Məhkəmə qərarları › İş №3(037)-512/2024

İsmayıllı Rayon Məhkəməsi Qərar — İş №3(037)-512/2024

27.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR İsmayıllı rayonu İş № 3(037)-512/2024 27.11.2024 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov İlqar Vidayət oğlunun sədrliyi, Qasımov Sənani Nazir oğlunun katibliyi, Qərarından şikayət verilmiş AR DİN İsmayıllı rayon Polis Şöbəsinin DYPB-nin səlahiyyətli nümayəndəsi X5, Qərardan şikayət verən X3 iştirakı ilə, X3 İsmayıllı rayon Polis Şöbəsinin DYPB-nin 24 oktyabr 2024-cü il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayətə İsmayıllı Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, m ü ə y y ə n e t d i: X1 rayon Polis Şöbəsinin DYPB-nin 24 oktyabr 2024-cü il tarixli TP ******* saylı qərarından şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, qeyd olunan inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. X2 şikayətini onunla əsaslandırmışdır ki, 23 oktyabr 2024-cü il tarixdə saat 20:00 radələrində idarə etdiyi “BMW 3281” minik markalı ** XS *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə İsmayıllı şəhəri Nizami küçəsindən "Kəpənək" dairəsi istiqamətində hərəkətdə olan zaman, İsmayıllı rayon Polis şöbəsinin Yol patrul xidməti əməkdaşları Rafiq va Cavid adlı əməkdaşlar avtomobili saxlayaraq guya hərəkətdə olarkən yolun əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə qaydalarının pozulduğunu bildirmişdir. Halbuki, heç bir ötmə qaydasını icra etmamişdir. Yol polis əməkdaşına qanuni şəkildə etiraz bildirdiyinə baxmayaraq barəsində inzibati xata haqqında İXP-6642167 saylı protokol tərtib olunmuş və İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xata törətməsinə görə barəsində 100 (bir yüz) manat məbləğində carima və 3 bal tətbiq etmişdir. Hesab edir ki, barəsində tərtib olunmuş protokol əsasında qəbul olunmuş xx.xx.2024-cü il tarixli TP-6828173 saylı qarar qanunsuz və əsassızdır. Belə ki, İsmayıllı şəhəri Nizami küçəsindən "Kəpənək" dairəsindən İsmayıllı rayon Diyallı kəndi istiqamətinə hərəkətdə olduğu vaxt etibarnamə ilə idarə etdiyi "BMW 3281 minik markalı **-XS-*** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkət edərkən heç bir qaydanı pozmamışdır. Yol patrul xidmətin əməkdaşları Rafiq və Cavid adlı şəxslər hərəkətdə olmağı barədə qayda pozuntusunun YPX-nin avtomobilində quraşdırılmış xüsusi texniki vasitə ilə qeydə alınmış foto və ya video qeydiyyatına alınmış görüntülərin göstərilməsini onlardan xahiş etmişdir. Lakin Polis inspektorlarina etdiyi müraciətinə heç bir əhəmiyyət verilməmişdir. Bununla razı olmasa da barəsində inzibati tənbeh etmə haqqında qərar qəbul edilmişdir. İdarə etdiyi "BMW 3281" minik markalı **- XS-*** dövlət qeydiyyat nişanlı avtomobildə olan video reqistrasiyasında qeydə alınmış görüntüyə baxdıqda aydın görünür ki, o, yol hərəkəti qaydalarını tələblərini pozmamış və həmin ərazidə qadağaedici nişanların və üfüqi nişanlanma xətləri yoxdur. Onun hər hansı bir qayda pozmadığı açıq aşkar görünürsə o zaman inzibati xata törətməsi həqiqətəndə xüsusi texniki vasitələrlə aşkar edilmişdirsə, onda İXM-nin 122.5-ci maddəsinin tələbinə uyğun olaraq YPX əməkdaşının onu saxlaması qanuna ziddir. Qeyd etdikləri nəzərə alınmaqla İsmayıllı rayon Polis Şöbəsinin DYPB-nin 24 oktyabr 2024-cü il tarixli TP ******* saylı saylı qərarının ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən X2 ərizəsinin mahiyyətinə uyğun izahat verərək, şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən İsmayıllı rayon Polis Şöbəsinin DYPB-nin səlahiyyətli nümayəndəsi X8 şikayətlə razılaşmayaraq İsmayıllı rayon Polis Şöbəsinin DYPB-nin 24 oktyabr 2024-cü il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı qanuni və əsaslıdır. Belə ki, sürücü Tünzalə Hacıyeva idarə etdiyi “BMW 3281” minik markalı ** XS *** minik markalı avtomobil ilə xx.xx.2024-cü il tarixdə İsmayıllı şəhəri, “Kəpənək” dairəsi adlanan ərazidə əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə qaydalarını pozmuşdur, ona görə də qərarın dəyişdirilmədən saxlanılmasını məhkəmədən xahiş etmiş və inzibati xəta haqında qərarın qəbul edilməsinə əsas olan diski məhkəməyə təqdim etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, şikayət ərizəsini və digər iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin olunmalıdır. İş materiallarına əlavə edilmiş İsmayıllı rayon Polis Şöbəsinin DYPB-nin 23 oktyabr 2024-cü il tarixli İXP ******* saylı inzibati xəta haqqında protokolu əsasında qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından görünür ki, T.Ç.Hacıyeva idarə etdiyi “BMW 3281” minik markalı ** XS *** dövlət qeydiyyat nişanlı avtomobil ilə xx.xx.2024-cü il tarixdə saat 20:02 radələrində İsmayıllı şəhəri, Nizami küçəsində əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə qaydalarını pozmuşdur. Ona görə də, T.Ç.Hacıyeva Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 100 manat məbləğində inzibati cərimə edilmişdir Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinə əsasən svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə yüz manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası Yol hərəkəti haqqında Qanunun 36-cı maddəsinin 2-ci bəndinə əsasən yol hərəkətinin nizama salınmasında istifadə olunan nizamlayıcının və svetoforların siqnallarına, yol nişanlarına, yolun nişanlanmasına, yol işlərində istifadə olunan səs və işıq siqnallarına, bəzi nəqliyyat vasitələrinin fərqləndirici nişanlarına və nəqliyyat vasitəsi sürücülərinin siqnallarına tabe olmalıdırlar. Həmin Qanunun 42-ci maddəsinin 1-ci bəndinə əsasən sürücü hərəkətə başlamazdan, yerdəyişməzdən, dönməzdən, ötməzdən və dayanmazdan qabaq müvafiq istiqamətə dönmək üçün xarici işıq siqnallarının köməyi ilə, bunlar olmadıqda və ya nasazlıq yarandıqda isə əl işarələri ilə siqnal verməlidir. Bu zaman manevr təhlükəsiz olmalı və hərəkətin digər iştirakçıları üçün maneə yaratmamalıdır. Həmin Qanunun 42-ci maddəsinin 15-ci bəndinə əsasən yol nişanları ilə hərəkət üstünlüyü müəyyən edilməmişdirsə, dairəvi hərəkət təşkil olunmuş yolayrıcına daxil olan sürücü dairədə hərəkət edən nəqliyyat vasitələrinə yol verməlidir. Beləliklə, məhkəmə iclasında həm də diskə baxış keçirilərkən müəyyən edilmişdir ki, X6 idarə etdiyi “BMW 3281” minik markalı ** XS *** dövlət qeydiyyat nişanlı avtomobil ilə xx.xx.2024-cü il tarixdə saat 22:00 radələrində İsmayıllı şəhəri, Nizami küçəsində hərəkət edərkən əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə qaydalarını pozmamışdır. Belə ki, Tünzalə Hacıyevanın ötmə əməliyyatı apardığı ərazidə ötmənin qadağan olması ilə bağlı yol nişanı və düz xəttin tələbi olmamışdır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, hər hansı şəxsin inzibati xəta törədibtörətməməsini sübut etmək vəzifəsi səlahiyyətli dövlət orqanının üzərinə düşür. İndiki halda isə səlahiyyətli dövlət orqanının nümayəndəsi tərəfindən təqdim edilmiş görüntü Tünzalə Hacıyevaya istinad edilən inzibati xəta hadisəsinin törətməsini inkar edir. Belə olan halda məhkəmə hesab edir ki, Tünzalə Hacıyevanın təqsiri Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada sübuta yetmədiyi üçün o, təqsirsiz hesab edilməli və barəsində başlanılmış inzibati iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 129.1.3-cü maddəsinin tələbinə əsasən inzibati xəta haqqında iş üzrə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Həmin Məcəllənin 134.1.3-cü maddəsinə əsasən bu Məcəllənin 135.1.5-1ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1.5-1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Həmin Məcəllənin 53.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda, 53.1.2ci maddəsinə əsasən isə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Beləliklə, məhkəmə hesab edir ki, X2nın əməlində inzibati xəta tərkibi olmadığından onun şikayəti təmin edilməli, İsmayıllı rayon X10 X12 23 oktyabr 2024-cü il tarixli İXP ******* saylı inzibati xəta haqqında protokolu əsasında qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli və başlanmış inzibati iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 133-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: X3 şikayəti təmin olunsun. İsmayıllı rayon X10 X12 23 oktyabr 2024-cü il tarixli İXP ******* saylı inzibati xəta haqqında protokolu əsasında qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və başlanmış inzibati iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protest verilə bilər. Sədrlik edən: İlqar Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar