Məhkəmə qərarları › İş №3(037)-509/2023

İsmayıllı Rayon Məhkəməsi Qərar — İş №3(037)-509/2023

31.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR İsmayıllı rayonu İş № 3(037)-509/2023 31.10.2023 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hüseynov İlqar Vidayət oğlunun sədrliyi X4 katibliyi, İsmayıllı rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X2, Zərərçəkmiş Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakı ilə, xx xxxxxx 1986-cı il tarixdə İsmayıllı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, İsmayıllı şəhəri, Təbriz küçəsi, ev 7-də yaşayan, fərdi identifikasiya nömrəsi xxxxxxx Şəxs barəsində İsmayıllı rayon İcra və Probasiya Şöbəsindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə daxil olmuş inzibati xəta haqqında materiala 31 oktyabr 2023-cü il tarixdə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 28 noyabr 2019-cu il tarixli 2(007)-3738/2019 saylı qətnaməsinə əsasən Şəxs 03 avqust 2011-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər saxlanması üçün təyin olunmuş aliment miqdarı artırılaraq hər ay 170 (yüz yetmiş) manat sabit pul məbləğində aliment tutularaq Burcəliyeva (Abdullayeva) Şəbnəm Baxşı qızına ödənilməsi qət edilmişdir. İş üzrə icra vərəqəsi İsmayıllı rayon İcra və Probasiya Şöbəsinin icraatındadır. Borclu həmin icra vərəqələrinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini qərəzli şəkildə yerinə yetirmədiyinə və hazırda tələbkara ödənilməli olan cəmi 5900 (beş min doqquz yüz) manat pul ödənilməmiş qaldığına görə barəsində İsmayıllı rayon İcra və Probasiya Şöbəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə 19 oktyabr 2022ci il tarixli ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək həmin tarixdə baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilmişdir. İcra məmuru Rahim Mustafayev izahat verərək göstərdi ki, icra vərəqəsi üzrə icra vərəqəsi üzrə Şəxs 5900 (beş min doqquz yüz) manat aliment borcu vardır. İş üzrə qanuni qərar qəbul edilməsini xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahat verərək göstərdi ki, aliment məbləği təyin olunduqdan sonra maddi imkanı daxilində ödənişlər etmişdir. Lakin bir neçə ay işi olmadığı üçün borcundan ödəniş edə bilməmişdir. Hazırda 5900 (beş min doqquz yüz) manat borcundan 2000 (iki min) manatını tələbkara ödəmişdir. Bundan başqa hər ay borcundan ödəniş edəcəyi vəd edir. Qeyd etdikləri nəzərə alınmaqla barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edir. Zərəçəkmiş Zərərçəkmiş şəxs izahat verərək göstərdi ki, Şəxs təyin olunmuş aliment mbləğindən ödənişlər etmir. Yalnız o, şikayətlər etdikdən sonra ödənişlər edir. Hazırda Mircavad ona olan aliment borcundan 2000 (iki min) manatını ödəmişdir. Şəxs hər ay aliment borcundan ödənişlər edəcəyini vəd etmişdir. Ona görə də, ona qarşı şikayəti yoxdur və işin icraatına xitam verilməsini xahiş edir. Zərərçəkmiş şəxs verdiyi 31 oktyabr 2023-cü il tarixli qəbzdən görünür ki, Şəxs aliment borcundan 2000 (iki min) manatını ona ödəmişdir. Zərərçəkmiş şəxs 31 oktyabr 2023-cü il tarixli ərizəsindən görünür ki, Şəxs ona olan 5900 (beş min doqquz yüz) manat borcundan 2000 (iki min) manatını ona ödədiyini, ona qarşı tələb və şikayətinin olmadığını, iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edir. Məhkəmə iş materiallarını nəzərdən keçirib tərəflərin izahatlarını dinləyərək qərara gəlir ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 28 noyabr 2019-cu il tarixli 2(007)-3738/2019 saylı qətnaməsinə əsasən Şəxs 03 avqust 2011-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər saxlanması üçün təyin olunmuş aliment miqdarı artırılaraq hər ay 170 (yüz yetmiş) manat sabit pul məbləğində aliment tutularaq Burcəliyeva (Abdullayeva) Şəbnəm Baxşı qızına ödənilməsi qət edilmişdir. İş üzrə icra sənədi İsmayıllı rayon İcra və Probasiya Şöbəsinin icraatındadır. İsmayıllı rayon İcra və Probasiya Şöbəsi tərəfindən borclu Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati qaydada protokol tərtib edilmiş, həmin protokolda borclunun qanuni qüvvəyə minmiş məhkəmə qətnamələrinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini qərəzli şəkildə yerinə yetirmədiyi qeyd edilmişdir. İşin məhkəmə tərəfindən müəyyən edilmiş faktiki hallarından müəyyən edilir ki, Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edilərkən onun tələbkar Zərərçəkmiş şəxs 5900 (beş min doqquz yüz) manat aliment borcunun olduğu qeyd edilmişdir. Şəxs məhkəmə iclasında 5900 (beş min doqquz yüz) manat aliment borcundan 2000 (iki min) manatını Zərərçəkmiş şəxs ödəmiş və 3900 (üç min doqquz yüz) manat borcu qalmışdır. Şəxs məhkəmə iclasında borcundan hər ay aliment borcundan ödənişlər edəyəcəyini vəd etmişdir. Bununla bağlı Şəxs tələbkar Zərərçəkmiş şəxs ilə şifahi razılığa gəlmiş və Zərərçəkmiş şəxs ona qarşı şikayətinin olmadığını bildirmişdir. Borclunun hər hansı gəlir mənbəyi olmaması və maddi vəziyyətinin səviyyəsi onu icra vərəqəsinin icrası ilə əlaqədar öhdəliklərdən azad etməsə də, icra vərəqəsinin icra edilməsində müəyyən çətinliklər yaranmasına səbəb olur. Bundan əlavə inzibati xəta haqqında protokola əlavə edilmiş sənədlərdən də görünür ki, borcluya məxsus, tələbin ödənilə biləcəyi pul vəsaiti və digər qiymətli əşyalar aşkar edilməmişdir. İcra məmurunun qeyd etdiyi hallar isə məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin qərəzli şəkildə yerinə yetirilməməsi və ya icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi kimi qiymətləndirilə bilməz. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi nəzərdə tutulur. Şərh olunan əsaslara görə məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta hadisəsinin törədilməsi istisna edilir və hazırki vəziyyətdə onun əməlində həmin maddədə nəzərdə tutulan inzibati xəta tərkibinin əlamətləri yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan hər hansı biri mövcud olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar çıxarır. Qeyd olunan əsaslara görə məhkəmə qərara gəlir ki, hazırki vəziyyətdə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta tərkibinin əlamətləri olmadığından onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53, 105, 114-cü maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şəki Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: İlqar Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar