətinə zəng etmiş və İsmayıllı rayon Polis Şöbəsində onu narahat edəcəkləri təqdirdə oranı dağıdacağını bildirmişdir. Bundan sonra polis əməkdaşları onun yaşadığı evə gəlmiş və onu rayon polis şöbəsinə aparmışlar. Barəsində tərtib olunmuş protokolla razı deyil. Belə ki, o kənd ərazisində heç kimlə mübahisə etməmiş və ucadan nalayiq ifadələr işlətməmişdir. Polis əməkdaşları gələrkən o, yaşadığı evdə olmuşdur. Bir qədər spirtli içki qəbul etdiyindən evdə əsəbləşmiş və “102” xidmətinə zəng etmişdir. Ailəlidir iki azyaşlı övladı var. Bundan başqa əsəb xəstəliyindən əziyyət çəkir və bununla bağlı müalicələr alır. Qeyd etdikləri nəzərə alınmaqla barəsində olan inzibati işin icraatına xitam verilməsini məhkəmədən xahiş edir. Məhkəmə iş materiallarını nəzərdən keçirib tərəflərin izahatlarını dinləyərək hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, İsmayıllı rayon X3 Təhlükəsizlik Bölməsinin polis sahə rəisi tərəfindən tərtib olunmuş inzibati xəta haqqında protokolda Şəxs 01 fevral 2023-cü il tarixdə İsmayıllı rayonu İstisu kəndi ərazisində ucadan nalayiq ifadələr işlədərək ictimai qaydanı pozması göstərilmişdir. Lakin, həmin inzibati xətanın Şəxs tərəfindən törədilməsi faktı üzrə işdə kifayət qədər sübutlar yoxdur. Şəxs 01 fevral 2023-cü il tarixdə “102” xidmətinə zəng etsə də, həmin vaxt kənd ərazisində ucadan nalayiq ifadələr işlətməmiş və ictimai qaydanın pozulması ilə müşayiət olan hər hansı hərəkət törətməmişdir. Şəxs kənd ərazisində ucadan nalayiq ifadələr işlətməsi ilə bağlı şahidlər dindirilməmiş və onların izahatı alınmamışdır. Şəxs ictimai qaydanı pozması və bununla da Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510cu maddəsində nəzərdə tutulan inzibati xəta hadisəsini törətməsi məhkəmə araşdırması ilə öz təsdiqini tapmamışdır. Şərh olunan əsaslara görə məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulan inzibati xəta hadisəsinin törədilməsi istisna edilir və onun əməlində həmin maddədə nəzərdə tutulan inzibati xəta tərkibinin əlamətləri yoxdur. Azərbaycan Respunblikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inizbati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmçinin İXM-nin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.1 və 53.0.2-ci maddələrinə əsasən inzibati xəta hadisəsi olmadıqda və inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan hər hansı biri mövcud olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar çıxarılır. Qeyd olunan əsaslara görə məhkəmə qərara gəlir ki, inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs əməlində inzibati xəta hadisəsi olmadığından barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə olan inzibati xəta haqqında işin icraatına xitam verilməsi barədə qərar qəbul edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53, 105, 114-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510cu maddəsi ilə olan inzibati xəta haqqında işin icraatına xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən İlqar Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar