Məhkəmə qərarları › İş №3(037)-504/2023

İsmayıllı Rayon Məhkəməsi Qərar — İş №3(037)-504/2023

17.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR İsmayıllı rayonu İş № 3(037)-504/2023 17.10.2023 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov İlqar Vidayət oğlunun sədrliyi Qasımov Sənani Nazir oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş İsmayıllı rayon X6 Təhlükəsizlik Bölməsinin polis sahə rəisi X3, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs, Zərərçəkmiş Zərərçəkmiş şəxs iştirakı ilə xx xxxx 1983-cü il tarixdə İsmayıllı rayonu İsmayıllı kəndində anadan olmuş, həmin kənddə yaşayan, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, öz deməsinə görə il ərzində eyni inzibati xətaya görə inzibati məsuliyyətə cəlb edilməmiş, fərdi identifikasiya nömrəsi xxxxxxx Şəxs barəsində İsmayıllı rayon Polis Şöbəsindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə daxil olan inzibati xəta haqqında materiala 17 oktyabr 2023-cü il tarixdə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Şəxs 06 iyul 2023-cü il tarixdə saat 18:00 radələrində İsmayıllı rayonu İsmayıllı kəndində Zərərçəkmiş şəxs yaşadığı evin həyətində aralarında yaranmış mübahisə zamanı sonuncuya sağlamlığa zərər vurmayan və dərəcəsi təyin edilməyən bədən xəsarətləri yetirməsi faktı üzrə İsmayıllı rayon X5 Bölməsinin müstəntiqinin 22 sentyabr 2023-cü il tarixli qərarı ilə cinayət işinin başlanması rədd edilmiş və qərarın surəti Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati tədbir görülməsindən ötrü şöbənin X1 verilmişdir. İsmayıllı rayon Polis Şöbəsinin sahə rəisi tərəfindən Böyükağa Kərimi barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə 17 oktyabr 2023-cü il tarixli MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək həmin tarixdə baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokol tərtib etmiş İsmayıllı rayon X6 Təhlükəsizlik Bölməsinin polis sahə rəisi Ağacan Qarayev izahatında göstərdi ki, Şəxs 06 iyul 2023cü il tarixdə saat 18:00 radələrində İsmayıllı kəndində Zərərçəkmiş şəxs döyməsi faktı üzrə araşdırma aparılmış və onun əməlində cinayət tərkibinin əlamətləri olmadığından barəsində toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Qeyd olunan hadisə nəticəsində zərərçəkmiş şəxsə dərəcəsi təyin edilməyən bədən xəsarətləri yetirildiyi üçün barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün İsmayıllı Rayon Məhkəməsinə göndərilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahat verərək göstərdi ki, Zərərçəkmiş şəxs onun qardaşıdır. 2022-ci ildə Ayazın evindən 25000 (iyirmi beş min) manat pul oğurlanmış və Ayaz polis şöbəsinə müraciət etmişdir. Bununla bağlı o, atası Aydın və dostu Elçin bir neçə dəfə polis şöbəsinə dəvət olunmuşdur. Bütün bunlara görə 06 iyul 2023-cü il tarixdə o, Elçini yaşadığı evə dəvət etmiş və atasından Ayazın bu hərəkətlərinə son qoyması üçün onunla danışmasını xahiş etmişdir. Atası həmin vaxt Ayazın mobil telefonuna zəng etsə də, Ayaz telefonu açmamışdır. Atası Ayazla söhbət etmək üçün onun evinə getmişdir. Bir qədər sonra oda Elçinlə birlikdə oraya getmişdir. Qapıya çatdıqda Ayazın həyətindən onun yüksək səslə danışdığını eşitmiş və qapını açmaq istəmişdir. Lakin qapı bağlı olmuş və bir qədər sonra atası qapını açmışdır. İçəri daxil olduqda Ayazın atasını vurduğunu görmüşdür. O, araya girmiş və Ayaz onu kəllə ilə, daha sonra yumruqla vurmağa başlamışdır. Daha sonra Ayaz yenidən atasının üzərinə gedərək onu yumruq və təpiklə vurmağa başlamışdır. O, yenidən araya girdikdə Ayaz dəmir parçasını götürərək onu vurmaq istəmişdir. Bu zaman atası araya girmiş və Ayaz dəmir parçası ilə atasının əlindən vurmuşdur. Hazırda Ayazla barışmamışdır. Bütün bunları nəzərə alaraq iş üzrə qanuni qərar qəbul edilməsini xahiş edir. Zərərçəkmiş Zərərçəkmiş şəxs izahat verərək göstərdi ki, 06 iyul 2023-cü il tarixdə yaşadığı evdə olarkən atası onlara gəlmişdir. Həyətə düşərək atasından nə üçün gəldiyini soruşduqda atası onu evinə gedərək söhbət etmək istədiyini bildirmişdir. O, heç yerə getməyəcəyini bildirmişdir. Bir qədər sonra atası ilə mübahisələri yaranmış və həmin vaxt qapı döyülmüşdür. Atasının qolundan tutaraq onu çölə çıxarmaq üçün qapını açdıqda qardaşı Pərvizlə qonşusu Elçinin qapının ağzında dayandıqlarını görmüşdür. Onlar içəri girmək istədikdə atasını təpiklə vuraraq qapıdan çıxarmışdır. Buna baxmayaraq onlar içəri daxil olmuş qardaşı onu arxadan tutmuş və atası isə yumruqla onu vurmuşdur. Həmin vaxt Pərvizdə bir neçə dəfə onu yumruqla vurmuşdur. O, da əsəblşib atası Aydını və Pərvizi vurmuşdur. Bundan sonra onlar həyətədən çıxıb getmişlər. Hazırda Pərvizi bağışlamamış və onunla barışmamışdır. Qeyd etdikləri nəzərə alınmaqla Pərviz barəsində qanuni tədbir görülməsini məhkəmədən xahiş edir. Məhkəmə-Tibbi Ekspertiza və X2 352 №-li 17 iyul 2023-cü il tarixli ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində aşkar edilmiş xəsarət –üst dodağın selikli qişasının səthi yarası və qançırı, sağ dirsək oynağının, sağ saidin sıyrıqları, sol gözaltı nahiyənin, boynun, sol bazu oynağının qançırları küt əşya (alət) təsirindən törənməklə, qərarın təsviri hissəsində göstərilən xx.xx.2023-cü il tarixdə törənməsi istisna edilmir, sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduğundan dərəcəsi təyin edilmir. İsmayıllı rayon X5 Bölməsinin müstəntiqi Dəyanət Ağasəflinin xx.xx.2023-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərarından görünür ki, Şəxs və X4 əməlində cinayət tərkibi müəyyən edilmədiyi üçün cinayət işinin başlanması rədd edilmiş, qərarın surəti onların hər biri barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi üzrə inzibati tədbir görülməsindən ötrü şöbənin X1 göndərilmişdir. Məhkəmə araşdırması ilə müəyyən edildi ki, Şəxs 06 iyul 2023-cü il tarixdə saat 18:00 radələrində İsmayıllı rayonu İsmayıllı kəndində Zərərçəkmiş şəxs yaşadığı evin həyətində aralarında yaranmış mübahisə zamanı sonuncuya sağlamlığa zərər vurmayan və dərəcəsi təyin edilməyən bədən xəsarətləri yetirmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirib tərəflərin izahatlarını dinləyərək qərara gəlir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir və o, həmin maddə ilə inzibati məsuliyyətə cəlb edilərək inzibati tənbeh edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən bu məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən onun tərəfindən törədilmiş inzibati xətanın xarakterini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şəxsiyyətini, təqsirinin dərəcəsini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Şəxs tərəfindən törədilmiş inzibati xətada onun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar aşkar edilməmişdir. Məhkəmə Şəxs tərəfindən törədilmiş inzibati xətanın xarakterini, onun şəxsiyyətini, təqsirinin dərəcəsini nəzərə alaraq barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin sanksiyasında nəzərdə tutulan cərimə tətbiq edilməsini, cərimənin 350 (üç yüz əlli) manat miqdarında müəyyən edilməsini məqsədə müvafiq hesab edir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 25, 43, 106-115, 117 və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə q ər a r a a l d ı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib 350 (üç yüz əlli) manat məbləğində inzibati cərimə olunsun. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şəki Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlqar Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar