Azərbaycan Respublikası adından QƏRAR İsmayıllı rayonu İş № 3(037)-5/2024 09.01.2024 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov İlqar Vidayət oğlunun sədrliyi, Qasımov Sənani Nazir oğlunun katibliyi ilə, Abşeron rayon Polis İdarəsinin 05 iyun 2023–cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında qərarından X3 tərəfindən verilmiş şikayətə 09 yanvar 2024-cü il tarixdə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: X3 məhkəməyə müraciət edərək Abşeron rayon Polis İdarəsinin 05 iyun 2023–cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini xahiş etmişdir. İnzibati tənbeh vermə haqqında qərardan şikayət verən şəxs X3 şikayət ərizəsində göstərmişdir ki, o, Abşeron rayonu Xırdalan şəhəri M.Hüseynzadə küçəsində kirayə götürdüyü ərazidə kapron əlvan və qara metal tullantılarının qəbulu ilə məşğuldur. Bu fəaliyyət növü ilə əldə etdiyi gəlirlə ailəsini dolandırır. 01 iyun 2023-cü il tarixdə fəaliyyət göstərdiyi sexə tanımadığı bir şəxs tərəfindən kapron tullantılar təhfil verilərək oradan uzaqlaşanda Abşeron Rayon Polis İdarəsinin İctimai Təhlükəsizlik İdarəsinin polis kapitanı X1 tullantını təhfil verən şəxsin adı soyadını ondan soruşmuş o, isə həmin şəxsin adı və soyadını soruşmadığını ona bildirmişdir. Polis kapitanı Rəhim Piriyev ona sexdə tullantı qəbul edərkən mütləq şəkildə tullantı təhfil verən həmin şəxsin şəxsiyyətini təsdiq edən sənəd tələb etməyini bildirdi. O, kapron tullantıları təhfil verən şəxslərin şəxsiyyət vəsiqəsini tələb etməyə ehtiyac olmadığını dedikdə polis işçisi bundan qəzəblənib öz narazılığını ona bildirdi və baş vermiş faktla bağlı yazılı izahat verməyi üçün məni Abşeron rayon Polis şöbəsinə dəvət etdi. Orada verdiyi izahatda fəaliyyət göstərdiyi sexdə əlvan və qara metal tullantıları qəbul etdiyini əlvan və qara metal tullantıları təhfil verən bütün şəxslərdən şəxsiyyətlərini təsdiq edən sənəd tələb etdiyini bildirmişdir. İzahatında kapron tullantılara görə sənəd tələb etmədiyini qeyd etmişdir. Polis kapitanı güya mövcud qaydaları pozduğuma görə öz narazılığını ona bildirmiş və bu məsələnin həll olunması üçün ondan 150 (bir yüz əlli) manat vəsait tələb etmiş əks halda əlvan və qara metal tullantılarının qəbulu qaydalarını pozduğuna görə barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 457-1.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə protokol tərtib edəcəyini bildirmişdir. Bundan sonra ondan tələb olunan 150 (bir yüz əlli) manat pulu polisə verə bilmədiyi üçün barəsində güya əlvan və qara metal tullantılarının qəbulu qaydalarını pozduğuna görə 03 iyun 2023-cü il tarixli MN №1638748 nömrəli protokol tərtib etmişdir. Halbu ki, İnzibati Xətalar Məcəlləsinin 457-1.2-ci maddəsində əldə edilmə mənbəyi məlum olmayan,qanunsuz yolla əldə edilməsi müəyyən edilən əlvan və qara metal tullantılarının qəbul olunmasına görə cərimə nəzərdə tutulmuşdur. Lakin kapron tullantıları qəbul olunmasına görə cərimə nəzərdə tutulmamışdır. Beləliklə qeyd olunan əsasla inzibati tənbeh vermə haqqında MN №1376691 nömrəli qərar qəbul edilərək, 400 (dörd yüz) manat məbləğində şərti cərimə edilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Abşeron Rayon Polis İdarəsinin İctimai Təhlükəsizlik İdarəsi tərəfindən tərtib edilmiş 03 iyun 2023-cü il tarixli №1638748 nömrəli protokolda öz xətti ilə onun adından izahat məzmunu "həqiqətən xx.xx.2023-cü il tarixdə metal sexində sənədsiz əlvan qara metal qəbul etdiyimi" yazmışdır. Halbu ki, əlvan və qara metal tullatıları yox kapron tullantı qəbul etmişdir. Buna baxmayaraq tərtib olunmuş protokolda guya əlvan və qara metalları qəbul etdiyini qeyd etmişdir. Abşeron Rayon Polis İdarəsinin İT bölməsi tərəfindən hazırki inzibati xəta haqqında işə baxılarkən qanunvericiliyin yuxarıda göstərilmiş tələblərinə riayət olunmamış, işin bütün halları tədqiq edilmədən, barəsində icraat aparan zaman tam araşdırma aparılmadan, işə baxılarkən müəyyən edilmiş hallar göstərilmədən iş üzrə inzibati tənbeh tətbiq etmə haqqmda qərar qəbul olunmuşdur. Bu qərar qanunsuz və əsassız olduğundan ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Abşeron Rayon Polis İdarəsinin İT bölməsinin polis əməkdaşı fəaliyyət göstərdiyi ərazidə dolaşmış, ondan istədiyi vəsaiti ala bilmədiyinə görə barəsində qərəzli olaraq protokol tərtib etmişdir. O, ilk əvvəl polis işçisinin hərəkətlərinin ötəri olduğunu düşünmüş lakin sonradan qərəzli olaraq guya onun sənədsiz əlvan və qara metal qəbul etdiyimi bildirmişdir. O, polis işçisinə öz etirazını bildirmiş və metal qəbulu sexinə kapron tullantı qəbul etdiyini bildirsə də onun sözlərinə heç bir əhəmiyyət verməmişdir. Protokol onun iştirakı ilə tərtib olunmamışdır və protokolda onun adına yazılan sözlər ona aid deyil. Barəsində tərtib olunmuş protokol və qəbul olunmuş inzibati tənbeh haqqında qərarın surəti ona təqdim olunmamışdır. Daha sonra guya qəbul etdiyi inzibati tənbeh tətbiq etmə haqqında MN ******* nömrəli qərarın surətini qəbul etməkdən imtina etdiyi haqqında protokolda müvafiq qeydlər aparmışdır. Barəsində qəbul edilmiş MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar bütün sübutlara istinad edilmədən və qiymət verilmədən qəbul edilmiş, həmçinin xx.xx.2023-cü il tarixli həmin qərarla inzibati Xətalar Məcəlləsinin 457- 1.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi tam araşdırılmamış və qərar qəbul edilərkən səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamış və inzibati xəta haqqında qanunvericiliyin tələbləri inzibati xəta haqqmda işin hallarının hərtərəfli,tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmuşdur. Ona görə də həmin inzibati tənbeh tətbiq etmə haqqında qərar ləğv edilməlidir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Abşeron Rayon Polis İdarəsinin İTİ-nin inzibati tənbeh haqqında 05 iyun 2023-cü il tarixli MN №1376691 nömrəli qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Abşeron rayon Polis İdarəsi və şikayət vermiş X3 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Tofiq Rüstəmzadə məhkəməyə teleqram ünvanlayaraq məhkəmə iclasında iştirak edə bilməyəcəyini və işə onun iştirakı olmadan baxılaraq qanuni qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 112.1.4-cü maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını qərara almışdır. İş materiallarına əlavə edilmiş Abşeron rayon Polis İdarəsinin İTİ-nin polis kapitanı X4 tərəfindən 05 iyun 2023-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, T.Rüstəmzadə xx.xx.2023-cü il tarixdə saat 15:00-da Abşeron rayonu, Xırdalan şəhəri, M.Hüseynzadə küçəsində yerləşən “metal” qəbul sexində şəxsiyyəti təsdiq edən sənəd olmadan əlvan qara metal tullantılarını qəbul etdiyi üçün barəsində AR İXM-nin 457-1.2-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. İş materiallarına əlavə edilmiş Abşeron rayon Polis İdarəsinin İTİ-nin polis kapitanı X4 tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 457-1.2-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilərək 400 (dörd yüz) manat miqdarında inzibati cərimə edilmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, şikayət qismən təmin edilməlidir. Təqdim olunmuş materiallarda X2 Azərbaycan Respublikası İXM-nin 457-1.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi öz təsdiqini tapmamış və araşdırma aparılarkən heç bir mötəbər sübutla və ya sübutlarla möhkəmləndirilməmişdir. Məhkəmə hesab edir ki, işin hallarını tam, obyektiv və hərtərəfli araşdırmadan, inzibati xətanın X3 tərəfindən törədilib-törətməməsi hər hansı bir əsasın olubolmamasını müəyyən etmədən, onun barəsində formal olaraq inzibati xəta haqqında protokol tərtib edilmiş, həmin protokol əsasında qərar qəbul edilmişdir. Bundan başqa, məhkəmə iclasında müəyyən edildi ki, inzibati orqanın vəzifəli şəxsi işə baxarkən barəsində inzibati qaydada icraat aparılan şəxsin iştirakı olmadan işə baxaraq qərar qəbul etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin aşağıdakı hüquqları vardır: 61.1.1. inzibati xəta haqqında iş üzrə bütün materiallarla tanış olmaq; 61.1.2. maddəsinə əsasən izahat vermək; 61.1.3. sübutlar təqdim etmək; 61.1.4. vəsatət və etirazlar vermək; 61.1.5. işə baxılarkən müdafiəçinin hüquqi yardımından istifadə etmək; 61.1.6. inzibati xəta haqqında iş üzrə icraatın təmin edilməsi tədbirlərinin tətbiqindən və iş üzrə qərardan şikayət vermək; 61.1.7. ana dilində çıxış etmək və icraatın aparıldığı dildə danışa bilmirsə, tərcüməçinin xidmətlərindən pulsuz istifadə etmək; 61.1.8. inzibati xəta hadisəsinin baş verdiyi yer videomüşahidə vasitələrinin (videokameraların) nəzarəti altındadırsa, hadisənin görüntülərinin elektron daşıyıcıda surətini almaq; Həmin Məcəllənin 61.2-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs bu Məcəllə ilə müəyyən edilmiş digər hüquqlardan da istifadə edə bilər. Həmin Məcəllənin 61.3-cü maddəsinə əsasən inzibati xəta haqqında işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı ilə baxılır. Həmin işə şəxsin iştirakı olmadan, yalnız o hallarda baxılır ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun. Həmin Məcəllənin 100.1-ci maddəsinə əsasən bu Məcəllənin 54-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, inzibati xətanın törədilməsi haqqında protokol tərtib edilir. İnzibati xəta haqqında protokolda aşağıdakılar göstərilir: 100.1.1. protokolun tərtib edildiyi tarix və yer; 100.1.2. protokolu tərtib etmiş şəxsin vəzifəsi, soyadı, adı, atasının adı; 100.1.3. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs haqqında məlumat, o cümlədən vətəndaşın fərdi identifikasiya nömrəsi; 100.1.4. inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti; 100.1.5. inzibati xətaya görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin müvafiq maddəsi; 100.1.6. olduğu halda, şahidlərin və zərər çəkmiş şəxslərin adı, atasının adı, soyadı və onların yaşadığı yerin ünvanı; 100.1.7. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatları; 100.1.8. inzibati xətanın aşkar edilməsində xüsusi texniki vasitələrdən istifadə olunmuşdursa, onların göstəriciləri, habelə istifadə olunmuş xüsusi texniki vasitənin tipi, markası, modeli, yerləşdiyi yer, ölçmə vasitəsinin son dəfə müqayisəli dövlət yoxlamasından keçdiyi vaxt (bunu təsdiq edən sənədin nömrəsi, tarixi) və növbəti yoxlamanın keçirilməli olduğu vaxt barədə məlumatlar; 100.1.9. inzibati xətanın törədilməsi nəticəsində şəxsin sağlamlığına yüngül zərər vurulmuşdursa və ya maddi zərər yetirilmişdirsə, bu hallar barədə qeydlər; 100.1.10. inzibati xəta haqqında iş üzrə icraat üçün zəruri olan digər məlumatlar. 100.2. Protokol tərtib edilərkən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə, habelə inzibati xəta haqqında iş üzrə icraatın digər iştirakçılarına bu Məcəllədə nəzərdə tutulmuş hüquqları və vəzifələri izah edilir və bu barədə protokolda müvafiq qeyd aparılır. 100.3. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə inzibati xəta haqqında protokolun surəti verilir. İnzibati xəta haqqında iş üzrə zərər çəkmiş şəxsin də inzibati xəta haqqında protokolun surətini almaq hüququ vardır. 100.4. Protokol onu tərtib etmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi tərəfindən imzalanır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi protokolu imzalamaqdan imtina etdikdə, bu barədə protokolda müvafiq qeyd aparılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatlar və protokolun məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə protokolu imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüquqları vardır. Onların bu izahatları və mülahizələri protokola əlavə olunur. İş materiallarından göründüyü kimi Abşeron rayon Polis İdarəsi Tofiq Rüstəmzadənin əlvan və qara metal tullantılarının qəbulu qaydaları pozması faktının olub-olmamasının araşdırılması ilə əlaqədar olaraq ona bildirişin göndərilməsini və onun tərəfindən qəbul edilməsi barədə hər hansı sübut məhkəməyə təqdim olunmamışdır. Onun barəsində tərtib olunmuş protokola baxılması vaxtı və yeri barədə məlumatı olmamış, protokola onun iştirakı olmadan baxılaraq qərar qəbul edilmişdir. Bu da Tofiq Rüstəmzadənin qeyd olunan hüquqlardan istifadə etməsinə maneçilik törətmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.2ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 81.2-ci maddəsinə əsasən yol hərəkəti qaydaları və yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi qaydaları əleyhinə olan inzibati xətaların aşkarlanmasında istifadə olunan, foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələr müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminə inteqrasiya olunmalıdır. Həmin Məcəllənin 81.3-cü maddəsinə əsasən xüsusi texniki vasitələrin göstəriciləri inzibati xəta haqqında iş üzrə protokolda (inzibati xəta haqqında iş üzrə qərarda) qeyd edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Qeyd olunan hüquq normalarının məzmunundan da göründüyü kimi inzibati məsuliyyətə cəlb olunmuş şəxs qanunvericiliyin tələblərinə əsasən öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Şəxsin qeyd olunan ərazidə əlvan və qara metal tullantılarının qəbulu qaydalarını pozması ilə bağlı hər hansı inzibati xətanı törətdiyini sübut etmək vəzifəsi qərarı qəbul etmiş əməkdaşın üzərinə düşür. Bundan başqa, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Eyni zamanda, şəxsin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulan inzibati xətanı törətməsi hər hansı bir formada sübut edilməlidir. Abşeron rayon Polis İdarəsi tərəfindən isə xx.xx.2023-cü il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının qanuni və əsaslı olması ilə bağlı məhkəməyə hər hansı sübut təqdim edilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, X3 barəsində qəbul edilmiş xx.xx.2023-cü il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar bütün sübutlara istinad edilmədən və qiymət verilmədən qəbul edilmiş, həmçinin Tofiq Rüstəmzadənin həmin qərarla İnzibati Xətalar Məcəlləsinin 457-1.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi tam araşdırılmamış və qərar qəbul edilərkən səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamış və inzibati xəta haqqında qanunvericiliyin tələbləri inzibati xəta haqqında işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Məhkəmə qeyd olunan hüquq normasının tələblərini rəhbər tutaraq və tədqiq olunmuş mümkün və mötəbər sübutlara tam, hərtərəfli və məcmu halında qiymət verərək qərara gəlir ki, Abşeron rayon Polis İdarəsi X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 457-1.2-ci maddəsində nəzərdə tutulan inzibati xəta hadisəsini törətməsini təsdiq edəcək sübutları təqdim etmədiyindən və onun inzibati xəta hadisəsini törətməsi iş materialları ilə sübuta yetirilmədiyindən X2 şikayəti qismən təmin edilməli, Abşeron rayon Polis İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli MN ******* inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və iş yenidən baxılması üçün həmin səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133-137-ci maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: X2 şikayəti qismən təmin edilsin. X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 457-1.2-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Abşeron rayon Polis İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və iş yenidən baxılması üçün Abşeron rayon Polis İdarəsinə göndərilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində İsmayıllı rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: İlqar Hüseynov
Məhkəmə qərarları › İş №3(037)-5/2024
İsmayıllı Rayon Məhkəməsi Qərar — İş №3(037)-5/2024
09.01.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver