Məhkəmə qərarları › İş №3(037)-473/2024

İsmayıllı Rayon Məhkəməsi Qərar — İş №3(037)-473/2024

30.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR İsmayıllı rayonu İş № 3(037)-473/2024 30.10.2024 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov İlqar Vidayət oğlunun sədrliyi Qasımov Sənani Nazir oğlunun katibliyi, İsmayıllı rayon X9 Təhlükəsizlik Bölməsinin polis sahə rəisi X5, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs, Zərərçəkmiş Zərərçəkmiş şəxs iştirakı ilə xx xxxx 1986-cı il tarixdə İsmayıllı rayonu İsmayıllı kəndində anadan olmuş, həmin kənddə yaşayan, Azərbaycan Respublikası vətəndaşı, subay, ali təhsilli, İsmayıllı rayon İvanovka kənd orta məktəbində müəllim işləyən, himayəsində 2 azyaşlı övladı olan, öz deməsinə görə il ərzində eyni inzibati xətaya görə inzibati məsuliyyətə cəlb edilməmiş, fərdi identifikasiya nömrəsi xxxxxxx Şəxs oğlu barəsində İsmayıllı rayon Polis Şöbəsindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə daxil olan inzibati xəta haqqında materiala 30 oktyabr 2024-cü il tarixdə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Şəxs 06 avqust 2024-cü il tarixdə İsmayıllı rayon Polis Şöbəsinin inzibati binasında Zərərçəkmiş şəxs ilə aralarında yaranmış mübahisə zamanı sonuncuya sağlamlığa zərər vurmayan və dərəcəsi təyin edilməyən bədən xəsarəti yetirməsi faktı üzrə İsmayıllı rayon X8 Bölməsinin təhqiqatçısının 26 avqust 2024-cü il tarixli qərarı ilə cinayət işinin başlanması rədd edilmiş və qərarın surəti Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati tədbir görülməsindən ötrü şöbənin X3 verilmişdir. İsmayıllı rayon Polis Şöbəsinin sahə rəisi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə 24 oktyabr 2023-cü il tarixli MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək həmin tarixdə baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilmişdir. İsmayıllı rayon X9 Təhlükəsizlik Bölməsinin polis sahə rəisi Ağacan Qarayev izahatında göstərdi ki, İsmayıllı rayon X1 işlə bağlı şəxslər dindirilərkən Şəxs Zərərçəkmiş şəxs ilə mübahisə etmiş və sonuncunun qolundan tutaraq ona zorakı hərəkətlər etmişdir. Bununla bağlı araşdırma aparılmış və barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. İş üzrə qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahat verərək göstərdi ki, eyni məktəbdə işlədiyi Şahid2 onun barəsində şər və böhtan xarakterli məlumatlar yaymışdır və bütün bunlara görə Səidə onun ailəsini dağıtmışdır. Bundan sonra da, Səidə onun foto və videolarını yayacağı ilə bağlı təhdidlər etdiyi üçün polis şöbəsinə müraciət etməli olmuşdur. 06 avqust 2024-cü il tarixdə polis şöbəsində izahatları alınarkən Gülöyşə onun üzərinə hücum çəkmiş və sağ əli ilə onu vurmaq istəyərkən, sol əli ilə Gülöyşənin qolundan tutaraq buna mane olmuşdur. Həmin vaxt Gülöyşənin qolunun aşağı hissəsindən tutsa da, Gülöyşənin qolundakı xəsarət qolunun yuxarı hissəsində baş vermişdir. Həmin xəsarət onun tutması nəticəsində baş verməmişdir. Həmin vaxt orada Gülöyşə, Lamiyə və polis əməkdaşları olmuşdur. Səidə və onun oğlu isə çöldə olmuşdur. Barəsində tərtib olunmuş protokolla razı deyil. O, heç bir xəta törətməmiş və Gülöyşəyə hər hansı xəsarət yetirməmişdir. Qeyd etdikləri nəzərə alınmaqla iş üzrə qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Zərərçəkmiş Zərərçəkmiş şəxs izahat verərək göstərdi ki, X6 Ramazanovaya şər və böhtan atmışdır. Bununla bağlı Polis şöbəsində araşdırma aparılmışdır. 06 avqust 2024-cü il tarixdə qızı Səidə, Səidənin oğlu Azim və başqa qız qohumu Lamiyə ilə polis şöbəsində olmuşdur. Həmin vaxt polis əməkdaşları tərəfindən izahatları alınarkən Pərvanəyə iradını bildirdikdə Pərvanə onun qolundan tutaraq bərk sıxmışdır. Bundan sonra onun halı pisləşmiş və özündən getmişdir. O, xəstədir və müalicə alır. Pərvanənin qolundan tutması nəticəsində səhhətində narahatlıqlar yaranmışdır. Hazırda Pərvanəni bağışlamamış və onunla barışmamışdır. Qeyd etdikləri nəzərə alınmaqla Pərvanə barəsində qanuni tədbir görülməsini məhkəmədən xahiş etmişdir. İş üzrə şahid qismində dindirilmiş Şahid2 izahat verərək göstərdi ki, Pərvanə Əliyevə ilə bir məktəbdə müəllim işləyir və əvvəllər yaxın münasibətləri olmuşdur. Lakin sonradan Pərvanə ilə münasibətləri pozulmuşdur. Buna səbəb Pərvanənin onun ünvanına şər və böhtanlar atması olmuşdur. Pərvanə ondan polis şöbəsinə şikayət etmiş və həmin şikayət əsasında polis şöbəsində araşdırma aparılmışdır. 06 avqust 2024-cü il tarixdə anası Gülöyşə, oğlu Azim və qohumu Lamiyə ilə birlikdə polis şöbəsində olmuşlar. Polis şöbəsində izahatları alınarkən Pərvanə anası Gülöyşənin qolundan tutaraq bərk sıxmış və sonradan əlini saçına atmaq istəmişdir. Bundan başqa Pərvanə iki dəfə anasının üzərinə tüpürmüşdür. İş üzrə şahid qismində dindirilmiş İsmayıllı rayon X8 Bölməsinin rəisi Şahid1 izahat verərək göstərdi ki, Şəxs müraciəti əsasında təhqiqat bölməsində araşdırma aparılmışdır. Həmin vaxt otaqda Gülöyşə, Səidə, Pərvanə və başqa bir xanım olmuşdur. İzahat alınarkən Gülöyşə söz demək istədikdə, Pərvanə onun qolundan tutaraq “sən dayan” deyə bildirmiş və Gülöyşə xəsarət almışdır. İş üzrə şahid qismində dindirilmiş İsmayıllı rayon X8 Bölməsinin təhqiqatçısı X7 izahat verərək göstərdi ki, mübahisə zamanı otaqda olmamış və hadisənin şahidi olmamışdır. Məhkəmə-Tibbi Ekspertiza və X4 342 №-li 12 avqust 2024-cü il tarixli ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində aşkar edilmiş xəsarət –sağ bazunun qançırları küt əşya (alət) təsirindən törənməklə, qərarın təsviri hissəsində göstərilən xx.xx.2024-cü il tarixdə törənməsi istisna edilmir, sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduğundan dərəcəsi təyin edilmir. İsmayıllı rayon X8 Bölməsinin təhqiqatçısı Şəhriyar Fərəcovun xx.xx.2024-cü il tarixli cinayət işi başlanmasının rədd edilməsi haqqında qərarından görünür ki, Şəxs əməlində cinayət tərkibi müəyyən edilmədiyi üçün cinayət işinin başlanması rədd edilmiş, qərarın surəti onların hər biri barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi üzrə inzibati tədbir görülməsindən ötrü şöbənin X3 göndərilmişdir. Məhkəmə araşdırması ilə müəyyən edildi ki, Şəxs 06 avqust 2024-cü il tarixdə İsmayıllı rayon Polis Şöbəsinin inzibati binasında Zərərçəkmiş şəxs ilə aralarında yaranmış mübahisə zamanı sonuncuya sağlamlığa zərər vurmayan və dərəcəsi təyin edilməyən bədən xəsarətləri yetirmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirib tərəflərin izahatlarını dinləyərək qərara gəlir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir və o, həmin maddə ilə inzibati məsuliyyətə cəlb edilərək inzibati tənbeh edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən bu məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 32.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən bu Məcəllənin 32.1.1 - 32.1.7-ci maddələrində göstərilməmiş başqa hallar da hakim tərəfindən məsuliyyəti yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə hesab edir ki, Şəxs törətdiyi inzibati xətanı etiraf etməməsi, onun məsuliyyətdən yayınması məqsədi daşıyır. Məhkəmə Şəxs tərəfindən törədilmiş inzibati xətada himayəsində 2 azyaşlı övladının olması onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Şəxs tərəfindən törədilmiş inzibati xətada onun məsuliyyətini ağırlaşdıran hallar aşkar edilməmişdir. Məhkəmə Şəxs tərəfindən törədilmiş inzibati xətanın xarakterini, onun şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən halı, təqsirinin dərəcəsini nəzərə alaraq barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin sanksiyasında nəzərdə tutulan cərimə tətbiq edilməsini, cərimənin 300 (üç yüz) manat miqdarında müəyyən edilməsini məqsədə müvafiq hesab edir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 25, 43, 106-115, 117 və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə q ə r a r a a l d ı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib 300 (üç yüz) manat məbləğində inzibati cərimə olunsun. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində işə baxan İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şəki Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: İlqar Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar