Azərbaycan Respublikası adından QƏRAR İsmayıllı rayonu İş № 3(037)-48/2024 23.01.2024 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hüseynov İlqar Vidayət oğlunun sədrliyi Qasımov Sənani Nazir oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş İsmayıllı rayon X4 Təhlükəsizlik Bölməsinin polis sahə rəisi X1, Barəsində inzibati xəta haqında iş üzrə icraat aparılan Şəxs və onun vəkili Vəkil iştirakı ilə xx xxxxxx 1961-ci il tarixdə İsmayıllı rayonu Cülyan kəndində anadan olmuş, həmin kənddə yaşayan, Azərbaycan Respublikası vətəndaşı, evli, ali təhsili, sahibkarlıq fəaliyyəti ilə məşğul olan, öz deməsinə görə il ərzində eyni inzibati xətaya görə inzibati məsuliyyətə cəlb edilməmiş, fərdi identifikasiya nömrəsi xxxxxxx Şəxs barəsində İsmayıllı rayon Polis Şöbəsindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə daxil olmuş inzibati xəta haqqında materiala 23 yanvar 2024-cü il tarixdə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Şəxs 22 yanvar 2024-cü il tarixdə, saat 16:25-də İsmayıllı şəhəri, H.Əliyev prospektində yerləşən “Sandal” ayaqqabı sexində əmək qanunvericiliyinin yoxlanması zamanı polisin qanuni tələblərinə tabe olmaması faktı üzrə barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokol tərtib etmiş İsmayıllı rayon X4 Təhlükəsizlik Bölməsinin polis sahə rəisi Rəhim Bədəlov izahatında göstərdi ki, 22 yanvar 2024cü il tarixdə, saat 16:25-də polis kapitanı Yelmar Şahmarlı ilə birlikdə İsmayıllı rayon Polis Şöbəsinin şifahi tapşırığına və Polis Haqqında Azərbaycan Respublikası Qanunun 17.2-ci maddəsinə əsasən əmək qanunvericiliyinin tələblərinə riayət olunub-olunmaması ilə əlaqədar İsmayıllı şəhəri, H.Əliyev prospektində yerləşən “Sandal” ayaqqabı sexinə getmişlər. Sexə daxil olduqda Şəxs oğlu Anar Əhmədli onları qarşılamışdır. O, Anara yoxlama aparacaqlarını bildirərək atasının sexə gəlməsini təklif etmişdir. Rüstəm Əhmədli oraya gələnə kimi, onlar sexin içərisində olan işçilərlə söhbət apararaq onların əmək qanunvericiliyinə əsasən çalışdıqlarını müəyyən etmək istəmişlər. İşçilərdən birini mobil axtarış portal vasitəsi ilə ad və soyadını daxil edərkən şəxsiyyətini müəyyən etmək mümkün olmamışdır. Həmin şəxsdən dəfələrlə ad soyadını düzgün deməsi ilə əlaqədar söhbət aparmaqlarına baxmayaraq heç bir nəticə əldə olunmamışdır. Bundan sonra həmin şəxsin şəxsiyyətini müəyyən etmək mümkün olmadığı üçün onu rayon polis şöbəsinə dəvət etmişlər. Bu zaman Şəxs sexə daxil olaraq salamlaşmadan, kobud şəkildə onlara “siz kimsiz davay çıxın burdan” deyə bildirmişdir. Şəxs nə səbəbə gəldiklərini izah edərək onu nizam-intizama dəvət etmişlər. Lakin Şəxs buna məhəl qoymayaraq yenidən onların sexdən çıxmalarını tələb etmişdir. Bu zaman Yelmar Şahmarlı istifadəsində olan mobil telefonla sübut kimi baş verənləri çəkmək istəmişdir. Həmin vaxt Anar Əhmədli bunu görüb onlara “iş verənsiz siz” deyə bildirmişdir. Yenidən Şəxs nizam-intizama dəvət etdikdə o, buna məhəl qoymamış və polisin qanuni tələblərinə tabe olmamışdır. İş üzrə qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahat verərək göstərdi ki, 30 ildir sahibkarlıq fəaliyyəti ilə məşğul olmaqla, “Sandal” ayaqqabı sexini işlədir. Həmçinin rayon sahibkar ittifaqının sədridir. Cənab prezidentin fərmanına əsasən sahibkarlıq obyektlərində yoxlamaların aparılması dayandırılmışdır. 22 yanvar 2024-cü il tarixdə polis əməkdaşları onun icazəsi olmadan sexə daxil olmuş, hətta sexin içərisində tikiş olan yerində olmuşlar. O, sexə gəldikdə polis əməkdaşlarını içəridə görmüş və onların hansı əsasla yoxlama apardıqlarını soruşmuşdur. Polis əməkdaşı ona heç bir sənəd təqdim etməmiş və belə olduqda onların çölə çıxmalarını tələb etmişdir. Həmin vaxt polis əməkdaşları ilə yüksək səslə danışsa da, polisin hər hansı qanuni tələblərinə tabe olmama kimi bir hərəkət etməmişdir. Qeyd etdikləri nəzərə alınmaqla barəsində olan inzibati xəta haqqında işin icraatına xitam verilməsini məhkəmədən xahiş edir. İş üzrə şahid qismində izahat verən İsmayıllı rayon Polis Şöbəsinin İTB-nin xidmət üzrə baş inspektoru polis kapitanı X2 izahatında göstərdi ki, 22 yanvar 2024-cü il tarixdə, saat 16:25-də polis leytenantı Rəhim Bədəlovla birlikdə İsmayıllı rayon Polis Şöbəsinin şifahi tapşırığına və Polis Haqqında Azərbaycan Respublikası Qanunun 17.2-ci maddəsinə əsasən əmək qanunvericiliyinin tələblərinə riayət olunub-olunmaması ilə əlaqədar İsmayıllı şəhəri, H.Əliyev prospektində yerləşən “Sandal” ayaqqabı sexinə getmişlər. Yoxlama apararkən sexin sahibi Şəxs onların işinə mane olmuş və polisin qanuni tələblərinə tabe olmamışdır. Məhkəmə iş materiallarını nəzərdən keçirib tərəflərin və şahidin izahatlarını, vəkilin fikrini dinləyərək hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, məhkəmə qeyd edir ki, protokol tərtib etmiş şəxsin müəyyən etdiyi və protokolun tərtib edilməsinə əsas olmuş Raportda qeyd edilənlər İXM-in 535.1-ci maddəsinin tərkibini yaratmır. İnzibati xəta törədilməsi sübut olunmur. Çünki İXM-nin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamaq inzibati xəta kimi müəyyən edilmişdir. Həmçinin nəzərə alınmalıdır ki, polisin ixtiyari bir tələbinə tabe olmamaq İXM-nin 535.1-ci maddəsinin tərkibini yaratmır. Polis ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmama həmin maddənin tərkibini yaratdığı üçün, ictimai qaydanın mühafizə vəzifələrinin icrasından irəli gələn qanuni tələblər mövcud olmalıdır. Yəni tələb qanuni olmalıdır. Həmin tələb məhz polis ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən tələb edilməlidir. Lakin nə protokolda, nə də ki raportda polisin hər hansısa bir qanuni tələbinin olması, bu tələbin nədən ibarət olması öz əksini tapmamışdır. Şəxs polisin hansı əsasla ona məxsus ayaqqabı sexində yoxlama aparmasını soruşması və polis əməkdaşlarının sexdən çıxmalarını tələb etməsi onun polisin qanuni tələbinə tabe olmamaq kimi qiymətləndirilə bilməz. Bundan əlavə protokoldan və məhkəmə iclasında veriliş izahatlardan görünür ki, polis əməkdaşının Şəxs məxsus ayaqqabı sexində, əmək qanunvericiliyinin tələblərinə riayət olunub-olunmaması ilə əlaqədar yoxlama aparması, Şəxs isə polisdən yoxlama aparılması ilə bağlı sənəd təqdim etməsini tələb etməsi, əks halda sexdən çıxmalarını bildirməsi ilə bağlı əməl üzrə də qeyd edilməlidir ki, ayaqqabı sexinin daxilində, polis əməkdaşı ictimai qaydanın mühafizə vəzifələrini icra və asayişi bərpa etmirdi. Halbuki, polis əməkdaşının yalnız ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən onun tələblərinə tabe olmama İXM-nin 535.1-ci maddəsinin tərkibini yaradır. Lakin göründüyü kimi həmin əməlin tərkibini yaradan hal baş verməmişdir. Halbuki, İXM-in 115.1.4-cü maddəsinə əsasən işə baxılarkən müəyyən edilmiş hallar inzibati xəta haqqında iş üzrə qərarda göstərilməlidir. Həmçinin İXM-in 75-ci maddəsinə əsasən də inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətməkdə şəxsin təqsiri, inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı, işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait inzibati xəta haqqında iş üzrə müəyyən edilməlidir. İnzibati xəta bir neçə əməllə (üsulla, forma ilə) törədilə bilərsə, şəxsin bu və ya digər konkret inzibati xətaya səbəb olan əməli törətməsini məhkəmə müəyyən etməli deyildir. Şəxsin hansı əməli törətməsi (harada, nə vaxt, necə, hansı üsulla, hansı hərəkət və ya hərəkətsizliklə) və bu əməlin İXM-nin hansı maddəsi ilə inzibati xəta hesab edilməsi və həmin maddəyə görə tətbiq edilən inzibati tənbehi qərar qəbul etmiş səlahiyyətli orqan müəyyən etməlidir. Məhkəmə işə baxarkən protokolda qeyd edilən əməlin (harada, nə vaxt, necə, hansı üsulla, hansı hərəkət və ya hərəkətsizliklə) şəxs tərəfindən törədilibtörədilməməsini yoxlamalıdır. Konkret əməl (harada, nə vaxt, necə, hansı üsulla, hansı hərəkət və ya hərəkətsizliklə) protokolda göstərilmədiyi üçün, məhkəmə səlahiyyətli orqan tərəfindən müəyyən edilməmiş əmələ görə şəxsi inzibati məsuliyyətə cəlb edə bilməz. Səlahiyyətli orqanın protokol tərtib edərkən, şəxsin bu və ya digər hər hansı bir dəqiq göstərilməyən qeyri-müəyyən əməli törətməsini nəzərdə tutmasını məhkəmə öz mülahizəsinə əsasən müəyyən edə bilməz. Bununla da məhkəmə hesab edir ki, protokolda konkret inzibati xəta hadisəsi və ya inzibati xəta tərkibini yaradan əməl qeyd edilmədiyindən, şəxsin törətdiyi inzibati xətanın mahiyyətinin nədən ibarət olması göstərilmədən, inzibati xəta haqqında protokolda göstərilməyən hadisənin törədilməsində şəxsi təqsirli bilib, sadəcə İXM-in inzibati xəta kimi müəyyən edilmiş maddəsinin dispozisiyasına istinad edilərək şəxs inzibati məsuliyyətə cəlb edilə bilməz. Konkret əməl İXM-də inzibati xəta kimi müəyyən edilmişdirsə və şəxsin həmin əməlin törədilməsində təqsiri İXM-lə müəyyən edilmiş qaydada sübuta yetirildikdən sonra inzibati məsuliyyətə cəlb edilə bilər. Protokolda şəxsin ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan konkret hansı əməli (hərəkət və ya hərəkətsizlik) törətməsi göstərilməli və həmin əməlin İXM-in hansı maddəsinin dispozisiyasında nəzərdə tutulmuş inzibati xəta olması protokolda öz əksini tapmalıdır. Konkret göstərilməyən, dəqiqləşdirilməmiş əməlin düzgün olub-olmamasını yoxlamaq da mümkünsüzdür. Polis Haqqında Azərbaycan Respublikası Qanununun 17.2-ci maddəsinin 2-ci bəndində əsasən, polis əməkdaşının cinayət və ya inzibati xəta törətməkdə şübhə edilənlərin şəxsiyyətini müəyyənləşdirmək üçün sənədlərini yoxlamaq hüququ vardır. Protokolu tərtib etmiş şəxs və şahid məhkəmə iclasında Polis Haqqında Azərbaycan Respublikası Qanunun 17.2-ci maddəsinə əsasən əmək qanunvericiliyinin tələblərinə riayət olunub-olunmaması ilə əlaqədar sahibkarlıq sahəsində yoxlama aparmaq hüquqlarının olduğunu bildirmişlər. Lakin həmin Qanunun tələbindən də, göründüyü kimi, polis əməkdaşının sahibkarlıq sahəsində yoxlama aparmaq hüququnun olması qeyd olunmamışdır. Beləliklə şəxsin hər hansı bir konkret əməlin törədilməsində təqsiri İXM-lə müəyyən edilmiş qaydada sübuta yetirilmədən inzibati məsuliyyətə cəlb edilə bilməz. Qeyd edilənlərə əsasən hazırkı iş üzrə tərtib edilmiş protokolla şəxsin təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməli (hərəkət və ya hərəkətsizlik) qeyd edilməmişdir, onun məhz hansı əməlində inzibati məsuliyyətə səbəb ola biləcək inzibati xəta tərkibinin bütün əlamətlərinin mövcud olması qeyd edilməmişdir. Məhkəməyə təqdim edilmiş sübutları araşdıraraq belə qənaətə gəlir ki, barəsində protokol tərtib edilən şəxs tərəfindən göstərilən inzibati xətanın törədilməsinə dair protokol tərtib etmiş səlahiyyətli orqan tərəfindən kifayət qədər sübut toplanılmamışdır. Bununla da barəsində protokol tərtib edilmiş şəxs sübut etməli deyildir ki, inzibati xəta törədilməyib. Şəxs təqsirsizliyini sübut edə bilməməsi əsası ilə inzibati məsuliyyətə cəlb edilə bilməz. Çünki belə bir vəziyyətdə şəxs təqsirsizliyini sübut etməlidir ki, təqsirli sayılmasın. Yuxarıda göründüyü kimi, şəxsin inzibati xəta törətməsinə dair səlahiyyətli orqan tərəfindən kifayət qədər aydınlaşdırılmamış zidiyyətli, şübhəli məqamlar mövcuddur. Təqsirliliyi sübut etmək yükü məhkəmənin və ya barəsində protokol tərtib edilmiş şəxsin üzərinə düşmür. Bu yük protokol tərtib etmiş səlahiyyətli orqanın üzərinə düşür. Şəxsin əməlində inzibati xətanın elementlərindən olan obyektiv və subyektiv cəhətlər yoxdur. Belə bir vəziyyətdə şəxsin inzibati xətanın törədilməsində qəsdinin və ya ehtiyatsızlığının nədən ibarət olmasına dair də sübut təqdim edilməmişdir. Ümumiyyətlə bunları təsdiq edən sübut toplamamışdır. Hər hansı bir şəxs barəsində inzibati məsuliyyətin yaranması üçün həmin şəxs, törədilmiş inzibati xətanın ilk əvvəl subyekti olmalıdır və təqsirli bilindiyi maddənin dispozisiyasında nəzərdə tutulmuş hərəkətlərə və yaxud hərəkətsizliyə onun tərəfindən yol verilməsi sübutlarla müəyyən olunmalı və bu halların olması toplanmış sənədlərlə kifayət qədər öz təsdiqini tapmalıdır. X3 Məcəlləsinin vəzifələri və prinsiplərinə əsasən məhkəmənin ziddiyyətli və şübhəli məqamların şəxsin ziyanına aradan qaldırıb, barəsində protokol tərtib edilmiş şəxsin ziyanına onun inzibati xəta törətməsini təsdiq edən sübutlar toplamaq yox, həmin şübhələri və ziddiyyətli məqamları həmin şəxsin xeyrinə həll etməli olması müəyyən edilib. Məhkəmənin bu qənaəti həmçinin İXM-nin aşağıdakı normaları ilə də təsdiq edilir. Belə ki, əməlin (hərəkət və ya hərəkətsizliyin) inzibati xəta hesab olunması üçün İXM-lə müəyyən edilmiş 4 əlamətin hər biri mövcud olmalıdır, yəni həmin əməllə İXM-lə qorunan ictimai münasibətlərə qəsd edilməli, əməl hüquqazidd olmalı, təqsirli sayılmalı (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olmalıdır. İXM-nin 1.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyi həmin Məcəllədən ibarətdir. İXM-nin 1.3-cü maddəsinə əsasən inzibati məsuliyyət müəyyən edən və inzibati xəta törətmiş şəxsin tənbeh edilməsini nəzərdə tutan qanunlar yalnız bu Məcəlləyə daxil olduqdan sonra tətbiq edilir. İXM-in İXM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İXM-nin 6.3-cü maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqinə yol verilmir. İXM-in 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İXM-in 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İXM-in 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. İnzibati xətanın anlayışından bəhs edilən İXM-in 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Məhkəmədə müəyyən edilmiş yuxarıda qeyd edilən işin halları və sadalanan normalara əsasən hazırkı iş üzrə barəsində protokol tərtib edilmiş şəxsə münasibətdə və protokolda təqsirli bilindiyi İXM-in maddəsi üzrə təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) mövcud deyildir, protokolda göstərilən İXM-in maddəsi üzrə inzibati məsuliyyətə səbəb ola biləcək inzibati xəta tərkibinin bütün əlamətləri mövcud deyildir. Bu barədə sübutlar kifayət etmir. Şübhələr və ziddiyyətli məqamlar şəxsin xeyrinə həll etməlidir. İXM-in 53.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda, həmçinin İXMin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İXM-nin 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. İnzibati xətalar haqqında işlərə baxılarkən çıxarılan qərarlardan biri də İXM-in 114.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərardır. İXM-in 114.2.1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Qeyd olunanlara əsasən inzibati xəta haqqında işi üzrə icraata xitam verilməlidir Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53, 105, 114-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1ci maddəsi ilə olan inzibati xəta haqqında işin icraatına xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: İlqar Hüseynov
Məhkəmə qərarları › İş №3(037)-48/2024
İsmayıllı Rayon Məhkəməsi Qərar — İş №3(037)-48/2024
23.01.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver