Məhkəmə qərarları › İş №3(037)-475/2024

İsmayıllı Rayon Məhkəməsi Qərar — İş №3(037)-475/2024

30.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR İsmayıllı rayonu İş № 3(037)-475/2024 30.10.2024 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hüseynov İlqar Vidayət oğlunun sədrliyi Qasımov Sənani Nazir oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş İsmayıllı rayon X3 Təhlükəsizlik Bölməsinin polis sahə rəisi X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə xx xxx 1972-ci il tarixdə İsmayıllı rayonu İstisu kəndində anadan olmuş, həmin kənddə yaşayan, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, fərdi identifikasiya nömrəsi xxxxxxx Şəxs barəsində İsmayıllı rayon Polis Şöbəsindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə daxil olmuş inzibati xəta haqqında materiala 30 oktyabr 2024-cü il tarixdə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Şəxs 30 oktyabr 2024-cü il tarixdə İsmayıllı rayonu İstisu kəndində xidməti vəzifəsini yerinə yetirən polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmaması faktı üzrə barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə 30 oktyabr 2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokol tərtib etmiş İsmayıllı rayon X3 Təhlükəsizlik Bölməsinin polis sahə rəisi X2 izahatında göstərdi ki, Şəxs mütəmadi olaraq spirtli içki qəbul edərək əsassız olaraq 102 xidmətinə zənglər edir. Bununla bağlı polis nəfəri X4 kəndində olmuş və Şəxs rayon polis şöbəsinə dəvət etmişdir. Şəxs həmi vaxt qaçaraq polisin qanuni tələblərinə tabe olmamışdır. İş üzrə qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahat verərək göstərdi ki, bir neçə gün öncə həmkəndlisi onu döymüşdür. Bununla bağlı polis şöbəsinə müraciət etmiş və polis şöbəsinə qarşı tərəf çağırılmamış. əksinə onu bir gün orada saxlamışlar. Həmin vaxt polis şöbəsində döyülmüşdür və bu barədə 102 xidmətinə zəng edərək şikayət etmişdir. Polis əməkdaşı həmin gün onu polis şöbəsinə aparmaq istədikdə qaçmışdır. Polis şöbəsinə aparılaraq döyüləcəyini güman etdiyi üçün qaçmışdır. Hazırda əməlindən peşmandır və polis əməkdaşından etdiyi hərəkətlərə görə üzr istəmişdir. Ona qanunda nəzərdə tutulmuş daha yüngül tənbeh verilməsini məhkəmədən xahiş edir. İş üzrə şahid qismində izahat verən İsmayıllı rayon Polis Şöbəsinin İTB-nin sahə polis nəfəri Xəyyam Məmmədov göstərdi ki, 30 oktyabr 2024-cü il tarixdə İsmayıllı rayon İstisu kənd sakini Şəxs dəfələrlə əsassız olaraq 102 xidmətinə zəng etdiyi üçün onu rayon polis şöbəsinə dəvət etmişdir. Lakin Şəxs həmin vaxt qaçmış və onun qanuni tələblərinə tabe olmamışdır. Sonradan onun rayon polis şöbəsinə gətirilməsi mümkün olmuşdur. Ümumiyyətlə Şəxs mütəmadi olaraq spirtli içki qəbul edib, əsassız olaraq şikayətlər edir. Məhkəmə araşdırması ilə müəyyən edildi ki, Şəxs 30 oktyabr 2024-cü il tarixdə İsmayıllı rayon İstisu kəndində xidməti vəzifələrini yerinə yetirən polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən Polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə iş materiallarına əlavə edilmiş sənədləri nəzərdən keçirib tərəflərin və şahidin izahatını dinləyərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir və o, həmin maddə ilə inzibati məsuliyyətə cəlb edilərək inzibati tənbeh edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən bu məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən onun tərəfindən törədilmiş inzibati xətanın xarakterini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şəxsiyyətini, təqsirin dərəcəsini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Şəxs törətdiyi əməlindən səmimi peşmançılığı məsuliyyəti yüngülləşdirən hallar kimi nəzərə alınmalıdır. Şəxs tərəfindən törədilmiş inzibati xətada onun məsuliyyətini ağırlaşdıran hallar aşkar edilməmişdir. Məhkəmə Şəxs tərəfindən törədilmiş inzibati xətanın xarakterini, onun şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən halı və təqsirinin dərəcəsini nəzərə alaraq barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan 200 (iki yüz) manat miqdarında inzibati cərimə tətbiq etməyi məqsədə müvafiq hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 25, 43, 106-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinib 200 (iki yüz) manat miqdarında inzibati cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: İlqar Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar