Məhkəmə qərarları › İş №3(037)-494/2023

İsmayıllı Rayon Məhkəməsi Qərar — İş №3(037)-494/2023

10.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR İsmayıllı rayonu İş № 3(037)-494/2023 10.10.2023 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hüseynov İlqar Vidayət oğlunun sədrliyi Qasımov Sənani Nazir oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş İsmayıllı rayon X4 Təhlükəsizlik Bölməsinin polis sahə rəisi X1, Barəsində inzibati xəta haqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə xx xxxxx 2002-ci il tarixdə İsmayıllı rayonu Brovdal kəndində anadan olmuş, İsmayıllı şəhəri, H.Əliyev prospektində yaşayan Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, il ərzində eyni inzibati xətaya görə inzibati məsuliyyətə cəlb edilməmiş fərdi identifikasiya nömrəsi xxxxxxx Şəxs barəsində İsmayıllı rayon Polis Şöbəsindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə daxil olmuş inzibati xəta haqqında materiala 10 oktyabr 2023-cü il tarixdə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Şəxs 10 oktyabr 2023-cü il tarixdə İsmayıllı şəhəri, H.Əliyev prospektində xidməti vəzifəsini yerinə yetirən polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmaması faktı üzrə barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə 10 oktyabr 2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokol tərtib etmiş İsmayıllı rayon X4 Təhlükəsizlik Bölməsinin polis sahə rəisi Rəhim Bədəlov izahatında göstərdi ki, 10 oktyabr 2023-cü il tarixdə Ramiq Pirvəlizadə idarə etdiyi “VAZ-2107” markalı avtomobillə İsmayıllı şəhəri, H.Əliyev prospektində hərəkətdə olarkən yol patrul xidməti əməkdaşları tərəfindən saxlanılmışdır. Həmin vaxt Şəxs polis əməkdaşlarını mobil telefonla görüntüyə almış və polisin işinə mane olmuşdur. Şəxs həmin vaxt onu nizam-intizama dəvət edən polisin qanuni tələblərinə tabe olmadığı üçün polis şöbəsinə gətirilmiş və barəsində inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Şəxs həmçinin “Naz Lifan” markalı avtomobil idarə edir və rayon sakinləri tərəfindən mənfi xarakterizə olunur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahat verərək göstərdi ki, 10 oktyabr 2023-cü il tarixdə səhər saatlarında rayon ərazisində piyada gedərkən polis əməkdaşlarının “VAZ-2107” markalı avtomobili saxlayaraq sürücü ilə söhbət etdiklərini görmüşdür. Bu zaman polis əməkdaşlarını mobil telefonla görüntüyə almışdır. Bu zaman polis əməkdaşları buna etiraz etdikdə aralarında mübahisə yaranmışdır. O, həmin vaxt polisin qanuni tələblərinə tabe olmadığı üçün polis şöbəsinə dəvət olunmuşdur. Polis şöbəsində izahatı alınarkən törətdiyi əməli etiraf etmişdir. Bundan başqa “Naz Lifan” markalı avtomobili idarə edir və bir neçə dəfə xəta törətdiyi üçün inzibati məsuliyyətə cəlb olunmuşdur. Qeyd etdikləri nəzərə alınmaqla iş üzrə qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş edir. İş üzrə şahid qismində izahat verən İsmayıllı rayon X6 X8 yol patrul xidməti inspektoru polis baş serjantı İsmayıl Məmmədov göstərdi ki, 10 oktyabr 2023-cü il tarixdə İsmayıllı şəhəri, H.Əliyev prospektində xidmətdə olarkən “VAZ-2107” markalı ** XB *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsünə avtomobildə konstruksiya dəyişikliyi olduğu üçün saxla işarəsi verilmişdir. Sürücü avtomobili saxlamış və ondan avtomobilə aid sənədləri təqdim etməsi tələb olunmuşdur. Bu zaman sürücü sənədlərinin üzərində olmadığını bildirmiş və onu nə səbəbə saxladıqlarını soruşmuşdur. O. sürücüyə avtomobildə konstruksiya dəyişikliyinin olduğunu bildirdikdə, sürücü onlarla kobud şəkildə danışmışdır. Həmin vaxt kənardan bir nəfər şəxs sonradan şəxsiyyəti məlum olan Şəxs onları mobil telefonla görüntüyə almışdır. Həmin şəxsə çəkiliş aparmamasını bildirmiş və onu nizam-intizama dəvət etdikdə o, öz qanunsuz əməllərini davam etdirərək polisin qanuni tələblərinə tabe olmamışdır. Həmçinin Şəxs “Naz Lifan” markalı avtomobil idarə edir və bir neçə dəfə inzibati qaydada tənbeh olunmuşdur. Bundan başqa rayon sakinləri bir neçə dəfə Şəxs yüksək sürətlə avtomobil idarə etməsi ilə bağlı yol patrul xidməti əməkdaşlarına şikayət etmişdir. İş üzrə şahid qismində izahat verən İsmayıllı rayon X6 X8 yol patrul xidməti inspektoru X3 və X2 da şahid İsmayıl Məmmədovun izahatının məzmununa uyğun izahat verərək onun göstərdiyi xüsusatları təsdiq etdiyini bildirdilər. Məhkəmə araşdırması ilə müəyyən edildi ki, Şəxs 10 oktyabr 2023-cü il tarixdə İsmayıllı şəhəri, H.Əliyev prospektində xidməti vəzifəsini yerinə yetirən polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Həmçinin şahidlərin izahatından və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin səmimi etirafından müəyyən edilir ki, Şəxs bir neçə dəfə idarə etdiyi avtomobillə yol hərəkəti qaydalarını pozduğu üçün inzibati qaydada cərimə olunmuşdur. Məhkəmə bütün bu halları Şəxs islah olunmaması kimi qiymətləndirir. Məhkəmə, iş üzrə toplanmış sübutlara və onların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Şəxs İXM-in 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsiri tərəflərin, şahidlərin izahatları, inzibati xəta haqqında protokollar, digər sübutlarla tam sübuta yetirilmiş və onun əməli düzgün olaraq İXM-in 535.1-ci maddəsi ilə tövsif edilmişdir. Onun hərəkətlərinə münasibətdə əməlin inzibati xəta olmasını aradan qaldıran hallar yoxdur, həmçinin Şəxs inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Odur ki, təqsiri tam sübuta yetirildiyinə görə Şəxs inzibati məsuliyyətə cəlb edilməli və tənbeh edilməlidir. İXM-in: 12-ci maddəsinə əsasən İXM-lə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmama həmin maddədə nəzərdə tutulmuş inzibati məsuliyyətə səbəb olur və fiziki şəxslər iki yüz manat miqdarında cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Qeyd edilən maddənin dispozisiyasından göründüyü kimi, polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizəsi ilə bağlı vəzifələrini icra edərkən, ictimai qaydanı pozan şəxs tərəfindən onların qanuni tələblərinə qəsdən tabe olmama İXM-in 535.1-ci maddəsində nəzərdə tutulan məsuliyyətə səbəb olur. Hazırki halda Şəxs hərəkətlərində də həmin halların mövcud olması məhkəmə iclasında öz təsdiqini tapmışdır. Belə ki, tərtib edilmiş inzibati xəta haqqında protokol və məhkəmə iclasında araşdırılan sübutlarla müəyyən edildi ki, Şəxs 10 oktyabr 2023-cü il tarixdə ictimai qaydanın mühafizə vəzifələrini icra edən polis əməkdaşlarının qanuni tələbinə tabe olmamışdır. Bütün bunlar məhkəməyə Şəxs hərəkətlərində ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən qanuni tələb irəli sürən polis əməkdaşlarının qanuni tələbinə tabe olmama kimi halların, yəni İXM-in 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibinin də olması barədə nəticəyə gəlməyə əsas verir. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs tərəfindən törədilmiş inzibati xətada onun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hal aşkar edilməmişdir. İXM-in: 4-cü maddəsinə əsasən İXM insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Məhkəmə Şəxs tərəfindən törədilmiş inzibati xətanın xarakterini, onun şəxsiyyətini, təqsirinin dərəcəsini nəzərə alaraq ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan inzibati cərimə tətbiq edilməsinin işin faktiki hallarına uyğun olmadığı qənaətinə gələrək barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati həbs tətbiq edilməsini, inzibati həbsin 10 (on) gün müddətində müəyyən edilməsini məqsədə müvafiq hesab edir. İnzibati həbsin əvvəli qərarın elan edildiyi vaxtdan – 10 oktyabr 2023-cü il tarixdə saat 13:40-dan hesablanmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 30, 43, 106-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinib 10 (on) gün müddətində inzibati həbs edilsin. İnzibati həbsin əvvəli qərarın elan edildiyi vaxtdan – 10 oktyabr 2023-cü il tarixdə saat 13:40-dan hesablansın. Qərarın icrası İsmayıllı rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: İlqar Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar