Məhkəmə qərarları › İş №3(037)-474/2024

İsmayıllı Rayon Məhkəməsi Qərar — İş №3(037)-474/2024

29.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR İsmayıllı rayonu İş № 3(037)-474/2024 29.10.2024 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov İlqar Vidayət oğlunun sədrliyi Qasımov Sənani Nazir oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş İsmayıllı rayon X5 Təhlükəsizlik Bölməsinin polis sahə rəisi X3, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə xx xxxx 1998-ci il tarixdə İsmayıllı rayonu Tircan kəndində anadan olmuş, həmin kənddə yaşayan, Azərbaycan Respublikası vətəndaşı, subay, natamamorta təhsilli, işləməyən, fərdi identifikasiya nömrəsi xxxxxxx Şəxs barəsində İsmayıllı rayon Polis Şöbəsindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə daxil olmuş inzibati xəta haqqında materiala 29 oktyabr 2024-cü il tarixdə İsmayıllı şəhərində, İsmayıllı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Şəxs 28 oktyabr 2024-cü il tarixdə İsmayıllı rayon İcra Hakimiyyəti Başçısının Tircan kənd İƏD üzrə nümayəndəliyində ucadan nalayiq ifadələr işlədərək ictimai qaydanın pozması faktı üzrə barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə 29 oktyabr 2024-cü il tarixli MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilmişdir. Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə inzibati xəta haqqında protokol tərtib etmiş İsmayıllı rayon X5 Təhlükəsizlik Bölməsinin polis sahə rəisi Rəşad Qurbanov izahat verərək iş üzrə qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs bildirdi ki, Tircan kəndində tək yaşayır. Ona məxsus it heyvanı naməlum şəxs tərəfindən vurularaq öldürülmüşdür. 28 oktyabr 2024-cü il tarixdə bu barədə məlumat vermək üçün kənd icra nümayəndəsi Əhməd müəllimin qəbuluna getmişdir. Qəbulda olan zaman Əhməd müəllimlə aramızda mübahisə yaranmışdır. Mübahisə zamanı Əhməd onu tutaraq otaqdan çıxarmaq istəmiş və bu zaman onlar yerə yıxılmışdır. Həmin vaxt masanın üzərində olan bayraqda yerə düşmüş və bayrağı yerdən götürərək masanın üzərinə qoymuşdur. Bundan sonra oradan çıxıb getmişdir. Onun həmin vaxt əsəbi olmasına səbəb Əhmədin onu təhqir etməsi olmuşdur. Bundan başqa kənd ərazisində tək yaşayır və maddi imkanı ağırdır. Kənd icra nümayəndəliyi onun vəziyyəti ilə maraqlanmamışdır. Hazırda etdiyi əmələ görə Əhməddən üzr istəyir. Qeyd etdikləri nəzərə alınmaqla iş üzrə qanuni qərar qəbul edilməsini xahiş edir. İş üzrə şahid qismində dindirilmiş X4 izahat verərək göstərdi ki, 28 oktyabr 2024-cü il tarixdə iş yerində olarkən Şəxs otağa daxil olmuş və həmin vaxt kənd sakini Məhərrəm Kazımova arayış verdiyi üçün ona gözləməsini bildirmişdir. Bir qədər sonra Əlizadə əsəbi halda otağa daxil olmuş və təsərrüfatında olan itinin öldürüldüyünü ona bildirmişdir. Söhbət zamanı Əlisahab onun ünvanına nalayiq ifadələr işlətmiş və Əlisahabı otaqdan çıxarmağa çalışmışdır. Bu zaman Əlisahab onu tutaraq yerə yıxmışdır. Həmin vaxt orada olan Məhərrəm Əlisahabı sakitləşdirmiş və Əlisahab oradan çıxıb getmişdir. Əlisahab bundan sonra küçədə onun ünvanına nalayiq söyüşlər söymüşdür. İş üzrə şahid qismində dindirilmiş X1 izahat verərək göstərdi ki, 28 oktyabr 2024-cü il tarixdə Əhməd Əhmədovun iş otağında olarkən Əlisahab oraya gəlmiş və Əhmədlə mübahisə etmişdir. Mübahisə zamanı onlar bir biri ilə dartışmış və yerə yıxılmışlar. Həmin vaxt Əlisahabın əsəbi halda otaqda və küçədə ucadan nalayiq ifadələr işlətdiyinin şahidi olmuşdur. İş materiallarına əlavə edilmiş 28 oktyabr 2024-cü il tarixli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs 28 oktyabr 2024-cü il tarixdə, saat 17:30 radələrində inzibati qaydada tutulmuşdur. Məhkəmə araşdırması ilə müəyyən edildi ki, Şəxs 28 oktyabr 2024-cü il tarixdə İsmayıllı rayon İcra Hakimiyyəti Başçısının Tircan kənd İƏD üzrə nümayəndəliyində icra nümayəndəsi Əhməd Əhmədovun iş otağında onunla mübahisə edərək ucadan nalayiq ifadələr işlətmiş və bununla da ictimai qaydanı pozan xırda xuliqanlıq hərəkətləri törətmişdir. Məhkəmə iş materiallarını araşdırıb, tərəflərin izahatlarını, şahid ifadələrini dinləyərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir və o, həmin maddə ilə inzibati məsuliyyətə cəlb edilərək inzibati tənbeh edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən bu məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən onun tərəfindən törədilmiş inzibati xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, təqsirinin dərəcəsini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Şəxs tərəfindən törədilmiş inzibati xətada onun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hal aşkar edilməmişdir. Məhkəmə Şəxs tərəfindən törədilmiş inzibati xətanın xarakterini, onun şəxsiyyətini, təqsirinin dərəcəsini nəzərə alaraq ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan inzibati cərimə tətbiq edilməsinin işin faktiki hallarına uyğun olmadığı qənaətinə gələrək barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati həbs tətbiq edilməsini, inzibati həbsin 10 (on) gün müddətində müəyyən edilməsini məqsədə müvafiq hesab edir. İnzibati həbsin əvvəli 28 oktyabr 2024-cü il tarixli inzibati qaydada tutma haqqında protokoluna əsasən həmin tarixdən saat 17:30-dan hesablanmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 30, 43, 106-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirli bilinib 10 (on) gün müddətində inzibati həbs edilsin. İnzibati həbsin əvvəli 28 oktyabr 2024-cü il tarixli inzibati qaydada tutma haqqında protokoluna əsasən həmin tarixdən saat 17:30-dan hesablansın. Qərarın icrası İsmayıllı rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: İlqar Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar