Məhkəmə qərarları › İş №3(037)-492/2022

İsmayıllı Rayon Məhkəməsi Qərar — İş №3(037)-492/2022

16.11.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR İsmayıllı rayonu İş № 3(037)-492/2022 16.11.2022 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hüseynov İlqar Vidayət oğlunun sədrliyi Qasımov Sənani Nazir oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1977-ci il tarixdə Laçın rayonu, Mirik kəndində anadan olmuş, həmin kənddə yaşayan, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, İİ qrup əlil olmaqla sosial müavinət alan, müəllim işləyən, fərdi identifikasiya nömrəsi xxxxxxx Şəxs barəsində İsmayıllı rayon Polis Şöbəsindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə daxil olmuş inzibati xəta haqqında materiala 16 noyabr 2022-ci il tarixdə İsmayıllı şəhərində, İsmayıllı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Şəxs 16 noyabr 2022-ci il tarixdə İsmayıllı şəhəri, H.Əliyev prospektində ucadan nalayiq ifadələr işlədərək ictimai qaydanı pozan xırda xuliqanlıq hərəkətləri törətməsi faktı üzrə barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək həmin tarixdə baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs bildirdi ki, İsmayıllı rayonu Keyvəndi kəndində yaşayır. İ Qarabağ müharibəsi iştirakçısıdır və İİ qrup əlildir. 16 noyabr 2022-ci il tarixdə İsmayıllı rayon Dövlət yol polisi əməkdaşları tərəfindən idarə etdiyi avtomobilə saxla əmri verilmiş, polis əməkdaşı ona yaxınlaşaraq özünü təqdim etmiş və avtomobilinin şüşələrində qadağan olunmuş tünd rəndən istifadə olunduğunu və həmin pozuntunun aradan qaldırılmasını bildirdikdə, o ivclasa tələsdiyini iclasdan sonra məsələni həll edəcəyini bildirmiş, polis əməkdaşı isə onun avtomobilinin cərimə meydançasına aparılmalı olduöunu bildirdikdə əsəbləşmiş və ucadan nalayiq ifadələr işlətmişdir. Bir qədər sonra həmin yerə polis əməkdaşları gəlmiş və əməkdaşlar onu rayon polis şöbəsinə dəvət etmişlər. Polis şöbəsində izahatı alınmış və əməlini etiraf etmişdir. Hazırda əməlindən peşmandır. Həmin vaxt çox əsəbi olduğundan öz hərəkətlərini idarə edə bilməmişdir. Bir daha belə hallara yol verməyəcəyinə söz verərək ona qanunda nəzərdə tutulan daha yüngül inzibati tənbeh növü tətbiq edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş İsmayıllı rayon X4 yol polis bölməsi yol patrul xidməti inspektoru polis baş serjantı X1 göstərdi ki, 16 noyabr 2022-ci il tarixdə xidmətdə olduğu vaxt VAZ 2121 markalı, ** CK *** dövlət qeydiyyat nişanlı avtomobilin yan sağ və sol şüşələrinin tündlüyünü müşahidə etdikdən sonra həmin avtomobilə saxla əmri vermiş, sürücüyə yaxınlaşaraq şüşədəki tündlüyün qadağan olunduğunu və aradan qaldırılmasını bildirdikdə, sürücü ucadan nalayiq ifadələr işlətmişdir. Bundan Sonra o avtomobili ilə birlikdə polis şöbəsinə aparılmış və orada barəsində İXM-nin müvafiq maddələri ilə barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş İsmayıllı rayon X4 yol polis bölməsi yol patrul xidməti inspektoru polis serjantı X3 eyni məzmunlu ifadə vermişdir. 16 noyabr 2022-ci il tarixli İXP ******* saylı protokoldan görünür ki, Şəxs barəsində ona məxsus nəqliyyat vasitəsinin ban şüşələrinə qanunla tətbiqinə icazə verilməyən örtüklərin çəkilməsinə görə İXM-nin 329.3-cü və 324.2.4-cü maddələri ilə protokol tərtib edilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2012-ci il tarixli 053032 saylı vəsiqənin surətindən görünür ki, Şəxs İİ qrup əlildir. Məhkəmə araşdırması ilə müəyyən edildi ki, Şəxs 16 noyabr 2022-ci il tarixdə İsmayıllı şəhəri, H.Əliyev prospektində ucadan nalayiq ifadələr işlədərək ictimai qaydanı pozan xırda xuliqanlıq hərəkətləri törətmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirib tərəfləri dinləyərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir və o, həmin maddə ilə inzibati məsuliyyətə cəlb edilərək inzibati tənbeh edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən bu məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 30.2-ci maddəsinə əsasən hamilə qadınlar və ya himayəsində on dörd yaşınadək uşağı olan qadınlar, on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər, on səkkiz yaşına çatmayan şəxslər, birinci və ya ikinci dərəcə əlilliyi olan şəxslər, sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar, altmış yaşına çatmış qadınlar və altmış beş yaşına çatmış kişilər, habelə bu Məcəllənin 41-ci fəslində nəzərdə tutulmuş inzibati xətalar istisna olmaqla digər inzibati xətalara görə hərbi qulluqçular barəsində inzibati həbs tətbiq edilə bilməz. Həmin Məcəllənin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən onun tərəfindən törədilmiş inzibati xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, təqsirinin dərəcəsini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Şəxs əməlindən səmimi peşmançılığını məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır, onun əməlində ağırlaşdırıcı hal müəyyən edilmədi. Məhkəmə Şəxs tərəfindən törədilmiş inzibati xətanın xarakterini, onun şəxsiyyətini, təqsirinin dərəcəsini, məsuliyyəti yüngülləşdirən halları, İİ qrup əlil olmasını nəzərə alaraq ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan inzibati cərimə tətbiq edilməsini, cərimənin 50 (əlli) manat miqdarında müəyyən edilməsini məqsədə müvafiq hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 30, 32, 33, 43, 106-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirli bilinib 50 (əlli) manat məbləğində inzibati cərimə edilsin. Qərarın icrası İsmayıllı rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən İlqar Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar