Azərbaycan Respublikası adından QƏRAR İsmayıllı rayonu İş № 3(037)-479/2024 14.11.2024 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hüseynov İlqar Vidayət oğlunun sədrliyi Qasımov Sənani Nazir oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakı ilə, xx xxx 1998-ci il tarixdə İsmayıllı rayonu Qalınçaq kəndində anadan olmuş, həmin kənddə yaşayan, evli, orta təhsilli, işləməyən, fərdi identifikasiya nömrəsi xxxxxxx Şəxs barəsində İsmayıllı rayon Polis Şöbəsindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsi ilə daxil olmuş inzibati xəta haqqında materiala 14 noyabr 2024-cü il tarixdə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İsmayıllı Rayon Polis Şöbəsi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İXM-in 272.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair 28 oktyabr 2024-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün İsmayıllı Rayon Məhkəməsinə göndərilmişdir. Təqdim edilmiş inzibati xəta haqqında protokoldan və ona əlavə olunmuş sənədlərdən görünür ki, Şəxs 25 oktyabr 2024-cü il tarixdə İsmayıllı rayonu Qalınçaq kəndində qanunsuz olaraq atası X1 məxsus “İJ” markalı, 12 çaplı, qoşa lüləli, 01711 nömrəli ov tüfəngi vasitəsi ilə üç ədəd “bağ quşu” cinsli quş ovlamışdır. İsmayıllı rayon Polis Şöbəsinə inzibati xəta haqqında işə baxılmasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilmiş, lakin İsmayıllı rayon Polis Şöbəsinin nümayəndəsi məhkəməyə gəlməmiş və işə baxılmasının təxirə salınması haqqında vəsatət verməmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək göstərdi ki, təsərrüfatında olan heyvanları axtarmağa gedərkən, qanuni sənədi olan ov tüfəngini özü ilə götürmüşdür. Axşam saat 23:00 radələrində həmkəndlisi Mirağa Ağalarovla rastlaşmışdır. Mirağa həmin vaxt üç ədəd quş ovlamışdır. O, heç bir ov etməmişdir. Polis əməkdaşları onu Mirağa ilə bir yerdə olduğuna görə birlikdə ov etdiyini əsas gətirmişdir. Polis şöbəsində məcbur olaraq ov etdiyi barədə izahat vermişdir. Polis əməkdaşları onlara yaxınlaşarkən üzərində heç bir ov olmamışdır. Qeyd etdikləri nəzərə alınmaqla barəsində olan inzibati xəta haqqında işin icraatına xitam verilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş edir. İş materialların əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: AR Daxili İşlər Nazirliyi İsmayıllı rayon Polis Şöbəsinin Şəxs verilmiş Ç-4 saylı şəhadətnamənin surətindən görünür ki, 1 (bir) ədəd “Torun” markalı, 12 çaplı, qoşa lüləli, 1287 nömrəli ov tüfəngi İsmayıllı rayonu Qalınçaq kəndində yaşayan Şəxs məxsusdur. İsmayıllı RPŞ-nin PPXB-nin polis leytenantı Hikmət Abbasov tərəfindən İsmayıllı RPŞnin rəisi vəzifəsini müvəqqəti icra edən, polis polkovnik leytenantı Nicat Vəliyevə ünvanlanmış xx.xx.2024-cü il tarixli Raportdan görünür ki, xx.xx.2024-cü il tarixdə saat 23:00 radələrində İsmayıllı rayonu Qalınçaq kəndində xidmətdə olarkən 2 nəfər şəxsin qanunsuz ov etdiklərini görmüş və həmin şəxsləri İsmayıllı RPŞ-yə gətirib Növbətçi Hissəyə təhvil vermişlər. Məhkəmə iş materiallarını nəzərdən keçirib barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatını dinləyərək belə nəticəyə gəlir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Şəxs Azərbaycan Respublikası inzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi İsmayıllı rayon Polis Şöbəsinin sahə rəisi tərəfindən tam, hərtərəfli və obyektiv araşdırma aparılmamışdır. Belə ki, İsmayıllı rayon Polis Şöbəsinin sahə rəisi ov etmə faktının olub-olmamasını, yəni ov silahından istifadə edilib-edilməməsini, ovlanmış ov obyektinin olub-olmamasını, ərazinin ov üçün qadağan olunmuş ərazi olub-olmamasını və ya araşdırılması zəruri olan digər məsələləri aydınlaşdırmadan əsaslandırılmamış nəticəyə gələrək Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Şəxs Qalınçaq kəndi ətrafında, həmkəndlisi Mirağa Ağalarovla birgə ov tüfəngi ilə saxlanılması onun ov qaydalarını pozması kimi qiymətləndirilə bilməz. İsmayıllı rayon Polis Şöbəsi tərəfindən iş materiallarına Şəxs ov qaydalarını pozmasını təsdiq edə biləcək hər hansı mötəbər sübut təqdim etməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin; 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Qeyd olunan hüquq normasının məzmunundan görünür ki, şəxsin əməlində inzibati xətanın mövcudluğu sübuta yetirilməli, şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunmalıdır. İnzibati xəta törədilməsində təqsirin sübuta yetirilməsi vəzifəsi şəxsin özünün deyil, inzibati orqanın üzərinə düşür. Hazırkı işin materiallarından da göründüyü kimi, inzibati xəta haqqında protokolu tərtib etmiş səlahiyyətli orqan Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edilərkən onun əməlində İXM-in 272.3-cü maddəsinin tərkibinin mövcud olmasını təsdiq edən sübutların onun təqsirinin sübuta yetirilməsinə kifayət edib-etməməsinə diqqət yetirməmiş, Şəxs xx.xx.2024-cü il tarixdə Şəxs İsmayıllı rayonu Qalınçaq kəndi ərazisində həqiqətən də ov edib-etməməsi aydınlaşdırılmamışdır Halbuki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 84.1-ci maddəsinin tələbinə görə inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.1 və 53.0.2-ci maddələrinə əsasən inzibati xəta hadisəsi olmadıqda və inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan hər hansı biri mövcud olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar çıxarılır. Qeyd olunan əsaslara görə məhkəmə qərara gəlir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 272.3cü maddəsində nəzərdə tutulan inzibati xəta hadisəsini törətməsi sübuta yetmədiyindən və onun əməlində həmin maddədə nəzərdə tutulan inzibati xəta tərkibinin əlamətləri olmadığından barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsində nəzərdə tutulan inzibati xəta haqqında işin icraatına xitam verilməsi barədə qərar qəbul edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53, 105, 114-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsində nəzərdə tutulan inzibati xəta haqqında işin icraatına xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: İlqar Hüseynov
Məhkəmə qərarları › İş №3(037)-479/2024
İsmayıllı Rayon Məhkəməsi Qərar — İş №3(037)-479/2024
14.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver